AZE | RUS | ENG |


“Cərrahiyyəyə aşiq oldum” – Uğur hekayəsi

“Cərrahiyyəyə aşiq oldum” – Uğur hekayəsi
Qəmər Əliyeva: “Sənət seçimi mütləq istəklə olmalıdır”


 
İşini inanılmaz dərəcədə çox sevir. Uğurunun sirrini də sənətinə olan sevgisində görür. Özünü başqa sahə təsəvvür belə, edə bilmir.
Müsahibimiz Celamic Göz Lazer Klinikasında və Milli İdman Tibb Reabilitasiya İnstitutunda həkim-oftalmoloq, cərrah işləyən Qəmər Əliyevadır. Qeyd edək ki, Q.Əliyeva Azərbaycanın ən güclü göz çəpliyi üzrə cərrahlarından biridir.
  
- Adətən həkimlər kiçik yaşlarından bu sənətə maraqlarının olduğunu deyirlər. Siz necə, kiçik yaşlarınızdan həkim olmağı arzulamısınız?

- Doğrusu, balacalıqdan belə arzum olmayıb. Ailədə dörd bacıyıq. Atam həmişə arzulayırdı ki, qızlarından biri həkim olsun. Atamı çox tez itirdik. Buna görə də onun arzusunu gerçəkləşdirmək bizim üçün çox vacib idi. Onun arzusunu gerçəkləşdirmək isə mənim boynuma düşdü. Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul oldum.
 
- Belə başa düşdüm ki, arzulamadığınız bir ixtisasa sənəd verməli olmusunuz. Bəs nə vaxt sənətinizi sevməyə başladınız?
- Həyat çox qəribədir. Həyatdakı ən vacib qərarlarımızı çox tez, 17-18 yaşlarımızda veririk. Bu səbəbdən də bəzən sonuna qədər qavramırıq. Bəzən qərarlarımız valideynlərimizin təklifinə əsasən qəbul edilir. Mən həkim olmağı 3-cü kursdan sonra sevdim.
 


- Yəqin təcrübəyə başlayandan sonra...
- Bəli. Xəstəxanalara təcrübəyə gedəndə hiss etdim ki, bu, mənlikdir. Pafoslu çıxsa da, deyim ki, həyatda heç nə insanlara kömək etmək qədər adama zövq vermir. Kiminsə sənə təşəkkür etməyini görmək çox gözəl bir hissdir. Bu sənəti sevəndən sonra uşaqlarla məşğul olmaq kimi isə ən vacib qərarımı verdim. Həkimlər uşaqlarla işləməyi çox da sevmir. Uşaqlarla işləmək üçün xüsusi bir istəyin yoxdursa, yaxşı uşaq həkimi ola bilməzsən.
 
- Cərrahiyyəni adətən kişilər seçirlər. Necə oldu cərrahiyyəni seçdiniz?
- Tibb Universitetinə qəbul olanda reanimatoloq-anestezioloq olmağa qərar verdim. Kinolarda gördüklərimin təsiri altında idim. Fikirləşirdim ki, yolda kimsə yıxılsa, həkim mütləq ona yardım etmək iqtidarında olmalıdır. Filmlərdəki kimi küçədə kimsə yıxılır, ürəyini masaj edirsən və s. (gülür – L.M.). 4-5-ci kursdan sonra mən də daxil olmaqla, bəzi qrup yoldaşlarımız gecə növbələrində tibb personalı kimi işləməyə başladıq. Muxtar adlı qrup yoldaşım "Semaşko”nun yanıq şöbəsində çalışırdı. Bir gün məni çağırdı ki, oradakı vəziyyətlə tanış olum. Onda hələ ixtisas bölgüsü aparılmamışdı. Uşaqların yanıq şöbəsində oldum və başa düşdüm ki, mən heç vaxt reanimatoloq-anestezioloq ola bilmərəm. Cərrahiyyə də reanimatoloq-anestezioloqa çox yaxın olduğu üçün cərrahiyyəni seçdim.
 


- Gözün cərrahiyyəsiylə digər orqanların cərrahiyyəsi eyni deyil. Göz çox həssas orqandır və 1 mm belə səhv etmək qəbuledilməzdir. Hərdən bu sənəti seçməyinizə peşman olmursunuz ki? 
- Cərrah olmağa qərar verməmişdən əvvəl ilk dəfə əməliyyat otağına girəndə alətlərin çox kiçik olması məni çox təəccübləndirmişdi. Göz o qədər narın bir orqandır ki, etdiyimiz əməliyyatda hər bir hərəkət bizim üçün çox vacibdir. Əlin cüzi bir əsməsi ağır fəsadlara gətirib çıxara bilər. Amma hər iş belədir. Sən bir şeyə baxanda, "bu, mənimdir” deyirsənsə, demək, bu işi çox gözəl bacaracaqsan. Bu gün cərrahiyyə arzuladığım bir sahədir, özümü başqa yerdə təsəvvür edə bilmirəm. Həkim olmağı o qədər arzulamadım, amma sonra sevdim. Amma cərrahiyyəyə aşiq oldum.
 
- On ildən çoxdur bu sahədəsiniz. Əməliyyata girərkən indi də həyəcan keçirirsiniz?
- Az da olsa, həyəcan həmişə var. Çünki valideyn övladını sənə təslim edir və əməliyyata girdiyin andan etibarən əməliyyat otağında bir çox köməkçilərin - anestezioloq-revmatoloq, baş tibb bacısı, sənə assistentlik edən tibb bacısı və ya həkim, kiçik tibb personalı olur. Sən onlarsız heç bir şey edə bilməzsən. Amma əməliyyat otağına girəndə uşağı valideynindən sən götürürsən və bütün məsuliyyət əməliyyat otağının içərisində sənin üzərinə düşür. Əməliyyat başlayan andan isə beyin sanki  sönür. Sırf gözə bağlı olursan. Çöldə, ətrafda baş verən hadisələr,  problemlər qətiyyən yada düşmür. "Əməliyyat başlayır” deyən andan beyin bir başqa formatamı keçir, bilmirəm. Fikrin tam əməliyyatda olur. Başqa heç nə. O anda sən özün də "anesteziya” altında olursan. Əməliyyatdan başqa səni heç nə maraqlandırmır. Əməliyyat vaxtı gözləmədiyimiz şeylər ortaya çıxa bilər. Bu gözlənilməz hallardan çıxmaq səndən maksimal konsentrasiya tələb edir.
 

 
- Əməliyyat bitəndən sonra özünüzü necə hiss edirsiniz?
- Çox xoşbəxt. Düşünürəm ki, bu adrenalini heç bir idmançı, heç bir alpinist, ümumiyyətlə, heç kim hiss edə bilməz. Əlində canlı toxuma olanda və sən onu dəyişdirəndə onun verdiyi adrenalini həyatda insana heç nə verə bilmir, çox xoşbəxt olursan. Əməliyyatın uğurlu keçib-keçmədiyi bir çox hallarda əməliyyatdan dərhal sonra bilinir. Əməliyyat otağından çıxıb xəstənin valideynlərinə, yaxınlarına hər şeyin yaxşı keçdiyini, hər şeyin qaydasında olduğunu deyəndə, onların sakitliyi sənə də keçir. Bu, çox gözəl duyğudur. Çox istəyərəm ki, əməliyyatdan çıxanda hər bir xəstəyə "hər şey yaxşı keçdi”, "Allaha şükür, problem yoxdur” deyə bilək. Təəssüflər olsun ki, bəzən uğurlu əməliyyat belə, xəstəliyin tam sağalmasına zəmanət vermir.
 
- Həkimlərin bütün əməliyyatı təbii ki, uğurlu keçə bilməz. Əməliyyat prosesində gözlənilməz anlar da olur və bu anlar bəzən əməliyyatın pis sonuclanmasına gətirib çıxarır. Belə anlarda özünüzü necə hiss edirsiniz?
- Sözsüz ki, belə anlar olur. Dünyada bir-birinə oxşayan iki göz yoxdur. Hər dəfə yeni şeylər görə bilərsən. Yaxşı cərrahın da işi ağırlaşmanı görmək, əməliyyatı kitablarda yazıldığı kimi ideal etmək deyil, ən vacibi ağırlaşmadan çıxmağı bacarmaqdır. Şükürlər olsun ki, bu günə qədər altından çıxmayacağım bir vəziyyətlə rastlaşmamışam. Xaricdə universitetdə olanda bizim bir professor tələbələrə sual verdi ki, hansı cərrahın heç vaxt  ağırlaşması olmur? Hərə bir söz dedi. Professorumuz cavablarla razılaşmadı və dedi ki, yalnız əməliyyat etməyən cərrah ağırlaşma ilə rastlaşmır. Hər bir cərrah ağırlaşma ilə və gözlənilməyən halla rastlaşa bilər, amma əsas olan özünü toplayıb bu ağırlaşmadan çıxmaq bacarığıdır. Bu da zamanla təcrübə ilə əldə olunur.
 
- Avtobioqrafiyanıza baxanda daim inkişafa meylli olduğunuz hiss edilir. Xarici ölkələrdə bir çox ixtisasartırma kurslarında iştirak etmisiniz.

