• cümə axşamı, 28 mart, 18:46
  • Baku Bakı 13°C

Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq

16.01.19 12:00 455
Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
Yanvarın 28-30-da Vyanada keçiriləcək ənənəvi Avropa Qaz Konfransında (European Gas Conference) Cənub Qaz Dəhlizi və onun seqmentləri olan layihələrə dair müzakirələr aparılacaq.
AZƏRTACkonfransın saytına istinadla xəbər verir ki, "Avropaya tədarükü dəstəkləyən boru kəməri layihələri” adlı paneldə TAP və TANAP layihələri, digər paneldə isə "Cənub Qaz Dəhlizinin inkişafı” mövzusu müzakirə ediləcək.
Konfransda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, BP şirkətinin Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Joe Murphy, TAP-ın icraçı direktoru Luca Schieppatinin iştirakı nəzərdə tutulur.
Tədbirə Avropa Komissiyasının və müxtəlif ölkələrin rəsmiləri ilə yanaşı, "OMV”, "Gazprom”, "Uniper”, "Eni”, "Total”, "Equinor”, "Fluxys” kimi şirkətlərin nümayəndələri də qatılacaq.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilib. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri bu ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. TANAP inşası üzrə işlərin təxminən 98 faizi icra olunub. TAP inşası üzrə isə işlərin 82 faizdən çoxu tamamlanıb.
banner

Oxşar Xəbərlər