Cənubi Qafqazda alman məskənlərinin tarixinə həsr olunan tədbir keçirilib
AMEA Naxçıvan Bölməsində
"Cənubi Qafqaz regionunda alman məskənlərinin
salınması” tarixinə həsr olunan tədbir keçirilib.
Tədbirdə bölmənin sədri,
akademik İsmayıl Hacıyev
çıxış edərək "Cənubi Qafqaz
regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Prezident İlham
Əliyevin 30 avqust 2016-cı il tarixli Sərəncamını
xatırladıb. Qeyd edib ki, Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq
mühiti XIX əsrin əvvəllərində buraya köçürülən alman mühacirlərinin yerli əhali
ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaradıb. Akademik
almanların yaşayış məskəni olmuş Yelenendorfda
(indiki Göygöl) Azərbaycan Dövlət İqtisad Universitetinin professoru
Abbas Seyidov tərəfindən tədqiqatların aparıldığını söyləyib.
İsmayıl Hacıyev aparılan araşdırmalarla bağlı 2007-ci ildə
"Yelenendorf-Yeleneno-Xanlar” adlı dəyərli elmi əsərin ortaya qoyulduğunu
bildirib.
Sonra Abbas Seyidov çıxış edərək almanların Qafqaza yerləşmələrinin tarixi və mədəniyyəti
ilə bağlı məlumat verib. O, almanların ilk
köçünün 1817-ci ildə olduğunu və 122 il Azərbaycanda
məskunlaşaraq, yerli əhali ilə dinc şəraitdə yaşadıqlarını söyləyib. Alim sovet
rəhbərliyindəki A. Mikoyanın vasitəsi ilə ermənilərin Göygöl və Şəmkirdən Sibirə
sürgün olunan almanların evlərinə köçürüldüyünü, yaşayış məntəqələrinin zəbt
edildiyini deyib. A. Seyidov bu ərazilərdə
aparılan araşdırmalar zamanı alman qəbir daşlarının dəyişdirilərək ermənilərə məxsus olması kimi
saxtakarlığa yol verildiyini bildirib.
Daha sonra alim bölmə
əməkdaşlarının suallarını cavablandırıb.
Sonda professorun tədqiqatlarının
nəticəsini əks etdirən video nümayiş olunub.