• cümə axşamı, 25 aprel, 15:14
  • Baku Bakı 23°C

Azərbaycanın layihələri Gürcüstanın bölgədəki rolunu artırıb

05.08.19 19:34 10533
Azərbaycanın layihələri Gürcüstanın bölgədəki rolunu artırıb
Dünyada baş verən siyasi kataklizmlər fonunda bəzi Cənubi Qafqaz ölkələrinin siyasi manevrlər etmək niyyəti açıq-aşkar sezilir. Bu baxımdan bəzi siyasi ekspertlər son dövrlərdə Gürcüstanın ikili oyun oynadığına işarə edirlər. Böyük güclərin təsir dairəsində olan rəsmi Tbilisi öz siyasi inkişafını Saakaşvili dönəmindəki kimi təkcə qərbə inteqrasiya yolu ilə məhdudlaşdırmaq istəmir. Bu amil Gürcüstanın qonşuluq siyasətində də özünü büruzə verməyə başlayıb.
Halbuki, Azərbaycanın enerji resurslarının daşınması üçün mövcud boru xətləri tranzit ölkə kimi Gürcüstandan keçir. Bəs görəsən indiki halda Gürcüstanın Cənubi Qafqazda reallaşdırılan və qərbin maraqlarının təmin olunduğu bu enerji layihələrini sabotaj etməsi mümkündürmü?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Gürcüstan enerji resurslarının dünya bazarlarına daşınmasında vacib rol oynayır: "Bu da Azərbaycanın hesabına baş verib. Çünki Azərbaycanın qəbul etdiyi qərarlara görə Gürcüstanın bölgədəki rolu artıb. Əgər Dağlıq Qarabağ münaqişəsi olmasaydı, heç Gürcüstanın indiki kimi rolu olmazdı. Layihələrin böyük əksəriyyəti Ermənistandan keçərdi. Amma Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə bu mümkün olmadı. Bütün boru xətləri Gürcüstandan keçir, Azərbaycanın böyük yatırımları var, limanlarında SOCAR-ın terminalları var. Təsadüfi deyil ki, bunun hamısı bizim ölkəmizin hesabına baş verib və Gürcüstan bundan böyük qazanclar əldə edir. Düzdür, indi Gürcüstanla Azərbaycan arasında sərhəd məsələsində bir fikir ixtilafı yaranıb. Amma bundan ziyan görən elə Gürcüstandır. Çünki Gürcüstan-Azərbaycan münasibətləri süni surətdə gərginliyə doğru getsə, Azərbaycanın bu ölkəyə yatırımları azala bilər. Əlbəttə ki, biz bu ölkədən keçən boru xətlərindən imtina edə bilmərik. Çünki artıq bunlar inşa edilib və bu xətlərlə dünya bazarlarına neft və qaz daşınır. Gürcüstan özü də imtina edə bilməz. Ona görə ki, qazancları var. Bu baxımdan Gürcüstan enerji layihələri ilə də Azərbaycanı şantaj edə bilməz. Düzdür, bizim üçün əsas odur ki, neft və qazımız rahat şəkildə dünya bazarlarına çatdırılsın. Amma buna görə Gürcüstan yalnız Azərbaycan qarşısında məsuliyyət daşımır. Bu ölkə Türkiyə və eləcə də Azərbaycanın neft və qazını alan dövlətlər qarşısında məsuliyyət daşıyır. Əgər Gürcüstan boru xətləri ilə bizi şantaj etməyə cəhd edərsə, qarşısında tək Azərbaycanı görməyəcək. Bu da Gürcüstanın mövqeyinə ciddi zərbə olacaq. Ona görə də düşünmürəm ki, riskli oyun oynasınlar”.
E.Şahinoğlu vurğuladı ki, Bidzina İvanaşvili hakimiyyətə gələndə Rusiya ilə yaxınlaşmaq istədi: "Amma bu, reallıq baxımından mümkün deyil. Çünki Rusiya Gürcüstan torpaqları olan Abxaziya və Cənubi Osetiyanı işğal edib, öz ordusunu ora yerləşdirib. İvanişvilinin belə bir istəyi olsa belə, onu reallaşdıra bilməz, çünki gürcü cəmiyyəti buna imkan verməz. Son hadisələr zamanı da bunun şahidi olduq. Yəni, bir rus deputat Gürcüstan parlamentində oturdu, amma gürcülər buna etiraz etdi və həmin deputat ölkəni təcili tərk etmək məcburiyyətində qaldı. Bu, gürcü cəmiyyətinin Rusiyaya olan münasibətini göstərir. Belə bir münasibət olduğu təqdirdə, İvanişvili xarici siyasəti 180 dərəcə korrektə edə bilməz. Heç indiyədək Rusiya ilə diplomatik münasibətlər də bərpa edilməyib. Amma heç şübhəsiz ki, İvanişvilinin istəyi var və o, Rusiya ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Lakin Gürcüstanın indiki vəziyyəti buna imkan vermir. Ona görə də İvanişvili və onun nəzarətində olan hökumət, prezident Saakaşvilinin qərbpərəst siyasətini davam etdirmək məcburiyyətindədir. Bu da NATO və Avropaya sıx inteqrasiya deməkdir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, son zamanlar Gürcüstan hökuməti həqiqətən də ikili oyun oynamağa başlayıb: "Lakin bu ikili oyunlar hələ Yanukoviç dövründə Ukrayna ilə bağlı göstərdi ki, bu addım ölkə üçün faciə ilə nəticələnə bilər və bundan son dərəcə ehtiyatlı olmaq lazımdır. Məsələnin başqa tərəfi ondadır ki, gələn il Gürcüstanda Anakliya yeni dəniz limanı tikilməlidir. Buna qədər isə Poti limanı var ki, buradan Azərbaycanın Gürcüstan və Türkiyə vasitəsilə qərbin marağında olan enerji layihələrinin reallaşmasının şahidiyik. Belə olan təqdirdə, Gürcüstanın bilərəkdən Azərbaycanla münasibətlərini soyutması onlar üçün çox ağır nəticələnə bilər. Çünki məhz bu dəniz limanlarının sayəsində xeyli sayda gəlir əldə ediblər. Əlbəttə ki, bu məsələdə Azərbaycanın istisnasız rolu olub”.
Z.Məmmədov qeyd etdi ki, bu gün Rusiyanın açıq şəkildə Gürcüstana müdaxiləsinin şahidiyik: "Çünki məsələ ondadır ki, gələn il həm də Vaziani hərbi bazası ilə bağlı məsələlər reallaşarsa, bunun nəticəsində ABŞ hərbi gəmilərinin Gürcüstana yan alması mümkün olacaq. Buna Krımda müyəssər olmayan Vaşinqton üçün Gürcüstan strateji hədəfdir. Belə olan təqdirdə, təbii ki, Rusiya da öz maraqlarını nəzərə alaraq, nəyin bahasına olur-olsun bu istiqamətdə fəallaşmağa başlayıb. Biz artıq bu siyasətin xüsusiyyətlərini görməkdəyik. Onu vurğulayım ki, qərb Gürcüstanda bu kimi məsələlərə imkan vermək niyyətində deyil. Çünki Gürcüstan Xəzər dənizindən başlanan enerji və ticarət layihələrinin Avropaya çatdırılmasında tranzit ölkələrdən biridir. Eyni zamanda Gürcüstan dövlətçiliyinin maraqları da burada ehtiva olunur. Gürcüstanda kimin hakimiyyətdə olmasından və nə istədiyindən asılı olmayaraq, gürcülər buna getməyəcək. Qərblə şərq arasında mövcud olan tranzit layihələrindən mühüm gəlirlər, dividentlər əldə edən Gürcüstan bundan sonra da qərblə əlaqələrini davam etdirəcək”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər