• şənbə, 20 Aprel, 14:24
  • Baku Bakı 23°C

Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat

09.07.19 09:30 7567
Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat
1991-ci ildə keçirilən «Azərbaycan mühacirət ədəbiyyatı» Beynəlxalq Elmi Sim­poziumda gündəmə gələn məsələlərdən biri də Azərbaycan xalqının görkəmli si­malarından olan Ceyhun Hacıbəyli haqqında ciddi, sanballı və hərtərəfli işlənilmiş ilk mono­qra­fi­yanın ərsəyə gəlməsi idi. Və demək olar ki, Abid Tahirli üzərinə götürdüyü bu çətin işin öhdəsindən uğurla gəlmişdir (Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2019, 344 səh.). Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 19 iyun 2017-ci il tarixli qərarı ilə çapı tövsiyə edilmiş əsərin mündəricatına nəzər salarkən ay­dın olur ki, müəllif, qarşısına nə kimi böyük bilik və gərgin zəhmət tələb edən məsələlərin həl­lini qoymuşdur. «C.Hacıbəyli Azərbaycan maarifçi-realist nəsrin gör­­­­kəmli nü­ma­yəndəsi kimi. Ədibin mühacirətəqədərki yaradıcılığı» adlanan I fəs­ldə müəllif, ta­ma­milə doğru olaraq maarifçilik və maarifpərvərçilik anlamları ara­sın­da olan fərqi göstərir, C.Hacıbəylinin rusdilli qəzetlərlə əməkdaşlığının və əsər­lə­ri­nin də çox zaman rus dilində yazılmasının səbəblərini açıqlayır. C.Hacıbəylinin «Kaspi» qəzetində dərc olunan məqalələrini ardıcıllıqla izləyərək, onları düzgün olaraq 9 yöndə qruplaşdırır: məktəb, təhsil problemləri, dini dəyərlərin təbliği, cəhalət və fanatizmin tənqidi, xeyriyyəçilik, onun cəmiyyət üçün faydaları, formaları, xeyriyyə təşkilatları, Qars qaçqınları, onların problemləri, nadanlığın, la­qeyd­liyin, çürük adət-ənənələrin tənqidi, mətbuat-nəşriyyat məsələləri, ədəbi-mə­dəni mühit, onun problemləri, tarixi şəxsiyyətlər, onların xidmətlərinin dəyər­lən­dirməsi, xatirələrinin əbədiləşdirilməsi, ilin ədəbi-mədəni, ictimai-siyasi hadisə­lə­rinə həsr olunmuş hesabatlar və qarşıda duran vəzifələr.
Bu araşdırmalardan çıxış edərək, müəllif təsdiqləyir ki, C.Hacıbəylinin pub­li­sis­tikasının məğzi, mahiyyəti, ideyası, amalı maarifçilik missiyasına xidmət et­mə­sidir. Material üzərində işləyərkən, tədqiqatçı, Ceyhun bəyin imzalarına da xüsusi önəm ver­miş və qeyd etmək lazımdır ki, əldə etdiyi faktlarla özündən əvvəlki təd­qi­qat­çıların fikrinə zidd olaraq sübut edir ki, «Dağıstani», «Daqestanı» imza­la­rı Cə­ma­ləddin Məmmədquluzadəyə deyil, məhz Ceyhun Hacıbəyliyə məxsusdur. A.Ta­­hirli bir çox məqalələrin qısa izahını oxucuya çatdırır və maraqlısı odur ki, elə bil onlar bu gün üçün yazılıb: misal üçün «dil və məktəb» mövzusu, toy məclislərinin ağlamalı sonu, yaxud qaçqınlar, erməni düşmənçiliyi, xeyriyyəçilik, humanitar yardım, təş­kilatçılıq məsələləri ilə bağlı yazılar. Müəllif belə qənaətə gəlir ki, bu məqalələr tariximizi, ənənələrimizi öyrənmək, tədqiq etmək baxımından maraqlı mənbədir və bugünkü jurnalist – publisistlər üçün böyük məktəbdir, həyatın ibrət dərsidir.
I fəslin «Din və ruhanilərimizin cəmiyyətdəki rolu haqqında» olan bölü­mün­də də müəllif, C.Hacıbəylinin bu mövzuda olan məqalələrini diqqətlə izləyərək, əvvəla Ceyhun bəyi «İslamın mahir bilicisi» adlandırır və göstərir ki, istedadlı qələm sahibi, ruhaniliyin mövcud problemlərini çox obyektiv şəkildə araşdırmış, çıxış yollarını göstərmiş, bununla da, yalnız «ifşa etməklə» məşğul olan qafqazlı həm­karlarını həm qınamış, həm də Avropada «fanatizm», «dözülməzlik» kimi ibarə­lər­lə car çəkən İslamın düşmənlərinə tutarlı cavab vermişdir. Hal-hazırda dünyada baş verən münaqişəli hadisələri nəzərə alsaq, demək olar ki, C.Hacıbəylinin İslam­dan bəhs edən yazıları elə bu gün də aktualdır.
Fəslin dördüncü bölümündə C.Hacıbəylinin mühacirətəqədərki bədii yara­dı­cılığını izləyən müəllif, sənətkarın povest, hekayə və felyetonlarını araşdıraraq tarix və ədəbiyyatşünaslıq baxımından olduqca dəyərli nəticələr əldə edir. İsbat edir ki, Ceyhun bəy öz dövrünü bədii əsərlərdə, obrazlarda yaşamağa səy göstərmiş və istəyinə nail olmuşdur. Yazarın «Hacı Kərim» povestinin yaranma tarixini, nəşr­lə­ri­ni, tərcümələrini əsaslı şəkildə nəzərdən keçirərək olduqca inandırıcı bir fikir irəli sürür. Qeyd edir ki, olsun ki, rus ədəbiyyatı ilə yaxından tanış olan C.Hacıbəyli XIX əsr rus yazıçısı Qleb Uspenskninin naturalist bədii oçerk-hekayələr silsiləsindən bəh­rə­lə­nə­rək Azər­baycan ədəbiyyatına tam yeni bir bədii forma gətirib. 6 hissədən ibarət povestin hər bir hekayəsini ayrı-ayrılıqda araşdıran A.Tahirli göstərir ki, müəllif hər bir he­ka­yədə öz sevimli qəhrəmanı Hacı Kərimin xarakterinin hansısa cəhət­lə­rini açıq­la­yaraq, onun bütöv, tam bir obrazını yaratmağa səy gös­tər­miş­dir. Yazır ki, C.Ha­cıbəyli bu obraz üzərində mühacirətdə də işləmişdir, hekayələri fran­sız oxu­cusuna çatan bir üslubda tərcümə etmiş və birbaşa fransız dilində isə «Baş tutmayan ziyarət» adlı yeni bir hekayə yazmışdır. Hekayəni araş­dı­ran müəllif belə bir qənaətə gəlir ki, bu hekayə yazılma tarixinə görə axırıncı olsa da, məzmun etibarı ilə birinci sayıla bilər. Bununla yanaşı, qeyd edir ki, hekayənin nəşri barədə heç bir məlumat yoxdur, hekayə makinada çap olunmuşdur və yazıçının arxiv fonunda saxlanılır. Bu da gələcək tədqiqatçılar üçün önəmli bir bazadır. Və bir daha vurğulayır ki, «Hacı Kərim» ədəbiyyat tariximizdə hələlik layiq olduğu qiyməti almasa da, XX əsr nəs­ri­mizin ən gözəl nümunələrindəndir.
Bu bölümdə tədqiqatçı, C.Hacıbəylinin mühacirətəqədərki dövrdə yazdığı hekayə və felyetonlarında üzərində onların mövcud hökumətin yararsızlığını, xalqı aldatdığını, məmurların rüşvətxorluğunu əks etdirmək məqsədilə yazdığını tutarlı nümunələrlə nümayiş etdirir. Ədibin talantını bir daha isbat etmək üçün A.Tahirli onun və qardaşı Üzeyir Hacıbəyovun eyni adda yazılmış «Pristav ağa» satirik he­ka­­yələrini tədqiqata cəlb edərək onların oxşar və fərqli cəhətlərini ayırd edib, ümu­mi­ləşdirir və yazır ki, istər öz realist təsvirinə, istərsə də toxunduğu mövzunun aktuallığı və tənqidi pafosuna görə, «Pristav ağa» əsəri XX əsr Azərbaycan nəsrinin ən maraqlı nümunələrindən biridir və XX əsr ədəbiyyatımızda rus hakimiyyətinə, onun mə­murlarına qarşı bu cür sərt tənqidi münasibət bəsləyən ikinci bir əsər tanımırıq desək, yəqin ki, səhv etmərik. Hekayələri araşdırarkən müəllif ona da diqqət yetirir ki, C.Hacıbəyili əsərlərinin bəzisində obrazlara qarşı öz müna­si­bə­ti­ni hansısa təsvirlərlə, priyomlarla oxucuya aşkarlayır, bəzənsə, misal üçün «Barışmaz ata» he­kayəsində, hadisə və obrazları təqdim etməklə kifayətlənir: oxu­cu­nu daha dərindən düşünməyə vadar edir.
II fəsil C.Hacıbəylinin mühacirti dövrü yaradıcılığını əhatə edir. A.Tahirli C.Hacıbəylinin üzdə olan və Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin yazıçıya aid fondunda saxlanılan Azərbaycan, fransız, rus dillərində qələmə aldığı bədii əsərlər və publisistikasının, xatirələrinin, tədqiqatlarının əlyazmalarını, makina yazılarını araş­dıraraq ədibin bədii irsinə olan baxış bucağını xeyli genişləndirib. İrəlidə qeyd edildiyi kimi, fransız dilində yayılmış «Baş tutmayan ziyarət» əsərinin qəhrəmanı Əbdül Kərim yazıçının illərlə öncə obrazını yaratdığı Hacı Kərimdir. Tədqiqatçı yazır ki, dini dəyərləri yüksək qiymətləndirən, həmişə İslamın böyük təəssübkeşi olaraq çıxış edən C.Hacıbəyli Əbdül Kərimin müqəddəs ziyarətə getmək istəyi «Hacı» titulundan sui-istifadə edərək varlanmaq, başqaları ilə təkəbbürlə dav­ranmaq niyyətlərinin günah və yolverilməz olduğunu açıb göstərir. Həcc ziyarətinə təmiz dualarla, pak niyyətlərlə, halal pulla getmək lazımdır. Müəl­lif qeyd edir ki, əsə­rin başlıca ideyası budur və bir epoxa bundan əvvəl yazıl­ma­sı­na baxmayaraq, ya­zıçının ideyası bu günümüzdə də çox aktualdır. Dinlə bağlı problemlər yazıçının fransız dilində yazılmış və Mirzəbala Əmrahov tərə­findən tərcümə edilmiş «Mü­əz­zinin lənəti» hekayəsində də özünə yer almışdır. Tədqiqatçı, əsərin 50-ci illərin ortalarında – "soyuq müharibə” dövründə yazıldığını əsaslandırır, hekayə ilə bağlı fi­kirlərinin izah edir və yazır ki, bu hekayə nəinki C.Hacıbəyli yaradıcılığında, eləcə də ümumən Azərbaycan, o cümlədən mühacirət nəsrində bənzərsiz bir əsərdir, nasirin Sovet imperiyasının tez-gec süqut edəcəyi ilə bağlı qəti qənaətinin, sarsılmaz iradəsinin, əqidəsinin, inamının bədii ifadəsidir. O dövrdə yazılmış «Nejdanovun işi» hekayəsindən söz açarkən, onu rejimin aynası adlandır və vurğulayır ki, müəllif burada insanlığın faciəsini bədii sözün gücü ilə bütün çılpaqlığı ilə canlandıra bilmişdir. A.Tahirli əsəri rus dissident ədəbiyyatı ilə müqayisə edərək, onu rus dissident ədəbi nümunələrinin pioneri, qaranquşu adlan­­dır­ması ədə­biy­yat­şünas­lığımızda olduqca önəmli fakt sayıla bilər. C.Hacı­bəy­li­nin, həm də Azərbaycan mühacirət irsində ilk və yeganə sənədli siporsisin «Stalin öpü­şü» və «Fatimə»nin müəllifi olduğu araşdırılır. Siporsis əsasında ssenari yazmağın və kinoda can­lan­dır­mağın Ceyhun bəyə nəcib olmadığına təəssüflənərək, sələfləri tərəfindən bu işi başa çat­dıracaqlarına ümid edir. Həmçinin gələcək tədqi­qat­çılara «Səssiz-küysüz məh­kə­mələr» əsərinin tam mətninin tapılmasını və tər­cü­mə­sini məs­ləhət bilir.
Fəslin «Xəyal və həqiqətlərin bədii-publisistik təcəssümü» adlı II bölü­mün­də tədqiqatçı, araşdırmaları əsasən Ceyhun bəyin memuarları üzərində aparır, ədibin həyatından olan bir çox faktlar üzərində dayanır, onun memuarist kimi nə dərəcədə istedadlı olduğunu açıb göstərir. Xüsusi yer, ilk Azərbaycan operasının yaranmasına ayrılmışdır. Ceyhun bəy qardaşı Üzeyir bəylə «Leyli və Məcnun» operası üzərində apardığı işlərdən ətraflı danışır və qeyd edir ki, Şərq musiqisinə polifoniyanı birinci gətirən Üzeyir bəy olmuşdur.
Monoqrafiyanın III fəslində Ceyhun bəyin araşdırmaları izlənir. Müəllif qeyd edir ki, Hacıbəylinin araşdırmaları barədə dolğun, sistemli elmi-nəzəri qənaətlər əldə etmək üçün onun qələmə aldığı əsər­lə­rin təsnifatını verməklə təhlil etmək və dəyərləndirmək məqsədəuyğundur. Bununla bağlı o, araşdırmaları 4 hissəyə ayırır. I hissədə ədəbiyyatşünaslığa, tariximizə, mətbuat, mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına dair əsərlər izlənir. Tamamilə düzgün qeyd edilir ki, Ceyhun bəy birinci olaraq Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini qələmə almışdır və məqalənin bəzi nöqsanlarına baxmayaraq, onun, ayrıca ki­tabça şəklində çıxmasını təklif edir. Bu bölümdə müəllif, C.Hacıbəylinin azər­bay­canlı qa­dı­n – şairlərinə həsr olunmuş «Azərbaycanın gülləri» məcmuəsinə xüsusi diq­qət yetirir. Ceyhun bəyin onların şeirlərini ilk dəfə olaraq rus və fransız dillərinə tərcümə etdiyini, yaradıcılıqları haqqında elmi mühazirələr söylədiyini və sovet ədəbiy­yat­şü­naslığına tənqidi yanaşdığını da açıqlayır.
Folklorşünaslığa dair araşdırmalar və folklor nümunələrindən istifadə möv­zu­suna toxunarkən, müəllif qeyd edir ki, problemin həllinə bir neçə aspektdən (Hacıbəyli – folklor toplayıcısı, folklor tədqiqatçısı, folklor nümunələrindən yaradıcı şəkildə istifadə edən yazıçı kimi) yanaşılsa, daha dolğun və doğru elmi-nəzəri nəticələr əldə etmək müm­kün olar. «Qarabağ dialekti və folkloru” (Qafqaz Azərbaycanı) əsərinin bu gün də aktuallığını saxladığını və Qafqaz etno­qra­fi­ya­sını, dialekt və folklorunu öyrənmək üçün mötəbər məxəz olduğunu vurğulayır».
«Sovetologiya, politologiya və tarix sahəsində araşdırmalar» bölümündə müəl­li­f, Ceyhun bəyin nüfuzlu sovetoloq kimi tanınmasından, yazılarında sovet rejiminin antibəşəri mahiyyətini açmasından və onun gec-tez məhkum olacağını inan­dı­rıcı dəlillərlə əsaslandırmasından bəhs edir. Tarixlə bağlı araş­dır­maların fransız dilində olduğundan, hələ ki, onların öz tədqiqatçılarının göz­lə­di­yini göstərir.
«Tərcüməçilik fəaliyyəti» bölümündə A.Tahirli Azərbaycan – fransız ədəbi əlaqələrində Ceyhun bəyin müstəsna xidmətlərindən söz açır, İvan Turgenevin «Pulsuzluq», Monassanın «Yol­çu» əsərini ilk dəfə Azərbaycan dilinə tərcümə etdiyini vurğulayır. 1925-ci ildə onun tərcüməsi və rejissorluğu ilə Parisin «Femi­na» teatrında Üzeyir bəyin «Arşın mal alan» operettası tamaşaya qoyulmuşdur.
Nəticədə müəllif yazır ki, istər mühacirətəqədərki və istərsə də ondan sonrakı dövr Ceyhun bəy Hacıbəyli yaradıcılığı, ümumazərbaycan mədəniyyətinin, söz sərvətinin dərindən öyrənilmək, geniş təbliğ edilmək haqqını qazanmış bir parçasıdır.
Ümumi qənaət belədir ki, Ceyhun Hacıbəyli kimi nadir şəxsiyyətin çoxjanrlı və çoxsahəli alim - yazıçı irsinin ilk monoqrafik tədqiqatı ədibin elmi, bədii ax­ta­rış­larının öz dövrü üçün novatorluğu və bu gün üçün də gərəkliliyi haqda kifayət qədər dolğun təsəvvür yaradır. İşin böyük əhəmiyyəti bir də ondadır ki, müəllif bir çox məsələlərin üzərində işləməyi, araşdırmalar aparmağı gələcək tədqiqatçılara tövsiyə edir, lüzumlu sayır.
Nailə Muradəliyeva,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi,
filologiya elmləri doktoru
banner

Oxşar Xəbərlər