• cümə, 19 Aprel, 15:28
  • Baku Bakı 25°C

Ciddi, düşünən, daim özünə qarşı tələbkar olan sənətkar

23.11.16 13:11 1888
Ciddi, düşünən, daim özünə qarşı tələbkar olan sənətkar
"Ramiz Əzizbəyli - el məhəbbəti!” Vaxtilə bu sözləri yazıçı və dramaturq İsi Məlikzadə demişdir.Yaxşı yadımdadır, 1978-ci ildə ekranlarda nümayiş etdirilən " Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına baxandan sonra İsi müəllimlə təəssüratımı bölüşürdüm. Kinoalmanaxa daxil edilmiş, müasir birgəyaşayış qaydaları haqqında danışan eyni adlı novellada sevimli sənətkarımız Ramiz Əzizbəyli Səfər surətini yaratmışdı.

Aktyordan söhbət düşəndə yazıçı aktyorun populyarlığının dərəcəsini belə təyin etmişdir. İ. Məlikzadənin dediyi iki kəlmə söz filmdən aldığı təəssüratla bağlı olsa da, burada mübaliğə yox idi. Çünki həqiqətən Ramiz Əzizbəylini uşaqdan tutmuş böyüyə kimi hamı tanıyır və sevir. Hətta sonralar İsi müəllim yazılarının birində qeyd etmişdir ki, Ramiz kinoda dünya səviyyəsinə çıxacaq obrazlar yarada bilərdi. Çünki o, yumorun, ironiyanın, satiranın, gülüb-güldürməyin nə demək olduğunu gözəl anlayan, incəsənət aləmini bütöv halda qavramağı bacaran sənətkardır.

Ramiz şirin avazla, şövqlə mahnı oxuyanda, kinoda hansısa rolu ifa edəndə onun sənəti dinləyicilərin və tamaşaçıların zövqünü oxşayır, qəlbinə yol tapır.

Ciddi, düşünən, daim özünə qarşı tələbkar olan sənətkar! O, aktyor davranışı ilə insanlarla ürəkdən gələn əlaqə yarada bilir, tam səmimiyyəti ilə tamaşaçıların rəğbətini qazanır.

Ramiz 1948-ci ildə ziyalı ailəsində dünyaya göz açıb. O, aktyor kimi əmək fəaliyyətinə lap kiçik yaşlardan başlayıb. Özünün dediyinə görə, adlı-sanlı aktyorlarla - Əlağa Ağayev, Möhsün Sənani, Rza Əfqanlı və digər sənətkarlarla bir səhnədə çıxış edib. Gələcəkdə nə olacağını, hansı peşəyə yiyələnəcəyini artıq özü üçün müəyyənləşdirmişdi: aktyor olmaq, səhnədə böyük-böyük rollar oynamaq! Bu arzu, bu istək özünü çox gözlətmir. Sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verir, lakin imtahanlardan kəsilir...

Yüzlərlə gənc kimi Ramiz də əsgər həyatını yaşamalı olur. Taleyin qəribə oyunları var. Ramiz hərbi xidmətini başa vurub doğma Bakıya qayıdandan sonra əsgər paltarını əynindən çıxarmamış yenidən sənədlərini teatr institutunun aktyorluq fakültəsinə verir. Lakin... bu dəfə də imtahanlardan kəsilir.

R.Əzizbəyli həmin günləri belə xatırlayır: "Sənətə vurğunluq məni yolumdan döndərə bilməzdi. Düzdür, şahmat və futbol oyununun həm vurğunu, həm də ümidvericisi kimi idman institutunun, yaxud universitetin tələbələrindən biri ola bilərdim. Amma mən bunu istəmədim. Burda bir sirr də var idi. Mən uşaqlıqdan öz adımı çox bəyənirdim. Ramiz - "ram edən”, "bacaran”, "əldə edən” deməkdir. Adımın mənaları mənə məqsədimə çatmaqda çox kömək etdi. Nəhayət, istəyimə nail oldum. Üçüncü cəhd baş tutdu. İnstitutun mədəni-maarif fakültəsinə qəbul oldum, özü də qiyabi şöbəyə.”

R.Əzizbəyli 1977-ci ildə institutu bitirsə də, onun rəsmi iş stajı 1965-ci ildən, 26 Bakı Komissarı adına mətbəənin çap sexində şagird işlədiyi dövrdən başlayır. O, 1972-1973-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında komplektləşdirici, 1974-cü ildən kinoaktyor işləyir. 1979-cu ildə onu Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsinə dəvət edirlər. Ramiz 1982-ci ilə kimi burada çalışır, bir çox tamaşalarda iştirak edir. Və yenidən kinostudiyaya qayıdır. Nə üçün? Axı o, bu teatrda duzlu yumoru, şirin danışıq tərzi, məlahətli vokal səsi ilə bir sıra məşhur tamaşalarda aparıcı rollarda kamil surətlər yarada bilərdi.

R.Əzizbəyli teatrdan çıxıb yenidən kinostudiyaya qayıtmaqla teatr uduzsa da, kinomuz qazandı. O, 1982-ci ildən " Azərbaycanfilm” də kinoaktyor, 1987-ci ildən isə həm də rejissor kimi fəaliyyətini davam etdirdi.

Kinoda aktyor kimi onlarla bədii filmdə, o cümlədən "Çarvadarların izi ilə” (Saqqal Ramiz), "Dərviş Parisi partladır” (nökər Kərəm), "Qərib cinlər diyarında” (Əsra), "Asif, Vasif, Ağasif” (milis nəfəri Məmmədov), "Atları yəhərləyin” (Koxa), "Gümüşgöl əfsanəsi” (Tofiq), "Köhnə bərə” (Kərim), "Bağ mövsümü” (Əmirqulu), "Qəm pəncərəsi” (Kərbəlayi Oruc), "Göz qabağında şeytan” (HES direktoru), "Qəzəlxan” (Məmmədəli), "Qisas almadan ölmə” (Salman) və s. kinolentlərə çəkilib, bu filmlərdə müxtəlif xarakterli rollar oynayıb. Düzdür, çəkildiyi filmlərin bir hissəsi epizodik rollardır. Buna baxmayaraq, ən xırda rol belə aktyorun koloritli oyunu, sözü varsa şirin danışığı, sözü yoxdursa, mimikası və jestləri sayəsində tamaşaçının gözündən yayınmır, yadda qalır. Çünki Ramiz hər bir rola qəlbinin bir parçasını, temperamentini, məhəbbətini hopdurmağı bacarır.

Aktyorun yaradıcılığı barədə həmkarları və dostlarının dediklərindən:

Əlisəftər Hüseynov, kinoşünas:"Ramizin bir sənətkar kimi yetişməsində televiziyanın böyük rolu olmuşdur. Bir vaxtlar milli televiziyamızın ən populyar verilişlərindən olan "Yumoristik novellalar”da öz duzlu oyunu ilə tamaşaçılara bolluca gülüş bəxş edənlərdən biri də Ramiz idi. Sonralar onu filmlərə dəvət etməyə başladılar və Ramiz Azərbaycan kinosunda yeni komik maskanın imkanları daxilində əlindən gələni etdi”.

Ağadadaş Ağayev, müğənni:"Ramiz hələ açılmamış kitab kimidir. Kinorejissorlar onun aktyor potensial imkanlarını hələ aça bilməyiblər. Mən inanıram ki, haçansa onun üçün məxsusi ssenari yazılacaq”.

R.Əzizbəyli haqqında, onun yaradıcılığı, tamaşaçı ilə qurduğu münasibətlər barədə istər kino mütəxəssisləri, istərsə də müxtəlif peşə sahibləri çox söz deyiblər, sənətini yüksək qiymətləndiriblər. Söz deyənlərin arasında filologiya elmləri doktoru Məmməd Adilovun fikirləri də maraqlıdır : "Etiraf edək ki, bəzən bir şəxsiyyət haqqında söz deyəndə növbətçi sözlər söyləməli olursan. Amma Ramiz Əzizbəyli barədə adam udlaqdan yuxarı söz deyə bilmir, hər kəlmə sinədən axır. Mənə elə gəlir ki, R. Əzizbəyli Azərbaycan kinosunda ən səmimi aktyor, ən istedadlı və erudisiyalı şəxsiyyətlərdən biridir. Amma Azərbaycan ekranı onun iri planından, psixoloji imkanlarından tam dolğunluğu ilə istifadə edə bilmir”.

Bununla belə rejissorlar onu ikinci plana, hətta ən xırda rollara dəvət edir, inanırlar ki, R. Əzizbəyli bir kəlmə sözlə, yaxud sifətindəki jestlərlə personaja yaşamaq hüququ verəcəkdir. Məsələn, " Bəyin oğurlanması” kinokomediyasındakı İsabala tamaşaçı üçün əsl hadisə idi. Ailədə və dostlar arasında bu rol müzakirələrə səbəb oldu, aktyorun məlahətli, özünə xas olan səslə oxuduğu "Tello” xalq mahnısı yenidən dillər əzbəri oldu. Bu faktdır. O cümlədən " Atları yəhərləyin” filmindəki Koxa aktyorun ifasında canlı və səmimidir. Sanki ekrandakı Ramiz Əzizbəyli yox, elə Koxann özüdür. Ramizi bir aktyor kimi bizə sevdirən cəhətlər çoxdur. Hər şeydən əvvəl o, işə məsuliyyətlə, zərgər dəqiqliyi ilə yanaşır. Başa düşür ki, əgər ifa edəcəyi personajın xarakterini düzgün aça bilməsə onun çəkdiyi zəhmət hədər gedəcək.

Tamaşaçını sadəcə güldürmək xətrinə yox, düşündürmək, tənqid etdiyi personajda insani xüsusiyyətlərin hələ ki tamam itmədiyini göstərə bilmək sahəsində Ramiz artıq sınanılmış aktyordur. Onun "Mozalan” satirik kinojurnalının ayrı-ayrı nömrələrində yaratdığı antipodlar tənqid atəşinə tutulur, eyni zamanda bu tipləri ümumi bir cəhət birləşdirir - təbiilik və reallıq. Aktyor sənəti üçün bu çox vacib məsələdir.

Ümumiyyətlə, Ramiz Əzizbəylinin yaradıcılığı çoxşaxəlidir, rəngarəngdir. O, həm aktyor, həm rejissor, həm müğənni, həm şair, həm də rəssamdır. C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının sabiq direktoru Ziyafət Abbasov deyirdi ki, Ramiz aktyor olsa da, kinostudiyada bütün yaradıcı proseslə maraqlanırdı. Filmlərə çəkilir, dublyajda çalışır, assistentlik , rejissorluq edirdi. Amma mən hiss edirdim ki, o, rejissor olacaq, bədii filmlər çəkəcək. Çünki bu istedadı onda görürdüm...

Bir gün eşitdik ki, Ramiz Əzizbəyli "Debüt” studiyasında bədii film çəkməyə hazırlaşır. "Debüt” studiyası fəaliyyətə başlayanda bu studiyanın ilk rejissor işi R. Əzizbəylinin " Pirverdinin xoruzu” qısametrajlı bədii filmi oldu. O, filmi yazıçı C. Məmmədquluzadənin eyni adlı hekayəsi əsasında ekranlaşdırmışdır. 1987-ci ildə lentə aldığı bu film Ramizə böyük şöhrət qazandırdı. 1988-ci ildə Kiyevdə keçirilən "Gənclik - 88” Ümumittifaq gənc kinematoqrafçıların kinofestivalında ən yaxşı rejissor işinə görə priz və diploma layiq görüldü. Film Almaniyada keçirilən dünya kinosunun 100 illiyinə həsr olunmuş kinofestivalda da nümayiş etdirildi və tamaşaçıların rəğbətini qazandı. Maraqlıdır, Ramiz "Pirvedinin xoruzu” filmini çəkib, özünü kinorejissor kimi təsdiqləsə də, 1989-cu ildə rejissor R. Ocaqovun quruluş verdiyi "Ölsəm bağışla” kinodramında təcrübəçi-rejissor işləyir. Yalnız bundan sonra Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında 1991-ci ildə müstəqil olaraq " Bəxt üzüyü” musiqili kinokomediyasını çəkir. Bu qrotesk film personajlardan biri - Saranın bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir.

"Bəxt üzüyü” Özbəkistanda keçirilən Azərbaycan kinosu günlərində Ə. Nəvai adına Respublika konsert salonunda göstəriləndə, ikinci hissədən sonra tamaşaçılar xahiş elədilər ki, film tərcüməsiz , Azərbaycan dilində nümayiş olunsun.

Təsadüfi deyil ki, Bakıda keçirilən Azərbaycan filmlərinin ikinci festival-müsabiqəsində " Bəxt üzüyü” filmi "Tamaşaçı rəğbətinə görə” mükafatına layiq görülmüşdür.

"Kino” qəzetində çap olunmuş informasiyada isə yazılmışdır ki, "Bəxt üzüyü” son on ildə ( 1991- 2001) Azərbaycanda ən çox tamaşaçı auditoriyası toplayan milli filmdir.

Əvvəlki filmlərinin uğurlarından ruhlanan rejissor R. Əzizbəyli nəhayət uzun müddətdən sonra 2006-cı ildə Qarabağ ağrısından danışan "Yalan” psixoloji dramını çəkdi. Filmin süjet xətti ssenari müəllifi Orxan Fikrətoğlunun başına gələn əhvalatlarla bağlıdır. Orxan Qarabağ müharibəsində vuruşan qardaşının ölüm xəbərini bir ay valideynlərindən gizlətmiş və həmin müddət ərzində keçirdiyi sarsıntıları, psixoloji gərginlikləri bu ssenaridə əks etdirmişdir. Film ekranlara buraxılandan sonra birmənalı qarşılanmadı. Kimi "Yalan”ı gürcü kinematoqrafçılarının çəkdikləri məşhur " Əsgər atası” filminin Azərbaycan variantı hesab etdi, kimisi ssenarinin, kimisi də ümumiyyətlə filmin zəif olduğunu söylədi. Amma həqiqət budur ki, Qarabağ müharibəsində şəhid vermiş bir ailənin timsalında Azərbaycanın əzab və iztirabları ekranda canlandırılmışdır. Bu mövzuda çəkilən filmlərin isə gənclərimizin hərbi- vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti danılmazdır.

Aktyorluqdan və rejissorluqdan başqa, R.Əzizbəylinin xarici filmlərin Azərbaycan dilində dublyaj olunmasında da zəhməti böyük olmuşdur. Həmkarlarından biri Ramiz haqqında vaxtilə yazdığı məqalədə belə bir fikir söyləmişdir: "İstedadlı aktyor Ramiz Əzizbəylinin hələ oynamadığı əsl rolları qabaqdadır. Nə bilmək olar, bəlkə çoxdan arzuladığı rejissorluq sınağı da həyata keçdi. Axı, Ramiz adını doğrultmağı - ram etməyi, əldə etməyi çox xoşlayır”.

Bəli, bu gün Ramiz Əzizbəyli həyatda istədiklərinin demək olar ki, hamısına nail olub. O, Azərbaycanın xalq artistidir. "H.Z. Tağıyev”, "Qızıl çıraq”, "Qızıl buta” mükafatları laureatıdır. ADMİU-nun "Estrada sənəti” kafedrasının professorudur.

Ən əsası isə o, öz çoxşaxəli yaradıcılığı, gərgin əməyi, yüksək insani keyfiyyətləri ilə xalqın məhəbbətini qazanıb. Şerlərinin birində deyildiyi kimi,
Xudadan istədim gücü, qüvvəti,
Başqa bir təmənnam olmadı qəti,
Ən böyük qazancım - el məhəbbəti,
Ən ağır itkimsə - torpağım olub.

Aydın Kazımzadə,
Respublikanın əməkdar, incəsənət xadimi

banner

Oxşar Xəbərlər