AZE | RUS | ENG |


Cəmiyyətə fayda verən HOBBİ

Cəmiyyətə fayda verən HOBBİ
İlyas İsmayıllı: “Hobbi stressdən azad olmağa, fikirlərin, düşüncələrin sərbəstliyinə gətirib çıxarır”

Hobbisi onun həyat tərzidir. Məktəb illərindən başlayan həvəs bütün həyatını zəbt edib. Kiçicik bir maraq böyüyərək, onu assosiasiya prezidentliyinə qədər gətirib çıxarıb.
Müsahibimiz Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllıdır. Həmsöhbətimizlə ona mənəvi qida verən hobbisindən danışdıq.
 
Niyə də yox?
 
İ.İsmayıllının Skaut təşkilatına marağı məktəb illərindən başlayıb: "9-cu sinifdə oxuyurdum, bir gün dostum dedi ki, "maraqlı təşkilat var, ora üzv olaq. Bu təşkilatın Azərbaycanda da, xaricdə də düşərgələri olur. Ən maraqlısı isə ekstremal şəraitdə sınaqlar keçirirlər”. Dostumun dedikləri mənə maraqlı gəldi, düşərgəyə getdim. Adi bir maraq illər ötdükcə mənim həyat tərzim oldu. Skautla məşğul olmaq hazırda ən sevdiyim və zövq aldığım işlərdən biridir”.
2012-ci ildə təşkilatın üzvlərinin və fəaliyyətinin sayı azalır. Növbəti Baş Assambleyanın vaxtı yaxınlaşanda həmsöhbətimiz qərara gəlir ki, Assosiasiyanın prezidenti vəzifəsinə namizədliyini irəli sürsün: "Düşündüm ki, niyə də yox? Ondan öncə beynəlxalq müvəkkil idim və əsas iş prinsiplərini bilirdim. 2012-ci ilin dekabr ayında Baş Assambleyada təşkilatın prezidenti vəzifəsinə seçildim”.

"Saymaqla bitməz”
Assosiasiyada işlərinin saymaqla bitmədiyini deyir: "İşlərimiz çoxdur, saymaqla bitməz. Sizə ən vaciblərini sadalayacağam. Biz hər il 4 milli düşərgə təşkil edirik. Eyni zamanda, rayonlar da öz düşərgələrini təşkil edə bilirlər. Biz onlara avadanlıq və metodiki vasitələrlə köməklik edirik. Liderlik təlimləri, sağlamlıq və təhlükəsizlik təlimləri, ilk tibbi yardım təlimləri keçiririk. Qruplar və dəstələr müxtəlif bacarıq təlimlərini uşaqlar üçün təşkil edirlər. Sosial, ətraf mühitlə bağlı aksiyalar, vətənpərvərlik ruhunun qaldırılması, tarixin unudulmaması, dünyaya Xocalı həqiqətlərinin çatdırılması və ən əsası şəhidlərin ruhlarının yad edilməsi üçün Şəhidlər xiyabanından Xocalı memorialına qədər piyada yürüş təşkil edirik. Ağac əkirik, müxtəlif əraziləri təmizləyib, məlumat lövhələrin vururuq. Yürüşlər təşkil edirik. Hər il "Vonderland Azərbaycan” adlı böyük beynəlxalq düşərgə təşkil olunur. Sonuncu düşərgədə 10 ölkədən 65 xarici və 270 Azərbaycan skautları iştirak etmişdirlər. Düşərgə Gəncədə, Hacıkənddə təşkil olunub. 9 gün ərzində uşaqlar və gənclər əsl dost olmuşdular, oradan getmək istəmirdilər. Bu il isə ilk dəfə 25 gəncə axtarış və xilasetmə üzrə təlim keçirildi. 2016-cı ildə Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumuna ev sahibliyi etmək hüququnu qazandıq. Tədbirlər 2017-ci ilin avqust ayında Azərbaycanda olacaq və 165 ölkədən 1300 nəfərin iştirakı planlaşdırılır”.
Skautların təhsil metodları
Skautların öz təhsil metodlarının olduğunu deyən müsahibimiz onları bizim üçün sadaladı: "Sakut metodları unikal təhsil metodlarına aiddir. Bunlara fəaliyyət zamanı öyrənmək, təbiətlə ünsiyyət, kiçik qruplarda iş, skaut qanunları daxildir. Biz Azərbaycan skautları üçün bəzi metodları əlavə etmişik. Məsələn, böyüklərin dəstəyi və ya macəra... Çünki bütün fəaliyyətlər macəralı olmalıdır”.
 
"Daha qlobal düşünməyə başlamışam”
 
Hobbisinin ona çox şey verdiyini düşünür: "Mənim azı 165 ölkədə tanışlarım və dostlarım var və əminəm ki, sabah bu ölkələrdən hansınasa getsəm, gecələməyə yerim var. Dünya görüşüm dəyişib, daha qlobal düşünməyə başlamışam. Beynəlxalq müvəkkil və təşkilatın sədri vəzifələri isə mənə diplomatiyanı, beynəlxalq əlaqələri və bir sıra digər bacarıqları öyrədib”.
Onun fikrincə, insan nə işlə məşğul olursa olsun, mütləq istirahət etməlidir: "İstirahətin ən yaxşı forması sevdiyin işlə məşğul olmaqdır.  Hobbi eyni zamanda stressdən azad olmağa, fikirlərin, düşüncələrin sərbəstliyinə gətirib çıxarır. Eyni zamanda, əgər bu hobbi cəmiyyətə, ölkəyə fayda verirsə, niyə də inkişaf etdirməyim. Bu həm də vətəndaşlıq prinsiplərinə uyğundur”.
Alimlər düşünür ki, hobbisi olan insanlar digərlərinə nisbətən daha xoşbəxtdirlər. Həmsöhbətimiz də bu fikirlə razıdır. Deyir ki, hobbi yalnız sevilən iş ola bilər və əgər insan sevdiyi işlə məşğuldursa, o, təbii ki, işindən həzz alır: "Bu zaman insan niyə də xoşbəxt olmasın?!”
 
Gəncləri narahat edən problemlər
 
Onu da deyək ki, assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir. Həmin günlər bütün dünya skautları internet və radio vasitəsilə bir-biri ilə əlaqə yaradaraq, gördükləri faydalı işlər haqqında fikir mübadiləsi aparır, dünya gənclərini narahat edən problemlər haqda söhbət edirlər. Maraqlıdır, dünya gənclərini narahat edən problemlər nədir?
İlyas İsmayıllı deyir ki, bu tədbir Jota-Joti adlanır və internet, peşəkar radio kanalları vasitələri ilə gənclər arasında əlaqə saxlanılır: "Həmin toplantı zamanı gənclər daha çox müsbət şeylərdən danışmağa çalışırlar. Təbii ki, problemlərə də toxunulur.  Əsasən ətraf mühitlə bağlı, qlobal istilik, meşələrin qorunması, zibillənmə ilə mübarizə, yoxsulluq və s. Dünya gənclərini narahat edir. Təbii ki, gəncin hansı regiondan olması vacibdir, çünki problemlər də həyat tərzi kimi fərqlidir”.
Son olaraq həmsöhbətimiz gənclərə sevdiyi işlə məşğul olmalarını tövsiyə etdi: "Çəkinməsinlər. Əgər hansı işi sevdiklərini bilmirlərsə, o zaman müxtəlif fəaliyyətlərlə məşğul olsunlar, bu zaman sevdikləri işi mütləq tapacaqlar”.
 
Aygün ƏZİZ
 

 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020