• cümə axşamı, 25 aprel, 21:38
  • Baku Bakı 21°C

Cənubi Qafqaz ölkələri ötən ili necə başa vurdu?

05.01.18 16:55 1951
Cənubi Qafqaz ölkələri ötən ili necə başa vurdu?
2017-ci ili özünəməxsus formada "bağlayan” Cənubi Qafqaz ölkələri ötən ildə daha çox xarici məsələləri gündəlikdə saxlamağa çalışsalar da, daxildə də bir sıra problemlərlə üzləşməli oldular.
Rusiyanın "Rosbalt” nəşrində dərc edilən analitik məqalədə vurğulanır ki, hər üç dövlətin ən ciddi uğuru ərazilərində hərbi əməliyyatların aparılmaması olub. Bu sırada ən ideal sakitliyin Gürcüstanda yaşandığı bildirilir. Lakin əlavə edilir ki, burada da ilin sonunda terrorçulara qarşı aktiv əməliyyatlar keçirildi. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Türkiyə və Gürcüstanın diplomatik missiyalarına qarşı hücumların qarşısı alındı. Daha bir gərginlik Azərbaycanda yaşandı - xüsusi xidmət orqanları terrorçu təşkilatların üzvlərinə qarşı irimiqyaslı uğurlu əməliyyat keçirdi. Bu əməliyyatdan sonra Gürcüstan dünya ölkələri arasında təhlükəsiz ölkələr reytinqində ən ali pilləyə yüksəldi.


Nüfuzlu "Numbeo” tədqiqat portalı yaydığı hesabatda məlumat verdi ki, Gürcüstan 125 ölkə arasında yeddinci pilləyə yüksəlib. Onun region üzrə qonşuları Azərbaycan, Ermənistan və Türkiyə isə müvafiq olaraq 18, 19 və 55-ci sırada qərarlaşıblar.

Xarici siyasət sahəsində Cənubi Qafqaz dövlətləri balanslaşdırma kursuna sadiqlik nümayiş etdiriblər. Bu il Gürcüstanın ən böyük uğurunun Avropa İttifaqı dövlətləri ilə vizasız gediş haqqında icazə alması olsa da, problem həlini tapmadı - gürcü vətəndaşlarının Şengen zonasında qalma müddəti məhdudlaşdırıldı, onlara işçi vizası da verilmədi. Bununla yanaşı, bu, yerli diplomatiyanın "böyük sıçrayış”ı və "nəhəng qələbə”si kimi qiymətləndirildi. İstənilən halda, bu, ölkəni ən böyük arzusuna - Avropa İttifaqına üzv olmağa daha da yaxınlaşdırdı. İkinci arzu isə NATO-ya üzvlük olsa da, hələ ki, bu arzu elə arzu olaraq qalır və reallaşması mümkünsüz görünür. Buna baxmayaraq, Alyans Gürcüstanla qarşılıqlı münasibətləri genişləndirməkdə davam edir, ABŞ tərəfindən hərbi yardımlar dayanmır. Yeni ili Gürcüstan Rusiya ilə irimiqyaslı qalmaqallarsız qarşıladı. Bundan əvvəl bu ölkə ilə ticarət-iqtisadi münasibətləri və nəqliyyat əlaqələrini bərpa etməyə müvəffəq oldu. 2008-ci ildən kəsilən diplomatik münasibətlərin bərpasından isə söhbət belə getmir. "Vaşinqton faktoru”na baxmayaraq Gürcüstan Türkiyə ilə ən yüksək, İran və Belarusla gözəl münasibətlər saxlamağa müvəffəq olub. Özü də bu ölkə Cənubi Qafqaz respublikaları içərisində ilk olaraq Çinlə azad ticarət haqqında saziş imzalamağa müvəffəq olub.

Ermənistana gəldikdə, bu ölkə iki stulda eyni vaxtda oturmaq siyasətinə üstünlük verdi. Qərbə doğru istiqamət götürdü, Avropa İttifaqı ilə hərtərəfli və geniş əməkdaşlıq barədə sazişə imza atdı. Qəribə də olsa, onun Rusiya ilə bu məsələ ilə bağlı ziddiyyətli məqamları qeydə alınmadı. Halbuki, məhz "Rusiya faktoru” vaxtilə Ermənistanı məcbur etmişdi ki, Avropa İttifaqına Assosiativ üzvlüklə bağlı sazişi ləğv etsin. Ötən il Ermənistan Rusiya ilə "qarşıya qoyulan məqsədlərə birgə çatılması” istiqamətində birləşmiş hərbi qruplaşma yaradılmasına qərar verdi. Bundan əlavə, Rusiya bu ölkəyə müdafiə və Rusiya istehsallı hərbi texnika almaq məqsədilə 100 milyon dollarlıq kredit də verdi. Rəsmi Yerevanın xarici siyasətində daha bir ştrix: Ermənistan Türkiyə ilə bir neçə il bundan əvvəl imzalanmış və iki ölkə arasında diplomatik və ikitərəfli münasibətlərin qurulmasını nəzərdə tutan "Sürix protokolları”nı ləğv etdi. Beləliklə, Ankara ilə münasibətlərin "donunun açılması” uzun müddətə qutuya qoyulmuş oldu.

Azərbaycana gəldikdə, rəsmi Bakı tamam başqa bir sxem - "çoxvektorlu” xətt üzrə siyasətini yeritməkdə davam edib. Avropa İttifaqı onunla bağlı "ayrıca bir razılaşma” hazırlayır. Çox böyük ehtimalla Azərbaycan bu sənədlə bağlı uzun müddət danışıqlar aparacaq və Brüsselin ideoloji, iqtisadi və siyasi təzyiqi altına düşməməyə çalışacaq. Paralel olaraq, rəsmi Bakı Ankara ilə münasibətləri genişləndirir və möhkəmləndirir. Bu münasibətləri presedensiz olaraq ən yaxın münasibətlər kimi qiymətləndirmək olar. Bundan əlavə, İran və Rusiya ilə də münasibətləri strateji tərəfdaşlıq adlandırmaq olar. Son il ərzində bu münasibətlər həddən artıq yaxınlaşma xətti götürdü, hətta Azərbaycan-Rusiya-İran və Azərbaycan-Türkiyə-Rusiya üçbucağı da formalaşdı.


Ötən il ərzində Ermənistan konstitusiyasını dəyişdi və proses bu il başa çatmalıdır. Yeni qanuna görə, Ermənistanda birinci şəxs artıq prezident deyil, baş nazir olacaq. Ötən il keçirilən parlament seçkilərində hakim partiya səslərin böyük əksəriyyətini əldə etdi. Bu isə avtomatik o mənaya gəlir ki, baş naziri də prezident öz yaxın ətrafından təyin edə biləcək. Böyük ehtimalla, yeni baş nazir elə Serj Sarkisyan özü olacaq. Lakin baş nazirin kimin seçiləcəyindən asılı olmayaraq, ölkə qarşısında duran vəzifələrin həllindən qaça bilməyəcək. Ən aktual məsələlərdən biri erməni cəmiyyətində antirusiya əhval-ruhiyyəsinin artması, Gümrüdəki hərbi bazanın yaratdığı nifrətdir. Kreml, ermənilərin getdikcə böyük bir qisminin gözündə "işğalçı”, "düşmən”, "quldur” və Azərbaycana silah satan dövlət kimi nəzərdən keçirilir. Çətin ki, erməni hakimiyyət orqanları belə bir "hücumlar”ın öhdəsindən gələ bilsin. Bütün bunlarla yanaşı, Rusiyadan iqtisadi və siyasi asılılıq, onun "sədəqəsi”ndən asılılıq güclü olaraq qalır.

Nəşrin sonda gəldiyi qənaət odur ki, Cənubi Qafqaz ölkələrində bu il ciddi iqtisadi, sosial çətinliklərin davamı gözlənilir. Bu sahədə ciddi uğura yalnız Azərbaycan ümid edə bilər. Zəngin karbohidrogen ehtiyatlarına, resurslarına malik Azərbaycanın büdcəsinə bu il ciddi transferlər daxil ola bilər. Azərbaycan təbii qazın ixracı ilə bağlı bazarlarını genişləndirir, qeyri-neft sahəsini inkişaf etdirməyə çalışır və bu yanaşmanın özünü doğruldacağı gözlənilir. İstənilən halda, hökumət vəd edir ki, 2020-ci ildə neft-qaz sahəsindən asılılığını sıfıra endirəcək. Bu müddət ərzində isə ölkə inkişaf etmiş dövlətlərin sırasına daxil ola biləcək, yoxsulluğa son qoyulacaq.

Bu, yaxın gələcək üçün həddən artıq optimist qiymətləndirmə olsa da, nəzəri cəhətdən Azərbaycanın mövcud potensialı ilə uzlaşır. Gürcüstana gəldikdə, bu ölkə yeni ili elektrik enerjisi və təbii qazın, ümumiyyətlə bir çox məhsulların qiymətinin artırılması ilə qarşıladı. Total işsizlik baş alıb gedir, hakimiyyət isə bunun qarşısında aciz görünür. Ölkə biznes mühiti üçün əlverişli olsa da, bu, insanların rifah halına təsir etməyib. Buna baxmayaraq, turizm sahəsində ciddi irəliləyişlər var. Ermənistan isə bütün imkanlardan məhrumdur. İlin yekunlarına qiymət verən parlamentin vitse-spikeri Eduard Şarmazanov ölkə üçün ən ciddi problemi korrupsiya adlandırıb. İkinci problem kimi isə demoqrafiyanı göstərib. Ölkə rəhbərliyi repatrasiya hesabına əhali sayını arıtmağı qarşıya məqsəd qoysa da, bu, arzu olaraq qalacaq. Məsələ ondadır ki, hakimiyyətin, bu arzunu reallaşdırmaq üçün maliyyə imkanları məhduddur.
Azər
banner

Oxşar Xəbərlər