• cümə, 29 Mart, 04:18
  • Baku Bakı 7°C

Ceyhun Nəcəfov: “Tarif dəyişikliyinin ictimai nəqliyyata, sərnişindaşımaya hər hansı aidiyyəti yoxdur”

15.07.17 21:32 1217
Ceyhun Nəcəfov: “Tarif dəyişikliyinin ictimai nəqliyyata, sərnişindaşımaya hər hansı aidiyyəti yoxdur”
""Aİ-92” markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur”.

Bunu APA-ya açıqlamasında Tarif Şurasının katibinin müavini Ceyhun Nəcəfov deyib. O, qeyd edib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb:

"Yükdaşıma, ictimai nəqliyyat, o cümlədən, avtobusla müntəzəm sərnişin daşıma sahələrində dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin, dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir. Hava nəqliyyatına gəlincə isə, bu sahədə də "Aİ-92” markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişin daşıma baxımından əlavə xərc yaratmır”.

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev APA-ya açıqlamasında bildirib ki, ictimaiyyətin qiymət artımından irəli gələn narahatlığına əsas yoxdur. Onun sözlərinə görə, dövlət öz vətəndaşının rifahı naminə bütün addımları hesablanılmış formada atır: "Mənə elə gəlir, əgər ciddi şəkildə hər hansı problem yaransaydı, bu addım atılmazdı. İkinci bir tərəfdən baxanda, qonşu dövlətlərlə müqayisədə bizdə olan avtomobil benzini hələ qiymət dəyişikliyindən sonra da aşağıdır. Tarif Şurasının açıqlamasında da göstərilib ki, hər hansı bir narahatlığa əsas yoxdur. Dövlət müxtəlif sektorlarda qiymətin süni şəkildə artırılmasına nəzarət edir.

Ötən dəfə də süni şəkildə narazılıq yaranmışdı, siyasi manipulyasiya yaradan qruplar var idi. Onlar deyirdilər, bu addımlar ciddi narazılıqlar yaradacaq, xalq kəskin reaksiya verəcək və s. Amma məlum oldu ki, bu kiminsə şəxsi iddiası, hansısa qrupların marağına xidmət edən məsələdir. Dövlətin süni qiymət artımına nəzarət edən qurumları var. Hesab edirəm, benzinin qiymətinin qalxmasını kimsə siyasi manipulyasiya predmetinə çevirirsə, bu əsassızdır, uğursuz olacaq. Çünki xalq öz dövlətinin yanındadır”.

B. Quliyev əlavə edib ki, dövlət tərəfindən atılan hər bir addım cəmiyyət tərəfindən müsbət qiymətləndirilir:

"Əgər zərurətdirsə, qonşu dövlətlərlə, dünyada gedən proseslərlə uyğunlaşma gedirsə, bunu təbii qarşılamaq lazımdır. Bu addımları hər hansı oyun alətinə, siyasi manipulyasiyaya çevirmək lazım deyil. Belə məqamlarda dövlət öz vətəndaşının hüquqlarını böyük həssaslıqla qoruyur. Kimsə süni qiymət artımına yol verərsə, öz marağı çərçivəsində çıxış edərsə, bunun qarşısı dövlət tərəfindən alınmalıdır və alınacaq. Bu cür hallarda səlahiyyətli qurumlar çox həssaslıqla prosesləri izləyirlər”.

banner

Oxşar Xəbərlər