• çərşənbə axşamı, 23 aprel, 17:01
  • Baku Bakı 24°C

Cənub Qaz Dəhlizi həm Avropa, həm Azərbaycan, həm də Türkiyə üçün əhəmiyyətlidir

15.01.20 16:06 2416
Cənub Qaz Dəhlizi həm Avropa, həm Azərbaycan, həm də Türkiyə üçün əhəmiyyətlidir
"Modern Diplomacy” layihənin həm iştirakçı dövlətlər, həm də onun reallaşmasına cəlb olunan şirkətlər üçün mənfəətli olduğunu yazıb

Bəşər tarixinin ilk vaxtlarından insanlar enerji mənbələrinin axtarışında olublar. Yüzilliklər ərzində münaqişələr və müharibələr əksər hallarda enerji resursları üzərində nəzarət və onların ələ keçirilməsi uğrunda olub. Enerji resurslarının tükənməsi də iri dövlətlər üçün ciddi problemlər yaradır. Nüfuzlu qərb nəşri "Modern Diplomacy” nəşrində dərc olunan "TANAP Is Inaugurated: What Southern Gas Corridor Promises To The Europe And Stakeholders?” başlıqlı məqalədə bildirilir ki, enerji siyasəti xarici resurslardan asılı olan istənilən dövlət üçün əsas məsələdir. Bəllidir ki, Avropa İttifaqının enerjiyə olan tələbatı dünyanın digər yerlərindən daha çoxdur. Səbəb də odur ki, Avropanın özünün belə bir enerji ehtiyatı yoxdur. Alternativ və yeni marşrutlar Avropa İttifaqının hazırda əsas prioritetlərindən biri kimi nəzərdən keçirilir. Alternativ enerji layihələrinin reallaşması çox bahalı infrastruktur tələb edir və bunun yaradılmasına maliyyə ayrılması heç də bütün dövlətlərin imkanı daxilində deyil. Hazırda Avropa üçün Xəzər hövzəsi daha stabil və təhlükəsiz enerji mənbəyi kimi nəzərdən keçirilir.
"Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Avropa İttifaqı enerji daşınmalarının Avropaya çatdırılmasını təmin etmək - Türkiyə və Gürcüstan kimi tranzit ölkələrdə qaz kəmərlərinin yenidən qurulması və inkişafına üç faktordan irəli gələrək dəstək verir. Birinci faktor odur ki, 2006-2009-cu illər qaz mübahisələri göstərdi ki, Ukrayna etibarlı qaz tranziti ölkəsi hesab edilə bilməz. Hazırkı məqamda Türkiyə ən optimal alternativ marşrutdur. İkinci faktor isə odur ki, 1994-cü ildən xarici tərəfdaş dövlətlərlə əldə etdiyi təcrübə baxımından Azərbaycan enerji daşınmasında daha stabil və təhlükəsiz ölkədir. Bununla yanaşı, Bakı Qərblə vasitəçilərin iştirakı olmadan enerji əməkdaşlığı məsələsində maraqlıdır. Bəllidir ki, Azərbaycanın açıq dəniz çıxmaq imkanları yoxdur. Etibarlı və effektiv nəqliyyat şəbəkələri dünya bazarına çıxış əldə etmək Azərbaycanın iqtisadi inkişafı və təhlükəsizliyi üçün çox vacibdir. Üçüncü faktor - təhlükəsizlikdir. Şərqi Avropa əhəmiyyətli dərəcədə Rusiya qazından asılıdır. Bu səbəbdən də bu regiondakı ölkələrə iqtisadi ticarət tərəfdaşlarını diversifikasiya etmək yolu ilə enerji təhlükəsizliyini təmin etmək vacibdir. Enerji təhlükəsizliyi özündə iqtisadi və siyasi faktorları birləşdirir. Aİ öz sərhədlərini istənilən təhlükədən qorumaq üçün xeyli səy göstərir. Mövcud problemi iki yolla həll etməyə çalışır – beynəlxalq əməkdaşlıq və enerji daşıyıcılarının daxili bazara gətirilməsi üçün təhlükəsiz ixrac.
Məqalədə xatırladılır ki, 2011-ci ildə Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyannaməyə imza atdılar və bu dəhliz "Nabukko” layihəsindən daha optimal və çox ümidverici oldu. Daşınmaların istiqaməti Avropa üçün də əhəmiyyət kəsb edirdi – TAP və TANAP Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edəcək. "Nabukko”dan fərqli olaraq Cənub Qaz Dəhlizi qazın Xəzər dənizi, Yaxın Şərq və Mərkəzi Asiyadan daşınması məsələsində daha perspektivli, strateji və məqsədyönlüdür. Layihənin əsas məqsədi yeni və alternativ marşrutları ilə
enerji marşrutlarının diversifikasiyasına nail olmaqdır. TAP layihəsinin geosiyasi əhəmiyyəti enerji mənbələrinin diversifikasiyası baxımından əhəmiyyətlidir. TAP layihəsinin əsas istiqamətləri İtaliya və Yunanıstandır və ilkin mərhələdə Azərbaycan qazını digər Avropa ölkələrinə, məsələn Avstriya, Mərkəzi Avropa ölkələrinə, Bolqarıstan, Balkan yarımadasına, Cənubi Xorvatiya, Albaniya, Bosniya və Herseqovinaya, eləcə də, Böyük Britaniya, Almaniya, Fransa və İsveçrəyə çatdıra bilər. TANAP-a gəldikdə bu layihə ilk dəfə olaraq 2011-ci ildə İstanbulda elan olunub. Elə həmin il Azərbaycan və Türkiyə arasında bununla bağlı memorandum imzalandı. 2019-cu il noyabrın 30-da isə layihənin açılış mərasimi baş tutdu. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan öz tarixində ilk dəfə olaraq qazını birbaşa Avropaya nəql edə biləcək. Layihəyə qoşulmaqla Türkiyə regional təhlükəsizlik məsələsində mövqeyini ortaya qoymuş oldu - regional enerji mərkəzinə çevrildi. Avropa dövlətləri Xəzər dənizindən çıxarılan enerji resurslarının Avropa bazarına çatdırılmasını dəstəkləyir, bunun üçün iqtisadi və siyasi dəstəklərini göstərirlər. Beləliklə, Cənub Qaz Dəhlizi Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiyaları Bankının maliyyə dəstəyi verdiyi çoxmillətli qaz xəttinə çevrilir. Maliyyələşmədə iştirak etməsə də, Vaşinqton TANAP-ı dəstəkləyir.
Məqalədə qeyd edilir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili münaqişələr fonunda stabil iqtisadiyyat və siyasi sistem qurmağa müvəffəq oldu. Başqa sözlə ifadə etsək, Azərbaycan tranzit layihələr hesabına enerji daşıyıcılarının Qərbə daşınmasında maraqlıdır. Bu səbəbdən də Aİ regionda çətin ki, hansısa bir çətinliklə üzləşsin.
Məqalədə o da qeyd edilir ki, Cənub Qaz Dəhlizi əvvəlki layihələrlə müqayisədə bir sıra səbəblərdən üstünlüyə malikdir. İlk növbədə Xəzər hövzəsinin enerji resursları Aİ üçün əhəmiyyətlidir. Azərbaycanın coğrafi mövqeyinin ideal olması isə onu bu resursların nəqli üçün ideal və optimal məntəqəyə çevirir.
- Cənub Qaz Dəhlizi "Nabukko” kimi uzun marşrut deyil. Bu səbəbdən də vəsait sərfi baxımından əlçatandır.
- Cənub Qaz Dəhlizi enerji bazarında rəqabətə davamlı qiymət yaradacaq - birinci mərhələdə Cənubi Avropa, sonra isə Mərkəzi Avropa ölkələri üçün
- Cənub Qaz Dəhlizi Türkiyənin tranzit ölkə kimi mövqelərini gücləndirəcək və Aİ ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirəcək.
O da qeyd edilir ki, gələcəkdə Tranzxəzər boru xəttinin də bu dəhlizə qoşulması planlaşdırılır. Lakin bunun üçün beş Xəzəryanı dövlətin razılığı gərəkdir.
Məqalənin sonunda TANAP-ın Türkiyə üçün də əhəmiyyət kəsb etməsinə xüsusi yer ayrılıb. Bildirilir ki, Türkiyə enerjinin aşağı qiymətlərlə alınmasında maraqlıdır. Hazırda bu ölkə enerjiyə olan tələbatının 98 faizini qonşu dövlətlərdən alır. Türkiyə həm də ixrac ölkələri üçün öz məhsullarını satmaq üçün bazardır. Türkiyə əhəmiyyətli enerji mərkəzi olmağa çalışır. Enerji mərkəzi olmaqla Avropanın enerji təhlükəsizliyini təmin edə, eləcə də, rəqabətədavamlı bazar strukturu formalaşdıra bilər. O da xüsusi vurğulanır ki, Cənub Qaz Dəhlizi Aİ-nin enerji təhlükəsizliyi nöqteyi-nəzərindən əhəmiyyətlidir. TAP və TANAP Avropa və Türkiyənin iqtisadiyyatına müsbət təsir göstərəcək, enerji bazarlarında rəqəbətədavamlı qiymətlər yaradacaq. Beləliklə, Cənub Qaz Dəhlizi həm iştirakçı dövlətlər, həm də onun reallaşmasına cəlb olunan şirkətlər üçün mənfəətli layihədir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər