• cümə, 19 Aprel, 06:26
  • Baku Bakı 13°C

Cinayətin cəzası

31.10.16 11:16 2362
Cinayətin cəzası
İdeyanın əsiri olmuş insanın faciəsi daha ətraflı şəkildə "Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovun obrazında əks olunmuşdur. Romanın lap əvvəlindən universitetin hüquq fakültəsindən qovulmuş cavan oğlanın hansısa bir ideya ətrafında əzablı düşüncələrinin təsvirinin şahidi oluruq. İdeyanın məğzi bundan ibarətdir: qoca, bədxasiyyət, varlı sələmçi qadın Alyona İvanovnanı öldürüb, onun var-dövlətinə və pullarına sahib olmaq, öz maddi vəziyyətini düzəltmək, universiteti bitirib adam içinə çıxmaq, imkan əldə edərək çoxlu sayda xeyirxahlıqlar vasitəsilə, ölümə və rəzalətə məhkum olmuş çoxlu sayda cavan qızları xilas etməklə xırda bir cinayətin əvəzini çıxmaq. Belə bir üsul, belə bir həyat yolu və hərəkət insana mənəvi cəhətdən rəva görülə bilərmi? Raskolnikov bu sualın üzərində baş sındırır, yuxusuz gecələrdə onu çək-çevir edir və belə bir nəticəyə gəlir ki, görülə bilər, yəni vecsiz bir qarının həyatı bahasına yüzlərlə, minlərlə dəyərli və cavan insanların həyatını xilas etmək həm məntiqi, həm də mənəvi cəhətdən doğru yol sayıla bilər. Məsələ burasındadır ki, cinayəti Raskolnikovun nəinki ağlı, həm də qəlbi ona rəva bilmişdi. Yəni burada ideya duyğuya çevrilərək qəlbi fəth etmişdi.
Amma burada yalnız bircə maneə daim qalmaqdaydı – o da qəhrəmanın ruhunun dərinliklərindəki bir etiraz idi. O, bu etirazın, anlaşılmaz, mücərrəd etirazın öhdəsindən heç cür gələ bilmirdi. Deməli, məsələnin birdəfəlik və qəti həlli mümkün olmurdu. Amma bununla belə, düşüncə və duyğular artıq hərəkətə gəlmişdi və Raskolnikovdan təcili olaraq ideyanı həyata keçirməyi tələb edirdi. Burada bəşəriyyət tarixindən çoxsaylı misallar da Raskolnikovun köməyinə gəlirdi, bu məsələdə özünün bu qədər tərəddüd etməsini anlamaq istəyirdi. Niyə Napoleon, Solon və başqaları öz ideyalarını həyata keçirməkçün heç bir maneənin qarşısında dayanmamışlar? Nədən onlara olar, mənə isə olmaz? Deməli, insanlar təbiətən iki cür olurlar: qeyri-adi insanlar və adilər. Birincilər yeni söz deməyə, yeni addım atmağa qadir olan, ikincilər isə onların əllərində vasitəyə çevrilmiş, müstəqil qərar qəbul etməyə və müstəqil hərəkət etməyə qadir olmayan insanlardır. Tədqiqatçılardan əksəriyyəti belə nəticəyə gəlir ki, Raskolnikov qarını öldürməklə məhz özünü yoxlamaq və hansı kateqoriya insan­lar sırasına aid olduğunu bilmək istəyirdi. Əsərin bir yerində Raskolnikov özü deyir ki, o, qarını ona görə öldürüb ki, Napoleon olmaq istəyirdi. Sanki hər şey aydındır. Amma unutmaq olmaz ki, söhbət başqa yazıçılardan deyil, məhz Dostoyevskidən gedir və bu yazıçının əsərlərində asanlıqla həll oluna biləcək məsələ yoxdur. Napoleon məsələsinə biz hələ qayıdacağıq. Burada isə onu demək lazımdır ki, Raskolnikovun bilmək və yoxlamaq istədiyi şey onun özü deyildi, onu narahat edən ideyaydı. O, tezliklə bilmək istəyirdi: insan deyilən məxluq, ayrıca bir şəxsiyyət öz ağlına, öz məntiqinə əsaslanaraq belə bir məsuliyyəti – yəni birini öldürüb digərlərini xilas etməyi – öz üzərinə götürə bilərmi? Hamletin sualı kimi, bu sual da insana ünvanlana bilməz, bu cür sualların həlli yalnız və yalnız Allaha mənsubdur, yalnız O deyə bilər, kim yaşamalı, kim isə ölməlidir. Raskolnikovun səhvi ondaydı ki, o, bir növ ilahi səlahiyyətlərə müdaxilə etmiş və bununla da özünü çıxılmaz vəziyyətə salmışdı.
Bəs Raskolnikov əvvəlcədən bilə bilərdimi ki, həqiqət haradadır və o, bu vəziyyətdə necə hərəkət etməlidir? Dostoyevski hesab edir ki, ilahi həqiqətləri dərk etmək üçün insan ağlı və insan məntiqi kifayət etmir. Burada dinə və imana, ruhun dərinliklərindən gələn sədaya qulaq asmaq lazımdır – ilahi həqiqətləri ağıl deyil, ruh bilir. Raskolnikov isə ağıla, məntiqə, adicə hesablamalara və adicə hüquqa istinad edirdi. Amma ruhu daim onu xəbərdar edirdi ki, o, səhv yoldadır. Deməli, Raskolnikovun qəlbində bu məsələ hələ sona qədər həll edilməmişdi, şübhələr qalmaqdaydı. Burda məntiqin yalnız nisbi qələbəsindən danışmaq olar.
Bu yerdə Raskolnikov bir sınaq keçirmək istəyir: bir bəhanəylə qarının evinə gedir, şəraiti öyrənir və nəyin harada olmasını bilmək istəyir. Qarının yanında olarkən Raskolnikov nə edəcəyini canlı şəkildə duydu, deməli, bu rəzil qadını öldürməli, onun murdar qanına bələnməliyəm. İlahi, mənim qəlbim necə də böyük bir rəzilliyə qadir imiş. Qəhrəman özü özünə heyrət edir, bu qədər rəzil və alçaq bir işə qadir olmasına heyrətlənir və bu yoldan əl çəkmək, özünü xilas etmək yollarını axtarır. Allaha üz tutub deyir: İlahi, mənə mənim yolumu göstər və mən bu yoldan əl çəkim. Amma bu yolu, yəni qəhrəmanın nicat yolunu ona nə Allah, nə də həyatın özü göstərir. Həyat göstərmir ona görə ki, həyat özü onu bu yola gətirib çıxarıb və onun qəlbinə o ideyanı salıb. Allah isə ona görə göstərmir ki, Raskolnikovun qəlbində Allaha inam qalmayıb, o, insana, yəni özünə güvənir və özünə inanır.
Qarının yanından çıxıb evə qayıdan Raskolnikovun başına bir sıra əhvalatlar gəlir. Bu hadisələr həyatın özünün göstərişləridir, necə etməyi xəbər verən işarələrdir, yəni bu hadisələr bir növ ideyanın doğruluğunu təsdiq edən həyat faktlarıdır.
Birinci hadisə: Raskolnikov yemək üçün aşxanaya girir və orada Semyon Marmeladova rast gəlir. Bu şirin soyadlı və acı aqibətli bədbəxt Raskolnikov üçün bir rəmzə – insanın bu cəmiyyətdə düşə biləcəyi quyunun dərinliyini göstərən bir rəmzə çevrilir. Marmeladov Raskolnikova ürəyini açıb öz həyatını, öz qəlbini və başına gələnləri ona nəql edir. Deyir ki, evdə onun ac uşaqları, vərəm xəstəliyinə tutulmuş arvadı və küçələrdə öz namusunu sataraq ailəni dolandırmaq istəyən cavan qızı var. O, isə işsiz-gücsüzdür, üstəlik də içir. Qızının bu yolla qazandığı pulu da, arvadının corablarını da satıb içkiyə verir, çünki başqa bir nicat yolu yoxdur. Bu tam ümidsizlik yoludur. Raskolnikovun qəlbində ikinci bir rəmz yaranır – Sonya Marmeladova rəmzi, öz bakirəliyini başqalarını aclıqdan və ölümdən xilas etmək naminə qurban verən qadın rəmzi. Sonya belə böyük qurbana razı olub. Bəs o, Raskolnikov necə, o kiminsə naminə özünü qurban verə bilərmi? Axı gələcəkdə onun özünü də Marmeladovun, bacısı Dunyanı isə Sonyanın aqibəti gözləyə bilər. Allaha yalvarıb öz ideyasından imtina etmək istədiyi bir məqamda bu cür acı gümanlar və şübhələr onu öz ağuşuna alır.
İkinci hadisə. Evə gələrək Raskolnikov anasından məktub olduğunu öyrənir. Anası yazır ki, Dunya Lujin adlı varlı bir cənaba ərə getməyə hazırlaşır. Məktubdan belə anlaşılır ki, Dunya bu Lujin deyilən əclafı sevmir və sevə də bilməz. Məqsəd yalnız və yalnız maddi maraq, əziz və yeganə qardaşına kömək etmək, ona universitetə bərpa olunub təhsilini bitirməyə imkan yaratmaqdan ibarətdir. Raskolnikov hər şeyi anlayır. Axı onun doğma bacısının seçdiyi yol, onun aqibəti Sonyanınkından nəylə fərqlənir? O, hiddətlənərək özünə söz verir ki, bu nikaha heç vəchlə yol verməyəcək. Bu zaman onun qəlbinin dərinliyindən bir səs baş qaldırır və ondan soruşur ki, neyləyib yol verməyəcəksən? Nə etməli sualı onun beynində yenidən baş qaldırır və istər-istəməz ideya və Alyona İvanovna yada gəlir. Raskolnikov nə qədər ideyadan imtina etmək istəyirsə, həyat bir o qədər onu bu ideyaya yaxınlaşdırır.
Üçüncü hadisə: Raskolnikov darıxır və gəzmək, fikrindən yayınmaq üçün bulvara çıxır. Orada skamyada oturmuş sərxoş və deyəsən, təhqir olunaraq küçəyə atılmış bir qıza rast gəlir. Deyəsən, bu qız təzəcə əyalətdən gəlib. Onun ətrafında isə bir cənab fırlanır və onun da məqsədi aydındır – o, bu qızı özü ilə aparmaq istəyir. Raskolnikov əvvəlcə cənabı qovmaq istəyir, heç fərqinə də varmır ki, bu cənab ondan hər mənada güclüdür. Sonra o, qorodovoyu çağırıb ona iyirmi qəpik verir və xahiş edir ki, qızı yaşadığı yerə müşayiət etsin. Bu zaman qız ayılır, ətrafında kişiləri görüb, heç nə anlamadan Raskolnikovun üstünə düşür, sonra da səndələyə-səndələyə haradan gəlmişdisə, elə o səmtə də yollanır. Qorodovoy qızın dalınca, naməlum cənab da qorodovoyun ardınca yollanırlar. Raskolnikov onların dalınca baxaraq hər şeyi anlayır: bu cənab qorodovoya pul verəcək, qorodovoy da cəhənnəm olub öz işinin dalınca gedəcək. Bəs mən o iyirmi qəpiyi niyə verdim? Məgər o iyirmi qəpiyi mən özümmü qazanmışdım? Cəhənnəm olsun hamısı, qoy lap bir-birini yesinlər, mənə nə, məni kim vəkil edib? Deməli, hadisələr labüd bir qanunauyğunluq əsasında cərəyan edir və qəhrəmanın buna mane olmaq üçün bütün cəhdləri nəticəsiz qalır. Raskolnikov bu həqiqəti başa düşməli idi, həyat ona bunu da təlqin edirdi.
Dördüncü hadisə: Raskolnikov gəzə-gəzə gəlib şəhərin ətrafına, təbiətin qoynuna çıxır. Orada yaşıllıq və təbiət onu bir qədər sakitləşdirir. O, kolun dibində uzanıb yuxuya gedir və belə bir vaqiə görür: görür ki, hələ lap uşaqdır, atası ilə harasa gedir və yolları aşxananın qabağından düşüb. Burada bir dəstə cavan sərxoş oğlanlar arıq yabı qoşulmuş bir arabaya miniblər, Mikolka adlı bir pəzəvəng də atın yüyənini əlinə alıb dostlarına deyir ki, indi bu atı sürətlə çapmağa məcbur edəcək. O, atı qamçılayır. At dartınır, amma ağır arabanı yerindən tərpədə bilmir. Mikolka onun başına və gözlərinə zərbələr yağdırır, özündən çıxmış halda, nə etdiyini bilməyərək atı amansızcasına döyür. At dizlərini yerə qoyur, burnunu palçıqlı yola dirəyib var gücü ilə dartır, amma arabanı tərpədə bilmir. Burada Mikolka arabadan düşür, dəmir lomu götürüb bir-iki dəfə atın başından vurur. At yerindəcə gəbərir. Burada balaca Rodya əvvəlcə Mikolkanın üstünə atılır, onu özünün zəif uşaq əlləri ilə yumruqlayır, sonra isə özünü atın üstünə atır, onun qanlı burnunu qucaqlayıb ağlayır. Raskolnikov qan-tər içində yuxudan ayılır. Bu, gələcəkdən, həyatdan, onun amansız qanunlarından, qarşısıalınmaz dialektikasından və insanın nəyisə dəyişməkdə gücsüz olmasından xəbər verən vaqeənin də mənası aydındır. Raskolnikov ümidsizlik içində evə qayıdır.
Hərçənd bütün baş vermiş bu hadisələr onu göstərir ki, insan öz humanist ideyaları ilə həyat qanunları qarşısında acizdir, Raskolnikov sanki yuxudaymış kimi, özü də aydın şəkildə nə etdiyini dərk etmədən hərəkətə başlayır. Hazırlaşıb, baltanı da götürüb qarının evinə yollanır. Yolda özü-özündən soruşur: hara gedir, nə üçün gedir, düzmü edir, edəcəkləri bu bir nəticə verəcəkmi? Amma dayanmadan gedir. Sanki hansısa güclü bir maşın (yəni cansız bir mexanizm) onun ətəyinə ilişərək dartıb aparır. Sanki o, öz iradəsilə deyil, yad bir gücün təsiri altında hərəkət edir. Və nəhayət, gəlib qarının evinə çatır. Qarı qapını açıb onu içəri buraxır. Qarı Raskolnikovun gətirdiyi "girov”u gözdən keçirməkçün üzünü pəncərəyə sarı çevirir. Burada Raskolnikov baltanı çıxarıb qarının başı üzərinə qaldırır və … bu anda beynindən belə bir fikir keçir: bəlkə gec deyil, bəlkə hər şeyi atıb geri qayıtsın, amma … baltanın küpü qarının başına enir. Burada hadisələrin başqa cür davam etməsi də mümkün idi. Yəni tərəddüdlər, şübhələr daim qalırdı və bu da Dostoyevski poetikası üçün səciyyəvi haldır. Bir sözlə, yazıçı heç bir hadisəni, heç bir ideyanı axıracan davam etdirib həll etmir, başqa bir imkana da yer qoyur. Bu da M.Baxtinin dediyi o polifonik roman poetikasının əsas tələb­lərindən biridir.
Burada Dostoyevski naturalist bir yazıçı müfəssəlliyilə qarının ölümünü, onun qara qatı qanının yağlı saçlarının arasilə üzü aşağı axaraq, toyuq ayağına bənzəyən nazik, quru boynuna çatdığını göstərir. Dostoyevski naturalizmi sevmirdi. Onda bəs bu eybəcər xırdalıqlar və təfərrüatlar onun nəyinə gərək idi? Məsələ burasındadır ki, bu cür naturalist təsvirlə yazıçı oxucuda bu səhnəyə qarşı bir ikrah hissi oyatmaq istəyir, bu qeyri-estetik səhnə vasitəsilə Raskolnikovun nə dərəcədə eybəcər, insana layiq olmayan, onun ürəyini bulandıran bir iş gördüyünü xüsusi olaraq nəzərə çarpdırmaq istəyir. Bu antihumanist hərəkət bununla bitmir. Elə bu vaxt qapı açılır və qarının bacısı Lizaveta daxil olur. Lizaveta xəstə və divanə bir qadın idi. Son dərəcə dindar və yumşaq təbiətli, İncili yaymaqla məşğul olan bu qadın indi şahid ola bilər. Ona görə də Raskolnikov onu da öldürür. Baltanı götürüb tiyəsilə düz alnından vurur. Qarını arxadan baltanın küpü ilə vurmuşdu, Lizavetanı qarşıdan onun tiyəsilə vurur. Yəqin bu detallar da təsadüfi deyil. Sanki hansısa anlaşılmaz bir qüvvə bu baltanı hərəkətə gətirib və o da gah rəzil qarının, gah da zavallı Lizavetanın başına enir və bu qarşısıalınmaz qırğını dayandırmaq və bu yolda xeyri şərdən, günahkarı günahsızdan ayırmaq artıq mümkün olmur. Dostoyevski məhz bu ideyanı təlqin edir və göstərmək istəyir ki, hətta ən humanist və ədalətli bir ideya naminə hərəkət edən insan, əgər əlinə balta alıb zor gücünə ədalətə xidmət etmək istəyirsə, o bu yolda ədalət hissini də, humanizmi də – hər şeyi itirəcək, yalnız və yalnız şər əməllər törə­dəcək. Dostoyevski öz qəhrəmanının elə ilk addımdanca mürəkkəb və ziddiy­yətli bir vəziyyətə düşdüyünü göstərir. Bununla da əsərin birinci, yəni cinayət hissəsi sona yetir. Sonrakı üç hissə bütövlüklə cəza məsələsinə həsr olunacaqdır. Raskol­niko­vun cinayəti sürətlə, qısa bir müddət ərzində baş verdi. Onun cəzası isə tərəddüdlərdən keçərək çətin bir yolla gəlib öz sonluğuna çatacaqdır. Deməli, Dostoyevski üçün vacib olan məsələ heç də cinayət deyil, cəzanın əzablı yollarıdır.
Bu cəza elə ilk gündəncə başlandı və Raskolnikovu bir daha tərk etmədi. Bu, mənəvi cəza idi, daxili işgəncələr idi. Dostoyevski cinayət və cəza məvhumlarını hüquqi müstəvidən mənəvi-etik müstəviyə keçirir. Doğrudur, burada hüquqi cinayət də var, cəza da, yəni qətl də var, buna görə Sibirə sürgün də var. Amma bu zahiri hadisələr Raskolnikovun daxilində baş verən ruhi hadisələrdən daha yüngüldür. İnsanın öz günahını dərk edərək mənəvi əzab çəkməsindən ağır cəza ola bilməz.
Amma burada da, yəni cinayətdən sonra da Raskolnikov özünü inandırmağa çalışır ki, onun ideyası doğru ideyadır, sadəcə olaraq onun özü zəif şəxsiyyətdir və ideyanı sona çatdırmağa qadir deyildir. Əslində, belə deyildi. Məsələ ideyanın özünün paradoksal olmasında və onun insan ruhuna, insan qəlbinə, insan həyatına uyğun gəlməməsindəydi. Hərçənd Raskolnikovun qəlbində və şüurunda ideyayla mənəviyyatın davası davam edir, amma yavaş-yavaş ideya zəifləməyə və təslim olmağa başlayır. Amma hər halda bu mübarizə, yəni cinayətdən sonra ideyanın təslim olmaq istəməməsi uzun çəkir və qəhrəmanı dərin iztirablara düçar edir. O, artıq əvvəlki insan olaraq sakit yaşaya bilmir, təklənir, sanki özünü dünyadan ayrılmış kimi hiss edir. Ona elə gəlir ki, adi insanlara, hamıya rəva görülən şeylər ona rəva deyildir, çünki o, artıq hamı kimi deyildir. Məsələn, o daxilən hiss edir ki, artıq insanların mərhəmətinə və məhəbbətinə ümid edə bilməz. Hətta anasının və bacısının da nəvazişləri ona ağır gəlir. Kənddən yenicə gəlmiş anası və bacısı onun üstünə atılıb onu öpməyə başlayanda Raskolnikov birdən huşunu itirərək yerə yıxılır. Bu mətin insanda bu zəiflik haradandır? Raskolnikov ideya və məntiqi düşüncə səviyyəsində mətindir, çünki öz ideyasının doğruluğuna inanır. Mənəviyyat səviyyəsində o, zəifdir, acizdir, ona görə ki, ruhu onun ideyası ilə barışa bilmir.
Birinci hissədə Raskolnikovun qəlbində "olum ya ölüm?” sualı sonacan həll olunmamış qaldığı kimi, indi də bu sual eynilə həll oluna bilmir. Onda söhbət qarının öldürülməsindən gedirdi, indi isə Raskolnikovun etirafından gedir. O, öz sirrini Sonya Marmeladovaya açır, anasına və bacısına deyil, məhz Sonyaya. Çünki bu acı və ağır etirafa dözə biləcək bir adam vardısa, o da Sonya idi. O, bu etirafa həm dözəcək, həm də Raskolnikovu bağışlaya biləcəkdi. Ona görə də Raskolnikov onun yanına gəlir və öz sirrini ona açır. Sonyada Raskolnikova qarşı nə hiddət, nə də nifrət duyğusu oyanır, olsa-olsa onun Raskolnikova yazığı gəlir. Cinayətkarı əclaf deyil, yazıq, zavallı adlandırmaq, bu, cinayətkara qarşı əsl xalq münasibətidir. Sadə rus xalqı cinayətkarları, məhbusları həmişə yazıqlamış və hesab etmişdir ki, cinayət törətmiş, başqasının həyatına son qoymuş insan, hər şeydən əvvəl, öz ruhunu, öz qəlbini mənəvi məşəqqətlərə düçar edir. Bu cür insan zavallıdır və rəhmə ehtiyacı vardır. Sonya Raskolnikova rəhm edir, onun halına acıyır və göz yaşları içində ona məsləhət görür ki, əvvəlcə meydana getsin, orada diz çöküb torpağı öpsün, çünki bu torpağı qana batırıb və onun qarşısında günahkardır, sonra isə insanlar qarşısında öz cinayətini etiraf etsin.
Raskolnikov Sonyaya qulaq asır. O, silisçi Porfiri Petroviçlə, Arkadi Svidriqaylovla, Pyotr Lujinlə və qanun keşikçilərilə ünsiyyətdə olanda, nədənsə, özünü günahkar hesab etmir və mübarizəni davam etdirmək əzmi onda daha da güclənirdi. Amma Sonyanın yanında o özünü ittiham edir, etiraf edir və onun məsləhətilə meydana gəlir, diz çöküb çirkli torpağı ləzzətlə öpür, başını qaldırıb insanlara baxanda birdən onda bu insanlara qarşı güclü nifrət hissi baş qaldırır. Kimin qarşısında etiraf etməli, bunlarınmı? Axı bunlar məndən betərdilər! Layiq deyillər! Və Raskolnikovun etiraf kəlməsi onun dodaqlarında ilişib qalır. Amma o, anlaya bilmirdi ki, söhbət bu insanların deyil, onun özünün necəliyindən gedir. İndi o, hamı qarşısında günahkardır. Sonra o, polis idarəsinə gəlir. Etiraf etməkçün gəlir. Amma burda da etiraf sözünü deyə bilmir, çölə çıxır, Sonyanın onu gözlədiyini görüb geri qayıdır və cinayətini olduğu kimi danışır. Məhkəmə ona səkkizillik həbs kəsir və Sibirə sürgün edir. Sonya da onun dalınca Sibirə yollanır. Bu gündən etibarən onun yeganə qayğısı Raskolnikovun aqibətidir.
Sonya Marmeladova elə bir insan tipinə aiddir ki, onların özlərinin şəxsi həyatı və şəxsi səadəti olmur. Onlar sanki başqaları üçün yaşamaq və başqalarının yolunda öz həyatını qurban vermək üçün yaranmışlar. Bu tip qadınları Dosto­yevski "Şeytanlar” romanında da (Daşa Şatova), "Yeniyetmə”də (Sofya Andreyevna) də təsvir etmişdir. Bu tip qadın qəhrəmanlarından ən parlağı Sonya Marmela­dov­adır. Dostoyevskinin fikrincə, o, əsl rus xalq mənəviyyatının, pravoslav etika­sı­nın daşıyıcısıdır.
Sibirdə də Raskolnikov hələ tamamilə öz ideyasının ecazkar cazibəsindən tamamilə azad ola bilmir. Məhbuslar Sonyanı çox sevir, ona "ana” deyə müraciət edirlər, Raskolnikova isə nifrət edir və hətta onu öldürmək də istəyirlər. Amma zaman keçdikcə Sonyanın mərhəməti və məhəbbəti sayəsində Raskolnikovun qəlbindəki o nifrət hissi öz yerini məhəbbətə verməyə başlayır. Onun həyatında yeni dövr başlanır: uzunmüddətli, tədricən saflaşma və mənəvi dirilmə dövrü. Bu, artıq yeni bir romanın mövzusu ola bilərdi, amma bu roman burada sona yetir.
Belə qəbul olunmuşdur ki, Raskolnikovun cinayəti adi cinayətlərdən deyil, ideya cinayətidir, yəni ideyadan doğan və ideyanı təsdiqləməyə yönəlmiş olan cinayətdir. Söhbət sadəcə olaraq yoxsulluqdan və ehtiyacdan getsəydi, əlbəttə, hər şey çox sadə və asanlıqla izah oluna bilərdi. Hər şeyi mürəkkəbləşdirən, əlbəttə, ideyadır. Və bu ideyanın mahiyyəti nədən ibarətdir? Raskolnikovu cinayətə sövq edən səbəb nədir? Bu sualın cavabını kimsə bilirmi? Raskolnikovun özü bu suala birmənalı cavab verə bilərdimi? Yəni burada qəhrəman sözü nə dərəcədə etibarlı və mötəbər sözdür? Bədii ədəbiyyatda belə qəbul olunub ki, qəhrəmanın sözünə və etirafına əsaslanaraq, ədəbi tənqid və ya ədəbiyyatşünaslıq elmi müəyyən nəticələr hasil edir. Amma bu üsulu Dostoyevskinin polifonik romanına tətbiq etmək olmaz. Hətta qəhrəmanın özü haqqında dedikləri belə şübhə altına alınır və əksərən də rədd edilir. Bəs onda Raskolnikovu özündən savayı, onun özündən yaxşı kim tanıya bilərdi? Məsələ də elə bundadır ki, sən demə, insanın ən pis tanıdığı və əksərən, haqqında səhvə yol verdiyi bir kəs varsa, o da onun özüdür. Romanın süjeti boyu Raskolnikov öz fikir və duyğularını olduğu kimi söyləyə bilmir. O, roman boyu özünü axtarır, özünü dərk etməyə çalışır və dərin çaşqınlıqlardan və səhvlərdən keçir. Özünə yetmək, özünü axtarıb tapmaq insan üçün ən həlli müşkül bir məsələdir. Raskolnikov da özünü tanımır, öz hərəkətlərini, öz cinayətinin əsl səbəbini izah edə bilmir, çünki axtarır, özünü dərk etmək istəyir, amma sonacan dərk edə bilmir.
Bu mənada onun Sonya Marmeladovayla olan dialoqu çox əlamətdardır. Sonya ondan nə səbəbdən bu qətli törətdiyini soruşur. Raskolnikov o saatdaca düzgün cavab verə bilmir, bilməyərəkdən özünü aldadır. Nə üçün qətl baş verdi? Birinci olaraq ağla gələn cavab bu olur: qarət etmək üçün. Bu çox bayağı cavabdır, adətən, həyatda olduğu kimidir. Əksər qətl və cinayətlər məhz bu məqsədlə törədilir. Bəs onda Raskolnikov oğurladığı pullardan nə üçün istifadə etmir, nə üçün onları haradasa uçuq-dağınıq bir həyətdə, daşın altında gizlədir və bir daha onun dalınca qayıtmır? Bəs necə olur ki, Raskolnikov son qəpiyini başqalarına verir, özü isə pul üçün qətl törədir? Burada müəmmalı suallar çoxdur. Ona görə də Sonya onun bu cavabını qəbul etmir, sadəcə olaraq ona inanmır. Raskolnikovun bu cavabının, bu sözlərinin doğru olmadığına onun özünün də üslubu, yəni danışıq tərzi və tonu şəhadətlik edir. Osvald Şpenqler yazırdı ki, insanlar dil səviyyəsində, sözdə, əksərən, yalana yol verirlər. Amma sözlər yalan deyəndə, hərəkətlər o yalanı büruzə verir. Hərəkətlər də yalan deyəndə, səs və səsin tonu yalanı bildirir. Üz və bədən hərəkətləri, eləcə də səsin tonu şüurdan deyil, təhtəlşüurdan gələn impulslarla təyin edilir. Ona görə də şüur onlara nəzarət edə bilmir və insan öz jestlərində və səsinin tonunda həmişə səmimi olur.
Bu baxımdan Raskolnikovun cavab tərzinə fikir versək, onun doğru danışmadığını, hər halda sözlərinin doğruluğuna özünün də tam mənada inanmadığını görərik: "qarət etmək üçün” - bu sözləri Raskolnikov "necəsə yorğun halda və hətta sanki pərt halda” söyləyir. Ağır həqiqəti bu cür demirlər. Ona görə də Sonya ona inanmadı. Bunu görən Raskolnikov cavabında etiraf edir ki, indi o, çox axmaq bir şey dedi. Bəs bu axmaq sözü bu ağıllı Raskolnikov nə üçün dedi? Onunçün ki, bir dəqiqə əvvəl, bu sözləri deməmişdən onların bu qədər axmaq və yalan olduğunu heç özü də bilmirdi. Sözün yalan olduğu o deyiləndən və dinləyicidə müəyyən təəssürat oyatdıqdan sonra aydın olur. Raskolnikov sanki həmsöhbəti vasitəsilə, onun reaksiyası vasitəsilə öz sözlərinin nə dərəcədə doğru olub-olmadığını özü üçün aydınlaşdırır. Bu da M.Baxtinin o fikrini yada salır ki, sözün əsl yaşam vəziyyəti dialoqdur. Məhz dialoqda söz öz gizli həqiqətini (semantik mənasını deyil) büruzə verir. İnsan da özünü və öz daxili mahiyyətini başqaları ilə ünsiyyətdə büruzə verir. Bu mənada Sonya sanki Raskolnikov üçün aqibət tərəfindən göndərilmiş bir haqq güzgüsüdür ki, qəhrəman bu güzgüdə özünü özündən yaxşı görür, yəni öz bildiyindən daha düzgün görür.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər