Cənubi Qafqaz üçün sabitlik bəyanatı
Moskva görüşü beynəlxalq
mediada hələ də müzakirə olunur
Moskvada keçirilən üçtərəfli görüş Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni siyasi müstəvidə daha da möhkəmləndirdi. İmzalanan 4 bənddən ibarət bəyanat 10 noyabrda imzalanan kapitulyasiya aktının icrası ilə bağlı mexanizmlərin hazırlanması və qısa müddət ərzində həyata keçirilməsini nəzərdə tutur. Bəyanatda ən önəmli olan odur ki, Azərbaycanın dediyi kimi, status məsələsi haqda heç nə yoxdur və əsas diqqət nəqliyyat və kommunikasiya xətlərinin açılmasına yönəldilir. Moskva görüşündən ermənilərin çıxarmalı olduğu dərs çoxdur. İlk növbədə əsas olan odur ki, ermənilər artıq xəyallarla deyil, reallıqlarla yaşamalıdırlar, onlar münaqişənin bitməsi ilə razılaşıb öz iddialarından əl çəkməlidirlər. Anlamalıdırlar ki, beynəlxalq qanunlar Azərbaycanın tərəfindəndir, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində tanınan ərazi bütövlüyünü təmin edib və bu, ölkəmizin tam hüququdur. Ermənilər öncə ölkə daxilindəki dərin böhran vəziyyətinə baxmalı və başa düşməlidirlər ki, onları bu vəziyyətə salan məhz elə işğalçılıq siyasətidir.
Rusiya mediası Paşinyanı aşağılayır
Yeri gəlmişkən, Moskva görüşündən günlər keçməsinə baxmayaraq, beynəlxalq mediada onun yekunları ciddi müzakirə olunur. Bu sırada Rusiya mediası ilk gündən Ermənistanı, onun baş nazirini aşağılayan çoxsaylı məqalə və reportajlar təqdim etdi və proses hələ də davam etməkdədir. Hətta, Nikol Paşinyanı təhqir edən məqalələrə də rast gəlindi. Azərbaycanın 44 günlük müharibəsində Rusiyanın əksər media qurumları ermənipərəst mövqe nümayiş etdirsələr də, qələbədən sonra müəyyən obyektivlik nümayiş etdirməyə çalışdılar. Ermənistanın məğlubiyyətinin səbəblərini açıq və obyektiv şəkildə işıqlandırdılar. Moskvada keçirilən üçtərəfli görüşlə bağlı dərc olunan məqalələrdə bunu sezmək mümkün oldu. Kreml dairələrinə yaxın "Kommersant” qəzetində dərc olunan silsilə yazılarda erməni baş nazir aşağılandı. Rusiya mediasının əksəriyyətinin indiki erməni hakimiyyətinə münasibəti bəllidir. Rusiyadakı erməni diasporasının maliyyəsi və təsiri altında olan media vasitələri Paşinyanı sərt şəkildə tənqid etməkdədir, onu erməni məğlubiyyətinin əsas səbəbkarı hesab edirlər. Paşinyana qarşı sərt mövqe nümayiş etdirən "Kommersant”da dərc olunan məqalənin mahiyyəti bütövlükdə Ermənistan liderini aşağılamağa xidmət edir. "Bakı və Yerevanda yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqların nəticələri tamamilə əks şəkildə qiymətləndirilib. Azərbaycanda – bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması barədə razılıq əldə edildiyi üçün – toplantı məhsuldar sayılıb. Ermənistanda, müxalifət, baş nazir Nikol Paşinyanı zəif iradə və mövqelərin növbəti təslimçiliyində təqsirləndirib: Ermənistan cəmiyyətində əsirlərin qaytarılması ən vacib prioritet hesab olunur, lakin bunun əvəzində, danışıqlarda Azərbaycanın israr etdiyi iqtisadi gündəm müzakirə edilib”, - deyə müəllif yazır. Məqalədə bildirilir ki, Moskvada imzalanan sənəd nəzəri cəhətdən hər üç tərəfi razı salmalıdır: "Azərbaycanın Naxçıvana və Türkiyəyə, Rusiyanın Türkiyə və Ermənistana, Ermənistanın Rusiya və İrana gedən yola ehtiyacı var. Ancaq yalnız İlham Əliyev danışıqlardan sonra faktiki olaraq özünü yeganə qalib hiss edib.Nikol Paşinyan çıxışında nailiyyətlərə deyil, həll olunmamış məsələlərə, hər şeydən əvvəl, Bakının Dağlıq Qarabağın statusunu müzakirə etmək istəməməsinə, həmçinin, hərbi əsirlərin taleyinə diqqət yetirib. Paşinyanın məyusluğunu digər erməni siyasətçilər də bölüşürlər, baxmayaraq ki, onlar danışıqların "uğursuzluğunda” baş nazirin özünün günahkar olduğuna əmindirlər”. Rusiyanın başqa bir nəşri RBK isə erməni müxalifətinin lideri Vazgen Manukyanla müsahibəni dərc edib. Vazgen Manukyanın sözlərinə görə, "Rəngli inqilab” dalğasında hakimiyyət başına, əsasən, hakimiyyət idarə etməyə hazır olmayan səriştəsiz insanlar gəlir. "Paşinyan cəmiyyəti keçmişlərə və yenilərə bölərək, onu parçalayıb. Rəngli inqilablar baş vermiş Ukraynada və başqa yerlərdə də belə olub", - Vazgen Manukyan deyib.
Qərb mediası da Moskva görüşünü Ermənistan üçün uğursuz sayır
Ermənistanın birinci ombudsmanı, "Hüquqi zorakılıq əleyhinə” qeyri-hökumət təşkilatının rəhbəri Larisa Alaverdyanın sözlərinə görə, Moskva danışıqları Ermənistan üçün uğursuz olub”. BBC yazır ki, yanvarın 11-də Nikol Paşinyan, İlham Əliyev və Vladimir Putin arasında danışıqlar zamanı Azərbaycanda saxlanılan, erməni tərəfinin məlumatına görə, təxminən 200 nəfər əsir məsələsi müzakirə olunmayıb. "Yeganə müsbət məqam məhz danışıqların aparılması faktıdır. Danışıqlar aparılan halda müharibə olmaz”, - o deyir. "Ermənistanı hazırda daha çox narahat edən məsələ - əsir və girov götürülmüş insanların buraxılması həll olunmadı. Digər məsələlərin bizim üçün nə dərəcə aktual olduğunu demək çətindir", - Qlobalizasiya və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryan deyir. "Erməni tərəfi üçün daha bir mühüm məsələ - Dağlıq Qarabağın statusu üzrə danışıqların başlanmasıdır. Bu da baş tutmadı”, - Stepan Qriqoryan deyib. Politoloq hesab edir ki, yolların və kommunikasiyaların açılması məsələləri isə həmişə müzakirə oluna bilən mövzudur və onun nəticələri Ermənistan üçün də faydalı ola bilər: "Odur ki, imzalanmış sənəd Ermənistan üçün aktual deyil, Ermənistanın bugünkü maraqlarını əks etdirmir”.
"Cənubi Qafqaz üçün sabitlik müqaviləsi”. EURACTIV nəşri üçtərəfli razılaşmanı məhz belə xarakterizə edib. "Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatla isə Azərbaycan ərazilərinin işğalına son qoyulub. Odur ki, bu bəyanat, əslində, regionun sabiq liderlərinin sülh təşəbbüslərinin həyata keçirilməsinə imkan yaradıb. Üçtərəfli bəyanatda regionda nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasına çağırışın yer alması, həqiqətən də iqtisadi, siyasi və sosial sahələrin inkişafı üçün unikal şans yaradıb.
"Məğlubiyyət simvolu getməlidir, əks təqdirdə...”
Erməni mediası isə birmənalı şəkildə Paşinyanın Moskvada erməni tərəfin
mövqeyini müdafiə edə bilmədiyini yazır. "Nyus.am” bununla bağlı Vazgen
Manukyanın fikirlərini yayıb. O, yanvarın 11-də Moskvada imzalanan üçtərəfli bəyanatı
Ermənistanın "növbəti biabırçı məğlubiyyəti” adlandırır: "Ermənistan bu görüşdən
heç bir müsbət nəticə əldə etmədi, əsirlər məsələsində isə əliboş qalıb. Azərbaycan
isə növbəti dəfə istədiyini əldə etdi”. Manukyanın sözlərinə görə, daha əvvəl qəbul
olunmuş 9 noyabr birgə bəyanata əsasən, Azərbaycan tərəfi arzuladığından da
artıq əldə edib. Bununla belə, onun sözlərinə görə, Bakı vaxtaşırı sənəddə qeyd
olunan müddəaları pozur: məsələn, tərəflərin atəşkəsdən sonra tutduqları mövqedə
qalmaq, əsir və girov, eləcə də başqa saxlanılan şəxslərin və cəsədlərin
mübadiləsi haqqında tələblər. Öz məqaləsində Manukyan belə qənaətə gəlir: "Moskva
görüşü və qəbul olunmuş bəyanat bir daha onu sübut edir ki, Nikol Paşinyan Ermənistan
və erməni xalqının maraqlarını irəli sürmək iqtidarında deyil. Məğlubiyyət
simvolu getməlidir, əks təqdirdə bizim itkilərimiz və alçalmalarımız davam edəcək.
Moskvada keçirilən üçtərəfli görüş, faktiki olaraq erməni tərəfi üçün əsas məsələni,
yəni hərbi əsirlərin qaytarılması və itkinlərin tam axtarışı məsələni həll etmədi”.
Azər