• cümə axşamı, 28 mart, 20:02
  • Baku Bakı 13°C

“Cəmiyyətə göstərəcəyik ki, elm darıxdırıcı sahə deyil”

08.11.14 10:06 1739
“Cəmiyyətə göstərəcəyik ki, elm darıxdırıcı sahə deyil”
Bakı şəhərində ilk dəfə olaraq Elm festivalı keçiriləcək. Bu festival Cənubi Qafqaz ölkələrində keçiriləcək ilk elm festivalıdır. “Bakı Elm Festivalı-2014”ün direktoru Nuridə Hidayət “Kaspi” qəzetinə müsahibəsində festivalın həyata keçirilməsi üçün elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri sərgiləmək və elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlandığını bildirdi.
- Bakı Elm Festivalını keçirməkdə məqsəd nədir?
- Elm festivalı 19-cu əsrdən başlayaraq dünya ölkələrində keçirilir. Rusiyada bu festivalın keçirilməsinə 10 ildir ki, start verilib. Hər il Moskva Dövlət Universiteti Rusiyada elm festivalı keçirir. Biz də həmin festivala dəvət alırıq. Belə bir festivalın keçirilməsi üçün artıq bizim cəmiyyətimizdə də zərurət yaranıb. Çünki elmimiz yetərincə inkişaf edib. Alimlərimizin kifayət qədər elmi nailiyyətləri, ixtiraları, patentləri var. Onları cəmiyyətə təqdim etmək lazımdır. AMEA-nın prezidenti Akif Əlizadə belə bir festivalın keçirilməsi barədə qərar verdi. Gələn həftə festivalın açılışı olacaq. Festivalın noyabrın 10-da keçirilməsi təsadüfi deyil. Çünki bu tarix YUNESKO tərəfindən 2001-ci ildə Elm Günü kimi elan olunub. Elm festivalının yarandığı gündən öz devizi olub – əyləndirmək, ruhlandırmaq və öyrətmək. Biz də həmin formatla festivalı Bakıda təşkil etməyə çalışmışıq.
- Festival çərçivəsində hansı yeniliklərlə qarşılaşmaq mümkün olacaq?
- Festivalda əsasən elmi mühazirələr dinləniləcək. Bunlar elmi nailiyyətləri, yenilikləri özündə əks etdirən mühazirələr olacaq. Məsələn, “Fizika-lirika” seminarı yenilikdir. Həmçinin tibb, fəlsəfə və digər sahələrlə bağlı maraqlı mövzular var. İki gün ərzində 80-ə yaxın elmi mühazirə dinləniləcək. Bundan əlavə, əyləncəli elmi şoular, sərgi təşkil olunacaq. Akademiyada 40-a yaxın elmi təşkilat fəaliyyət göstərir. Hər bir təşkilat öz sərgisini təqdim edəcək. Muzeylərə, laboratoriyalara, emalatxanalara, texnoparka ekskursiyalar, press turlar təşkil olunacaq. Həmçinin iştirakçılara konsert proqramı təqdim ediləcək. Maraqlı əl işləri olan alimlərin də sərgisi keçiriləcək. Bu sərgini akademik İsa Həbibbəyli təşkil edir. Festival təkcə akademiyada deyil, Bakı Dövlət Universiteti, Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, həmçinin 132-134 və 6 saylı məktəblərdə baş tutacaq. AMEA-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və s. rayonlardakı bölmələri də festivala qatılacaq. Festival Bakıda keçirilsə də, Azərbaycanı tam əhatə edir. Biz gələcəkdə festivalın işlərini həyata keçirən təşkilat da yaradacağıq.
- Elm festivalına xarici ölkələrdən də dəvət olunan qonaqlar varmı?
- İlk dəfə keçirildiyi üçün bu festival beynəlxalq çərçivədə olmayacaq, respublika çərçivəsində keçiriləcək. Ancaq sevindirici haldır ki, mənə Kanadanın Vaterloo Universitetindən zəng vuraraq festivalla maraqlandılar. Həmin universitetdə çalışan alim İlham Axundov festivala maraq göstərdi və o, Bakıya gələcək. Həmçinin, Türkiyədən, Rusiyadan zəng edib maraqlananlar var. Ümumrusiya Elm Festivalının müavini artıq Bakıdadır. O, festivalın təşkil olunmasında bizə kömək edib. Festivalın açılışında da Ümumrusiya Festivalının direktoru iştirak edəcək. Həmçinin vətəndaşların da marağı artıb. Hamı zəng edib tədbirlərə dəvətnamə istəyir. Belə deyə bilərəm: Bakı Elm Festivalı beynəlxalq olmasa da, onun əks-sədası artıq ölkə hüdudlarını aşıb. Bu, Azərbaycan elmində yenilikdir. Həmçinin cəmiyyət üçün bir stimuldur. Alimlər öz ixtiralarını sərgiləyəcək, çıxışlar edəcəklər. Onlar öz nailiyyətləri ilə hamını tanış edəcəklər. Bu festivaldan sonra isə onlar ayrı yeniliklər görməyə ruhlanacaqlar. Həm də festival onlar üçün şansdır. Yəni onlar öz gördükləri işləri cəmiyyətə təqdim etmək şansı qazanacaqlar. Akademiyanın çox böyük institutları var. Həmin institutların nailiyyətləri haqqında bir-birlərinin xəbəri yoxdur. Amma festivalda hamı bir-birini yaxından tanıyacaq, işləri ilə tanış olacaqlar. Olsun ki, gələcəkdə onlar birgə layihələr işləyəcəklər. Bu festival bir yarmarkadır. Cəmiyyətə göstərəcəyik ki, elm darıxdırıcı bir sahə deyil. Bu sahədə alimlərimiz çalışır, oxuyurlar, araşdırırlar. Həmçinin əylənməyi də bacarırlar. Bu festival elmi populyar edəcək, gənclərin elmə həvəsinin artmasına kömək etməklə yanaşı, onun bütün gözəl tərəflərini cəmiyyətə göstərəcək.
- Gələcəkdə festivalın sərhədlərini daha da genişləndirmək barədə düşünürsünüzmü?
- Bəlkə gələn ildən bu festivalı beynəlxalq çərçivədə keçirdik. Həmçinin festivalı başqa ölkələrlə birlikdə də təşkil etmək olar. Məsələn, artıq Rusiya festivalı Avropa Şurası ilə birlikdə keçirir. Rusiya alimləri öz elmlərini ölkə hüdudlarından kənarda populyarlaşdırırlar. Bu, böyük təbliğatdır. Düşünürəm ki, bu, cəmiyyət üçün də böyük yenilikdir.
- Bəzən deyirlər ki, dövlət qayğısı olsa da, bizdə elm inkişaf etmir. Bu fikirlərə rəğmən, festivalda təqdim olunacaq uğurlar çoxdurmu?
- Təşkilat qrupu olaraq Akademiyanın bütün institutlarında görüşlər keçirdik. Uğurlarımız həddən artıq çoxdur. Sadəcə, cəmiyyət bunlardan xəbərsizdir. Bu festival həmin uğurları cəmiyyətə təqdim etmək üçün bir fürsətdir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər