• cümə, 29 Mart, 10:58
  • Baku Bakı 5°C

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncam müsbət dəyərləndirilir

17.02.17 11:00 3896
Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncam müsbət dəyərləndirilir
Azərbaycanda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində dəyişikliklərlə müşayiət olunur. Belə bir fonda penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili də zəruridir. Məhz bu zərurətdən irəli gələrək, Prezident İlham Əliyev fevralın 10-da "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb.

Sərəncamda da qeyd olunub ki, cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmayıb, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranıb, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilməyib. Bununla yanaşı, sərəncamda bildirilib ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə, həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olub. Azərbaycan Prezidenti də bu amilləri nəzərə alaraq, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, belə bir sərəncam imzalayıb.

Azərbaycan ictimaiyyəti, o cümlədən hüquq müdafiəçiləri bu sərəncamı Azərbaycan dövlət başçısının humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsi kimi qiymətləndirirlər. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvü Rauf Zeyni də hesab edir ki, sərəncamın icrası həm cəza çəkən insanların vəziyyətini yüngüllüəşdirəcək, həm də ölkənin iqtisadi yükünü azaldacaq. O, mövzuya dair "Kaspi”yə açıqlamasında deyib ki, məhz beynəlxalq təcrübəyə əsaslanaraq, belə bir sərəncam imzalanıb. Qeyd edib ki, Prezident İ.Əliyevin imzaladığı sərəncamla tanış olsaq, orada məqsədlərin açıq-aydın şəkildə göstərildiyinin şahidi olarıq: "Əsas məqsədlər penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsidir. Bütün bu istiqamətlər üzrə kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsi planlaşdırılır. Bu işlərin görülməsini hər kəs dəstəkləyir”.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, hüquq müdafiəçisi Səidə Qocamanlı da sözügedən sərəncamın imzalanmasını müsbət qiymətləndirib. O, bildirib ki, Prezident İ.Əliyevin sərəncamı cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi kimi də qəbul oluna bilər: "Bu baxımdan, Azərbaycan prezidentinin sərəncamı çox müsbət addımdır. Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda həbsxanaların doluluq səviyyəsi aşağı düşəcək, dövlətin bu sahədə xərcləri azalacaq. Digər məqam odur ki, cəzalar artıq ən yuxarı həddə olmayacaq və bu, humanist bir yanaşmadır. Yəni insanların törətdiyi cinayətlərə görə qanunda əksini tapan alternativ cəzalara daha çox üstünlük veriləcək. Bura ev dustaqlığı, cərimə, ictimai, islah işlərinə cəlbetmə daxildir. Bu da cəmiyyətdə ab-havaya çox müsbət təsir göstərəcək. Ümumiyyətlə hüquq müdafiəçiləri bu sərəncamı müsbət qarşılayır və başqa cür də reaksiya verə bilməzdilər. Biz uzun illərdir ki, belə bir sərəncamın imzalanmasını arzu edirdik. Bu sərəncam biz hüquq müdafiəçilərinin qaldırdığı məsələlərdən birinin reallaşması, həllidir. Artıq belə bir addım atılıb. Növbəti mərhələ sərəncama uyğun olaraq nəzərdə tutulan qanun layihələrinin hazırlanmasıdır. Heç şübhə etmirəm ki, addım-addım problemlər həllini tapacaq. Buna sadəcə zaman və istək lazımdır”.

Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı da ölkə başçısının fevralın 10-da imzaladığı sərəncamı müsbət hadisə kimi dəyərləndirib. O bizimlə söhbətində qeyd edib ki, bu addım humanizm prinsiplərinə söykənməklə, dövlətə, cəmiyyətə, cəzaçəkmə müəssisələrində cəza çəkən insanlara fayda gətirəcək: "Sərəncamla cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrum etmə ilə yanaşı, alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılacaq, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə, həbslə əlaqədar olmayan cəza tədbiri tətbiq ediləcək, azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunacaq. Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi də nəzərdə tutulur. Ən nəhayət, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi məsələsi də gündəmdədir. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması da nəzərdə tutulan məsələlər sırasındadır. Prezidentin imzaladığı sərəncama əsasən, Ədliyyə Nazirliyi qarşısında müvafiq vəzifələr müəyyən edilib, habelə Baş Prokurorluğa və məhkəmələrə tövsiyələr verilib. Bütün bunları nəzərə alaraq, sərəncamı müsbət hadisə kimi dəyərləndirmək olar”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər