AZE | RUS | ENG |

Cənnətin iblisi

Cənnətin iblisi
O, dünyanın ən çox tənqid edilən, ən qalmaqallı yazıçılarından biridir.  Düşündüyü hər şeyi cəsarətlə ifadə edir. Fəlsəfə, mistizm birləşdirərək özünə məxsus qeyri-adi üslub yaradıb. Katolik ailəsində dünyaya gələn Henri Miller uğursuz tale yaşayıb. "Cənnətdə bir iblis” romanında bir çox fəlsəfi cərəyanların ideyalarını görmək olar. Ziddiyyətlərlə zəngin olan bu romandan hər kəs fərqli mesajlar ala bilər. Morikan obrazı təzadlı həyat tərzi ilə insanı təəccübləndirir. Bədbəxtliyini insanlara həddindən artıq inanması ilə əlaqələndirən Morikan öz müsibətlərinə görə heç vaxt başqalarını günahkar hesab etmir. Onunla söhbət etmək çətindir. Söhbət şiddətli münaqişəyə çevrilir, sanki bir axmaq fanatiklə danışırsan. Lakin səliqəli insandır, Ümidsiz yoxsulluq, gərgin səfalət anında olduğu zamanda belə səliqəli görünməyə çalışır. Kübarlıq onun daxili tələbatıdır. Dünya ilə bütün əlaqələri kəsilsə də xarici görünüşünü qoruyur. Əsərdə müəllifin Balzakın "Serafita” əsəri haqqında fikirləri var. Obraz həmin əsəri öz müdafiəçisi hesab edir. Morikana kömək etmək istəyən insan bəzən bezir, hər şeyi atıb uzaqlaşmaq istəyir, bəzən öz-özünə danışır: 
 
Morikan, mənə lazımdırmı? Axı ona borcum yoxdur. Həyatı boyunca etdiyi mücadilələri və verdiyi qurbanları qabartmaq arzusunda olmayan qəhrəman Morikandan bezir, lakin imtina da edə bilmir. Henri Miller yazır ki, nəticə etibarı ilə yalnız bir dil var – həqiqətin dili. Morikan dostunun anarxist olduğunu düşünür, onun dəstəyindən, həmçinin həkim yardımından imtina edir. Bəzən Morikan olduqca səhih nəticələr çıxarır. 
 
Henri Miller haqqında danışdığımız romanda bir nəzər nöqtəsinə kölə olub daim bu haqda düşünməyə etiraz edir. Bütün nəticələr həm doğrudur, həm də yanlış. Kainat haqqında nə qədər danışsaq da? o formasını dəyişdirməyəcək. İstisnalar yoxdur, hər kəsin şəxsi kədəri və əzabları var, həyat əbədi mübarizədir, mübarizə isə qəm-qüssə və iztirab gətirir. İztirablar bizə güc və xarakter verir. Bəzən insan öncədən məğlub olacağını bilsə də yarışa hazırlaşır. Bu, iztirabların yaratdığı güclü xarakterdir. Bəzən Henri Milleri Bukovski ilə eyniləşdirirlər. Zənnimcə Millerlə Bukovskini eyni pilləyə qoymaq ədalətsizlik olar. Miller ciddi intellektual mübahisələr yaradacaq yazarlardan sayılır. 1960-ci illərə qədər əsərlərinin nəşri qadağan olunub. Miller öz üslubunu yaratmış yazıçıdır. "Cənnətdə bir iblis” romanı vulqar ifadələrlə zəngindir. Lakin müəllif həmin məqamlarda başqa nəzakətli ifadələr işlətsəydi əsər bəlkə də səmimiyyətini itirərdi. Haqqında danışdığım əsərdə fəlsəfi fikirlərlə, aforizm ola biləcək düşüncələrə tez-tez rast gəlinir. Dünyanın yaranışı və mövcudluğunu davam etdirməsi üçün bütün növlərə, hətta zərərverici qüvvələrə belə ehtiyac var. Lakin baxışlar, zövqlər haqqında eyni şeyi söyləmək olmaz. Bütün fikirləri, baxışları, bütün rəsm əsərlərini bir yerə topla, yenə də bir bütünlük əldə edə bilməzsən. Bütün fikirlərin cəmi həqiqət yarada bilməz. Həqiqəti bilən zaman insan məğlub olur. Daha çox dərinə endikcə insan daha çox batır.  Müəllif romanda şizofrenik durumlara münasibətini bildirib. Şifozreniya hər zaman, bəşər övladı yaranandan bu günədək var və olacaq. İnsan parçalananda minlərlə xırda fraqmentlər yaranır. Lakin onlar hər an birləşə bilər. Adəmlə bugünkü insanın fərqi odur ki, biri cənnətdə doğulub, digəri isə cənnəti özü yaratmalıdır. 
"Morikan həyatının son anlarında siçovul kimi yalqız, dilənçi kimi çılpaq idi@. Roman bu cümlə ilə bitir. Çox təsirlidir. 
 
Henri Millerin "Paris Review ” dərgisinə verdiyi  müsahibə çox maraqlıdır. Yazıçı hesab edir ki, yazı prosesi zamanı mütləq narahat şəraitdə olmaq lazımdır. Əks halda uğurlu əsər yaratmaq olmaz. Miller hər şeyi kökündən dağıdıb yenidən qurmaq imkanına görə dadaizmi yüksək qiymətləndirir. Müəllif bildirir ki, sevimli yazıçısı Dostoyevskidir. Dostoyevski hər zaman bədbəxt olub. Əminəm ki, o bunu romanları uğurlu olsun deyə planlı şəkildə etmirdi. Əzablar, işgəncələr Dostoyevskinin həyat tərzi idi. Henri Miller bildirir ki, çox düşünür, lakin bəzən çox da dərinə enməyi sevir. Dərinliklərə enmək insanın itməsinə səbəb ola bilər. Caz musiqi janrına sevgisindən bəhs edən müəllif bəzən eyni anda bir neçə əsər yazmasından, əsərlərinin yazılma hallarından danışır. "Cənnətdə bir iblis” əsərini oxuyarkən anladım ki, Henri Miller Cənnətdəki iblisin özüdür. İnsanı sanki bütöv materiya üzərində gəzdirir və beynini istədiyi şəkildə yönləndirir.                                
 
Miller "Yazıçılıq haqqında qeydlər” adlı essesində yazır ki, yazıçılıq həyat kimidir, təcrübəni artırmaq, daxili dünyanı zənginləşdirmək üçün səyahət etməli, müxtəlif ölkələrə getməli, müşahidələr və müqayisələr aparmalısan. Yazıçılıq çaşqınlıqdan, heyrətlənməkdən, ziddiyyətlər burulğanından boğulmaqdan yaranır. Yazıçılıq Pamukun təbirincə desək iynə ilə məzar qazmağa bənzəyir. Yaradıcılıq özündə təkamül xarakterini daşıyır. Hər ikisi sonsuz prosesdir və daim təkmilləşməyə meyl edir. Yazıçı həmin essedə yazır ki, öz üslubumu tapana qədər  sevərək oxuduğum yazıçıların ədəbi fəndlərindən istifadə edirdim. Maraqlı məqam budur ki, ölkəmizin gənc yazarları ötən nəslin hansısa yazarından, şairindən təsirlənib bir-iki cümlə yazanda həmin müəllifi dərhal oğurluqda, başqasının zəhmətinə qiymət verməməkdə günahlandırırlar. Miller bizə konkret olaraq hansısa ideyanı, hansısa siyasi baxışı təqdim etmir. Onun məqsədi gördüyü və gündəlik yaşadığı hadisələri qeyri-adi təsvirlərlə, modern üslubda oxucuya təqdim etməkdir. Miller yazır ki, insanda etiqaddan, inamdan daha üstün xüsusiyyətlər var. Henri Millerin müsahibələri də çox maraqlıdır. Miller onu ədəbiyyatda inqilab edən yazıçı sayanlara ironik münasibət göstərir. "Deyilənlərə görə mən inqilab etmişəm, amma bu, mənim iradəmin ziddinədir, çünki mən zövq almaq, əylənmək üçün yazıram”. Miller insanı konkret hansısa qəliblərə salmır. Obrazlarına azadlıq verir. Hərdən insanda belə bir təəssürat yaranır ki, yazıçı istirahət edir, romanı obrazlar özləri davam etdirir. Onun məqsədi bəşəriyyətə problemlərdən çıxış yolları təklif etmək, ali dəyərlər yaratmaq deyil. O, insanlardan daha çox mətnə, sənətin özünə xidmət edir.
 
Henri Miller əmindir ki, gələcəkdə bütün sənətlər məhv olacaq, həyat sənətin bir sahəsi sayılmayacaq, birbaşa sənətin özü olacaq. Əksər müasir yazıçılar kimi, Miller üçün də əsas amil əsərin ideyasından, süjet xəttindən daha çox mətnin dilidir. Miller əylənmək və zövq almaq üçün yazıram sözlərini deyərkən nə qədər səmimidir? Bu suala yəqin ki, Millerin özündən başqa heç kəs dəqiq cavab verə bilməz. Çünki məlum essedə Miller onu da vurğulayır ki, mən yazıçılıqla tərki-dünyalığı unutmaq, bekarçılıqdan xilas olmaq üçün məşğul olmuram. Yazıçı öz qüsurlarını, nöqsanlarını, mənfi xüsusiyyətlərini çəkinmədən etiraf etsə də oxucular və tənqidçilər onun Markes kimi ədəbi hoqqabazlığı sevdiyini bilirlər. Miller üçün hadisə problemi yoxdur, o, ən bəsit hadisəni belə bizə ədəbi mətn kimi təqdim edə bilir. Bu mənada Miller istedadını danmaq olmaz. "Rahat yaşamaq üçün qələbə istəyindən imtina etməlisən və məğlubiyyət haqqında düşünməməlisən”. Millerin düşüncəsinə görə insanı bədbəxtliyə sürükləyən ən birinci səbəblərdən biri eqodur. Əgər insan öz beynində bir heçlik olduğunu qəbul etsə xoşbəxt olmağa can atmaz. Bu məqamda beynimizdə daha bir sual yaranır: Sənət nədir, öz eqomuzu isbat etmə imkanı, yoxsa dünyaya fayda vermək istəyimiz? Məncə əksər sənət adamlarında nə qədər gizlətməyə çalışsalar da eqo özünü göstərir...
 
Nicat Həşimzadə
                                                             
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.935
GEL 1 1 Gürcüstan larisi 0.6371
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1877
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1888
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.6061
TRY 1 1 Türkiyə lirəsi 0.3174