AZE | RUS | ENG |


Cəmiyyətdəki aqressiyanın səbəbi nədir? - Diskussiya

Cəmiyyətdəki aqressiyanın səbəbi nədir? - Diskussiya
Gənc psixoloqlar deyir ki, ciddi problem kimi yanaşmadığımız aqressivlik vaxtında aradan qaldırılmadıqda, ağır nəticələrə gətirib çıxarır

Hər birimiz insanların bir-biri ilə davranışlarında sərtlik, aqressivlik müşahidə edirik. İstər Bakı, istərsə də regionlarda zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Son vaxtlar ictimai nəqliyyatda sürücü-sərnişin davaları da problemi pik həddə gətirib. Demək olar ki, cəmiyyəti aqressiyalar öz ağuşuna alıb. Bəs bunun səbəbi nədir? İnsanlar niyə aqressivləşib? Bu sualın cavabını Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsinin psixoloq tələbələri ilə müzakirə etdik.
 
 

Tahirə Zeynalova:
- Aqressiya ailədən qaynaqlanır. Ailənin bünövrəsi qoyulandan bu nüanslara diqqət etmək lazımdır. Ailədəki aqressiya ailə üzvlərinin psixoloji durumuna mənfi təsir göstərir. Valideynlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Artıq ailədə böyüyən uşaqda aqressiya formalaşdıqdan sonra, bu, sadəcə ailə daxilində olmur. Yavaş-yavaş əhatə dairəsi genişlənir. Bu zaman psixoloqa müraciət edib müəyyən dərəcədə problemi həll etmək olar. Bunu aradan qaldırmaq üçün bir seans kifayət deyil. Müəyyən zaman müddətində psixoloqun köməkliyi ilə bunu aradan qaldırmaq olar. Psixoloqa gələn insan da ona inanmalı, nələrisə deməkdən çəkinməməlidir. Psixoloqla pasient arasında aparılan sorğu-sual müstəntiqlə cinayətkar arasında olan sorğu-suala oxşamamalıdır. Pasient psixoloqun yanında özünü tam rahat və güvəndə hiss etməlidir.
 
 

Vəfa Əlizadə:
- Tahirə aqressiyanın ailədən qaynaqlandığını bildirdi. Mən isə başqa səbəblərindən danışmaq istəyirəm. Aqressiyanın yaranma səbəbləri çoxdur. Bu, fiziki, sosial, psixoloji səbəblərdən ola bilər. İnsanın vizual görünüşü özünə xoş gəlməyə bilər. Kənardan da tənqid atəşinə tutulduqda, artıq həmin insanda özgüvən əskikliyi yaranır və ətrafa qarşı da aqressiv olur.
Həyatda pis insan yoxdur. Cəmiyyətin pisləşdirdiyi insanlar var. Yaxın insanın itirilməsi, məişət şəraiti, keçirdiyi hər hansı bir qəzadan dolayı yaşadığı psixoloji sarsıntı da insanın aqressivləşməsinə təsir edir. Aqressiya prosesi başlayanda, həmin insan düzgün olmayan yollara gedə bilər. Narkotikaya, alkoqola qurşana bilər. Özgüvən burada çox böyük əhəmiyyətə malikdir. İnsanda özünə inam olsa, hər şey düzələr.
 
 

Aydan Əbdürrəhmanova:
 
- Məncə, aqressiyanı yaradan səbəblərdən biri də psixi müqavimətin zəif olmasıdır. Düşünürəm ki, bu çox kiçik yaşlarından yaranır, yeniyetməlik dövründən özünü göstərir. Ailələrdə uşağa çox kiçik yaşlarından "sən sus”, "sən danışma” kimi sözlər deyilir. Uşağın fikri dinlənilmir. Onun hər hansı bir əşyaya toxunmasına icazə verilmir. Bu da uşaqda yığılır, yaş üstünə yaş gəldikcə və cəmiyyətdəki digər mənfi hallar da toplandıqda, aqresiya yaratmağa başlayır. Məncə, gənclərdə aqressiyanın əsas yaranma səbəbi ictimai qınaqdır. Deyərdim ki, gənclərin davranışından tutmuş, geyiminə qədər hər şeyə çox yersiz ictimai qınaq var. Bəzi insanlar sözünü yerində deməyi bacarmır və bu da qarşı tərəfdə aqressiya yaradır. Hətta bəzən heç bir söz deyilməsə belə, adicə bir baxış həmin gəncdə aqressiya yarada bilər. 
 
 

Ülviyyə Həsənzadə: 
 
- Məndən əvvəl danışanlar aqressiyanın ailədən qaynaqlandığını dedilər. Mən də bir məsələyə toxunum ki, uşaq evin güzgüsüdür. Evdə nə olursa, uşaq onu götürür və ətrafa da onu yayır. Uşaqda aqressiyanın yaranma səbəblərinin biri də ata-ana problemləridir. Məsələn, ata deyəni ana, ana deyəni ata qəbul etmir. Bu zaman uşaq bir küncə sıxılır, özünə qapanır. Uşaq nəsə demək istəyəndə danışmağa icazə vermirlər. Və bu zaman uşaqda özgüvən problemləri yaranır. Bu da zamanla aqressiyaya səbəb olur. Uşaq özündən böyüklərin onunla davrandığı kimi davranmağa başlayır. Bundan başqa, valideynin uşaqlar arasında fərq qoyması da aqressiyaya səbəb ola bilir. Məsələn, oğlan uşağının daha çox sevilməsi qız uşağında aqressiya yarada bilər. İlk aqressiya ana bətnində yaranır. Ananın hamilə ikən keçirdiyi psixoloji sarsıntı və travmalar uşağa təsir edir. Bunun da həlli psixoloq və valideyn işinin birgə təşkilindən asılıdır. Uşaq ali məktəbə hazırlaşarkən ixtisas seçimi zamanı uşaqla valideyn arasında yaranan problem də onda aqressiya yaradır. Sonra istəmədiyi fakültəyə düşdüyü zaman bu da onun aqressivləşməsinə səbəb olur. Çünki uşaq istəmədiyi mühitdə, istəmədiyi insanlarla bir arada olur. Və daha irəli getdikcə iş tapma dövründə, ana-ata olduğu zaman bu aqressiya davam edir. İnsan özünün psixoloqu olmalı, özünü motivasiya etməli, daha çox gülümsəməlidir. 
 
 

Nərgiz Əliyeva:
- Dostlar aqressiyanın daha çox ailədən yarandığını qeyd etdilər. Amma məncə, bu həm də ətrafındakı insanları seçməkdən də asılıdır. İnsanlar psixoloqa o zaman müraciət edirlər ki, artıq baş verən problemi həll edə bilmirlər. Məncə, psixoloqun işi insanları düzgün istiqamətləndirməkdir. Yəni, psixoloq insana bir yox, bir neçə yol göstərməlidir. Digər bir səbəb isə insanların iş prinsipini düzgün qurmamasıdır. İş prinsipini düzgün qurmadıqda, problemlər çoxalır və insan bununla bacarmır, aqressivləşir. 
 


Nicat Rəhimli: 
- Əlavə olaraq qeyd etmək istəyirəm ki, son zamanların statistikasına nəzər saldıqda, orta yaşlı insanlardan daha çox uşaqlarda aqressiyanın olduğunu görürük. Bu da onunla bağlıdır ki, müasir dövrdə texnologiyanın inkişaf etməsinə baxmayaraq, valideynlərimiz həm pedaqoji, həm də psixoloji baxımdan maarifsizdirlər. İnternetin yaratdığı şəraitdən istifadə edə bilmirik. Düzgün olmayan tərbiyə sistemi formalaşır. Ata və ana dərk eləməlidir ki, uşaq ağ kağızdır. Uşağın gözü qarşısında edilən hər hansı bir hərəkət onda aqressiya yarada bilər. Aqressiya bir neçə saniyədə formalaşan vəziyyət deyil. Bu müəyyən vaxt ərzində yaranır. Aqressiya yığılır, yığılır və püskürməyə hazır vulkan vəziyyətinə gəlir. Valideynlər arasında zorakılıq, qeyri-etik sözlər, uşağın gözünün qabağında bəzi düzgün olmayan hərəkətlər onu aqressivləşdirir. Bundan başqa, onu da deyim ki, bəzən valideynlər uşağın gözü qarşısında intim münasibətdə olurlar. Bu, uşağa çox pis təsir edir. Çünki uşaq beyni bunu dərk etmək iqtidarında olmadığından, onda fərqli düşüncələr yaradır. Və o həmin hərəkəti öz həmcinsinə və ya əks cinsə qarşı təkrar edə bilər. Bundan başqa, məktəbdə də müəllim-şagird arasındakı münasibətlər, prinsipiallıq uşaqda aqressiya yarada bilər. Uşağın kiçik yaşda informasiya bolluğuna düşməsi belə onda aqressiya yarada bilər. Çünki valideynlər 5-6 yaşındakı uşaqlarından bir neçə dil bilməyi, çox şeyi öyrənməyi tələb edirlər. Müasir dövrdə psixoloqa müraciət edən azdır. Çünki buna problem kimi yanaşmırlar, aqressiya deyib keçirlər. Bizdə aqressiya adi söz kimi başa düşülür. Amma bu, ciddi problemdir. Vaxtında həll olunmadıqda, pis nəticələrə gətirib çıxarır. 
 
 

- İdeal psixoloq necə olmalıdır?
 
Ülviyyə Həsənzadə:
- İdeal psixoloq özünə qarşı ətrafdakı hər kəsdə inam yaratmalıdır. İlk olaraq yaxınlarına kömək etməkdən başlamalıdır. Maddi qazanc güdməməlidir. Onun yanına pasient gələndə, fərqi yoxdur hansı din, dil daşıyıcısıdır - hər şeyi bir kənara qoyub ona qulaq yoldaşı olmalı, onu sona qədər dinləməlidir. Pasientin tək problemi onu dinləyən insanın olmamasıdır. Hər kəs hər yaxın adamına sirr verə bilmir. İnsan əslində nəyi etməli, nəyi etməməli olduğunu bilir. Sadəcə olaraq qarşı tərəfdən təsdiq gözləyir, məsləhət istəyir. Psixoloq onu dinləyib alternativ çıxış yolları söyləyə bilər. İdeal psixoloq həm də bədən dilindən anlamalıdır. Pasient gələn zaman onu rahatlatmalı, gülümsəməlidir. Psixoloq pasientin üz quruluşundan, geyimindən, istifadə etdiyi aksessuarlardan onun necə biri olduğunu anlamalıdır. Problemini deməmişdən öncə bunu bilməliyik. Əgər biz pasienti qabaqlayıb onun problemini özündən əvvəl desək, bu zaman o daha çox rahatlanacaq və öz problemlərindən danışacaq. Psixoloq güvənilən olmalıdır. Psixologiyada belə bir şey var. Motivasiyaedici bir sözü 3 dəfə dedikdə, o, təsiredici olur. Biz pasientə deməliyik ki, inan, hər şey yaxşı olacaq. Biz qarşımızdakının düşüncələrinə uyğun da danışa bilərik. Əgər o, dinə daha çox bağlı insandırsa, biz ona "Allah qoysa, hər şey yaxşı olacaq” desək, o daha inamlı olacaq. 
 
 

Tahirə Zeynalova:
- Məncə, psixoloq dedikdə, ancaq psixoloji biliklərə yiyələnən insan nəzərdə tutulmamalıdır. Hər insandan psixoloq formalaşmır. Psixoloq olmaq üçün səbirli, təmkinli olmaq lazımdır. Hər bir insan psixoloq təhsilini alaraq psixoloq ola bilməz. Təbii ki, təhsil vacibdir, amma əvvəldə qeyd etdiyim əsas amillər psixoloqun formalaşmasına təsir göstərir. 
 
 
 
Zəhra Əlizadə: 
- İnsanlar arasında psixoloqa müraciət etmələri üçün maarifləndirmə, KİV-də təbliğat işi aparılmalıdır. Bir məsələyə də toxunmaq istəyirəm ki, daha çox rayon və kənd yerlərində psixoloq və psixiatr arasındakı fərqi bilmirlər. Düşünürəm ki, ilk olaraq bu fərqi onlara başa salmaq lazımdır. İdeal psixoloq məsələsinə gəldikdə isə, düşünürəm ki, hansı sahədə olursa-olsun, insan öz metodunu yaratmalıdır. Ona görə düşünürəm ki, hər bir psixoloq öz metodunu yaratmalı, onu özününküləşdirəndən sonra pasientlə münasibət qurmalıdır. Psixoloqla pasientin münasibətinə gəldikdə isə, psixoloqun ideallığı 60 faiz onun şəxsi keyfiyyətləri, 40 faiz isə oxuduğu kitablardan asılıdır. Psixoloqun pasientə müsbət enerji ötürməsi də vacib elementlərdən biridir. Psixoloq ona müraciət edən pasientə «müştəri» kimi baxmamalıdır. Sənə hər hansı bir kömək və ya məsləhət üçün müraciət edən insana o gözlə baxmamalısan. Psixoloq pasientə məsləhət verməli deyil, ona düşdüyü qarışıq vəziyyətdən çıxış yolu göstərməlidir.
 
Aygün ƏZİZ
Günel AZADƏ     


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001