«Cin mikrorayonda» azdı REPORTAJ

«Cin mikrorayonda» azdı REPORTAJ

Cəmiyyət
17 Noyabr 2012, 08:38 2449
Ötən il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilmişdi. Dövlət başçısı paytaxtımızın ərazisindəki kənd, qəsəbə və digər yaşayış məntəqələrində abadlıq, quruculuq işlərinin aparılması ilə bağlı tapşırıqlar vermişdi. Müşavirədə Bakı şəhərinin inzibati ərazisinə aid olan rayonlarda daxili yolların tikintisinin vacibliyini xüsusilə vurğulayan prezident, hazırda bu sahədəki vəziyyətin onu qane etmədiyini vurğulamışdı. Bununla yanaşı, paytaxt ərazisində park və xiyabanların abadlaşdırılması, yollarda işıqlandırma sistemlərinin quraşdırılması və sair məsələlər də müzakirə olunmuş, aidiyyatı qurumlara müvafiq göstərişlər verilmişdi.

Lakin şəxsi müşahidələrimiz onu deməyə əsas verir ki, ölkə rəhbərinin tapşırıqları heç də bütün rayonlarda eyni səviyyədə yerinə yetirilməyib. Mərkəzi ünvanlar istisna olmaqla, gözdən-könüldən iraq yerlərdə vətəndaşlar eyni problemlərdən bu gün də əziyyət çəkirlər. Belə yaşayış məntəqələrinə Nəsimi rayonu ərazisində də rast gəlmək olur. Prezidentin iştirakı ilə keçirilən müşavirədən 1 il 8 ay ötməsinə baxmayaraq, 1, 2, 3, 4 və 5-ci mikrorayon ərazisindəki bir sıra məhəllə daxili yollarda hələ də asfaltlama işləri aparılmayıb. Həm yolboyu, həm də binaların qarşısında işıqlandırma sistemləri quraşdırılmayıb. Yaşayış binalarının həyətindəki kiçik istirahət guşələri isə vətəndaşlar üçün göz dağına çevrilib.

Konkret olaraq, 4-cü mikrorayonun 20 Yanvar, Hüseyn Seyidzadə və 3-cü mikrorayonun bəzi ərazilərində sakinlər illərdir həllini tapmayan belə problemlərdən şikayətçidirlər. 20 Yanvar küçəsi ev 7A-dakı mənzillərdən birində yaşayan İradə İmanova deyir ki, binanın həyətində 1990-cı ildən bu yana ciddi yenidənqurma işi aparılmayıb. Baxımsızlıqdan “besedka”, oradakı oturacaqlar, həyətdaxili yollar, yaşıllıq zolaqları tamam yararsız hala düşüb: “Asfalt örtük keyfiyyətsiz olduğu üçün dağılıb. Qonşularla öz cibimizin vəsaiti hesabına bir neçə dəfə yola asfalt döşətmişik. Amma hər dəfə də bunu etmək olmur axı. Həyətdə sovet dönəmindən qalma işıqlandırma sistemi olsa da, işıq dirəyinə gələn elektrik xətti sonradan kəsilib. İndi binanın həyəti axşamlar zil qaranlıq olur. Cavan, yaşlı, qoca sakinlər binanın girişinə qorxa-qorxa gəlir. Bundan başqa, binanın istilik sistemi də dağıdılıb. Binanın zirzəmi qatında mağaza açanlar istilik sistemi borularını kəsib atıblar. Ona görə də qış aylarında mənzilləri elektrik enerjisi hesabına qızdırırıq. Vəziyyətə nəzarət edən qurumlar da buna göz yumublar. Mənzil İstismar Sahəsinə gedib bu problemləri deyirsən, atır bələdiyyənin üstünə. Bələdiyyə də “vəsaitimiz yoxdur” deyib başından edir. Bilmirsən dərdini kimə deyəsən”.

Hüseyn Seyidzadə küçəsi bina 16 A-dakı mənzillərdən birinin sahibi, 70 yaşlı Afaq Süleymanova da yolsuzluqdan əziyyət çəkdiklərini dilə gətirdi. O, yağış yağandan sonra su gölməçələri və palçıq səbəbindən uşaqları məktəbə aparmağın da çətin olduğunu söylədi: “Yaşlı adamam, hərdən həyətə düşüb nəvəmi gəzdirir, bununla özüm də istirahət edirəm. Amma bu həyətdə istirahət üçün əməlli-başlı şərait yoxdur. Oturmaq, uşaqları əyləndirmək üçün yer yoxdur. İstirahət guşəsi dağılıb, oturacaqların yalnız dəmirləri qalıb. Məhəllədaxili yoldan isə danışmağa dəyməz. Neçə ildir ki, bu yol bərbad gündədir. Yağış yağanda palçıq dizə çıxır. Nə böyüklər işə gedə bilir, nə də balacalar məktəbə və ya bağçaya. Axşamlar isə qaranlıqdan məhəllədə göz-gözü görmür. Dəfələrlə şifahi şəkildə Mənzil İstismar Sahəsinə, bələdiyyəyə müraciət etmişik. Amma bizim dərdimizə çarə edən yoxdur”.

Mikrorayonlar arasında qısa müşahidə apararkən yuxarıda sadalanan problemlərin əksər məhəllələrə aid olduğunu müşahidə etdik. Axşam vaxtları bu ərazilərdə, xüsusən də nəqliyyatın və vətəndaşların sıx hərəkət etdiyi yollarda, ən əsas da “Memar Əcəmi”, 3-cü və 4-cü mikrorayon dairələrində vəziyyət daha da acınacaqlı hal alır. 3-cü mikrorayon bazarı dairəsi, “Yeganə” və “Tərlan” şadlıq sarayları, Binəqədi rayonu 9-cu mikrorayon yanğınsöndürmə idarəsinə tərəf uzanan, 2, 3, 4-cü mikrorayon ərazisindən keçən Hüseyn Seyidzadə küçəsində hər hansı işıqlandırma sistemi yoxdur. Başlanğıcını “Karl Marks dairəsi” kimi tanınan yerdən götürərək Memar Əcəmi metrostansiyasına kimi uzanan, 2-ci, 3-cü mikrorayonları ayıran Hüseynbala Əliyev küçəsi də axşamlar qaranlığa qərq olur. 3-cü mikrorayon dairəsindən Memar Əcəmi metro stansiyasına kimi davam edən və 3-cü, 5-ci mikrorayonları ayıran Cavadxan küçəsində də sürücülər və sakinlər qaranlıqdan əziyyət çəkirlər. Belə yolların siyahısına “Şamaxinka”dan başlanğıcını götürərək 4-cü mikrorayon dairəsinə kimi uzanan, 4-cü, 5-ci mikrorayonları ayıran 20 Yanvar küçəsini, həmçinin 20 Yanvar metro stansiyasından “Şamaxinka”ya qədər 1-ci mikrorayon ərazisindən keçən küçəni də salmaq olar.

“Şamaxinka”dakı “Lukoyl” yanacaqdoldurma stansiyasının yanından başlanan, Binəqədi rayonunun 9-cu mikrorayonu ilə Nəsimi rayonunun 4-cü mikrorayonunu ayıran, “Favorit” marketin, “Sonalar sonası”, “Üzeyir” şadlıq saraylarının qarşısından keçən, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin adını daşıyan küçədəki vəziyyət isə daha dözülməzdir. Yuxarıda adları sadalanan küçələr kimi burada da yol qırağında hər hansı işıqlandırma sisteminə rast gəlmək olmur. Əhalinin daha sıx hərəkət etdiyi bu ərazidəki yolun asfalt örtüyü də köhnəlib. Çala-çuxur, qarmon şəkilli bu yol həm avtomobil sahiblərinin, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.

Rufik İSMAYILOVREPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ">