• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

Cəmiyyətin qaydalara əməl etməsi vacib şərtdir

30.06.20 13:30 421
Cəmiyyətin qaydalara əməl etməsi vacib şərtdir
Qanunlara əməl edən cəmiyyətlər dünyada aparıcı rola malik olurlar. Pandemiya elan olunduğu vaxtdan etibarən ölkədə tezliklə mütəxəssislərdən ibarət komanda yaradıldı, konkret vacib istiqamətlərdə işə başlanıldı. Həmin vacib istiqamətlərin əsas sahələri səhiyyə, iqtisadiyyat və sosial təminat idi.
Bu fikirləri Milli Məclisin deputatı Müşfiq CəfərovAZƏRTAC-a açıqlamasında deyib.
Deputat bildirib ki, istər pandemiya dövrü üçün, istərsə də idarəetmənin hər hansı bir sahəsində həmişə istənilən problemin həllinə görə ən vacib amil statistika, məlumat bazasıdır. Rəqəmlər və məlumatlar əldə olunandan sonra problemin həlli üçün düzgün diaqnoz qoyulur, doğru modellər işlənib hazırlanır.
Azərbaycanda koronavirusla mübarizədə ön cəbhədə dayanan həkimlər ilk gündən sosial media hesablarından əhaliyə və dövlətə müraciət edirlər. İnsanları ehtiyatlı olmağa çağırır, virusun təhlükəsi haqqında məlumatlar verirlər. Onlar bu infeksiyanın nə qədər təhlükəli olduğunu bildiklərindən karantin rejiminin daha da sərtləşməsini, tibbi maskadan istifadənin vacibliyini, hətta lazım olsa cərimələrin artırılmasını təklif edirlər. Belə bir həssas vaxtda demokratik cəmiyyətin insanlarının bu qadağalara hazır olmadığı açıq şəkildə görünür. Məhz bu səbəbdən də bu cür dövlətlərdə yoluxmanın qarşısını almaq çətinləşir. Mütəxəssislərin verdiyi rəy və tövsiyələrə əsaslansaq deyə bilərik ki, hələ bizi uzun yol gözləyir. Artıq pandemiya reallığı ilə yaşamağa adaptasiya olmalıyıq. Yalnız bu yolla, bu vasitəylə çətin dövrün öhdəsindən gələ bilərik.
Pandemiya ilə mübarizədə uğur qazanılması üçün cəmiyyətin qaydalara əməl etməsi vacib şərtdir. Cəmiyyətin ayrı-ayrı sosial fərdləri və qrupları öz sağlamlıqları üçün müəyyən edilmiş qaydalara riayət edərsə, proseslərin tədricən azalmasına və idarəolunan səviyyəyə enməsinə nail olarıq.
Müşfiq Cəfərov qeyd edib ki, indi Azərbaycanda koronavirusa yoluxma prosesi digər dövlətlərdən fərqli şəkildə gedir. Xalq olaraq bizdə müəyyən adət-ənənələr var ki, onlara çox bağlıyıq. Xəstələrin ehtimal edilən yoluxma yerlərinə nəzər salsaq görərik ki, yas mərasimləri əsas mənbədir. Bir halda ki, bütün dövlətlərdə əhəmiyyətli tədbirlər, kütləvi yığıncaqlar ləğv olunubsa, deməli vəziyyət çox ciddidir. Bəs vətəndaşlarımız niyə buna riayət etmirlər? Sosial məsuliyyəti yaxşı anlayan vətəndaşlarımız yas mərasimlərinin təşkili və iştirakının ciddi təhlükə olduğunun fərqindədir. Müasir dövrdə inkişaf etmiş ölkələrin əsas gücü "beyin mərkəzlərindədir”. Məhz elmi yanaşma, gələcəyi modelləşdirmə bacarığı bu ölkələrə üstünlük gətirir. Bütün inkişaf etmiş ölkələrdə də problemlərə məhz bu cür diqqət edilir. "Arzulayaq ki, insanlar fərdi məsuliyyətini ortaya qoyaraq ictimaiyyətin xeyrinə qaydalara əməl etsinlər. Əks halda dövlət və millət olaraq ciddi təhlükə ilə üz-üzə qala bilərik” – deyə M. Cəfərov qeyd edib.
banner

Oxşar Xəbərlər