• şənbə, 20 Aprel, 20:04
  • Baku Bakı 24°C

Cəmiyyətin kitab problemi

01.12.16 15:16 1363
Cəmiyyətin kitab problemi
Gündəmdə tez-tez müzakirə olunan, həllini tapmayan vacib problemlərdən biri də kitabların qiymətləri və rəflərdə qalması ilə bağlıdır. Oxucularla kitablar arasındakı isti münasibəti soyudan başlıca səbəblərdən biri onlara qoyulan yüksək qiymətlərdir. Amma qiymətin yüksək olması nə kitabların, nə də mətbəələrin günahı deyil. İlk səbəb çap məhsulları üzərinə yenidən tətbiq olunan 18 faizlik əlavə dəyər vergisidir. Bu da istər-istəməz qiymət artımı ilə nəticələnir. Əslində, kitabların istehsalı o qədər də ucuz başa gəlmir. "Heç oxumağa dəyməz” dediyimiz kitabların bir nüsxəsi bir neçə mərhələlərdən keçməklə, ərsəyə gətirilir. Bahaçılıq bizi bir az da mütaliədən uzaqlaşdırır.
İndi nəşr olunan kitabların böyük bir qisminin tirajı 1000 -2000-dən o yana keçmir. Problem özünü ali məktəb dərslikləri ilə bağlı məsələdə daha qabarıq göstərir. Bu dərsliklərin tirajı həddindən artıq az olduğu üçün onları əldə etmək də müşküldür. Ali məktəb dərsliklərinin qiyməti də ayrıca bir problemdir. Bu kitabların qiymətinin baha olmasın başlıca səbəbi kitabın müəllifin öz vəsaiti hesabına nəşr olunmasıdır. Nəşr olunan kitabların tirajı da olduqca az olur və 500-1000 arası dəyişir. Həmin kitabların bir çoxu universitet kitabxanalarında olmadığından və satışda çətin tapıldığından tələbələr məcbur olurlar ki, həmin kitabın nüsxəsini çıxarsınlar. Bu problem hər il semestr imtahanları ərəfəsində daha qabarıq nəzərə çarpır. Buna görə də ali məktəb dərsliklərinə orta məktəb dərslikləri qədər ciddi diqqət ayrılmalıdır. Orta məktəb dərslikləri hər 4-5 ildən bir yenilənir. Ancaq ali məktəb dərslikləri on illərlə istifadə olunsa da, onlar yenidən nəşr olunmurlar. Dövlət tərəfindən dərsliklərə, dissertasiyalara, monoqrafiyalara, elmi işlərə maliyyə vəsaiti ayrılsa və onların hər birinin tirajı 10000-ə çatdırılsa, problem böyük ölçüdə həllini tapar. Həm tələbələr dərslik problemindən qurtular, həm də dərslik müəlliflər həvəsdən düşməzlər.
Dərslik problemini qoyaq bir yana. Bu gün gənclərdə bədii ədəbiyyata qarşı maraq oyanmaqdadır. Bədii ədəbiyyatın, mütaliənin böyük əhəmiyyətini nəzərə alaraq, yüksək qiymət amilinin həmin marağı öldürməsinə yol vermək olmaz. İndiki gənclik niyə mütaliə etməkdən məhrum olsun? Təkcə bədii kitablar deyil, bütün sahələrə aid dair kitablar hamı üçün münasib, əlçatan olmalıdır. Düzdür, belə əlçatanlıq elektron kitabxanalar vasitəsilə mümkündür. Ancaq mütaliə zamanı heç bir elektron kitab əsl kitabın verdiyi zövqü verə bilməz.
Ümid edək ki, bu məsələ öz həllini gözlədiyimizdən də qısa vaxt ərzində tapacaq. Kitablar rəflərdə tozlanmış vəziyyətdə qalmayacaq, bizim ən yaxın dostumuza çevriləcəklər.
Zaur Cəfərov
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi
banner

Oxşar Xəbərlər