• cümə axşamı, 28 mart, 16:50
  • Baku Bakı 16°C

Cənubi Qafqazın ən güclü ordusu

26.06.19 11:30 1243
Cənubi Qafqazın ən güclü ordusu
Bu gün Milli Ordumuzun 101 yaşı tamam olur. Hələ 1918-ci ilin may ayının 28-də qəbul edilən İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Beləliklə, az sonra, yəni 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca hökumət tərəfindən ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman verildi. Az vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaranması haqqında qanun qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr günü elan edildi.
Millət vəkili Elman Məmmədovdeyir ki, Milli Ordu hər zaman Ali Baş Komandanın əmrini yerinə yetirəcək gücə malikdir: "Hər bir Azərbaycan vətəndaşı, o cümlədən azərbaycanlı adını daşıyan hər kəs bugünkü Azərbaycan ordusu ilə fəxr etməlidir. Çünki ordumuz müdafiə, döyüş qabiliyyətinə görə dünyanın ən güclü 50 ordusu arasında yer alır. Bu, beynəlxalq təşkilatların açıqladığı statistik göstəricilərdir. Təbii ki, biz buna görə milli ordumuzla daim fəxr etməliyik. Ordumuzun hər bir əsgəri, hər bir zabiti öz məsuliyyətini dərk edir. Hərbiçilərimiz başa düşür ki, onlar vətən, xalqın qarşısında ən müqəddəs vəzifəni yerinə yetirir. Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Biz öz torpaqlarımızı erməni işğalından azad etməliyik. Həmçinin, Azərbaycanın dövlətçilik ənənələri və təhlükəsizliyi qorunmalıdır. Bu, milli ordunun qarşısında dayanan ən mühüm vəzifələrdir. Əminik ki, onlar öz vəzifə borclarının öhdəsindən ləyaqətlə gələrək torpaqlarımızı işğaldan azad edəcək. Ordumuz buna qadirdir. Milli ordunun hər bir əsgər və zabitinə bu çətin və şərəfli yolda uğur arzulayır, onlara yeni qələbələr arzu edirəm. İnşallah xalqımızın sevinəcəyi gün uzaqda deyil. Bu sevinci isə bizə yalnız Milli Ordu Ali Baş Komandanın rəhbərliyi ilə bəxş edə bilər. Bayram münasibəti ilə bütün hərbçilərimizi təbrik edirəm”.
Ehtiyatda polkovnik, hərbi ekspert Şair Ramaldanovbildirdi ki,ordumuzun gücünə hər kəs bələddir: "Bu gün Azərbaycan ordusunun 101 yaşı tamam olur. 101 il əvvəl yaradılan Milli Ordu 1993-cü ildə Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da gücləndi. Qarabağ müharibəsində düşmənin dayandırılması, atəşkəs rejimi ilə bağlı sazişin bağlanmasından sonra Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu işinə yenidən baxıldı. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu siyahısındadır. Bu göstərici isə dünyada ən nüfuzlu beynəlxalq qurumların qiymətləndirilməsidir və hesab edirəm ki, kifayət qədər böyük uğurdur. Bu göstərici onu deməyə əsas verir ki, Azərbaycan ordusu ən güclülər arasındadır. Əgər bu gün milli ordumuz dünyanın ən güclüləri arasındadırsa, bu, Azərbaycan xalqı və Ali Baş Komandanımızın sayəsindədir. Dövlət başçısı, Ali Baş Komandan olaraq Azərbaycan ordusunun ən müasir silahlarla təchiz edilməsi ilə bağlı göstərişlər verib. Ötən il ordumuzun 100 illiyi tamam olurdu. Bu münasibətlə möhtəşəm parad təşkil olundu. O paradda Azərbaycan ordusunun hansı gücə malik olduğu bütün ictimaiyyətə təqdim olundu. Bu gün milli ordumuz ən böyük beynəlxalq yarışmalarda iştirak edir və bizim hərbiçilərimiz o yarışmalarda Azərbaycanı layiqincə təmsil edir. Artıq irimiqyaslı təlimlərin keçirilməsi ənənəvi hala çevrilib. İl ərzində bir neçə dəfə Azərbaycan ordusu irimiqyaslı təlimlər həyata keçirir. 20-25 minlik ordu ilə təlim keçmək həqiqətən də yüksək səviyyədə peşəkarlıq tələb edir. Bu təlimləri idarə etmək yüksək səviyyəli qərargah və komandir heyəti tələb edir. Azərbaycan ordusunda belə təlimlər keçirilirsə, deməli, kifayət qədər güclüdür. Bildiyiniz kimi, milli ordu çoxsaylı beynəlxalq təlimlərdə iştirak edir. Həmçinin, ordumuz müxtəlif sülhməramlı tədbirlərdə də iştirakçı qismində yer alır. Hərbiçilərimiz öz peşəkarlığına görə daima seçilməyi bacarırlar. Azərbaycanın hərbçi mütəxəssisləri haqqında ABŞ tərəfindən Əfqanıstanda film çəkilib. Sözügedən film tədris filmi kimi nümunə kimi göstərilir. Hazırda Azərbaycan Türkiyə ilə yanaşı Gürcüstanla birgə beynəlxalq tədbirlərdə iştirak edir. Hesab edirəm ki, bizim hərbi mütəxəssislərimiz hansı təlimlərdə və yarışlarda iştirak etməyindən asılı olmayaraq, hər zaman öz xüsusi bacarıqlarına görə seçiliblər. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın Silahlı Qüvvələri nəinki müasir hərbi silah-sursata malikdir, o cümlədən ordumuzda bu silahları idarə edəcək peşəkar sərkərdə və kadrlar var. Bu gün Azərbaycanın xüsusi təyinatlı hərbi təhsil sistemi Heydər Əliyev tərəfindən yaradılan Cəmşid Naxçıvanski adına lisey və Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyası kadr hazırlayacaq gücə malikdir. Düşünürəm ki, biz daima öz hərbi potensialımızı artırmalıyıq. Bununla bağlı cənab prezident də dəfələrlə bildirib ki, Azərbaycan müasir silah və sursatla təmin olunacaq. Çünki biz müharibə şəraitində yaşayan dövlətik və öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bunun üçün isə hərbi gücümüzü daha da artırmalıyıq. Ölkəmizin iqtisadi inkişaf dinamikası və maliyyə imkanları artdıqca Azərbaycan ordusunun inkişafına şərait yaranır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov dəfələrlə bildirib ki, Azərbaycan ordusu Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, Milli Ordu Azərbaycan xalqının qürur yeridir. Hərbiçilərimizə və şəhidlərimizə olan ehtiram onu göstərir ki, Azərbaycan xalqı öz ordusuna böyük dəyər verir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər