AZE | RUS | ENG |

Ceyhun Dadaşov: Mənim yaradıcılığımı əlimdən almaq mümkün deyil

Ceyhun Dadaşov: Mənim yaradıcılığımı əlimdən almaq mümkün deyil
Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Rebus teatrının yaradıcısı və rəhbəri, aktyor və rejissor Ceyhun Dadaşovdur. 
 
-Özünüz haqqında qısa məlumat verin.
-Ceyhun Dadaşov, 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Elə orada da orta məktəbi bitirmişəm. Demək olar ki, incəsənətin bütün sahələrində özümü sınamışam. Yadımdadır, hələ ikinci sinifdə oxuyarkən özəl kukla teatrında çıxış edirdim. 2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinə qəbul olmuş, 2004-2006-ci illərdə rejissorluq üzrə magistr təhsilimi başa vurmuşam. Tələbə vaxtlarımdan Pantomim teatrında çalışmışam. Arada Sumqayıtda dram dərnəyində də işləmişəm. 14 ildən sonra Pantomim teatrından ayrılıb özəl teatrımı yaratmışam.

-Pedaqoq, rejissor, aktyor, bunları bir arada tənzimləmək çətin olmur ki?
-Rejissor olanda aktyor olmaq vacib hala çevrilir. Aktyor kimi rejissor olmaya bilərəm, ancaq rejissor kimi aktyor olmaq mütləqdir. Çünki aktyorun nə istədiyini, nə hiss etdiyini bilməliyəm. Pedaqoqluq isə tamam başqa sahədir. Möhtəşəm rejissorlar var ki, pedaqoq deyil, yaxud da əksinə. Bu normaldır. O ki qaldı tənzimləməyə, əgər istək varsa, mümkündür.

-Bəs, bu fəaliyyət sahələrindən hansı ruhunuza daha yaxındır?
-Açığı deyim, bu barədə çox fikirləşməmişəm. Tək pedaqoji fəaliyyətlə məşğul olmaq istəmirəm. Çünki səhnədən uzaq qala bilmirəm. Rejissorluq və aktyorluq – bunları ayırmaq mənimçün çətindir. Təhtəlşüurda biri digərindən mütləq çox sevilir. Amma bilirəm ki, hansını seçsəm, fikrim o birində qalacaq (red. gülür).

-Uzun illər Pantomim teatrında həm aktyor, həm də rejissor kimi çalışmısınız. Bəs, nə baş verdi ki teatrdan ayrılmaq qərarına gəldiniz?
-Bəzən nəyisə dəyişmək ehtiyacı duyursan. Yaradıcı tərəfdən nailiyyətlərə əl atmaq üçün uğurlu da olsan, uzun müddət bir yerdə qaldıqca eyni müstəvidə davam etdiyini görəcəksən. Başqa mərhələyə keçmək üçün nələrdənsə əl çəkmək lazımdır. Orada bizim hər problemimizi Bəxtiyar müəllim (Bəxtiyar Xanızadə - red.) həll edirdi. Teatrımız, məşq etməyə yerimiz, həmçinin məvacibimiz, bir sözlə, yaradıcılıq üçün bütün şəraitimiz var idi. Amma son zamanlar hiss etdim ki, nə isə çatışmır. Başa düşdüm ki, mənə mübarizə çatmır. Ordan imtina etdim, Elnur İsmayılzadə və Əli Əlizadə ilə birgə yeni teatr yaratdıq. İndi məşq etmək üçün də, tamaşa qurandan sonra oynamaq üçün də məkan axtarırıq. Beləliklə, mübarizə yarandı. Bəxtiyar müəllimin bir sözü var: "Bir müəssisədə iki nəfər eyni düşünürsə, biri mütləq getməlidir. Yaxud iki nəfər fərqli düşünürsə, onlardan biri yenə getməlidir”. Bilirəm, bu sözümün ardınca dərhal belə bir sual yarana bilər ki, mən hansıyam? Cavabında deyim ki, bilmirəm hansıyam (red. gülür). Onun üçün Pantomim teatrından ayrılmalıydım.

-Maraqlıdır, 21 tamaşada rol almısınız, 8 tamaşaya rejisorluq etmisiniz, 9 tamaşaya plastik həll vermisiniz, üstəgəl filmoqrafiya və elmi məqalələr. Düzünə qalsa, gənc sənətçi üçün bu qədər iş böyük nəticədir. Bununla belə, digər həmkarlarınızdan fərqli olaraq,  diqqət mərkəzində deyilsiniz.
- Bu gün məşhur olmaq üçün yeganə platforma var ki, bu da seriallardır. Bir serialın üç seriyasına çəkilmək kifayət edər ki, məşhur olasan. Mən bu haldan incimirəm. İllərlə tanıdığım aktyorlar var ki, heç də məndən nə çox, nə az tanınmır. Ona baxanda düşünürəm ki, platforma başqa yerdədir. Əgər məni sənətimə görə tanıyanlar varsa, bu mənimçün daha rahat, daha özəldir. 

-Özəl demişkən, son illər özəl teatrların sayı artır. Elə birini də siz yaratdınız - Rebus. Niyə Rebus?
-Teatrın yaranması çox təsadüfi oldu. Əvvəldən teatr yaratmaq fikrimiz olmayıb. İranda meydan festivalı keçirilirdi və belə bir təklif gəldi ki, dövlət teatrı istəmirik. Biz də qərara aldıq ki, yeni teatr truppası yaradaq. Üç-dörd nəfər birləşib bir tamaşa qurduq. Sonda düşündük, bu truppanın adı olmalıdır. Və Rebus adını seçdik. Niyə, çünki Rebus işarə və simvollarla hansısa fikrin ifadə olunmasıdır. Bizim tamaşalarda istəsək də, istəməsək də, sözdən istifadə etsək də, işarə və simvollar əsasdır. İşarələr oxunsun, fikir çıxsın dedik və yaratdıq.

-Digər özəl teatrlarla müqayisədə sizin teatrınız o qədər də aktiv deyil.
-Bu günə qədər "Teserak”, "Hamlet”, "Onlar hələ də gülürlər”, "Mən və mən” kimi tamaşalarımız olub və onlardan yalnız birini 2017-ci ildə Teatr Xadimləri İttifaqında oynamışıq. Qalanlarını ancaq festivallarda göstərmişik. Yəni iş elə gətirir ki, tamaşalarımızı ancaq festivallarda oynamalı oluruq. Belə deyək, gizli fəaliyyətimiz var (gülür- red.). Bundan başqa özəl təşkilatlar üçün də tamaşalar oynamışıq.

-Tamaşalar oynayanda, festivallara gedəndə mediada bu haqda məlumata rast gəlinmir .
-Bəli, tamamilə razıyam. Sizin həmkarlarınızı da deyəcəm, hərdən mənə elə gəlir ki, mətbuatı bu kimi məlumatlar maraqlandırmır. Bir aylıq yay məktəbinə getdim, Azərbaycandan tək mən düşmüşdüm, heç bir səs-soraq olmadı. Şəkil belə paylaşmışdım. Artıq bu barədə düşünmürəm. Fikirləşirəm ki, bu mətbuata lazım deyil. Ona görə lazım deyil ki, ictimaiyyətə lazım deyil.

-Dövlət tərəfindən maliyyələşdirilən teatrlarda çətinlik olmur. Ancaq özəl teatrlarda həmişə maddi problem yaşanır. Siz necə, qorxmursunuz, bir gün teatrınız bağlana bilər?
-Düşünürəm ki, bir gün teatrımız bağlana bilər, ancaq qorxmuram. Mən yalnız bircə şeyi bilirəm, bir sənətimi, teatr fəaliyyətimi, bir də dinimi-imanımı – bu ikisini Allahdan başqa heç kim mənim əlimdən ala bilməz. Mənim yaradıcılığımı əlimdən almaq mümkün deyil.
 
-Hazırda teatrınızın fəaliyyəti necədir?
-Daimi olaraq bizim teatrda dörd aktyor var – Natəvan Abbaslı, Əli Əlizadə, Elnur İsmayılzadə və mən. Bəzən festivallar üçün tamaşalar quranda əlavə olaraq bizə aktyorlar lazım olur. Bizimlə həvəskar olaraq bir şagird işləyirdi, hazırda onu əsgərliyə yola salmışıq. Tərcüməçilik üzrə təhsil almış Arzu adlı bir xanım vardı, "Hamlet” tamaşasında oynayırdı, çox da istedadlı idi. Universitetimizdən tələbələr var, Yunus var İrandan. Qısacası, kimi dəvət etmişiksə, etiraz etməyiblər. Bilirlər ki, yaradıcılıq işidir.

-Hazırda teatrınızda hansı tamaşanın məşqləri gedir?
-Bu dəqiqə iki tamaşanın məşqləri gedir. Çoxları düşünür ki, Rebus Pantomim teatrından çıxdığına görə ancaq sözsüz tamaşalar olar. Bu belə deyil, bizim uşaq tamaşamız olub. Sözlü, interaktiv tamaşa idi. Hazırda üzərində işlədiyimiz əsərlərdən biri "Müfəttiş”dir, digərini isə deməyəcəyəm. Soruşsanız, deyəcəyəm, paxılam (gülürük - red.). Çünki əsərin adını kimsə eşidib, bizdən öncə hazırlaya bilər. Moskvada gənc rejissorlarla söhbət əsnasında deyilmiş bir əsərdir. Gəlib araşdırdım və gördüm ki, doğrudan da, maraqlı əsərdir, üç personajı var. Hazır olanda görərsiniz.

-Bir müddət öncə Gənc Tamaçılar Teatrından Səbinə Məmmədova ilə birlikdə Moskvada baş tutan təhsil proqramından qayıtdınız.
-Demək olar ki, hər il keçirilən Artmiqrasiya festival-forumu idi. Proqram belədir, Rusiyada təhsil alan tələbələr bölgə teatrlarına göndərilir və orada tamaşalar hazırlayırlar. Festival-forum ərəfəsində həmin teatrlar tamaşalarını gətirirlər. Tamaşalara baxırıq, müzakirələr olur. Eyni zamanda tamaşalar ərəfəsində ustad dərsləri keçirilir. Bəxtimiz gətirdi ki, bu dəfə Meyerhold haqqında mühazirələrdə iştirak etdik. Sonra GİTİS-in (Dövlət Teatr Sənəti İnstitutu - red) doktorantı olan bir xanımın səhnə hərəkəti mövzusunda ustad dərsi oldu. Vaxtanqov teatrına 3 saat yarımlıq ekskursiyamız baş tutdu. Deyilənə görə, teatrı tam gəzə bilmədik. Bəxtim gətirdi – Çexov festivalı ərəfəsində Yaponiyanın Kabuki teatrının tamaşasına da baxa bildik. A.Efrosun oğlu Krımovla görüşümüz oldu. Çox qəribə dəsti-xətti olan bir rejissordur. Onun məşhur bir tamaşası var - "İblis. Yuxarıdan görünüş”. Dramatik sənətlər məktəbinin səhnəsi Qlobus teatrının formasındadır, tamaşaya yuxarıdan baxırsan. Məhz ona görə də tamaşa belə adlanırdı. İyirmiyə yaxın tamaşanı izləmək imkanımız oldu. Bir sözlə, çox möhtəşəm təəssüratlarım var.

-Haqqında danışdığınız bu iki tamaşa nə ilə diqqətinizi cəlb etdi?
-Ümimiyyətləə, Şərq mədəniyyətini, ələlxüsus da, Yaponiyanı çox sevirəm. Yadımdadır, hələ tələbə ikən Aydın Talıbzadə bizə Şərq teatrından, No, Kabuki teatrlarından çox bцyьk maraq və həvəslə danışırdı. O vaxtdan vurulmuşdum. Onların tamaşasın izləyəndə qəribə həyəcan keçirirdim. Hər dəfə baxanda düşünürdüm, indi filankəs gələcək, Aydın müəllimin dedikləri eynilə göstərilirdi. Yapon teatrını onların dəqiqliyinə görə sevirəm, özüm də dəqiq insanam deyə. Bəlkə Pantomim teatrından getməyimə də bu səbəb oldu. "İblis” tamaşası isə forma olaraq tam fərqli olduğuna görə diqqətimi çəkmişdi.

-Özünüz üçün nəyi öyrəndiniz?
-Moskva elə bir yerdir ki, nə isə öyrənməmək mümkün deyil. Yaradıcı sərbəstliyi öyrənmişəm ordan. Yaxşı mənada, aktyor həyasızlığını gördüm və öyrəndim. Bu gün dünya teatrları simvolikadan daha çox istifadə edir və zaman ona doğru gedir.

-Asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?
-Asudə vaxtlarımdakı məşğuliyyətim də sənətə aiddir. Gitarada ifa edirəm, şeir yazıram, hekayə yazıram, ümimiyyətlə, nə edirəmsə edim, hamısı sənətə gəlir.

-Dövlət Uşaq Filarmoniyasında da fəaliyyət göstərirsiniz. Uşaqlarla işləmək necədir?
-Uşaqlarla iş prosesi çox çətindir. Əvvəla, ona görə ki, onlar uşaqdırlar. İkincisi, həvəskardırlar. Uşaq üçün problem yoxdur, asudə vaxtını bu cür keçirir. Kaprizlər çox olur, bəzən küsürlər. Filarmoniyada beş yaşından yuxarı uşaqlarla işləyirəm. Bir dəfə tamaşanın başlamasına beş dəqiqə qalmış uşaqlardan biri səhnəyə çıxmaqdan imtina etdi. İnanırsınız, qarşısında diz çöküb yalvarırdım. Sözündən dönmürdü. Səbəb isə yanındakı uşaqla danışmırdı. İndi gəl, bunları barışdır. Bax, uşaqlarla belə hallar da olur. Uşağı incitmək olmur, incisə, səninlə işləməyəcək.

-Bu günlərdə Mingəçevir teatrının 50 illiyi münasibətilə keçirilən tədbirdə Rebus teatrının çıxışını gördük.
-Yubileyin rejissoru Bəhram Osmanov idi. Mən də GTT-da onunla tamaşalarında plastik həll üzrə işləyirəm. Təklif etdi ki, açılış mərasiminə gəlib nömrə göstərək, mən də qəbul etdim. Niyə də yox?! Qoy, burda da bilsinlər ki, Rebus teatrı var. 
 
Nigar Pirimova
Teatrşünas
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN