Cəzasızlıqdan doğan həyasızlıq
Azərbaycan Dağlıq Qarabağ
problemini, ərazi bütövlüyünü müharibə yolu ilə həll etməyə qadir olsa da, beynəlxalq
təşkilatların çağırışlarına, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan
danışıqlara hörmətlə yanaşır. Rəsmi Bakı son dərəcə səbr və təmkin nümayiş
etdirərək sülh danışıqlarının nəticə verəcəyinə ümid bəsləyir. Ancaq Ermənistan
tərəfi ən müxtəlif təxribatlarla sülh danışıqlarını pozmağa, status-kvonun dəyişməz
olaraq qalmasına cəhd edir.
Buna misal kimi, 2014-cü ilin iyul
ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin
Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri
tərəfindən girov götürülməsini, Azərbaycan vətəndaşı Həsən Həsənovun isə güllələnərək
öldürülməsini göstərmək olar. H.Həsənovun meyiti sonradan düşməndən geri
alınaraq Bakıda dəfn edilsə də, işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və
Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov
ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı il dekabrın 29-da düşmənin
kəşfiyyat qrupu Azərbaycan-Ermənistan
dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb, döyüş
toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur
olub. Bu təxribatın qarşısını alarkən şəhid olmuş Çingiz Qurbanovun nəşi də Ermənistan
hərbçiləri tərəfindən indiyə qədər geri qaytarılmayıb.
2017-ci il fevralın 1-də
Ermənistan silahlı birləşmələri daha bir təxribata əl ataraq mülki vətəndaşımız
Elnur Hüseynzadəni oğurlayıblar. Sonradan məlumat yayaraq, guya onun hərbçi
olduğunu, kəşfiyyat məqsədilə erməni tərəfinə keçərkən yaxalandığını bildiriblər.
Azərbaycan Müdafiə Nazirliyi bu hadisə ilə bağlı bir neçə dəfə məlumat yayaraq məsələnin
əsl mahiyyətini ictimaiyyətə çatdırıb. Göründüyü kimi, Ermənistan tərəfi beynəlxalq
hüququn əleyhinə olaraq işğalçılıq siyasətini yenə də davam etdirir, bu məqsədlə
ardıcıl təxribatlara əl atır. Bəs belə olan halda, Azərbaycan nə etməlidir?
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü,
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev "Kaspi”yə açıqlamasında bildirib ki, baş verən
hadisələrə görə Ermənistandan daha çox, beynəlxalq təşkilatlar qınanmalıdır. O,
qeyd edib ki, Azərbaycan tərəfi bu qədər özbaşına, qanunları çeynəyən bir dövlətin
dərsini vermək iqtidarındadır. Deputatın fikrincə, Azərbaycan həm işğal
altındakı ərazilərini hərbi yolla qısa zamanda azad etməyə, həm də girov
götürülmüş, oğurlanmış vətəndaşlarını xilas etməyə, geri almağa qadirdir: "Bunu
ötən ilin aprel ayında cəmi bir neçə gün davam edən döyüş bir daha sübut etdi. Dünənə
qədər keçilməz müdafiə sistemi kimi təqdim edilən düşmən mövqeləri darmadağın
edildi, Ermənistan ordusu haqqında Sarkisyan rejiminin yaratdığı mif puç oldu. Həmin
vaxt cəmi bir həftəyə Azərbaycan bütün işğal altında olan ərazilərini azad edə bilərdi.
Lakin beynəlxalq aləm, böyük güclər və ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri
dərhal buna reaksiya verdilər, Azərbaycanı əmin etdilər ki, atəşkəs bərpa
olunarsa, sülh danışıqları yolu ilə tezliklə problem həllini tapacaq. Amma təəssüflər
olsun ki, böyük dövlətlər sonradan heç bir tədbir görmədilər”.
MDHP sədri bildirib ki, Azərbaycan öz torpaqlarını
qorumaq, vətəndaşlarını xilas etmək üçün təşəbbüslərə əl atan kimi, müxtəlif
yollarla bunun qarşısı alınır. Belə olan halda isə, Ermənistan yaranmış
situasiyadan maksimum səviyyədə istifadə edir: "Beynəlxalq hüququn əleyhinə
olaraq Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edir, Azərbaycanın
20 faiz ərazisini zəbt edir, işğal altındakı toorpaqlarda nüvə tullantıları
basdırır, Dağlıq Qarabağ və digər ərazilərimizdə narkotik maddələrin qanunsuz
dövriyyələrini, tranzitini təşkil edir, başqa ölkələrdən gələn terrorçuları və
onların ailə üzvlərini bu ərazilərdə yerləşdirir. Bu azmış kimi, şəhidimizin nəşini,
girov götürdüyü vətəndaşlarımızı da qaytarmır. Bütün bunlar cəzasızlıq mühitindən
doğan hallardır. Ermənistandakı hərbi xunta bu yolla, yəni Azərbaycana qarşı təxribatlar
törətməklə həm də daxili auditoriyanı sakitləşdirir, öz vətəndaşlarını
aldatmaqda davam edir, siyasi hakimiyyətini qoruyub saxlayır. Hesab edirəm ki,
Azərbaycan vaxt limiti qoymaqla Ermənistandan işğalçılıq siyasətindən əl çəkməyi,
eyni zamanda beynəlxalq aləmdən bununla bağlı əməli tədbirlər görməyi tələb etməlidir.
Bu vaxt limiti başa çatan kimi, heç nəyə fikir vermədən müharibəyə başlamalı,
Ermənistan silahlı birləşmələrini işğal altındakı torpaqlarımızdan vurub
çıxarmalıyıq. Ermənistanı yerində oturtmaq üçün bundan başqa yol qalmayıb”.
Sabiq
təhlükəsizlik zabiti, hərbi-siyasi ekspert Arzu Nağıyev də hesab edir ki, Ermənistan tərəfi bu addımlarla
işğalçılıq siyasətini davam etdirir, siyasi oyunlarını oynayır, Dağlıq Qarabağ
probleminin həlli üçün aparılan danışıqları uzatmaqla status-kvonu qoruyub
saxlayır, ən nəhayət, Sarkisyan öz hakimiyyətinin ömrünü uzadır: "Bu yaxınlarda
Ermənistanda parlament seçkiləri keçiriləcək. Belə bir vaxtda çoxsaylı
elektorat yığmaq üçün ən ideal vasitə Dağlıq Qarabağ problemi ilə əlaqəli hadisələrdir.
Ona görə də bu kartdan Sarkisyan rejimi lazımınca istifadə edir. Şəhid olan əsgərimizin
nəşini geri qaytarmamaqda məqsədləri budur ki, sərhəddəki təxribatın Azərbaycan
tərəfindən törədildiyi etiraf edilsin. Guya Azərbaycan tərəfi Ermənistanla sərhəddə
təxribat törədib. Ermənistan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının
üzvü olduğundan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həmin təşkilatı
da Azərbaycana qarşı qoymaq istəyir. Digər 3 nəfər girova gəlincə, Ermənistan
hansı əsasla mülki vətəndaşı əsir götürə bilər? Axı bunlar hərbçi deyillər. Əgər
həmin mülki vətəndaşlar hər hansı cinayət əməlinə yol veriblərsə, onlar barəsində
beynəlxalq hüququn tələblərinə uyğun şəkildə tədbir görülməlidir. Ümumiləşdirsək,
bir daha qeyd etməliyik ki, Ermənistan ən müxtəlif təxribatlar törətməklə,
siyasi oyunlarla məşğuldur. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, beynəlxalq
təşkilatlar bütün bunları nəzərə alaraq Ermənistana təzyiqləri artırmalıdırlar”.
Rufik
İSMAYILOV