• şənbə, 20 Aprel, 07:56
  • Baku Bakı 14°C

“Cəmiyyətə yenilənmiş Müsavat lazımdır”

14.05.14 10:12 2251
“Cəmiyyətə yenilənmiş Müsavat lazımdır”
Son parlament seçkilərindən sonra Müsavat Partiyasının (MP) VII qurultayının keçirilməsi gündəmə gəldi. Bununla da partiya daxilində uzun müddət davam edən müzakirələrə start verildi. Sonda Müsavat rəhbərliyi hakimiyyətin qurultaya yer ayırmadığını bəhanə edərək, bu məqsədlə Türkiyə və Gürcüstana müraciət etməyin müzakirə olunduğunu bildirdi. Bununla da qurultayın keçirilməsi qeyri-müəyyən vaxta kimi təxirə salındı.
2013-cü ilin prezident seçkiləri öncəsi İsa Qəmbərin özünün namizəd olması, ardınca Milli Şuranın yaranması və vahid namizəd ətrafında baş verən olaylar da qurultay mövzusunu bir müddət səngitdi. Lakin prezident seçkilərindən sonra qurultay mövzusu yenidən Müsavat dəhlizlərində müzakirə edilməyə, mətbuatın gündəminə gətirilməyə başlanılıb. MP-nin VII qurultayının gecikməsi, bunun yaratdığı problemlər, həmçinin MP Gənclər Təşkilatında baş verən hadisələr, Milli Şuradakı son vəziyyət və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Müsavat başqanının müşaviri Səxavət Əlisoy cavablandırır.
- Səxavət bəy, Müsavatın, eləcə də bir sıra təşkilatların Milli Şuradan getməsindən sonra bu günlərdə daha bir partiyanın – KXCP-nin də sözügedən qurumu tərk etməsi barədə məlumatlar yayılıb. Bu hadisələr fonunda MŞ-nin gələcəyini necə proqnozlaşdırırsınız?
- Milli Şura dağılmağa məhkum idi. Milli Şura yaranan zaman hər şey Rüstəm İbrahimbəyov adı üzərində qurulmuşdu. Çünki bu qurumun ideya müəllifi o idi. Amma bir müddət sonra Rüstəm bəyin Azərbaycana qayıtması məsələsi üzə çıxdı və o, ölkəyə dönmədi. Hətta o zaman qeyd etmişdim ki, Rüstəm bəy Milli Şuraya sədr seçilməsə, vahid namizəd olmasa belə, Azərbaycana dönməlidir. Dünya siyasi təcrübəsində belə hal çox az-az baş verir ki, siyasi lider mübarizə məkanından kənarda olduğu halda onu dəstəkləsinlər. Bu kimi proseslərin arxasında adətən çox ciddi qüvvələr dayanır. Azərbaycanda isə siyasi qüvvələrin bir lider ətrafında toplanması yaxın gələcəkdə də görünmür. Sabiq prezident Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra elə bir xarizmatik lider yoxdur ki, o, ətrafında bütün qüvvələri toplaya bilsin. Bütün bu kimi səbəblərdən Milli Şuranın siyasi bir qurum kimi davam gətirməsi mümkün deyil. Bundan sonra da nəinki Milli Şuranın, eləcə də Azərbaycandakı hər hansı siyasi birliyin uzunömürlü olması qeyri-mümkündür. Buna səbəb birləşmənin ideoloji əsaslar ətrafında olmamasıdır. Yalnız siyasi ambisiyalara görə birləşmənin baş verməsi, siyasi liderlərin bir-birinə olan münasibəti belə birliklərin ömrünü qısa edir. Təkəbbür, yekəxanalıq, siyasi uzaqgörənliyin olmaması, partiyalarda təmərküzləşmə proseslərinin baş verməməsi istənilən birliyin parçalanmasına səbəb olur. Milli Şura da dağılmağa məhkum olan belə birliklərdəndir. Bu qurum Azərbaycandakı siyasi qüvvələri öz ətrafında toplamaq iqtidarında deyildi. Hətta Rüstəm İbrahimbəyov kimi bir ziyalı cəhd etsə belə, bu, alınmadı. Milli Şura yaranan mərhələdə siyasi partiyalar, liderlər öz ambisiyalarını ortaya qoydular. Elə həmin andan etibarən bu qurumun ömrünün az olacağı, zamanla parçalanmaya məruz qalacağı hər kəsə bəlli oldu.
- Sizin söylədiklərinizdən belə məlum olur ki, gələcəkdə də müxalifət liderlərinin hər hansı birlikdə yenidən toplaşması mümkün olmayacaq...
- Siyasi qüvvələrin gələcəkdə hər hansı birlik ətrafında toplaşması da, toqquşması da mümkündür. Nədənsə bizdə birlik məsələsi mənfi assosiasiya yaradır. Bu, yalnız siyasi partiyaların birliyində deyil, eləcə də digər sahələrdə də özünü göstərməkdədir. Fikrimcə, bu, həm də mentalitet problemidir. Mentalitet isə siyasilərin də fəaliyyətinə təsir etməmiş deyil. Bizim dövlətçiliyə baxışımız da normal deyil. Sanki bizlər daha çox bölünməyə, ikitirəliyə meyilliyik. Azərbaycan müxalifətində olan siyasətçilər də başqa planetin deyil, bizim ölkənin, bizim cəmiyyətin insanlarıdırlar. Onların böyük əksəriyyəti müəyyən məsələlərdə uzaqgörənlik nümayiş etdirə bilmirlər. Ən azı, iki nəsil, iki qərinə dəyişməsi baş verməlidir ki, mentalitetdə olan patologiyalar aradan qalxsın. Birləşmək müsbət assosasiyadır. Təəssüf ki, bu gün müxalifətin bəzi özündənrazı liderləri birlik məsələsini yalnız bir halda başa düşürlər: Mənim “taxt-tacım” ətrafında birlik formalaşsın. Bu “taxt-tac” ətrafında birləşmək istəməyənlər də çox olur. Nəticədə birliklər alınmır. Bəzi hallarda məcburən seçkilər öncəsi siyasi partiya hər hansı birlikdə təmsil olunur. Bu da dayanıqlı ola bilməz. Çünki onların hər birinin başında təkəbbürü Azərbaycana sığmayan insanlar yer alırlar.
- Bir müddət əvvəl MP Gənclər Təşkilatında narazılıqlar, fikir ayrılığı, bəzi gənclərin təşkilatdan çıxarılması kimi hadisələr yaşandı. O zaman belə bir ehtimal irəli sürülürdü ki, Müsavatda məqsədli şəkildə potensialı olan gənclərin zərərsizləşdirilməsinə start verilib. İndi də GT-də fikir ayrılığının olması açıq-aşkar hiss olunur. Gənclərin bir hissəsi hazırkı sədr Əhliman Abbası, digərləri həbsdə olan Tural Abbaslını lider kimi qəbul edirlər. Bu cür fikir ayrılığı haradan qaynaqlanır?
- Partiyanın Gənclər Təşkilatında baş verənləri mən də izləyirəm. O gənclərin böyük əksəriyyəti ilə mənim özəl münasibətim var. Onlar arasında populizmə meyilli deyil, sağlam düşüncəli gənclər üstünlük təşkil edir. Təbii ki, gənclərin müəyyən qüvvələrin təsiri altına düşmə ehtimalı daha böyükdür. Bəzən bizdə də gənclər partiya funksionerlərinin təsiri altına düşürlər. Bu da onların mübarizəsinin kəsərini azaldır. Hərçənd ki, həmin gənclərin özləri bunun fərqinə vara bilmirlər. Bizdə bəzi gənclər var ki, şüarçılıq prinsipini irəli sürürlər. Eyni zamanda, bu şüarçılıqla özlərinə ştatlı funksioner adı qazandırmış şəxslərin, avtoritarizmə meyilli insanların təsiri altına düşürlər. Bir qədər də dərinə getsək, demokratik partiya içərisində kiçicik avtoritar şəxslər özlərini formalaşdırmaq istəyir. Fikrimcə, bütün bunlar keçici haldır. Zamanla hər şey öz məcrasına düşəcək. Artıq XXI əsrin 14-cü ilini yaşamaqdayıq. Dünyanın indiki düzənində şüarçılıq heç vaxt uğur gətirmir. Yalnız intellektə söykənmək uğur gətirə bilər. Mən çox istərdim ki, bizim gənclər daha çox elmi-praktiki dəyirmi masalar təşkil etsinlər. Bu zaman populizmə, şüarçılığa yer qalmayacaq. Məsələn, günü bu gün gənclər azyaşlı uşaqların məcburi əməyə cəlb edilməsi ilə bağlı konfrans təşkil etsələr, “Biz bu hakimiyyəti arxivə göndərəcəyik”, “Bu il bu hakimiyyətin sonudur” və sair kimi populist şüarlardan kənar, daha effektli iş ortaya qoymaq olar. Belə konfranslara intellektual gənclər cəlb edilər, cəmiyyətdəki hansısa problemin ictimailəşdirilməsi yolu ilə həllinə nail olmaq olar. Hesab edirəm ki, gənclər təşkilatındakı hadisələr eyni zamanda demokratik dartışmalardır. Belə dartışmalarda hər kəs özünün intellektual potensialının nə səviyyədə olduğunu bilir. Ağlı, potensialı olanlar heç zaman səslərini gur çıxarmaz, dava-dalaşa səbəb olmazlar. Cəmiyyətdə də o adamlar hay-küy salırlar ki, onların içində bir şey yoxdur. Bununla həmin şəxslər öz boşluqlarını doldurmağa, bəzən də gizlətməyə çalışırlar.
- MP-nin qurultayı xeyli zamandır ləngiyir. Bu məsələ ilə bağlı Sizin mövqeyiniz nədən ibarətdir?

- Artıq 4 ildir ki, Müsavatın qurultayı keçirilmir və bu səbəbdən də İsa Qəmbər başqan vəzifəsini icra etməkdədir. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş partiya kimi qurultayın keçirilməsi üçün müvafiq yerin ayrılması barədə bir neçə dəfə dövlət qurumlarına müraciət etmişik. Onu deyə bilərəm ki, indiyə kimi qurultayın keçirilməməsində həm bizim özümüzdə, həm də məmurlarda müəyyən problemlər var. Mən öz partiyadaşlarıma müraciət edərək deyirəm ki, bəlkə bizə heç bir yer ayrılmadı, o zaman nə edəcəyik? Fikrimcə, israrla öz qurultayımızı keçirməliyik. Məgər indiyə kimi gəldiyimiz yolun hamısı komfortlu olub? Məgər bir günlük toplantını müəyyən məhdudiyyətlər içərisində, sıxıntı ilə keçirə bilmərikmi? Cəmiyyətə yenilənmiş Müsavat lazımdır. Artıq nəinki Müsavatın özündə, hətta partiyadan kənarda ziyalılarla söhbət zamanı bu zərurət ortaya çıxır. Hər kəs Müsavat Partiyasının yenilənməsini istəyir. Bizim yenilənmiş, “radikal” ləqəbindən imtina etmiş, intellektual Müsavat ortaya çıxmalıdır.
- Siz də başqanlığa iddialı şəxslərdən birisiniz. Seçkinin, qurultayın ləngiməsi hansı problemləri yaradır?

- Bayaq qeyd etdiyim kimi, cəmiyyətdə baş verən hadisələr, şəxsi müşahidələrim onu deməyə əsas verir ki, Müsavat Partiyası yenilənməlidir. Yenilənmiş Müsavat ortaya çıxmalıdır. Müsavat Partiyası müxalifətin radikal qanadına daxil olmamalıdır. Qərarların qəbulundan tutmuş, partiyadaxili münasibətlərədək hər şey təşkilatda müzakirə olunmalıdır. Bəzi məsələlərlə bağlı müzakirələr aparmaq üçün hakimiyyət nümayəndələri ilə bir masa arxasında da oturmaq, müəyyən təkliflər ortaya qoymaq lazımdır. Bizim cəmiyyətdə baş verən hadisələrə ardıcıl olaraq adekvat münasibət bildirən partiya daha çox üstünlük verməlidir ki, məsələlər dəyirmi masa arxasında çözülsün. Bu mənada zor müstəvisindən uzaq bir Müsavata ehtiyac var. İndinin özündə belə, populizmlə, şüarçılıqla yaşayan insanlar var. Hətta bizdə elə partiya funksionerləri var ki, onların yaddaşında yalnız Əbülfəz Elçibəy hakimiyyəti dövründə tutduğu hər hansı vəzifə qalıb. Nazir, nazir müavini, komitə sədri, müşavir və sair. Belələri ancaq o dövrlə yaşayırlar. Anlamaq istəmirlər ki, indi 2014-cü ildir, daha rasional siyasi gedişlər zamanıdır. Azərbaycanın indiki durumunda bizə xaos gərək deyil. Ölkənin özünə də zor müstəvisindən uzaq, problemləri danışıqlar masası ətrafında həll edən müxalifət gərəkdir. İcazəsiz mitinq termini ümumiyyətlə aradan götürülməlidir. Bu cür mitinqlər yalnız xalqın tələbi, təkidi ilə ola bilər. Sadaladığım bütün bunlar yenidən çözülməli, yenilənmiş Müsavat ortaya çıxmalıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər