“Cəzalar sərtləşdirilməli, ictimai nəzarət gücləndiriməlidir”
"Birinci mərhələdə görülən tədbirlərin, atılan
addımların nəticəsidir ki, bu gün rəqəmlər bizi təhdid etmir. Sadəcə, dövlət
maksimum çalışır ki, vətəndaşı daha az əziyyət
çəksin və ya daha az vətəndaşı əziyyət çəksin”.
Bu sözləri "Kaspi” qəzetinə açıqlamasındaMilli Məclisin deputatı Tamam Cəfərova deyib.
Millət vəkili bildirib ki, koronavirus
pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların
yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır: "Bildiyiniz kimi iyunun 24-də Gəncə
şəhərində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan modul
tipli xəstəxananın açılışı oldu. Bu, Cənab Prezidentin iştirakı ilə istifadəyə
verilən 5-ci bu tip xəstəxanadır. Və yaxın vaxtların hədəfi, bu modul tipli xəstəxanaların
sayını 10-a çatdırmaqdır. Məqsəd budur ki, digər xəstəxanalardan əlavə, 2 min
çarpayı virusa yoluxmuş insanların sağalmasına xidmət etsin. Nəzərə alsaq ki,
koronavirusa yoluxanların sayı artır, bu tip xəstəxanalar COVİD-19-la mübarizədə
effektivliyə təsir edəcək. O ki qaldı sosial şəbəkələrdə yazılanlara, təbii ki,
nəzarətdən kənar, heç bir məsuliyyət daşımayan şəbəkə istifadəçilərinin əksəriyyəti,
müxtəlif qüvvələrin əlində alətə çevrilib. Hansı ki, o qüvvələr dövlətin vətəndaşa
olan qayğısını, vətəndaşına verdiyi dəyəri həzm edə bilmirlər. Cənab
Prezidentin də vurğuladığı kimi, səhiyyəsi dünya üçün etalon hesab olunan ölkələrdə
belə vəziyyət getdikcə çətinləşir. Çünki heç bir ölkənin,eyni zamanda bizim səhiyyəmiz belə sürətlə
artan xəstəliyin müalicəsinə hazır deyildi. Burada, bir
sıra faktorla yanaşı, həkim sayının xəstələnən insanların sayına adekvat
olmaması da rol oynayır. Cənab Prezident öz çıxışında bunu da vurğuladı”.
Tamam Cəfərova qeyd edib ki, doğrudan da
yoluxanların sayının əhalinin ümumi sayı ilə müqayisədə az olduğunu göstərir: "Bütün
sahələr üzrə ölkəmizlə müqayisəsi bərbad olan Ermənistandakı vəziyyətə nəzər
salsaq, ümumi mənzərə aydın olar. Əhalisi 3 milyon olmayan bir ölkədə bir gün ərzində
yoluxanların sayı 700 nəfəri ötüb. Bu xüsusda bir çox ölkələri misal çəkə bilərik.
Əhalisinin sayı 10 milyonu ötən Azərbaycanda cəmi 13 min yoluxma faktı qeydə
alınıb. Onun da müəyyən hissəsi yumşalma qərarından sonrakı dövrün payına
düşür.
Deputat bildirib ki, bu gün dövlət virusla mübarizədə
nə etmək mümkündürsə, hər şeyi edib və etməkdə davam edir: "Pandemiya ilə
mübarizədə beynəlxalq maliyyə qurumlarından kredit istəyən, böyük dövlətlərdən
yardım uman ölkələrdən fərqli olaraq, Azərbaycan öz gücünə mübarizəni davam
etdirir. Özü də, o səviyyədə ki, dünya ölkləri üçün nümunə göstərilir. Amma təəssüf
ki, bəzi insanlar bunu dərk etmir və ya etmək istəmir. Cənab Prezident məhz o
insanları - məsuliyyətsiz insanları bunu dərk etməyə çağırdı. Bundan ötəri o insanlardan
çox şey tələb olunmur. Sadəcə, bir neçə qaydalara əməl etmək lazımdır və o əməllərdən
biri də qoruyucu maskaların istifadəsidir. Hansı ki, ölkənin birinci şəxsi - Cənab
Prezident özü bu qaydalara ciddi şəkildə əməl edir. Bu baxımdan, ictimai qınağın
yükü böyük rol oynamalıdır. Hər bir vətəndaşın borcu xüsusi qaydalara əməl etməklə
yanaşı, ətrafında olan insanlardan da bunu tələb etməkdir. Nəzərə alaq ki,
ictimai qınaq Azərbaycan cəmiyyəti üçün xarakterikdir. Cənab Prezidentin qeyd
etdiyi kimi, "biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən
atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə,
bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi
qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz
birlik, həmrəylik nümayiş etdirmişik”.
Alpər TURAN