• şənbə, 20 Aprel, 09:22
  • Baku Bakı 14°C

“Cəmiyyət hökumətə inanır, etimad göstərir”

08.12.17 11:30 3156
“Cəmiyyət hökumətə inanır, etimad göstərir”
Müstəqil Azərbaycanın iqtisadi inkişafı, əldə etdiyi uğurlar dünya dövlətlərinin diqqətini hər zaman cəlb edib. Məhz buna görədir ki, beynəlxalq təşkilatlar ölkəmizdə həyata keçirilən daxili və xarici siyasət, siyasi-iqtisadi nailiyyətlər barədə mütəmadi olaraq araşdırmalar aparır, hesabatlar hazırlayaraq yayırlar. Bu günlərdə ING maliyyə holdinqinin (Hollandiya) analitikləri Azərbaycan barədə daha bir məruzə hazırlayıblar. Azərbaycanla bağlı araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparıb.Məruzəyə görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclisisə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib.
Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır. Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.

Bu araşdırma ilə bağlı fikirlərini açıqlayan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Hollandiyanın ING maliyyə holdinqinin analitik məruzəsi müxalifətin ölkənin inkişafı ilə bağlı daxili və xarici sorğuların nəticələrinə şübhə ilə yanaşmasına son qoyub. Deputat qeyd edib ki, cəmiyyət hökumətə inanır, etimad göstərir. Onun sözlərinə görə, bu, şübhəsiz ki Prezident ilham Əliyevin ölkədə sabitliyin təmin edilməsi sahəsində gördüyü möhtəşəm işlərlə bağlıdır: "Həmin şəxslər aparılan islahatlara inamsızlıqla yanaşırdılar. Amma Hollandiyanın sorğu mərkəzinin hesabatı məsələnin obyektivliyinə şübhə yeri qoymur. Əgər bu sorğu nəticəsində hakimiyyətə əhalinin 81 faizi, parlamentə 65 faizi, siyasi partiyalara 45 faizinin inandığını üzə çıxırsa, bu hal siyasi partiya rəhbəri kimi məni sevindirir. Hesab edirəm ki, siyasi partiyalar obyektiv və subyektiv cəhətdən həqiqətən cəmiyyətin tam ümid yerinə çevrilə bilməyiblər. 35 faiz cəmiyyətin parlamentə etimad göstərməməsi də təbii haldır. Bu sorğu parlament qarşısında daha böyük məsuliyyət qoyur ki, xalqın etimadını qazanmaq üçün daha çox çalışmalıyıq. Hökumətə olan etimada gəlincə isə, xalq bu hakimiyyətə alternativ qüvvə görmür”.

Siyasi şərhçi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli qeyd edib ki, bu sorğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının sifarişi ilə həyata keçirilib. Onun fikrincə, bu kimi sorğular daha öncə digər "Şərq Tərəfdaşlığı”na üzv olan ölkələrdə də keçirilib. Siyasi şərhçi bildirib ki, nəticələr baxımından Azərbaycan ən yüksək göstəricilərə malikdir: "Azərbaycan vətəndaşlarının dövlətə olan etimadı çox böyükdür. Şübhəsiz ki, bu da Azərbaycanda həyata keçirilən layihələrdən və Azərbaycan dövlətinin sosial dövlət olmasından qaynaqlanır. Digər tərəfdən, Azərbaycan bu günə kimi beynəlxalq müstəvidə, ölkə daxilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu da dövlətin həm beynəlxalq müstəvidə nüfuzunun yüksəlməsinə, eyni zamanda vətəndaşların etimadının artmasına səbəb olur. Təbii ki, burada rol oynayan əhəmiyyətli faktorlardan biri də Azərbaycan vətəndaşlarının kifayət qədər vətənpərvər olmaları, öz dövlətlərini sevmələri, regionda və dünyada baş verən prosesləri dərk etmələri, bütövlükdə isə Azərbaycan dövlətinin gələcəyinə inam bəsləmələri ilə bağlıdır. Kifayət qədər nüfuzlu bir təşkilatın korporasiyasının həyata keçirdiyi bu sorğunun nəticəsi Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək, ölkəmizə investisiyaların cəlb olunmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, bu faktor dünyaya Azərbaycan vətəndaşlarının dövlətə olan münasibətini, həmçinin öz gələcəklərinə, dövlətin gələcəyinə olan münasibətlərini ortaya qoyur. Bu da siyasi dəyərləndirmələrdə çox mühüm faktor kimi qiymətləndirilməlidir”.

Siyasi şərhçi Azər Həsrət də deyib ki, Azərbaycanla bağlı belə rəqəmlərin ortaya çıxması təsadüfi deyil. Onun sözlərinə görə, Azərbaycanda hər kəsin şəxsən Prezident İlham Əliyevə böyük etimad göstərdiyi bilinən gerçəkdir: "Əslində, ilk rəqəm 100 faiz də ola bilərdi. Məhz cənab Prezidentin nüfuzuna görə. Sadəcə olaraq sorğuda iştirak edənlərin bir qismi yerlərdə bəzi balaca məmurların uyğunsuz davranışlarından əsəbiləşərək hökumətə etibar məsələsində çəkingən davranıb. Ümumiyyətlə isə, belə bir sorğu aparılmadan da hər kəs bilir ki, Azərbaycanda xalqla dövlət-hakimiyyət arasında qarşılıqlı inam, etimad çox yüksək səviyyədədir”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər