• şənbə, 20 Aprel, 04:34
  • Baku Bakı 15°C

Cənub Qaz Dəhlizi ölkəmizə milyardlarla dollar gətirəcək

31.05.18 19:43 963
Cənub Qaz Dəhlizi ölkəmizə milyardlarla dollar gətirəcək
Cənub Qaz Dəhlizi təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan nəhəng layihədir. "Cənub Qaz Dəhlizi” Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, ardınca Avropaya çatdıracaq. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Boru kəmərləri sisteminin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. "Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün də prioritet enerji layihələrindəndir. Layihə Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır və onun reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub.
Məlumat üçün qeyd edək ki, 2014-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirilib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan "Cənub Qaz Dəhlizi”nin seqmentlərini "Şahdəniz-2”, "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və "Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli Sərəncamına əsasən səhmlərinin 51 faizi dövlət mülkiyyətində - İqtisadiyyat Nazirliyi, 49 faizi SOCAR-a məxsus "Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edilib. 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası müddətində ümumilikdə 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini məhz Azərbaycanda açılacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək. Ən əsası isə Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevriləcək. Hansı ki, mənbəyini məhz "Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Bütün bunlarla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsində də əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, layihənin nəzərdə tutulan səviyyədə reallaşması Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisini kifayət qədər artıracaq. Bu isə beynəlxalq aləmdə həllinə bir çox hallarda ikili standartlar prizmasından yanaşılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, ədalətli həlli üçün son dərəcə önəmlidir.
Milli Məclisin deputatı, professor Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, bir vaxtlar Cənub Qaz Dəhlizi də "Əsrin müqaviləsi” kimi bir xəyal, əfsanə hesab edilirdi. Lakin dörd il bundan əvvəl onun təməli qoyul və bu gün sözügedən layihə reallığa çevrildi: "Bu nəhəng layihənin rəsmi açılışı bizim üçün həm də böyük siyasi əhəmiyyət daşıyır. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, bütün dünya Azərbaycanın təşəbbüsü ilə istənilən layihənin reallaşdırdığını gördü. Dəfələrlə nəhəng layihələrlə bağlı müəyyən proseslərin şahidi olmuşuq. Qonşu ölkələrin tarixindən bildiyimiz kimi, böyük layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparılır, lakin son nəticədə fikir ayrılıqları səbəbindən həmin layihələr reallaşmır. Amma Azərbaycanın təşəbbüsü ilə çoxsaylı layihələr reallaşdırılıb. Buna misal olaraq, "Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri, indi də Cənub Qaz Dəhlizi reallaşdırılıb. Layihənin reallaşması ilə, ilk növbədə, Azərbaycanın dünyada imici, mövqeyi kifayət qədər güclənmiş oldu. Həmçinin bu layihəni həyata keçirməklə böyük beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu meqalayihə, nəticə etibarilə, dövlətlər arasında əməkdaşlığın güclənməsinə gətirib çıxaracaq. Bu da olduqca vacib məsələlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu layihə, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu, eyni zamanda, enerji şaxələndirilməsi layihəsidir”.
İqtisadçı ekspert Vüqar Bayramov da bildirib ki, investisiya tutumu 40 milyard dollardan artıq olan Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanın məhz uğurlu və məqsədli siyasəti nəticəsində mümkün olub. Onun fikrincə, həm investisiyanın cəlb edilməsində, həm layihənin reallaşması ilə bağlı texniki məsələlərin həll edilməsində Azərbaycanın mövqeyi önəmli olub. Bu təşəbbüsün reallaşmasının iqtisadi, sosial, strateji və siyasi baxımdan çox vacib olduğunu deyən iqtisadçı-ekspert bildirib ki, iqtisadi baxımdan Cənub Qaz Dəhlizi Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək: "İlkin qiymətləndirmələrə görə, "Cənub Qaz Dəhlizi” ölkəmizə gəlir olaraq 100 milyard dollar vəsaitin daxil olmasına imkan yaradacaq. Bu, ölkəmizin dövlət gəlirlərinin, eləcə də strateji valyuta ehtiyatlarının artırılması baxımından önəmlidir. Həmçinin imkan verəcək ki, Azərbaycan gəlirlərinin artması fonunda daha çox sosial investisiya üçün vəsaitlər ayıra bilsin. Bu, xüsusən də sosial proqramların uzunmüddətli dövr üçün dayanıqlı şəkildə maliyyələşdirilməsi üçün bir baza formalaşdırır. Eyni zamanda, Cənub Qaz Dəhlizi Azərbaycan üçün sosial əhəmiyyət də daşıyır. Çünki gəlirlərin artması bir tərəfdən sosial proqramların sayına, digər tərəfdən, birbaşa məşğulluğa təsir göstərir. Həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələrdə 30 minə yaxın iş yeri yaradılıb”.
Ekspertlərin də vurğuladığı kimi, Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi sayəsində Azərbaycan iqtisadiyyatı daha da gücləndiriləcək, əhalinin sosial durumu yaxşılaşdırılacaq, ölkənin müdafiə qüdrəti bir qədər də artacaq. Eyni zamanda, layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın regionda və bütün dünyada nüfuzunu artıracaq, ölkəmizə siyasi, diplomatik üstünlüklər gətirəcək ki, bu da Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə müsbət təsir göstərəcək.

Alpər TURAN
banner

Oxşar Xəbərlər