• çərşənbə axşamı, 19 mart, 09:23
  • Baku Bakı 8°C

Cəsədi Fransada, ürəyi Polşada basdırılan dahi

11.09.17 14:44 12144
Cəsədi Fransada, ürəyi Polşada basdırılan dahi
Polşanın böyük bəstəkarı, virtuoz pianoçu Frederik Şopenin adını daşıyan Varşava hava limanına enəndə dahi musiqiçinin polyaklar üçün necə dəyərli şəxsiyyət olduğunu anlamaq çətin deyil. Sevgi və azadlıq şəhərinə həmçinin "Şopen şəhəri” deyirlər. Hava limanından şəhərin mərkəzinə aparan yollarda Şopenin adına addımbaşı rast gəlinir: konsert afişaları, abidələr, memorial lövhələr... "Frederik Şopen bu ölkə üçün əvəzolunmaz sərvətdir”- polyaklar qürurla deyirlər. Şopenin adının tarixdə 100 ən çox öyrənilən bəstəkarlar siyahısında olması bu sevgiyə əsas verir.
"Şopenin izi ilə” marşrut sxemi bəstəkarla əlaqəli bütün məkanlara baş çəkməyə bələdçilik edir. Elə meydanlarda qoyulan multimedialı oturacaqlarda düyməni basıb bəstəkarın musiqilərinin sehrinə düşmək olur. Oturacaqlarda fotokodla Şopenin həyatı və səyahəti haqqında informasiya almaq, hətta musiqiləri mobil telefonlara köçürmək də mümkündür. Kral Lazenkasındakı Friderik Şopenin abidəsi isə bəstəkarın dünyada ən məşhur abidəsi sayılır. Yay vaxtı abidənin ətrafında açıq səma altında Şopenin əsərlərindən ibrət pulsuz konsertlər keçirilir. 1959-cu ildən davam edən bu ənənə məşhur pianoçuların ifası ilə baş tutur. Təkcə polyaklar deyil, şəhərin qonaqları da böyük bəstəkarın musiqilərini həvəs və böyük zövqlə dinləmək üçün bu məkana gəlirlər. Polşa hər addımda böyük bəstəkarın musiqisini dilləndirir. Xüsusən paytaxt Varşava Şopenin musiqisi ilə nəfəs alır.
Şopenin müqəddəs əşyaları
F.Şopen haqqında ən mükəmməl məlumatları isə bəstəkarın vaxtilə yaşadığı, hazırda muzeyə çevrilən evində öyrənmək olur. Polşaya səfər edən turistlər bu məkanı mütləq ziyarət edirlər.Polşa milli musiqi məktəbinin yaradıcısı Friderik Şopenin muzeyi 2010-cu ildə açılıb. Bu məkana tələsən turistlərin heç də klassik musiqi həvəskarı olması vacib deyil. Onlar üçün əsas olan böyük bəstəkarın sərhəd tanımayan bəşəri musiqisi, şəxsiyyətinin böyüklüyüdür.Muzeyə giriş elektron biletlə həyata keçirilir. Hər bir ziyarətçi Şopen muzeyini görmək üçün özünə uyğun plan qura bilər. Elektron bələdçi bu işdə ziyarətçilərə kömək edir. Muzeydə bəstəkara aid nadir əşyaları görmək və Şopenin əsrarəngiz musiqilərini dinləmək mümkündür.
Muzey ümumilikdə 15 otaqdan ibarətdir. Mini muzey olan hər bir otaq bəstəkarın yaşadığı müxtəlif vaxtlara və yerlərə aiddir.Otaqları gəzdikcə Şopenin yaşadığı mühitlə yaxından tanış olmaq, köhnə və qədim Varşavanı seyr etmək, bəstəkarın dostlarını və yaxın qohumlarını görmək mümkündür.Muzeyin ekspozisiyasında Şopenin şəxsi əşyaları, məktubları, not yazıları, pianinoları saxlanılır. Hər həftənin istirahət günləri Okulnik küçəsində yerləşən bu məkanda böyük polyakın əsərlərindən ibarət kamera konsertlərinin keçirilməsi ənənəyə çevrilib.
Muzeydə uşaqlar üçün də xüsusi otaq var. Otağın interyeri maraq doğurur. Bəstəkarın vaxtilə Jelyazovoy Voledə yaşadığı otağın interyeri sanki 19-cu əsrdəki reallığı əks etdirir. Otaqda bəstəkarın çox sevdiyi bənövşələrin qoxusu duyulur, quşların nəğməsi eşidilir...
Muzeyin eksponatları keçən əsrin 30-cu illərindən toplanmağa başlanıb. Dünya mədəniyyətinin məşhur təmsilçisi kimi Frederik Şopen İnstitutu kolleksiyanı toplayıb. O cümlədən, institut bəstəkarın yaxın qohumlarından onlarla qiymətli əşyanı almağa müvəffəq olub. Bu baxımdan, muzeydəki eksponatları "Şopenin müqəddəs əşyaları” adlandırırlar. Hazırda muzey dünyada ən böyük Şopen kolleksiyası olan məkandır. Həmçinin Avropada müasir bioqrafik muzey kimi tanınır.
Muzeyin bu yaxınlarda təmir olunduğunu deyən bələdçi Joanna Patuch nadir eksponatlar haqqında həvəslə danışır: "Şopenlə bağlı əşyalar hələ keçən əsrdən yığılmağa başlanıb. Bu nadir eksponatlar muzeyin əsas ekspozisiyasını təşkil edir. Hazırda 4600 kv.m ərazini əhatə edin muzey dünyanın ən müasir muzeyləri səviyyəsində xidmət göstərir”. Muzeydə ekspozisiyalar interaktiv təşkil olunub. Orijinal əl yazıları, musiqi alətləri, bəstəkarın saçı, Şopenin öz əli ilə yazdığı avtoqrafı - əsərlərinin əlyazması, məktubları var. Ölümündən sonra üzə çıxan iki maskası nadir əşya kimi qorunur.
Muzeyin ən qiymətli əşyaları isə bəstəkarın barmaqlarının toxunduğu pianolardır. Bunlar Frederik Şopenin sonuncu pianolarıdır.
Multimedia ekspozisiyası, taktil ekranlar (toxunmaqla duyulan) ən müasir formada təqdim olunur. Elektron biletlər ziyarətçiləri bu sehrli dünya ilə yaxından görüşdürür. Həmçinin monitorlardan bir neçə dildə şərhləri oxumaq mümkündür. Şopenin fotoları içərisində ailəsinin nadir fotoları da yer alıb. Uşaqlığı, gəncliyi, tələbəlik illəri, dünyanın onun musiqisinə məftun kəsildiyi vaxtların fotoları və məşhur fransız yazıçısı Jorj Sandla yaşadığı illərin fotoları. Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaradıb.Şopenin İngiltərə, Şotlandiya və s. ölkələrə səfərləri isə ”Şopenin səyahətləri” kimi təqdim olunur.
"Fortepianonun şairi”
Şopenin tərcümeyi-halı ilə elektron ekrandan tanış olmaq mümkündür. Dahi bəstəkar 1810-cu ildə Varşava yaxınlığındakı Jeilazova Volya qəsəbəsində anadan olub. Anası Yustina Kşijanovska polyak, atası Nikolay fransız idi. Atası fransız dili və ədəbiyyatı müəllimi idi. Evdə tələbələrə dərs keçirdi. Atasına liseydə dərs demək təklif olunandan sonra ailə Varşavaya köçür. Onda Frederik Şopen çox balaca idi.
Ailənin musiqiyə böyük həvəsi vardı. Atası skripka, fleyta, anası isə piano çalır və mahnı oxuyurdu. Frederikin Lüdvika və İzabella adlı bacıları da böyüyürdü. Frederik hələ 5 yaşında ikən fortepianoda kiçik pyesləri çalmağa başlayır. Şopen artıq 7 yaşında Polşanın kübar salonlarının sevimlisinə çevrilir. Birinci konsertindən sonra "Polşanın Motsartı” adlanan gənc ilk təhsilini Varşavada alır.
F.Şopen 20 yaşına qədər Varşavada yaşayır. O, vətənini tərk edəndə bir də dönməyəcəyini ağlına gətirməzdi. Bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, yaradıcılığında da bu hissləri aşılayır. Bəstəkar vətəninin musiqisini dünya musiqi mədəniyyətinin dəyərli bir hissəsinə çevrilməsi üçün çalışır və buna nail olur. Polşa musiqisinin klassiki öz yaradıcılığını bütünlüklə fortepianoya həsr edən yeganə bəstəkar kimi sevilir. Bu səbəbdən onu "fortepianonun şairi” adlandırırlar. Fortepiano onun ifasında sanki bütöv orkestrin, eləcə də insan səsinin tembr çalarlarını özündə cəmləşdirib. Etüdlər, prelüdlər, noktürnlər, ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, skersolar, balladalar... bu alətin dillərindən süzüldükcə dinləyənləri məftun edib. Şopen fortepiano musiqisinə hətta yeni janrlar da gətirib.
"Şopen musiqisinin obrazlar dünyası öz müxtəlifliyi ilə diqqəti cəlb edir. Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada necə də ustalıqla əks etdirilir! Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada ən çox ifa olunan və sevilən bəstəkarlardan biridir”- deyə musiqişünaslar dahi bəstəkarın sənəti haqqında yazıblar.

Şopenin ürəyi
Bəstəkarın Parisdəki həyatı onun yaradıcılığının mühüm dövrünü əhatə edir. 1831-ci il - konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir. İlk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış List, Berlioz, Bellini kimi bəstəkarlar, Heyne, Balzak kimi məşhur yazıçılar, Delakrua kimi dünya şöhrətli rəssamla bir sırada çəkilir. Onun musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır.
F.Şopen 1849-cu il oktyabrın 17-də ağır vərəm xəstəliyindən vəfat edib. Parisdə dünyasını dəyişən bəstəkar "Per-Laşez” qəbiristanlığında dəfn olunsa da, ürəyinin vətənində basdırılmasını vəsiyyət edib. Böyük bəstəkarın vəsiyyətinə əməl edilib. F.Şopenin ürəyi Varşavada, Müqəddəs Xaç Kilsəsində saxlanır. Bəstəkarın, 1880-ci ildən kilsəyə qoyulmuş Leonarda Markoninin əsəri olan mərmər abidəsinin altındakı lövhədə "Sənin xəzinən hardadır, sənin ürəyin ordadır. Friderik Şopenə-həmvətənlərindən” sözləri yazılıb.
Hər gün minlərlə insan bu kilsəyə gəlir. Böyük bəstəkarın ürəyi onlara musiqinin əbədiliyindən, Şopenin bəşəriliyindən danışır.
Təranə Məhərrəmova
Bakı-Varşava

banner

Oxşar Xəbərlər