• cümə axşamı, 18 aprel, 04:24
  • Baku Bakı 15°C

Cəza sistemində humanistləşdirmə istiqamətində atılan tarixi addım

15.02.17 11:00 1145
Cəza sistemində humanistləşdirmə istiqamətində atılan tarixi addım
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün bundan öncə penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə sərəncam imzalayıb. İlk növbədə qeyd edək ki, Azərbaycanda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir, bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Belə bir dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili də zərurətə çevrilib. Hazırda isə məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. Bununla yanaşı, ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir. Bütün bu kimi amillər dövlət başçısı İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalamasını zəruri edib.
Dövlət sənədi ilə yaxından tanış olan hüquqşünaslar da qeyd edirlər ki, bu sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, peşəkar hüquqşünas Sahib Məmmədovda hesab edir ki, dövlət başçısının imzaladığı sərəncam cəza sistemində humanistləşdirmə istiqamətində atılan tarixi addımdır. O, Azərbaycanda indiyə qədər də cəza sisteminin humanistləşdirilməsi ilə bağlı bir sıra addımların atıldığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkə başçısı bununla bağlı zaman-zaman ciddi qərarlar qəbul edib. O, bəhs edilən sərəncamı həmin qərarların davamı kimi də xarakterizə edib. Hüquqşünas vurğulayıb ki, prezidentin sərəncamı orada qeyd olunan sahələr üzrə çox ciddi dönüş yaradacaq: "Ədliyyə Nazirliyi ilə Avropa İttifaqının arasında layihə var və orada probasiya məsələləri qoyulub. Probasiya bizim üçün aktualdır, Avropada da geniş tətbiq olunur. Bizdə də zaman-zaman probasiya elemenetləri olub. İndi görünür, alternativ cəza növlərinin tətbiqini ayrıca koordinasiya etmək lazımdır. Ümidvaram ki, probasiya xidmətində ictimaiyyət nümayəndələri ən azı müşahidəçi qismində təmsil olunacaq. Hesab edirəm ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrin yükünün azaldılması, həm dekriminallaşdırma, həm probasiya, həm də elektron nəzarət vasitələrinin tətbiqinə ehtiyac var. Bu, aktual məsələdir”.
S.Məmmədov bildirib ki, elektron nəzarət dünyanın bir sıra ölkələrində tətbiq olunur. Buna misal kimi o, elektron brosletlər sistemini göstərmək olar. Hüquqşünasın sözlərinə görə, bu vasitə ilə şəxsi nəzarət altında saxlamaq olur: "Burada məqsəd odur ki, həmin şəxs qaçıb aradan çıxmasın və yeni cinayət əməlləri törətməsin. Başqa bir məsələ cəzaların dekriminallaşdırılası ilə bağlıdır. Elə cəzalar var ki, onların dekriminallaşdırılmasına ehtiyac var. Sərəncamda da dekriminallaşdırma məsələsi qoyulub. Hesab edirəm ki, elə cəzalar var ki, onlar inzibati məsuliyyətlə, yaxud pul cəriməsi ilə əvəzlənə bilərsə, bununla bağlı təkliflər hazırlanıb təqdim olunmalıdır. Bunların hamısı vacib məsələdir”.
S.Məmmədov bildirib ki, sərəncamda əksini tapan digər bir vacib məsələ qətimkan tədbirləri ilə bağlıdır. Komitə üzvünün fikrincə, prosessual məcburiyyət tədbiri kimi bizdə xeyli qətimkan tədbiri var: "BMT-nin İnsan Hüquqları Komitəsi bu məsələyə diqqət cəlb etmişdi. Bizim təşkilat da BMT-yə təqdim etdiyi alternativ hesabatda bunu bir problem kimi göstərmişdi. Eyni zamanda, Ali Məhkəmənin Plenumu məsələyə toxunmuşdu. Məhkəmə Hüquq Şurasının iclasları zamanı şura sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev dəfələrlə bununla bağlı mövqe ortaya qoyub. Bildirilib ki, bəzən Azərbaycanda inzibati rayonlar üzrə həbs qətimkan tədbiri üzrə təqdimatlar yüz faiz təmin olunur. Ümumiyyətlə, lüzum olmayan yerdə qətimkan tədbiri kimi həbsin seçilməsi məqsədəuyğun deyil. Çünki, insanların azadlıq hüququ pozulur. Bu Avropa Konvensiyasının beşinci maddəsinin pozulması deməkdir. Bununla bağlı Azərbaycanda bir sıra məhkəmə qərarları var ki, beşinci maddənin pozuntusu göstərilib. Ona görə də mümkün halda digər qətimkan prosessual məcburiyyət tədbirləri seçmək olar. Məsələn, başqa yerə getməmək, zaminliyə verilmək, pul girovu qoymaq və sair. Bu məsələ təbii olaraq ölkə başçısının diqqətini cəlb edib və sərəncama daxil edilib”.
S.Məmmədov dövlət başçısının imzaladığı sərəncamdan irəli gələn məsələlərdən birinin də ictimai işlərə cəlbetmə olduğunu vurğulayıb. Deyib ki, Azərbaycanda ictimai işlərə cəlbetmə cəza növü kimi qalsa da, formal xarakter daşıyır. Onun sözlərinə görə, belə cəza növü təyin olunubsa, bunun üçün müvafiq iş yerləri olmalıdır ki, şəxslər gedib orada ictimai işləri yetirsinlər. Hüquqşünas bildirib ki, əks halda, məhkəmələr tərəfindən verilən cəzalar havadan asılı qalır: "Eyni zamanda, məşğulluğun təmin olunması cəzaçəkmə müəssisələrində əmək islah prosesinin əsas tərkib hissələrindən biridir. Bu, Avropa penitensiar qaydalarında, BMT-nin minimal standart qaydalarında, bizim icra məcəlləsində göstərilib. SSRİ dövründə bu cəza islah əmək koloniyaları sistemi idi. Burada əmək istismar olunurdu. Məcburi əmək tətbiq olunurdu və hər bir məhkum işləməli idi. Bizim qanunvericilik bu münasibətdə liberaldır, yəni işləmək könüllüdür. Amma, könüllü işləmək istəyənlər üçün iş yerləri çox azdır. Cənab prezidentin sərəncamında istehsal sahələrin bərpa edilməsi məsələsi qoyulub”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər