AZE | RUS | ENG |

Cibimizə girən «endirimlər»

Cibimizə girən «endirimlər»
Tez-tez rastlaşdığımız «şok endirim» kampaniyaları reallığı nə dərəcədə əks etdirir?!

Geyim satış mərkəzlərində saxta endirim kampaniyaları barədə dəfələrlə yazılmasına baxmayaraq, işbazlar yenə də öz işlərindədir. Yəqin ki, hər biriniz mağazalarda, bazar və digər bu tipli obyektlərdə “Şok endirim” sözlərinə çox rast gəlmisiniz. İstənilən yerdə qarşımıza çıxan belə endirim kampaniyaları bəzən 70-80% civarında olur. Bunu görən ilk alıcı isə istər-istəməz həmin mağaza qarşısında ayaq saxlayır. Fikirləşir ki, 70 faiz endirim varsa, demək yüz manatlıq məhsul otuz manatdır. Odur ki, istehlakçı aldığı malın ilkin qiymətini bilmədən satıcının şirin və şəkərli endirim sözlərinə aldanıb pul kisəsini açır.

Lakin, gəlin görək, bu endirim kampaniyaları reallığı nə dərəcədə əks etdirir?! İlkin müşahidələr və vətəndaşların narazılıqları onu deməyə əsas verir ki, endirimlər ucuzlaşmanı yox, qiymət artımını göstərir. Bunun üzərinə istehlakçının aldadılmasını da gəlsək, məhsul üzərindəki qiymət məsuliyyəti daha da ağırlaşır. Lakin, təəssüflər olsun ki, nə mağaza sahibləri bu məsuliyyəti hiss edir, nə də istehlakçı öz hüquqlarını dərk edir. Elə buna görə də Azərbaycan əmtəə bazarında bir çox xoşagəlməzliklər yaranır.

“Mağaza bağlanır”, amma...

Son zamanlar istehlakçının aldadılmasında nəzərə çarpan məqamlardan biri də guya mağazanın bağlanması ilə bağlıdır. Yəni elan edilir ki, hansısa geyim mağazası filan müddətə kimi bağlanacaq. Bu münasibətlə nə alırsan-al 20 manat, yaxud daha ucuz qiymətə olacaq. Həmçinin bir neçə dəfə müşahidə etmişik ki, həmin mağaza sahibləri səslərinin gur yerinə salıb bütün bazarı ayağa qaldırırlar ki, bəs durmayın gəlin. Gəlirsən ki, həqiqətən qızğın al-ver gedir. Amma bir az dərrakəsi olan və əziyyətinə heyfi gəlməyən kəslər sabah yenidən həmin ünvana üz tutsalar görəcəklər ki, mağaza bağlanmayıb, elə əvvəlki qaydada işləyir.

Apardığımız uzunmüddətli müşahidələrə və özümüzün buna canlı şahid olduğumuza görə, məsləhət görürük ki, belə halla rastlaşan hər kəs növbəti gün, yaxud başqa vaxtlarda yenə getsin oraya. Görəcəksiniz ki, dünən “mağaza bağlanır” deyə bar-bar bağıran satıcı yenə öz işini davam etdirir. Bəlkə, o zaman öz hüquqlarınızın necə tapdalandığını biləsiniz.

Bu kimi hallar şəhərin mərkəzi hissələri ilə yanaşı, əsasən böyük ticarət mərkəzlərində – Sədərək və Binədə müşahidə olunur. Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində bu kimi saxtakarlıqların qarşısı zamanla alınır. Amma yenə də bəzi hallarda istehlakçıların aldadıldığını görürük.

Belə bir durumda bizi bir neçə sual maraqlandırır. Satıcı öz məsuliyyətini niyə dərk etmir, bəlkə buna ehtiyac duymur? Bəs, alıcı bu cür endirim kampaniyaları ilə rastlaşdıqda nə etməlidir?

Əmtəə bazarında 95 faiz mallar üzərində qiymət sənədi yoxdur

Mövzu ətrafında həmsöhbətimiz olan Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bu kimi endirim kampaniyaları ilə bağlı idarəyə həftədə 4-5 zəng daxil olur: “Biz bu gün həqiqətən də mağaza və ticarət obyektlərində 70-80 faizə qədər endirim elanları görürük. Yaxud istehlakçıları cəlb etmək üçün “dükan bağlanır” sözləri yazılır, lakin aylarla həmin mağaza bağlanmır. Burada istehlakçı hüquqlarının pozulması var. Qeyd edim ki, Nazirlər Kabinetinin 80 saylı qərarı var. Həmin qərara görə, malların üzərində dükanın maddi məsul şəxsinin möhürü olmaqla qiymət sənədləri olmalıdır. Bunlar isə adi kağıza yazılmalı deyil. Rəsmi bir sənəd olmalıdır, istehlakçı baxıb görsün ki, qiymət əvvəl necə olub, indi necədir. “İstehlakçının hüquqlarının müdafiəsi haqqında qanun”a görə istehlakçının hüququ istənilən sənədlərlə qorunmalıdır. İstehlakçının, həmçinin ilkin qiymət sənədlərini tələb etmək hüquqları vardır. Təəssüflər olsun ki, Azərbaycanın əmtəə bazarında 95 faiz mallar üzərində belə bir qiymət sənədi yoxdur. Bu vəziyyət hazırda böyük problem olaraq qalır. Daha anormal bir vəziyyət var ki, endirim kampaniyası ilə satılmış mal əgər istehlakçının tələbini ödəmirsə, keyfiyyətsiz olursa, qaytarılan malı qəbul etmirlər. Deyirlər ki, siz bunu endirim kampaniyası ilə almısınız. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun”un 15.1 və 15.2 bəndində endirim kampaniyasında satılmış malların qaytarılmaması barədə heç bir müddəa yoxdur. Bu da birbaşa istehlakçı hüququnun pozulması deməkdir”.

E.Hüseynov bu cür vəziyyətin səbəbini belə izah etdi: “Bu anormal vəziyyətin iki mühüm səbəbi vardır. Birincisi, cəmiyyətdə istehlakçı siyasətinin düzgün formalaşmamasıdır. İkincisi isə istehlakçı maarifçiliyinin aşağı səviyyədə olmasıdır”. İstehlakçıları aldatmaq üçün nəzərdə tutulan cərimələrin miqdarının artırılmasına gəldikdə isə birlik sədri bunun əleyhinə olduğunu qeyd etdi:

“Bu cərimələrin miqdarını yeddi min manata qədər qaldırıblar. Amma biz bunun tərəfdarı deyilik. Ona görə ki, ödəniləcək hər bir cərimə istehlakçıdan alınır. Heç kəs cibindən dövlət büdcəsinə pul vermir. Bunu malların üzərinə qoyulan artıq qiymətlərdən çıxırlar. Son nəticədə əziyyət çəkən yenə də istehlakçı olur”.

Eyyub müəllim istehlakçıya istiqamət də verdi: “İstehlakçı hər hansı bir yerdə endirim kampaniyası ilə rastlaşarkən, ilk növbədə hüquqlarından istifadə edib malların ilkin və rəsmi qiymət sənədlərini tələb etməlidir. Əks halda, belə yerlər boykot edilməlidir və biz istehlakçı boykotu ilə malların üzərindəki sənədləri təmin edə bilərik”.

Qanunvericilik və çatışmazlıq

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bizə açıqlamasında dedi ki, bu kimi hallara qarşı aparılan monitorinqlərin nəticəsi göstərir ki, endirim kampaniyaları bir çox hallarda düzgün təşkil olunmur. O, həmçinin qeyd etdi ki, müşahidə edilən endirim kampaniyalarının dəqiq ünvanları onlara bildirilsin:

“Biz də bütün bunlar barədə yoxlama keçirək, təqsirkarlar olarsa, cəzalandırılacaq”. A.Əliyevin sözlərinə görə, qanunsuz faktlar aşkarlanarsa, şübhəsiz ki, tədbirlər görüləcək. Qanunvericiliyə görə, endirimlərin hansı vaxtdan həyata keçirilməsi, malın adı konkret göstərilməlidir. Tutaq ki, mağazada yüz adda mal satılırsa, konkret hansı mal və ya mal qrupuna endrimin daxil olması, konkret faiz göstərilməlidir. Ticarət qaydalarının pozulmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.

Mövzu barədə iqtisadçı ekspert Vüqar Bayramovun da fikirləri maraqlıdır. O deyir ki, saxta endirimlər istehlakçıların hüquqlarının qorunması qanununa ziddir. Saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar:

“Ona görə də bütün mağazalar endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirmi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir”.

Məsələnin həlli olaraq, ekspert birmənalı şəkildə qanunun qəbul edilməli olduğunu bildirdi: “Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadi İnkişaf Nazirliyi xüsusi ilə iri marketlərdə qiymətlərin monitorinqini aparmalıdır, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir”.

Elgün Mənsimov

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000