• cümə axşamı, 28 mart, 15:16
  • Baku Bakı 16°C

Cığıraçan

16.08.14 10:47 1557
Cığıraçan
Bizim Ağdamdakı evimizin pəncərəsindən dağlar görünürdü. Adam o dağlara baxanda özündən nəsə uydurmaq, sözdən nəsə ürəyəyatımlı ritmik bir şey düzəltmək istəyirdi. Elə balacalıqdan ağlıma bir fikir yer eləmişdi ki, dağları, illah da bizim dağları görməyən adam heç vaxt şair olmaz. Şair demişkən, bizim binanın ikinci mərtəbəsində dağlara baxıb şeir qoşan bir oğlan da yaşayırdı. Bizim tərəflərə sonradan gəlsələr də, yaman tez isinişmişdik. Sözümüz-söhbətimiz tuturdu, nədən danışırıqsa-danışaq, yenə hərlənib-dolanıb dağların zirvəsində gördüyümüz bədiiyyatın üzərində bənd olardıq.
Hələ indi, yaşımın bu çağında başa düşürəm ki, bizi birləşdirən elimizin-obamızın çörəyindən, duzundan, şirin ləhcəsindən əvvəl ədəbiyyat imiş. Məşhur Ağdam bazarının yaxınlığında, Lenin bağının böyründə yerləşən dördmərtəbəli binamızdan başlayan tanışlığımız ədəbiyyatın sayəsində fikir dostluğuna, əməl birliyinə çevrildi. Bu il həmin ünsiyyətin neçənci ilidi - bilmirəm, amma onun əlli yaşı tamam olur. Desəm ki, bu elə yarım əsri adlayan dostluğumuzun yaşıdı, təəccüblənməyin.
Rəşad Məcid haqqında yazıya bu tonda, bu ovqatda başlamağım təxəyyüldən daha çox ürəyimdən gəldi. Bir dəfə özünə də demişəm, bu doğmalıq hansısa səfərdə ünsiyyətdə olmaqdan çox qabağa gedir və yol yoldaşlığı başqa, mənim demək istədiklərim tamam başqadır.
Hərdən düşünürəm ki, tədbirlərdən tədbirlərə və nadir hallarda səfərlərdən səfərlərə görüşməyimizin bir yaxşı tərəfi də var ki, Rəşad Məcid obrazı elə mənim tanıdığım, bələd olduğum yerində qalır. 50 illik yubileyi ərəfəsində «Kaspi»də dərc olunan yazıların demək olar ki, hamısında onun şəxsiyyət kimi keyfiyyətlərinin daha önə çıxdığı, insanlarda yaratdığı gözəl təəssürat hissinin qabardılmasının şahidi oluram. Şübhəsiz, bütün bunların hamısı yubilyarın portretinin əvəzedilməz və doğma cizgiləridir. Amma bunları onun iz qoyduğu fəaliyyət sahəsi olmadan - jurnalistika və ədəbiyyatsız təsəvvür eləmək mümkün deyil.
«Yeri görünür» ifadəsi sanki onun boyuna biçilib. Elə sözlər var ki, məhz onun dilindən deyilməlidir, elə rəyasət heyətləri var ki, onun yeri görünməsə, nələr olacağını təsəvvür eləmək belə çətindir. Etiraf etmək lazımdır ki, ömrünün hesabat çağında Rəşad Məcid yerinin göründüyü, sözünün gözləndiyi yerlərdə həmişə ləyaqətlə dayanmağı bacarıb. Bu, kiminsə yerində dayanmaq yox, kiminsə sözünü demək yox, məhz şəxsiyyət bütövlüyünü tamamlayan amildir. Rəşad Məcid cığır açan, sözün geniş mənasında desək, məktəb yaradan və ardınca neçələrini həvəsləndirib, qanadlandırıb irəli aparmağı bacaran yaradıcı şəxsdir. Düzdür, bu «qanadlanan»ların çoxu nə vaxtsa uçub gedə də bilər, izə düşənlərin bəziləri büdrəyə də bilər, amma əlahəzrət fakt hamının gözünün qabağındadır.
Rəşad Məcidin açdığı çığırlardan biri «525» yoludur. Bu qəzeti özünəməxsus edən əslində çox sadə nüanslardır; birincisi, qızıl ortanı tutmaq, yəni jurnalistikanın qızıl qaydalarına sözdə yox, əməldə riayət eləmək və ya riayət eləmək üçün böyük cəsarət sərgiləmək; ikincisi, ziyalıya, fikir adamına sözünü çatdırmağa meydan vermək, başqa cür desək, plüralizmdən çəkinməmək; nəhayət, qəzetə nə biznes, nə də abunə kağızı kimi yox, öz oxucu auditoriyası olan ciddi bir təsisat kimi yanaşmaq, onu qorumaq üçün bütün fədakarlıqlara hazır olduğunu nümayiş etdirmək. Bu elə bir yoldur ki, hətta son beş-altı ildə, lap elə on ildə qəzet üzü görməyən, qəzet almağa köşk tapmayan adamdan belə soruşanda hansı qəzetləri oxuyursan, özünü sındırmadan sadalayacağı beş qəzetin arasında mütləq «525»in adı olacaq. Bu artıq mətbuatımızın sevimli brendidir.
Rəşad Məcidin gücünə güc qatan, fikirlərini daha təravətli və diri saxlayan ilham pərisini Ağdamda bəslədiyi göyərçinlərlə müqayisə eləsək, onun qoşa qanadının biri mətbuatdırsa, o biri ədəbiyyatdır. Onun müasir ədəbiyyatımıza yeni imzaların cəlb olunmasında, Yazıçılar Birliyinin ictimai rəydə həmişə ön planda yer tutmasında rolunu qeyd etməklə yanaşı, olduqca incə zövqü olan fikir adamı kimi qiymətləndirmək olar. Rəşad Məcid ədəbi qiymətləndirmədə o qədər dəqiqdir ki, hansısa yazı və ya müəllif haqqında fikir yürüdəndə, bu, təcrübəli həkimin zərgər dəqiqliyi ilə qoyduğu diaqnoz təəssüratı yaradır. Ədəbiyyatın içində olan adamların yazıya münasibəti əsasən başqa cür olur, bəzən hansısa «izm»lərə meyillilik və ya şəxsi təkəbbür mətni obyektiv qiymətləndirməyə mane olur. Amma Rəşad Məcid kimin haqqında nə deyibsə ya hamısı özünü doğruldub, ya da zamanla doğrultmaqdadır.
50 yaşın təbrikini sözlə gərək elə ifadə edəsən ki, bu nə boğazdan yuxarı görünsün, nə də bayağı səslənsin. Öz yerində olan, koloriti, potensialı və gənclik şövqüylə çığır açan kişiyə bu nəcib və cəsarətli əməllərindən çəkinməyərək inamla addımlamağı arzulayıram. Səsini eşitdiyimiz məqamlarda həmişə səsi gəlsin, yeri görünən yerlərdə həmişə özü görünsün! Bir də… bir də Ağdam bazarının yaxınlığında, Lenin bağının böyründəki dördmərtəbəli binamızdan başlayan tanışlığımızın elə həmən məkanda da növbəti ildönümlərini qeyd edək!
Natiq Məmmədli
banner

Oxşar Xəbərlər