- Hər il öz inkişafım üçün harasa getməyə çalışıram. Çünki tibb bir yerdə dayanmır. Nə qədər ki, yaş imkan verir, mütləq təkmilləşmək lazımdır. Fiziki imkanım olduğu müddətcə bu ənənəni davam etdirəcəyəm.
 


- Necə oldu, xaricdə ixtisasartırma kurslarına getməyə qərar verdiniz?
- Tibb Universitetini bitirəndə işə düzəlmək barədə fikrim belə yox idi. Çünki heç vaxt sıradan həkim olmaq istəmirdim. O vaxt üç il Xəzər Qayğıkeşlik Layihəsi üzrə Göz klinikasında çalışdım. Oraya tez-tez xaricdən həkimlər gəlirdi. Klinikanın xətti ilə bir çox qaçqın şəhərciyində olduq. Üç il ərzində sözügedən klinikada öyrəndiklərimi başqa heç bir yerdə öyrənə bilmədim, mənim üçün böyük təcrübə oldu. Orada xarici həkimlərlə tanış oldum və onlardan biri, mənə Latın Amerikasının Dominikan Respublikasında İNTEK Universiteti barədə məlumat verdi. Sənədlərimi ora göndərdim və qəbul oldum. Rezidenturada ümumi oftalmologiya üzrə öz hesabıma təhsil aldım, pediatrik oftalmologiya və çəpgözlük mövzusunda müdafiə etdim. Düzdür, orada məni maliyyə baxımından təmin edən ailəm çox əziyyət çəkdi. Həyatda hər şeyimi anama borcluyam. O bizi tək böyütdü və təhsilimizə çox önəm verdi.
Dominikan Respublikasında təhsilimi başa vurandan sonra Kolumbiyaya, sonra Hindistana getdim, üç ay Benqalor şəhərində qaldım. Hindistanda oftalmologiya çox güclüdür. Çünki orada həkimlərin hamısı Avropada, Böyük Britaniyada təhsil alıb. Bu ölkədə xəstə kütləsi də həddən artıq çoxdur. Bir əməliyyatı iki-üç dəqiqəyə tamamlayırlar. Bütün dünyadan tələbələr ora təcrübə qazanmaq üçün gedir. Həyatımın vacib üç ilini xaricdə keçirdim. Ondan sonra Bakıya qayıtdım və işə başladım. Sonra Türkiyəyə getdim. Hər il biliklərimi təkmilləşdirmək üçün harasa getməyə çalışıram. Təkmilləşmək çox vacibdir.


 
- Elə həkimlərimiz var ki, Tibb Universitetini bitirib, həkim kimi işləməyə başlayıblar və oxuduqları 6 il müddətində aldıqları təhsil, bu illər ərzində öyrəndikləri onlara kifayət edir ki, bir ömür boyu ixtisasartırmaya, seminarlara getmədən işləsinlər. Hətta nəinki xaricə ixtisasartırma kurslarına getmək, tibdə olan yenilikləri izləmək üçün internetə çıxışları belə yoxdur.
- Mən xaricdə olanda oradakı mütəxəssislər deyirlər ki, Azərbaycandan gələn həkimlər çox ağıllıdır, dünyagörüşləri genişdir. Demək, bu ölkədən çıxıb nəsə öyrənməyə çalışan həkimlərimiz çox istedadlıdırlar. Amma bunların sayı istənilən qədər deyil. Hər il Tibb Universitetindən kifayət qədər həkim məzun olur. Onların çox az faizi işinin, sahəsinin arxasınca gedir. Həqiqətən istedadı olan uşaqlar irəli getməyə çalışırlar. Bizim fakültədə çox yaxşı oxuyan əlaçı qızlarımız var idi. Ailə qurduqdan sonra təhsillərini davam etdirə bilmədilər. Amma onlardan çox yaxşı həkim çıxardı. Əksinə, oxumağa həvəsi olmayan oğlanlarımız var idi ki, universiteti bitirəndən sonra öz üzərlərində çox işlədilər və bu dəqiqə tanınmış həkimlərdirlər. Tale hərəmizi bir yerə atır, amma burada ən vacib olan qəlbimizdəki istəkdir. Sənət seçimi mütləq istəklə olmalıdır. Kim olursansa ol, fəhlə də olsan, həkim də olsan, işinə istəyin varsa, həmin işi çox gözəl idarə edəcəksən. Yaxşı fəhlə pis həkimdən daha yaxşıdır və gördüyü iş cəmiyyət üçün daha faydalıdır. 
 
- Uğur sirriniz nədədir?
- İlk növbədə işimi çox sevməyimdədir. Sənətimi inanılmaz dərəcədə sevirəm və düzgün sənət seçdiyimə əminəm. Məncə, hər şey bundan başlayır.
 
Lalə MUSAQIZI
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025