• cümə, 29 Mart, 19:31
  • Baku Bakı 14°C

Cəmiyyətin yetişdirmək istəmədiyi qadın

06.07.15 17:00 1812
Cəmiyyətin yetişdirmək istəmədiyi qadın
Dünyanın iki qışı arasına sığışmış 31 baharlıq bir ömür idi Füruğun payına düşən. Bu qısa ömürə sığışdırılmış hər şey də elə qışı xatırladır insana. Hər yerindən hüzün tökülən şeirləri və ölümü ilə də Füruğ elə qış kimi qadın idi. İranın poeziya tarixinə Füruğ təkcə həyat yolu və şeirləri ilə yox, həm də xarakter keyfiyyətləri ilə həkk olunub. Füruğun həyat yolunu işıqlandıranlar ölümün çox yaxın olduğunu hiss etmiş bir adamı tapıblar. Ölümün çox da uzaqda olmadığını hiss etmək və hər şeyi sürətlə yaşayıb, bütün duyğuları dəstələyib, dünyadan məmnun ayrılmaq – Füruğun ən böyük qazancı yəqin ki, bu olub. Onu ancaq şeir xoşbəxt edirdi və elə buna görə də bütün həyatı şeirlərindədir. Bir ovuc xoşbəxtlik və azadlıq üçün çiynində özü qədər kədər hərləməli olan cəsur insanlar kimi o da eşqə, cəsarətə, şeirə bağlı yaşadı və öldü...
1935-ci il yanvarın 5-də Tehranda anadan olmuş Füruğ bütün iranlı qızlar kimi on altı yaşında evləndirilir. Bu nikahdan Kamyar oğlu dünyaya gələn Füruğ iki il sonra evliliyini bitirir. Ömrünün sonuna kimi oğlunu görmək ümidi ilə yaşasa da, Kamyarı görmək Füruğa nəsib olmur. Füruğun haqqında biblioqrafiyanın – “Yalnız qadın”ın müəllifi Maykl Hilman onun əzablarını ən çox artıran şeyin məhz bu həsrət olduğunu vurğulayır. Həmin kitab Füruğun “Soyuq mövsümlərin başlanğıcına” şeirlər toplusundan olan bir qeydlə başlayır: “Və bu mənəm, Yəni yalnız bir qadın, Soyuq bir fəslin qapısındayam”
Həm ata evində, həm də ailə qurduğu evdə İranın klassik ailə rejiminin tələblərinə dözmür, bədbəxtliyin, ruhi yorğunluğun onu hər gün daha çox ağuşuna aldığını görür və artıq dözmək yerinə çıxış yolları axtarırdı. “Cümə” şeirində Füruğun əksər şeirlərində olduğu kimi həmin dönəmlərin kölgələrini görürük: “Nə sakit və qürurlu keçirdi, təhlükəli sakit sular kimi axan bu tərk edilmiş Cümələr, mənim ömrüm bu Cümələr kimi keçirdi sakit və qürurlu...”
Hələ erkən gənclik illərindən qəzəl və məsnəvi janrında şeirlər yazan Füruğ yaradıcılığının irəliləyən dövrlərində öz üslubunu kəşf edir və İran şeirində radikal möcüzələrin müəllifi olur. Həmin dövrlər əksər Şərq ölkələrində rast gəldiyimiz təxəllüssüz yazmaq cəsarətini məhz Füruğ göstərir. O, qorxusuz, kişi həmkarları kimi təxəllüsdən istifadə etmədən cəsarətlə eşqdən, sevgilidən və intim arzulardan yazırdı və bu dövrün İran cəmiyyətini silkələməyə yetmiş, hamını qısaqapanmaya düçar etmişdi. Bütün dünyaya qarşı durmağa yetəcək qədər cəsarəti olan və ona arxalanan Füruğ bu savaşın onu yalnızlığa sürükləyəcəyini də bilirdi: “Mənim dilləndirmək istədiklərim qaranlıqda fısıldanacaq qorxaq duyğular deyil, Gündüzlərdir mənim zamanım və taybatay açıq pəncərələrdir kürsüm” (“Bağçanın fəthi”)
Öz yolunda nə qədər yalnız qalıb, nə qədər ağır mübarizələr versə də, Füruğ İran cəmiyyətində yaşanan qadın problemlərini də olduqca sıx gündəmə gətirib. Qadınların yaşam hekayələrini şeirə gətirən şairənin XX əsr İran şeirinə töhfəsi danılmazdır. İran kimi qapalı cəmiyyətdə doğulub-böyümüş Füruğ - şahın idarəçilik sisteminə və cəmiyyətin qadınlara qarşı olan münasibət və mövqeyinə qarşı çıxan və bunu yazılarında və şeirlərində açıq-aşkar dilləndirən şairə göstərdiyi cəsarəti yaradıcılığının heç bir dövründə arxa plana keçirmir. Onun “Oyuncaq gəlincik” şeirində bir-birinə caladığı qadın talelərinin təsvirində istifadə etdiyi sözlər, çağırışlar birbaşa ifadə edilib. Şeirin bəzi yerlərində yüngülvari istehza hiss edilir, lakin bütövlükdə bu şeir bir oyanış çağırışı himnidir. Bu şeir İran qadınının timsalında bütün qadınların “özünükəşfə” çağırılmasıdır. O, bu tip şeirlərlə sadəcə, şairlik etmirdi, eyni zamanda, bildikləri və müşahidələrini şeir yolu ilə çatdırmaqla cəmiyyətdəki qadınlara bir növ müəllimlik, rəhbərlik məsuliyyətini üzərinə alırdı. Onun bütün qayəsi qadınlara bir “əşya” olmadıqlarını anlatmaq idi.
Dövrün ədəbiyyat cameəsinin və hər düşüncədən olan insanın təmsil olunduğu cəmiyyətin hər nə qədər ürək edib dilləndirmədiyi mövzuları qələmə almış olsa da, Füruğun qələmində sanki bütün mövzular və duyğular estetikləşib, incəlib, yumşalıb və dincdir. Yaradıcılığında araşdırmaçıların qəribə hesab etdiyi digər bir detal isə, məsələn, məhəbbət mövzulu şeirlərində “həzz”in “günah” kimi qəbul edilməsidir. Məhz belə detallarda cəmiyyətə meydan oxuyan xarakterə sahib olsa da, şüuraltına yerləşmiş dini qanunları silə bilmədiyinin şahidi oluruq. Anasının qatı dindar olması və hər zaman “günahlarımız bizi addım-addım izləyir” düşüncəsini aşılamasının Füruğun beynində dərin kök saldığını görürük. “Vardı gözlərində günahların qəhqəhəsi, üzündə böyük şənliklərdən doğan bir parıltı, Və məsum dodaqların gülümsəyişi... Ovsunlu və üsyankar...” (“Öpüş”)
Füruğ təkcə eşqin, mübarizənin, cəsarətin və dirənişin simvolu deyildi. O, həm də cəmiyyətin yetişdirmək istəmədiyi qadın idi. Həyat onun yolunu “Cəhalətin qorxulu yuxusu qadındır” sözünü dedizdirəcək qədər dözülməz hadisələrdən, keçilməz yollardan salmışdı. “Günah” şeirindən sonra bir qrup molla tərəfindən bıçaqlanır və cəsarətin və dirənişin əvəzini ödəyir. Bu şeirdən sonra bütün doğmaları, atası, ailəsi və özünü əxlaq qoruyucusu hesab edənlər Füruğdan tamamilə imtina edir və onu təcrid edirlər, övladından ayırırlar. Zaman-zaman kişilərin fiziki şiddətinə düçar olan Füruğ dözmür. Onu bıçaqlayan molla birliyi Füruğa cənazə namazı qılınmasını da əngəlləyir. Onun cənazə namazını ölümündən iki gün sonra şair Mehrdad Səmədi qılır: “... Peşman deyiləm. Mənim ürəyim bu dünyanın zamanından çox uzaqda vururdu. Həyat bu ürəyi yenidən doğacaq. Yenidən yaşadacaq məni bu küləklər, qış şaxtaları” (“Gecənin soyuq küçələri”)

“Günah” şeirindən sonra həyatının kökündən dəyişməsi, baş verən hadisələr, bıçaqlanmasına baxmayaraq, Füruğ nəinki geri addım atmır, əksinə, üsyan bayrağını daha da yüksəldir. Bu gedişatda Tanrıya müraciətlər çoxalır. Uşaqlıq məhəbbəti ilə qurduğu ailənin zədələrindən sonra sürətlə müdrikləşən, böyüyən Füruğ bu inkişafa və düşüncələrinə uyğun İbrahim Qolestanla yeni bir səhifə açmağa çalışır. İbrahim Mark Tven, Ernest Heminquey kimi müəllifləri fars dilinə tərcümə edib, İran ədəbiyyatında uğurlu tərcüməçi kimi tanınır. Onların məhəbbət macəraları içində olduqları cəmiyyəti daha da qıcıqlandırır. Eşqi tapması ilə həyata yenidən bağlanan və yaradıcılığında yeni bir qönçə mövsümünə keçid alan Füruğ “Yenidən doğulma” adlı şeirlər toplusunu çap etdirir. Bu dövrdə Füruğ intim tabulara qarşı üsyankar mövqedən uzaqlaşaraq, eşqin və duyğunun bütün müqəddəs tərəflərini mədh edən şair olur. Şeirlərindəki həzz və ehtiras coşğusu yerini duyğunun ülviliyinə, ruhi müdrikləşməyə, mənəvi zənginləşməyə verir: “Mənim bütün varlığım mənası açılmayan, qaranlıq bir ayədir. Səni özü ilə birgə çiçəklənməyin və yaşıllaşmağın sonsuz mövsümünə aparacaq. Mən bu ayədə bir aham, səni bu ahla ağaca, suya və alova qarışdıracağam” (“Yenidən doğulma”)
Bundan sonra isə “Məhkum”, “Divar”, “Üsyan” kimi şeirlər topluları işıq üzü görən şairə son kitabı “Soyuq mövsümlərin başlanğıcına”nı yekunlaşdırmağa az qalmış 1967-ci il fevral ayının 13-də üzəri açılmayan və indiyədək müəmmalı qalan avtomobil qəzasında ölür. Onu hadisə yerində boynu qırılmış vəziyyətdə tapırlar.
Füruğ şeirlərində inanılmaz dərəcədə öncəgörmə, hissetmə ilə rastlaşırıq. Şeirlərinin tarixləri ilə başına gələn hadisələri uzlaşdırdıqca bu faktı daha aşkar başa düşmək olur. Məhz sonuncu kitabında da sanki ölümü hiss edirmiş kimi tez-tez özündən, ölümdən, qardan, qandan bəhs edir və olduqca kədərli təsvirlər verir: “Üşüyürəm mən və bu səsi getdikcə uzaqlaşan inci sırğalara nifrət edirəm. Üşüyürəm və dərk edirəm... Bir yabanı lalənin qırmızı xəyallarından, bir neçə damcı qandan başqa heç nə qalmayacaq... Heç nə qalmayacaq yerdə...”
Yenə həmin kitabda yer almış başqa bir fikir: “Artıq bitdi” – dedim, ana. Düşünməyə imkan tapmadan olacaq hər şey. Bəlkə indidən qəzetə başsağlığı elanı vermək lazımdır?”
Füruğun yazıları sonralar “Soyuq mövsüm” kitabında toplanıb. Həyatı və xarakteri ilə hər zaman diqqət mərkəzində olmuş Füruğ Fərruhzad haqqında yazılmış məqalə və araşdırmaların zəngin arxivi var. 1999-cu ildə isə onun həyatı haqqında “Rüzgar bizi aparacaq” adlı film də çəkilib. Abbas Kiyarüstəminin rejissoru olduğu filmdə yepyeni və tanınmayan tərəfləri ilə yaradılmış bir Füruğ var. Onun poeziya və bəşəri sevgidən başqa incəsənətə və nadir gözəlliklərə nə qədər bağlı olduğu da hamıya məlumdur. Bunun ən bariz nümunəsi isə İbrahim Qolestana yazdığı məktubdur: “National Gallery”də Leonardodan bir tablo var, əvvəllər görməmişdim. Yəni keçən London səfərində görməmişdim. Möhtəşəm bir şeydir! Hər şey açıq mavidə düyünlərini açıb, həllini tapıb. İnan ki, əyilib namaz qılmaq keçdi içimdən...”
“Kaş ki, öləydim. Ölüb, yenidən diriləydim. Dünyanın başqalaşdığını, bu cür mərhəmətsiz olmadığını görəydim...”
Tərcümə etdi:
Elcan SALMANQIZI

Selva Trakın məqaləsi
banner

Oxşar Xəbərlər