• çərşənbə, 24 Aprel, 21:03
  • Baku Bakı 23°C

“Cənub Qaz Dəhlizi” - həyati əhəmiyyətli layihə

19.02.15 06:02 1559
“Cənub Qaz Dəhlizi” - həyati əhəmiyyətli layihə
Dünyanın belə bir vaxtında bu cür nəhəng layihə Azərbaycanın günü-gündən qüdrəti artan ölkə olduğunu bir daha göstərir
Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən layihələrdən biri də “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu layihənin ölkəmiz üçün çox böyük əhəmiyyətinin olduğu sirr deyil. “Cənub Qaz Dəhlizi” Azərbaycan qazının Avropaya çıxmasını təmin edəcək və bu gün Avropaya da Azərbaycan qazı lazımdır. Layihənin həyata keçirilməsi bugünkü ölkə rəhbərliyinin yürütdüyü düzgün enerji siyasətinin nəticəsidir.
Bir neçə gün əvvəl Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının keçirilməsi də bu fikirləri bir daha təsdiq edir. Şuranın işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən enerji nazirlərinin və vəzifəli şəxslərin iştirak etməsi bu layihəyə olan böyük marağın göstəricisi hesab olunmalıdır. Dünyada müxtəlif proseslər gedir, neftin qiyməti düşür. Belə bir məqamda bu yeni qaz layihəsi bir daha göstərir ki, doğrudan da Azərbaycan qüdrəti günü-gündən artan bir ölkədir.
Ölkə prezidenti İlham Əliyev Məşvərət Şurasındakı çıxışında da bu layihənin ölkə üçün siyasi əhəmiyyəti ilə yanaşı, iqtisadi əhəmiyyəti barədə bir çox məqamlara toxundu: “2012-ci ildə TransAnadolu-TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycanla Türkiyə arasında saziş imzalandı. Bu saziş “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində mühüm rol oynadı. Çünki Azərbaycan qazının nəql edilməsində əsas olacaq layihənin uzun illər ərzində müzakirəsi zamanı bizim tərəfimizdən TANAP layihəsi təqdim edildi, dərhal bütün tərəfdaşlarımızın güclü dəstəyini qazandıq. Bir sözlə, TANAP “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində mühüm yer tutur. Siz yəqin ki, bilirsiniz, artıq TANAP-ın praktiki həyata keçirilməsinə başlanılıb. 2013-cü ildə TransAdriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi burada - Bakıda keçirildi. Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra baş verdi. Bu, görülmüş işlərin qısa tarixçəsidir. Buna görə bir daha demək istəyirəm ki, artıq Azərbaycanda və qonşuluqda yaradılan həmin mühüm elementlər olmadan bu gün “Cənub Qaz Dəhlizi” layihəsi yalnız yaxşı bir ideya və ya istək kimi səslənərdi. Lakin bu gün bu layihə artıq həyata keçirilmə mərhələsində olan layihədir”.
“Cənub Qaz Dəhlizi” üçün resurs bazası bp-nin əməliyyatçı olduğu “Şahdəniz” yatağıdır. “Şahdəniz”dən başqa digər nəhəng qaz yataqları da nəzərə alınsa, “Abşeron”, “Ümid” və digər yataqlar “Cənub Qaz Dəhlizi” layihəsinə birmənalı olaraq töhfə verəcək. Yeri gəlmişkən, hesablamalara görə, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Ehtimal olunur ki, bu gün proqnozlaşdırılan rəqəmləri üstələyən daha çox hasilat və ixrac olacaq.
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Cənub Qaz Dəhlizi” layihəsini Azərbaycan üçün “Əsrin Müqaviləsi”nə bərabər layihə kimi dəyərləndirir. Onun sözlərinə görə, bu layihə həm siyasi, həm də iqtisadi baxımdan, o cümlədən müstəqilliyin gücləndirilməsi baxımından Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Millət vəkili qeyd edir ki, Azərbaycan müstəqillik qazanandan indiyə qədər çox uğurlu enerji siyasəti həyata keçirib: “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın əhəmiyyətini daha da artırır”.
V.Əhmədovun fikrincə, bu layihənin həyata keçirilməsinə mane olanlar var: “Hiss olunur ki, bu layihə bəzi qüvvələr tərəfindən qısqanclıqla qəbul olunur. Buna baxmayaraq, bu layihə çox düzgün atılmış bir addımdır. Bu layihə, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın təbii qazını Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropa Birliyinə çıxarmağı nəzərdə tutur. Artıq 2019-cu ildə AB-yə boru kəməri ilə ilkin mərhələdə ildə 10 milyard kubmetr, sonra isə 20 milyard kubmetrədək artırılmış həcmdə qaz yola salınacaq.
2020-ci ildə “Cənub Qaz Dəhlizi” layihəsi ilə nəql olunan Azərbaycan qazı Avropa Birliyinin “mavi yanacağa” olan tələbatının 10-20 faizini tam ödəməlidir ki, bu da ildə 45-90 milyard kubmetr deməkdir.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər