• cümə axşamı, 28 mart, 22:52
  • Baku Bakı 13°C

Cənnətdən açılan silahlar...

07.03.14 09:16 1455
Cənnətdən açılan silahlar...
Ölmək istəyən adamların ayaq səslərinə bənzəyir qulağıma çalınanlar. Hənirti səsləri, iniltilər...
Yox, mənim ruhum məzarlıq deyil. Cənazəm var, yasdayam. Amma həyatdan gedənlərim bu dünyadan dördəlli yapışanlardan deyil.
Olmadıqlarına görə də onların arxasınca ağlamağa haqqım yoxdur.
Axma, gözümün yaşı. Necə deyirdi şair?
“Çinar ayaqda ölür...”
Mənim çinarlarım içimə köçdülər. Ürəyimə. Bu aşağıdan da aşağı dünyadan varıb getdilər üzüyuxarı. Oralar buralardan daha təmizdi. Dünya təmiz adamları gec-tez vərəvurd eləyib ucalığına qaldırar.
“Atan rəhmətə getdi, Nigar...”
Üzümü cırmadım, yanaqlarımın qanı barmaqlarımda qalmadı. Şivən də qoparmadım.
Susdum...
İçimdən bir dərd qopdu, “anam tək qaldı...”
...
Kəndimizin arvadlarına qoşulub dizimə döymədim. Susdum eləcə. Günlərdir içimdə bir səs oynayır:
“anam anam anam...”
atam məni belə sevərmiş.... indi mən oxşayıram içimdəki dərdimi...
saçlarına dən düşmüş balama layla çalıram:
“atam atam atam...”
...Atalarına oxşayan qızlar atalarından yetim qalar əslində. Çünki hər qadının həyatındakı ilk qəhrəman atasıdır. ATA necədirsə dünyanın bütün kişiləri elədir. Ən azından onun gözündə. Əgər onun həyat yoldaşı atasına bənzəyirsə, o qadından xoşbəxti yoxdur.
...mən əslində qardaşlarımı itirəndə yetim qalmışdım, atamdan...
Gözlərinin içində iki qardaşımın ölümünü gəzdirirdi. Bir də ürəyinin başında.
İnfarkt keçirmişdi. Həkimin xüsusi xəbərdarlığı vardı, “qoruyun, bir də olsa qurtara bilməyəcəyik”.
Dediyi kimi də oldu. Atamın üçüncü infarkta gücü çatmadı.
Bu yazını ondan yazdığım üçün hər kəs günahımdan keçsin. Mənim dərdim mənimdi, azı və ya çoxuyla. Amma...
...amma demək istədiyim, ağzım dolusu hayqırmaq istədiyim bir məsələ var. Bu ölkədə bir şəhid atası daha oğullarının layiqli yerini görmədən bu dünyadan köçdü. Atam Qarabağ savaşı başlayanda beş oğlunun üçünü müharibəyə göndərdi. İkisini qara torpağa qurban verdi. Əslində mənim ailəmin faciəsi elə o gündən başladı. 1994-cü il dekabrın 22-sindən üzü bəri ailəmdə hamı “öldü”.
Bir gündə iki tabut gəldi evimizə. Mən Atamın o günkü hönkürtüsünü Azərbaycana halal etmirəm, etməyəcəm də! Atam biri 25 o biri də 18 yaşında iki balasını torpağa verdi. Və gün gəldi, məlum oldu ki, mənim qardaşlarım atəşkəs dövründə həlak olduqları üçün onlara şəhid statusu verilmir. Bax bu Vətən mənim Atam üçün dəyərini o gün itirdi. Elə mənim üçün də! Atam kirimişcə “mən onları status alsınlar deyə müharibəyə göndərmədim, oğul, onlar mənim şəhidimdir” dedi. Və susdu. Mənim dağ boyda Atam bir gün belə öz xeyirxahlığından, insanlığından, mərd adam olmağından əl çəkmədi. Mənim doğulduğum kənddə Atamı elin-obanın atası bilməyən adam yoxdur.
Buna baxmayaraq mən gecələri atamın “məni balalarıma qovuşdur” iniltisini dinləyə-dinləyə böyüdüm.
Amma ömrünün axırına qədər dik durdu. Onun gözünün yaşını anamdan başqa görən olmadı. Atam beli bükülmədən getdi bu dünyadan. Diz çökmədən, inildəmədən.
Aidiyyatı şəxslər, qanunlara imza atanlar, əlinizdəki qələmin gücü sizin deyil. Haqqı nahaqqa qurban verməyin. Bu torpağın bir də altı var. O tərəfin haqq-hesab günü var. Bu dünyanın mərd kişilərini diri-diri yandırmayın qələminizin odunda. Bir az da ilahi ədaləti düşünün.
Mənim susqunluğumu atamın ölüm xəbərinə yazılan bir şərh pozdu. Dostlardan biri “o şəhidlərinə qovuşdu. Məkanı cənnət olsun”, - deyə yazmışdı. Və o kəlmə məni ayıltdı. Atam balalarına getdi, doğmalarımın dediyi kimi, onlara qovuşdu.
Bəs siz? Siz ey qanun adamları, siz ey Vətən üçün ölməyə sərhəd qoyanlar, Allahın yolunda ölənlərə “status” vermək “gücü” olduqlarını düşünənlər, sizin yanına üzüağ getməyə kiminiz var?!
Bir gün ordan açılan silah səsləri diksindirəcək sizi.
Ölmək üçün ədalətini unutduğunuz Allaha yalvaracaqsınız. Çinarlara dolanıb ən yuxarıya qalxdığını hesab edən sarmaşıq misali kökünüz quruyacaq və yenə yerlərə düşəcəksiniz. Çünki...
...zibili qaldırıb yuxarı qoyanda yuvarlanıb yenə yerə düşər, yerinin ora olduğunu yaxşı bilir!
Haşiyə: Şəhərdən baxanda kənd hər nə qədər bizə doğma görünsə də, oranın ümid yeri də şəhərdir. Daha doğrusu şəhərdəkilər.
Mən həmişə iş yoldaşlarıma hörmət etmişəm, mənə dözdükləri, mənə həmişə səbrli davrandıqları üçün. Bu minnətdarlığın yarı payı Azadinform informasiya agentliyinindir, amma «Kaspi» qəzetinə başqa sözüm var. Bakıdan altı saat uzaqlıqdakı kəndimizdə bu qəzet mənim ailəmin, mənim kəndimin ümid yeri oldu. Hər cızma-qaram dərc olunanda onu mənimlə bərabər bütün kənd oxudu və Atam mənim yazılarım çıxan qəzetin hər nömrəsini göz bəbəyi kimi qoruyub-saxladı. Adına da “anamın qəzeti” dedi.
Sizə təşəkkür edirəm, «Kaspi» heyəti.
Sizə minnətdaram Sona xanım Vəliyeva.
Sağ olun Natiq müəllim. Mənə, mənim Atama, ailəmə bu qüruru yaşatdığınız üçün...
Mənim kimi bir dəliyə dost olduğunuz üçün!
Və son olaraq bu müddət ərzində istər internet vasitəsilə, istərsə də cavab vermədiyim telefonlarla yanımda olduqlarını bildirən bütün dostlarıma “yaxşı ki, varsınız”deyirəm.
Mən qardaşlarımı itirəndə Atam vardı. Atamı itirəndə isə yanımda dostlarımı gördüm. Demək ki, yaşadığım ömür boşa getməyib və mən atamın qız olaraq, Nigar İsfəndiyarqızı olaraq sizin üçün az da olsa nəsə edə bilmişəm. Var olun! Olun ki, mərd adamların yurdu boş qalmasın!
Olun ki, dədədlərinin dəli balalarının gücü yaşamağa çatsın!
Atalarından sonra...
Yerin behişt olsun, ATA!
Tanrı balalarını başına yığdığın cənnətindən salamını almağı nəsib eləsin!
banner

Oxşar Xəbərlər