• şənbə, 20 Aprel, 13:28
  • Baku Bakı 23°C

Cəmiyyət möhkəm olanda, dövlət də möhkəm olur

06.02.15 09:48 1050
Cəmiyyət möhkəm olanda, dövlət də möhkəm olur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış “2015-2016–cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı”na əsasən fevralın 6-da növbəti konfrans keçirilib. AzərTAc xəbər verir ki, “Müasir dövrün çağırışları: ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusuna həsr olunan konfransda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və digər aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkədə həyata keçirilən dövlət ailə siyasətindən və milli, dini dəyərlərin qorunması istiqamətində aparılan islahatlardan, perspektivlərdən danışıb.
Məlumat verilib ki, ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin təşkilində dini qurumlarla və icmalarla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ailə modeli əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin mühüm rolu var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bölgələrdə maarifləndirmə işlərinə xüsusi diqqət ayrılacağını bildirib. Qeyd olunub ki, hər dövrün özünəməxsus çağırışları olur və bu da ailəyə, cəmiyyətə öz təsirini göstərir. Ailə dəyərlərində dinin rolu mühüm amillərdəndir. İslam dini yayıldığı yerlərdə ailə institutuna müsbət təsirini göstərib.
Milli Məclis sədrinin müavini Bahar Muradova bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırıb. Ailə institutunun möhkəmlənməsində qanunların xüsusi rolu olduğunu qeyd edən B.Muradova qanunvericiliklə bağlı maarifləndirmə və təbliğat işlərinin düzgün, effektiv aparılması yollarından danışıb.
AZADİNFORM xəbər verir ki, Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva çıxışında mütəmadi olaraq Milli Məclisin deputatları, söz, fikir adamlarının bu mövzunu gənclərə daha mükəmməl və təsiredici formada çatdırmasının çox vacib olduğunu bildirib: “Çünki dini eksterimizmə, radikalların təsirinə məruz qalmaq ilk olaraq 12-13 yaşlarından başlayır. İstərdim ki, 5, 6, 11-ci siniflərə qədər mütəmadi olaraq məktəblərlə müqavilə bağlansın və onlara bununla bağlı məlumatlar verilsin. Memorandum Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsi arasında bağlanıb. Çox istərdim ki, bu, universitetləri, məktəbləri əhatə etsin. Bu gün ölkəmizə qarşı yönələn fikirlərin əsasında ailəni zəiflətmək durur. Bu planın üzərində çox ağıllı başlar işləyir”.
O qeyd edib ki, ailə zəifləyəndə övlad ailənin, valideynin üzünə duracaq və sözünü eşitməyəcək: “Nəticədə ortada bağlar qırılacaq. Dünyada ən böyük məsələ millət səviyyəsində o bağların qırılmasıdır. Bax bunu ağıllı başlar oturub düşünüblər və düşünürlər. Azərbaycan cəmiyyəti və dövləti bu böyük problemin qarşısında niyə belə güclüdür və ona sinə gərə bilir? Çünki onun ailəsi möhkəmdir. Nə etmək lazımdır? Onu ailədən sarsıtmaq lazımdır. Bu gün şərqdən və qərbdən bizə hücumlar olur. Bütün bunlar Azərbaycan ailəsini zəiflətməyə yönəldilib”.
S.Vəliyeva bildirib ki, uşaqların beyni tez yuyulur: “Əvəzində isə o yuyulan beynin yerində onlar tez toxum əkə bilirlər. Buna yol verməmək üçün sadalanan işlər olmalıdır. Sizin bu işləriniz Gənclər və İdman Nazirliyi ilə də aparılmalıdır. Lazımdır ki, bir qadın ailə qurumu olaraq məktəblərə müdaxilə edəsiniz. Orada çox sevilərsiniz. Mən bunu bildiyim üçün deyirəm. İstərdim ki, həm də valideynlər o tədbirlərdə iştirak etsinlər. Onlar uşaqların qarşısında o məsələlərin qaldırılması üçün hətta sizi bağrına basar”.
Natiq qeyd edib ki, valideynlər bəzən uşaqların əlindən qan ağlayırlar: “Bir az orta ailə səviyyəsi olanlar uşaqlarını ödənişli məktəblərdə oxutmaq istəyirlər. Uşaqların təfəkküründə isə belə fikir var ki, mən pul ödəyirəmsə, hər şey edə bilərəm. Bu mexanizm bəzən valideynlərlə məktəb arasındakı sərhədi qırır. O sərhəd, bağ qırılanda, cəmiyyətə hər cür təsirlər yol alacaq”.
Erkən ailə qurmaq məsələsinə gəlincə, S.Vəliyeva deyib ki, DQİDK və Qadın Komitəsinin məktəblərdə təsir gücü artsa, bu problem həllini tapacaq: “1900-cü illərin əvvəllərində Bakıda Hacı Zeynalabdinin qızlar məktəbi açılanda, Şeyxülislam Hacı Axundzadə bu qədər cahil zəmanədə “Neyləsin, neyləməsin camaat qızı məktəbə buraxsın” demişdi. İbn Sinanın anası təhsilli olduğu üçün onun 15 yaşında oğlu artıq bütün elmlərdən hali idi. Qızlarınızı oxudun. Qızlar təhsilli olarsa, ailələr möhkəm olur. Ailə möhkəm olanda, cəmiyyət möhkəm olur. Cəmiyyət möhkəm olanda da dövlət möhkəm olur. Hesab edirəm ki, bu mənada ziyalı olaraq üzərimizə düşən vəzifələr var və bütün ictimaiyyət bu mövzuda bizə yardımçı olmalıdır”.
Konfransda Milli Məclisin deputatları Musa Quliyev, Məlahət Həsənova, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və digər aktual mövzular ətrafında çıxış ediblər.
banner

Oxşar Xəbərlər