• cümə, 29 Mart, 09:59
  • Baku Bakı 5°C

Cəmiyyətə ən böyük xidmət evdə oturmaqdır

04.04.20 14:30 527
Cəmiyyətə ən böyük xidmət evdə oturmaqdır
Martın 17-dən evdəyəm. İlk günlər adəti üzrə 7-8 kilometr gəzir və nəvəmi görməyə gedirdim. Karantin rejimi tətbiq olunandan həm gəzintidən, həm də nəvəmin görüşünə getməkdən imtina etmişəm. Gündə bir dəfə yaxınlıqda yerləşən marketə düşür və tez də evə qayıdıram. Küçəyə çıxanda maska taxır, əlcəkdən istifadə edirəm. Evə qayıdanda isə gigiyenik qaydalara uyğun olaraq əllərimi yuyur, spirtlə dezinfeksiya edirəm. Gündə bir neçə dəfə otağın havasını dəyişir, ailə üzvlərimlə birlikdə mənzildə bəzi əşyaları dezinfeksiya edirik.
Bu sözləri dənizçi-şair Faiq BalabəyliAZƏRTAC-ın müxbirinə deyib. O, "Evdə qal” kampaniyasına qoşularaq fəaliyyətini özü demişkən, "dörd divarın arasında” davam etdirir: "Mütaliəyə çox geniş vaxt ayırıram. Son günlər Pərviz Cəbrayılın "Məryəm surəsi”ni, İlham Qəhrəmanın Aşıq Alı ilə bağlı araşdırmasını və Sarı Aşıqla bağlı tədqiqatını, Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" hekayələr kitabını oxumuşam. Bundan başqa Vasif Süleymanın və Sehran Allahverdinin şerlərini, Aysel Əlizadə və İbrahim Rüstəmlinin publisist yazılarını mütaliə etmişəm. Özüm bir sıra yeni şeirlər yazmışam. İki il əvvəl bitirdiyim "Bakirə qayalar" romanı üzərində son yaradıcılıq işləri aparıram”.
Onun fikrincə, koronavirus pandemiyası ilə mübarizədə ən doğru yol sosial izolyasiyadır. Bunu etməklə, hər kəs həm özünü, həm doğmalarını qoruyur, həm də cəmiyyətin sağlamlığı üçün çox böyük töhfə vermiş olur. Şair öz fikrini belə yekunlaşdırıb: "Məşhurlardan kiminsə sözüdür: "Ən çətin iş ən asan olanıdır, vaxtında sən bunu etmədin”. İndi bizdən tələb olunan çox sadə və asan bir işdir. Özündə vətəndaş məsuliyyəti hiss edən hər kəs bu sadə həqiqəti dərk edərək evdə oturmalı və bununla cəmiyyətə, onun sabahına xidmət etməlidir”.
banner

Oxşar Xəbərlər