• çərşənbə, 24 Aprel, 19:47
  • Baku Bakı 23°C

“Cənub axını”nın istiqaməti dəyişir?

23.04.14 10:03 1654
“Cənub axını”nın istiqaməti dəyişir?
Ukraynada baş verən hadisələrin Qərblə Rusiya arasındakı münasibətlərə təsirsiz ötüşmədiyi göz önündədir. Bu xüsusən də enerji daşıyıcılarının nəqli məsələsində özünü qabarıq formada büruzə verir. Avropa artıq nəyin bahasına olursa-olsun Rusiyadan enerji asılılığına son qoymaq istəyir. Yaranmış vəziyyətdə Türkiyə də müəyyən mənfəət əldə etməyə çalışır, təkliflərlə çıxış edir. Rəsmi Ankara regionun ən böyük layihələrindən olan “Cənub axını” qaz kəməri layihəsinin marşrutunu dəyişməsi, yəni öz ərazisindən keçməsi təklifi ilə çıxış edir. Yayılan xəbərlərə görə, Ankarada iki ölkə “Mavi axın” boru xətti vasitəsilə nəql edilən qazın həcminin artırılması barədə razılığa gəliblər. Ankarada səfərdə olan “Qazprom”un İdarə Heyətinin direktor müavini Aleksandr Medvedyev bu barədə müvafiq razılaşmaya imza atıb. Əldə olunan razılığa görə, Rusiya Qara dəniz vasitəsilə Türkiyəyə nəql edilən qazın həcmini 16 mlrd. kub metr-dən 19 mlrd.kub metrə kimi artıracaq. Bu barədə Türkiyənin təbii ehtiyatlar naziri Taner Yıldız bildirib. Ən əsası Türkiyə tərəfi bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı “Cənub axını” kəmərinin inşası məsələsi də müzakirə mövzusu olub. Türkiyəli nazir bildirib ki, Ankara bu layihənin onun ərazisindən keçib getməsi ilə bağlı təkliflər gözləyir. Onun sözlərinə görə, Ankara bu təklifi diqqətlə nəzərdən keçirməyə hazırdır. Lakin özü bu təşəbbüslə çıxış etmək istəmir. Bu marşrut reallaşacağı təqdirdə, Türkiyənin tranzit ölkə kimi mənfəəti milyonlarla dollar ola bilər.
Qeyd edək ki, “Cənub axını” ilə bağlı məsələ bir müddətdir ki, mətbuatın gündəmini tutub. “Qazprom” əvvəlki günlərdən bu yana bu barədə danışıqların baş tutacağı faktını təsdiq etmirdi. Lakin kompaniyadakı mənbələrdən Rusiyanın “Kommersant” nəşrinə daxil olan məlumata görə, “Cənub axını” layihəsinin marşrutunun dəyişəcəyi ehtimalı azdır.
Ekspertlər isə qeyd edir ki, Rusiyanın Ukrayna ilə münasibətlərinin korlanması uzunluğu 2400 kilometr olacaq “Cənub axını” boru xəttinin taleyini sual altında qoyub. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger Rusiya ilə münasibətlərdə yaranan böhranın Avropanı Rusiyadan enerji asılılığının azaldılması üzrə səylərini artırmağa məcbur etdiyini deyib. Günter Ottinger aprelin əvvəlində bəyan edib ki, Avropa İttifaqının “Cənub axını” ilə bağlı Rusiya tərəfi ilə danışıqları təxirə salınıb. Ötən həftə Avropa liderlərinə məktubunda prezident Vladimir Putin isə xəbərdarlıq edib ki, əgər Ukrayna qaza olan borcunu ödəməzsə Rusiya bu ölkəyə qaz tədarükünü azaltmalı olacaq. Avropayla danışıqların ləngiməsindən isə Türkiyə tərəfi istifadə etmək istəyir. Ankara ehtiyat edir ki, Rusiya-Ukrayna münasibətlərinin korlanması Türkiyəyə qazın nəqli üçün risk yaradır. Bununla əlaqədar olaraq hökumət qazın fasiləsiz nəqlini təmin etmək üçün tədbir görmək istəyir. Tranzit risklərin aradan qaldırması üçün Ankara Türkiyənin şimal-qərbi vasitəsilə “Cənub axını”nı çəkməyi təklif edir. Amma bu marşrut Bolqarıstan vasitəsilə deyil, birbaşa Rusiyadan Aİ ölkələrinə istiqamətdə nəzərdə tutulub.
Öz növbəsində Rusiyanın enerji nazirinin müavini Anatoli Yanovski də “Kommersant”a bildirib ki, marşrutun dəyişdiriləcəyi ilə bağlı hər hansı sənədi görməyib. Lakin istisna etmir ki, ideyalar müxtəlif ola bilər. “Qazprom”da da bu məsələni şərh etmək istəməsələr də, lakin oradakı mənbələr marşrutun indiki mərhələdə köklü şəkildə dəyişə biləcəyinə şübhə ilə qarşılayıblar. “Artıq layihələşmə mərhələsi keçilib. Bolqarıstanın Varna şəhərinə qədər işlər görülüb. İtaliyanın “Saipem” şirkəti ilə danışıqlar sentyabrda başlayacaq.
Rusiya nəşrləri yazırlar ki, Türkiyənin “Cənub axını” layihəsi ilə bağlı mövqeyi onu deməyə əsas verir ki, Ankara Ukrayna məsələsində Moskvanın mövqeyini müdafiə edir.
Məlumat üçün bildirək ki, “Cənub axını” layihəsinin rəsmi dəniz marşrutu Anapa limanı vasitəsilə Qara dənizin dibi ilə Bolqarıstan sahilinə gedib çıxır. İnşa ediləcək kəmərin Qara dəniz hissəsində uzunluğu 924 km, maksimal dərinliyi 2,2 km-dir. Kəmər Bolqarıstana kimi dənizin dibi ilə, oradan Cənubi və Mərkəzi Avropa ölkələrinə quru ilə gedib çıxmalıdır. Onun keçib gedəcəyi ölkələr sırasında Bolqarıstan, Serbiya, Macarıstan və Sloveniya da var. Qaz kəmərinin son nöqtəsi İtaliyanın Tarvizio stansiyası olmalıdır. Bir faktı da qeyd edək ki, “Qazprom” “Cənub axını” layihəsinin rəsmi qiymətini də müəyyən edib - 16 mlrd.avro. Bu vəsaitin 10 mlrd-ı dəniz, yerdə qalan hissəsi isə qurunun payına düşür.
Maraqlıdır ki, ekspertlər kəmərin Türkiyə ərazisindən keçib getməsi ideyasının problemli ola biləcəyini vurğulayırlar. Onların qənaətincə, Rusiya Türkiyə ilə yalnız dəniz vasitəsilə sərhədə malikdir. Bu zaman tranzit kimi Gürcüstan ərazisindən də boru xətti çəkilməlidir. Bu isə mümkün deyil. Səbəb kimi də iki ölkə arasında münasibətlərin gərgin olması göstərilir. Tranzit ölkələr kimi Azərbaycan və Ermənistan ərazisi isə Moskvanı özünə cəlb etmir. Belə ki, Kreml Azərbaycan qazını “Qazprom”un Avropadakı əsas rəqibi kimi nəzərdən keçirir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər