• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

Cənab Prezidentin dəmir məntiqi

26.06.14 08:43 1259
Cənab Prezidentin dəmir məntiqi
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi səbəbilə AŞ PA-nın iyunun 27-dək davam edəcək yay sessiyasının ikinci günündə prezident İlham Əliyev çıxış edib. Xüsusi ilə qeyd etmək lazımdır müasir dünyanın çağırışlarını təhlil edib ölkəsinin milli maraqlarını ön plana çəkməklə dövlət başçısının çıxışı avropalı parlamentarilər də dərin təəssürat yaratmışdı. Dəmir məntiqə söykənən mühakimələr uzun illərdir erməni lobbisinin, habelə onların havadarlıq etdiyi «beşinci kalon» ünsürlərinin təxribat cəhdlərini alt-üst etmiş, Azərbaycan həqiqətlərini bir daha yüksək kürsüdən səsləndirilməsi ilə yadda qalmışdır. Prezident dövlətin maraqları və milli mənafe məsələsində əsla geri çəkilməyin, kompramisə getməyin mümkün olmadığını nümayiş etdirməklə ölkəmizin haqqında qeyri-obyektiv mənbələrin formalaşdırdığı rəylərin qətiyyən reallıqla səsləşmədiyini arqumentlərlə sübut etmişdir.
Avropanın müasir siyasi mənzərəsi üçün əlamətdar olan bir sıra məsələlər haqda danışan ölkə başçısının toxunduğu mövzulardan biri də ölkəmizdə insan haqları və azadlıqların təmin edilməsi ilə bağlı olub. Prezident çıxışında bildirib ki, Azərbaycan Avropa Şurasının 600-dən artıq konvensiyasına qoşulub. Bu isə ölkəmizin sivil, inkişaf etmiş dünyanın bir parçası olmaq istəyindən irəli gəlir: “Azərbaycan gənc dövlətdir. Bizim illərlə yığılan problemlərimiz vardı. Ölkə siyasi, iqtisadi, sosial, hərbi böhran içərisində idi. Bizdən qabaqkı iqtidar durumu son dərəcə çətin bir mərhələyə gətirib çıxarmışdı. Nəticədə Azərbaycanda vətəndaş savaşı baş verdi, Azərbaycan dövlətinin mövcudluğu sual altına düşdü. Bu, Azərbaycanın çağdaş tarixinin ən ağrılı səhifələri idi. Ancaq biz ölkəni bu böhrandan çıxararaq iqtisadi islahatlara başlaya bildik. İslahatlar nəticəsində Azərbaycanda müsbət atmosfer yaranıb. Biz demokratiyanın inkişafına çalışırıq. Azad bir cəmiyyət qurmuşuq və ölkəmizdə söz azadlığı, siyasi azadlıqlar təmin olunub”.
Ölkə başçısı bildirib ki, Azərbaycanda 40-a yaxın gündəlik, 200-ə yaxın həftəlik və aylıq media orqanı var və telekanallar müstəqil şəkildə fəaliyyət göstərirlər. 14 regional telekanal açıldığını və KİV-ə senzura tətbiq olunmadığını vurğulayan prezident ölkədə internetin sərbəst olduğunu, hər kəndə, hər qəsəbəyə internetin çatımlı olması üçün bir sıra proqramlar həyata keçirildiyini də nəzərə çatdırıb: “Ölkədə yüzlərlə siyasi institutlar fəaliyyət göstərir. Azərbaycanda azad söz, sərbəst toplaşmaq azadlığı var. Sonuncu prezident seçkilərində müxalifət tam sərbəst fəaliyyət göstərdi, mitinqlər keçirdi. Bizim vətəndaşlarımızın dinc şəraitdə istənilən toplantını keçirmək imkanı var”.
Aydın məsələdir ki, demokratiyanın əldə olunması uzun müddət tələb edən prosesdir və bu mövzunu kifayət qədər həssas da hesab etmək olar. Azərbaycan dövləti öz prioritetlərindən danışarkən hər zaman bu məsələni diqqət mərkəzində saxladığını, ölkədə demokratiyanın bərqərar olunması üçün əlindən gəldiyini etdiyini bildirir. Ona görə də Azərbaycanın bu yolda inamla addımladığını söyləmək mümkündür. Lakin təəssüf ki, ölkəmizin uğurlarını gözü götürməyən, əldə olunan nailiyyətlərinə kölgə salmaq istəyənlərin sayı az deyil və onlar hər fürsətdə ölkəmizin dünyadakı imicinə zərər gətirmək üçün əllərindən gələni edirlər. AŞ PA sessiyasında da «beşinci kalon»un məlum üzvlərinin təxribat cəhdləri hiss olunurdu.
Onu da deyək ki, prezident İlham Əliyev çıxışını yekunlaşdırdıqdan sonra ona ünvanlanan sualları cavablandırarkən də ölkədə siyasi məhbusların olmadığını, heç kimin siyasi baxışına görə təqib olunmadığını söyləyib. Bildirib ki, Azərbaycan AŞ PA qarşısında götürdüyü öhdəliklərin böyük hissəsinə əməl edir: “Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur”.
Onu da deyək ki, prezident çıxışını daha çox ölkəmizin ən vacib problemi olan Dağlıq Qarabağ üzərində qurub və bu problemin hələ də ədalətli həllini tapmadığından təəssüf hissi keçirdiyini söyləyib: “Bütün dünya ictimaiyyəti Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir. Ermənistan isə bununla razılaşmaq istəmir. İşğal nəticəsində tarixi abidələr, qəbiristanlıqlar, məscidlər dağıdılıb məhv edilir. Bu hadisənin baş verməsindən 20 ildən artıq vaxt keçib. Lakin münaqişə öz həllini tapmır və Ermənistan Qarabağı tərk etmək istəmir. Hesab edirəm ki, bu münaqişə tezliklə həllini tapmalıdır”.
Prezident xatırladıb ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla, demək olar, bütün mötəbər qurumlar Ermənistanın işğalı dayandırması ilə bağlı sənədlər qəbul ediblər. İşğalçı dövlət isə həmin sənədlərə əməl etmir: “Biz bu qətnamələrin tətbiq mexanizmini mütləq tapmalıyıq. Bəzən Dağlıq Qarabağ problemini dondurulmuş münaqişə adlandırırlar, ancaq bu, doğru deyil. Bu münaqişə var və o çözülməlidir. BMT TŞ-nin qətnamələri çox qısa zamanda, hətta bir neçə saat ərzində reallaşdırılır. Azərbaycanla bağlı qətnamələr isə 20 ildən artıqdır ki, sənəd olaraq qalıb. Azərbaycana göstərilən bu yanaşma mütləq dəyişilməlidir”.
Tədbir zamanı sual verən şəxslərdən biri, Britaniya təmsilçisi cənab Kuk da insan haqları məsələsinə toxunaraq prezidentdən “bu mövzuda Bakıda dəyirmi masa təşkil oluna bilərmi” deyə soruşub. Dövlət başçısı isə cavabında bu təşəbbüsü dəstəklədiyini söyləyib. Daha sonra isə bildirib ki, ölkədə demokratiyanın tam bərqərar olduğu iddia olunmur, ancaq Azərbaycana qarşı qərəz olduğu da ortadadır. Həmin tənqidlər isə müxalifətin fikirləri əsasında formalaşır.
Prezidentin təşəbbüsü dəstəkləməsi də onu göstərir ki, ölkə bu istiqamətdə işlərin görülməsində maraqlıdır və neqativ halların aradan qaldırılmasına yönəlmiş təkliflər birmənalı şəkildə müsbət qarşılanır. Təbii ki, belə məqamda “bizi düşünən avropalıların” Qarabağ münaqişəsi barədə niyə belə soyuqqanlı olmaları təəccüb doğurur. Ona görə də Azərbaycanı insan haqlarına hörmətlə yanaşmamaqda ittiham edən şəxslərin dedikləri səmimi qəbul olunmur. Əgər ortada qərəzli münasibət olmasaydı, bir milyon vətəndaşın haqları barədə də fikirlər deyilərdi. Avropalıların belə münasibətini təbii qarşılamaq olar. Bəs AŞPA sessiyasında şou göstərmək istəyən azərbaycanlılar niyə bu məqama da etiraz etmədilər? Nə qaldırmaq istədikləri plakatda, nə də köynəklərində bu barədə bir kəlimə belə yazılmamışdı. Qarabağı yada salmadıqlarına və bu barədə heç nə demədiklərinə görə belə təəssürat yaranır ki, həmin insanları Azərbaycanla bağlı heç bir məqam narahat etmir. Demək ki, xarici qüvvələrə xidmət etdikləri iddia olunan həmin şəxslərin məqsədi Azərbaycanı gözdən salmaq, dünya ölkələri arasında bir çox ölkələrdən öndə olan nüfuzuna xələl gətirməkdir. Əminliklə söyləmək mümkündür ki, əvvəllər olduğu kimi, indi də ölkənin adına yaxmaq istədikləri ləkələr yapışmayacaq, zamanı gəlincə, bu dəfə hansı məqsədlə Azərbaycana təzyiq etdiklərinin əsil səbəbləri bəlli olacaq.
AŞPA-da Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, sistemli təhlili, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı, qətiyyəti AŞPA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər