• cümə axşamı, 25 aprel, 16:57
  • Baku Bakı 23°C

Cəmiyyətə yad qüvvələrin saxta və təhlükəli birliyi

30.03.18 20:21 900
Cəmiyyətə yad qüvvələrin saxta və təhlükəli birliyi
Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində radikallar uğursuzluqlarını pərdələmək üçün müxtəlif cəhdlər edirlər.
Seçkiöncəsi ictimai-siyasi mühitin normal olması, qeydə alınmış prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin olmaması, xalqın seçki prosesini maraqla izləməsi və təqdir etməsi yerli və xarici anti-Azərbaycan qüvvələrin böyük narahatlığına səbəb olub.
Seçkiləri boykot edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha sübut edən "Milli Şura” adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin yeni öhdəlik götürdüklərindən xəbər verir.
Xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itaətsizliyinə səsləyən Milli Şura və Azərbaycanda "cihad” arzusunda olan radikal dindarları birlikdə fəaliyyət göstərməyə təşviq edən başlıca səbəblərdən biri Azərbaycanda hakimiyyət-xalq vəhdəti və birliyi amilidir.
Milli Şura və radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitlik və tərəqqi üçün, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxlaması, hər zaman mütərəqqi ideyaların daşıyıcısı olduğu üçün qisas almaq istəyir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, millət vəkili Elşən Musayev bildirdi ki, Azərbaycana əleyhinə kampaniya aparan Milli Şura adlanan qurumda təmsil olunan tərəflərin heç bir məqsədləri yoxdur: "Onlar məqsədsiz fəaliyyət göstərirlər. Ona görə də affekt vəziyyətində bilmirlər ki, toru kimə atsınlar. Bilmirlər əllərindəki toru söyüş söyənlərə, yaramaz mühacirlərə, yoxsa illərdir bir-birilərini təhqir etdikləri müxalifətə atsınlar. İndi də hər şey qurtarıb, artıq dindar mövzusu ortaya çıxıb. Sizi əmin edirəm ki, bunların nə dindən xəbəri var, nə də o dini birliyin formatını bilirlər. Məqsəd odur ki, kim olur olsun, təki bunların düşərgəsinə qoşulsun. Özü də mitinq qabağı belə bir təşviqat aparırlar. Heç inanmıram ki, belə bir ittifaq olsun. Onlar sadəcə birliyin anonsunu verirlər. Axı Milli Şura ilə radikal dindarlar nə ittifaq yaradacaqlar? Radikal müxalifətdəkilər ən böyük dinsizdirlər. Ən böyük dinsizin dindarla nə əlaqəsi ola bilər? Sadəcə, bunlar dini kəsimi özlərinə cəlb eləmək istəyirlər. Amma elektoratları nə qədər artacaq ki? Bunların 25 illik elektoratı min beş yüz nəfərdirsə, dindarı da ora qoşanda iki min olacaqlar”.
E.Musayev qeyd etdi ki, radikal müxalifət seçkiqabağı dövrlərdə bütün oyunlardan çıxıblar: "Ümumiyyətlə, indi bunları heç yada salan yoxdur. Heç sosial şəbəkədəki səhifələrinə də baxan yoxdur. Ona görə də ortaya nə isə bir şey atmalıdırlar ki, yenidən yada düşsünlər. Biz bunların timsalında hələ çox belə ittifaqlar görəcəyik. Şübhə etmirəm ki, onlar erməni lobbisinin ən böyük özəkləri ilə də müqavilə şərtlərini açıqlayacaqlar. Çünki bunlar bu qədər riyakar və nadandırlar”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, bu gün Azərbaycan davamlı inkişaf yolu ilə irəliləməkdədir: "Ölkəmiz çox qısa müddət ərzində öz həyat səviyyəsinə, keçdiyi inkişaf yoluna görə dünyanın qabaqcıl dövlətinə çevrilib. Bütün bunlar isə asan başa gəlməyib və dövlət başçısının siyasi iradəsi nəticəsində mümkün olub. Bu isə istər Avropada, istər Amerikada və dünyanın digər ölkələrində Azərbaycanın inkişafından narahatlıq keçirən qüvvələrin ürəyincə deyil. Başqa sözlə desək, Azərbaycan prezidentinin apardığı müstəqil siyasət, yəni heç kimə boyun əyməməsi, xalqımızın iradəsinə uyğun siyasət aparması çoxlarını narahat edir. Ona görə də həmin qüvvələr, siyasi dairələr çalışırlar ki, Azərbaycanda seçkilərə əngəllər törətsinlər, müxtəlif təzyiqlər etsinlər. Təzyiq vasitələrindən biri də radikal müxalifəti və dindarları qızışdırmaqdan ibarətdir. Bunlar həmin kənar qüvvələrin sehrli çubuğu ilə hərəkət edirlər. İndi həmin dairələr göstəriş verib ki, Milli Şura ilə radikal dindarlar birləşib koordinasiya mərkəzi yaratsınlar və fəaliyyətlərini əlaqələndirsinlər. Amma bu gün istər radikal dindarlar, istərsə də Milli Şura deyilən qurumun ətrafında toplananlar Azərbaycanda ictimai-siyasi proseslərə təsir edəcək gücdə deyillər. Sadəcə olaraq, daxildə könül bulandırmaq, Qərbdə isə fikir formalaşdırmaq istəyirlər. Onların əlindən heç nə gəlmir, çünki çox az saydadırlar və Azərbaycan xalqı onların cavabını yaxşı verir”.
M.Səfərli vurğuladı ki, onlar ölkədə guya demokratiyanın olmaması və sair bu kimi istiqamətdə fikir formalaşdırmağa çalışırlar: "Eləcə də guya Azərbaycanda dini ayrı-seçkilik olduğu, etiqad edənlərə maneələr yaradıldığı görüntüsü yaratmaq istəyirlər. Amma dünyanın ən aparıcı dövlətləri, o cümlədən ABŞ-ın illik hesabatlarında Azərbaycandakı etiqad azadlığı yüksək qiymətləndirilib. Eyni zamanda BMT və digər beynəlxalq qurumların hesabatlarında da bu sahədə problemin olmadığı qeyd edilib və Azərbaycan bir nümunə kimi göstərilib”.

F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər