Cəmisi 5 filmlə Azərbaycan kino sənətində əbədi yer tutan rejissor
Rejissorsuz nə teatr, nə də ekran əsəri mövcuddur.
Qəribəsi də budur ki, ən uğurlu tamaşanın da, bədii filmin də, elə operanın da,
baletin də həmişə ifaçılarından, libretto və ssenari müəlliflərindən, bəstəkarlarından,
hətta bədii tərtibatından da ətraflı danışılır. Bəzi tamaşalara, filmlərə də
baş rolun ifaçılarına görə maraq göstərilir. Nadir hallarda bu yaradıcı məhsulun
uğurlarından söz açanda rejissor zəhmətini də xatırlayanlar olur. Halbuki hər
bir əsərin istər teatr səhnəsində, istərsə də ekranda öz əksini tapmasında
rejissor əməyinin əhəmiyyəti danılmazdır. Teatr sənətinin görkəmli nümayəndəsi
unudulmaz Həsənağa Turabov söyləyirdi ki, Azərbaycan teatrı və kinosu təkcə
korifey aktyorların hesabına deyil, həm də bu ağır yükün altına girərək onu şərəflə
irəliyə doğru aparan rejissorların sayəsində inkişaf tapıb. İstər teatr, istər
kino sahəsində fəaliyyət göstərən, əməyi bu gün də unudulmayan, Azərbaycan
rejissor sənətində bir məktəb yaradan ustadlar çox olub. Onlardan biri də kino
tariximizdə dərin iz qoymuş əməkdar incəsənət xadimi Hüseyn Seyidzadədir. Şərəfli
bir şəcərəyə mənsub Seyidzadələrin Azərbaycan mədəniyyətinin inkişafında böyük
xidmətləri var.
Hüseyn Seyidzadə 1910-cu ilin oktyabrında İrəvan şəhərində
anadan olub. 1918-ci ildə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində
İrəvandan baş alıb qaçan ailələrdən biri də Seyidzadələr idi. Onlar əvvəl
Tiflisdə, sonra Bakıda məskunlaşıblar. Hələ 15 yaşında ikən fabrikdə çalışan
Hüseyn Seyidzadənin kinoya böyük marağı var idi. Bu səbəbdən də mədəniyyət
ocaqlarında fəaliyyət göstərən özfəaliyyət kollektivlərində iştirak edirdi. Sonralar
sorağı İşçi Teatrından gəldi. O zaman Azərbaycan teatrının gənc kadrlara böyük
ehtiyacı var idi. Hüseynin yaratdığı rollar mütəxəssislərin diqqətini çəkirdi.
Bu səbəbdən də 1928-ci ildə onu indiki Sankt-Peterburq şəhərinə göndəriblər. Gənc
aktyor burada - Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçib. Bakıya
qayıtdıqdan sonra onu kinostudiyada işə götürüblər. Hətta o vaxtların səssiz
kinolarından birində neftçi rolunu da yaradıb. 1931-ci ildə Moskvada Dövlət
Kinematoqrafiya İnstitutunda təhsil almağa gedərkən Hüseyn Seyidzadənin 21 yaşı
vardı. Hüseyn Seyidzadənin dərs aldığı insanlar artıq dünyada tanınmış, böyük sənətkarlar
idi - Mixail Romm, Lev Kuleşov, Sergey Eynşteyn və başqaları. 1936-cı ildə
Bakıya qayıdan Hüseyn Seyidzadə bir sıra bədii və sənədli filmlərin çəkilişində
rejissor assistenti, dublyaj rejissoru işləyib. İlk dəfə ona tələbə yoldaşı
Niyazi Bədəlovla birlikdə "Ayna" adlı bədii filmi çəkməyi
tapşırıblar. Lakin indi də məlum olmayan səbəblərə görə, həmin filmin çəkilişi
dayandırılıb. Bir neçə ildən sonra yarımçıq qalmış ekran əsərinin materialları əsasında
Hüseyn Seyidzadə "Sovqat" adlı qısametrajlı bədii filmə quruluş
verib. Qəlbi arzularla coşub-daşan, Azərbaycan kino sənətində bir rejissor kimi
öz izini qoymaq istəyən Hüseyn Seyidzadə, əslində, ağrılı taleyi olan bir sənətkar
idi. 1937-ci ilin repressiyaları onu caynaqlarına çəkib gedər-gəlməzə aparmasa
da, ürəyinə silinməz dağlar vurub. Gah partiya sıralarından çıxarıblar, gah ona
şiddətli töhmət veriblər, gah da "sonuncu xəbərdarlıq"lar ediblər. Səbəb
nə idi? Gənc rejissoru nədə ittiham edirdilər? Bu faciədən qurtulanların bir
qismi başını aşağı salıb suların durulmasını gözləyir, bir qismi sarsıntı içində
əzab çəkir, bir qismi isə fürsəti fövtə vermirdi. Tanınmış insanlar, ziyalılar,
istedadlı şəxslər barəsində yuxarılara böhtan dolu "məlumat"lar göndərirdilər.
Belə şantajdan biri də Hüseyn Seyidzadənin ünvanına oldu. Guya o, tərcümeyi-halında
bəzi məsələləri gizlədib. Bildirməyib ki, Türkiyədə onun qohumu var, partiyanı
aldadıb ki, kəndli oğludur. Əslində, onun atası İrəvan şəhərinin varlı əyanlarından
- tanınmış tacirlərindən olub və sairə. Hətta İkinci Dünya müharibəsindən geri
qayıtmayan qohum-əqrəbanın da həlak olmasını, yaxud da itkin düşməsini bir sıra
müəmmalara bağlayaraq Hüseyn Seyidzadəni ləkələyib sıradan çıxarmaq istəyiblər.
Bütün şər qüvvələrin təzyiqindən min bir əziyyətlə qurtulan Hüseyn Seyidzadə öz
sənəti ilə məşğul olmağı bacardı. O, anadan elə rejissorluq üçün doğulmuşdu. Bu
səbəbdən də Azərbaycan kino sənətini şöhrətləndirə biləcək əsərlər yaratdı.
1956-cı ildə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasını
Hüseyn Seyidzadə ekranlaşdırdı. Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii
film idi. Film müxtəlif beynəlxalq kinofestivallara göndərildi və yüksək dəyərləndirildi.
Məhz bu filmlə Hüseyn Seyidzadə yüksək səviyyəli rejissor olduğuna hamını
inandırdı. Təsadüfi deyil ki, Azərbaycan kino sənətinin parlaq səhifələrini
yazan bu məşhur film dünyanın 60-dan çox ölkəsini dolaşıb.
Hüseyn Seyidzadənin taleyi əvvəldən gətirməmişdi.
Onu uğurla uğursuzluq daban-dabana izləyirdi. İndi də böyük həvəslə baxdığımız
"O olmasın, bu olsun" filmi ilə bağlı ötən əsrin ortalarında mətbuat
səhifələrində haqsız tənqidlər baş alıb gedirdi. Rejissoru motivsizlikdə
qınayaraq onu "primitiv əhvalatlar çəkən rejissor" adlandırırdılar.
Amma tarix özü də sübut etdi ki, bu bənzərsiz film əbədiyaşardır. Onun çəkilməsindən
60 il ötsə də, yenə maraqla izlənilir, sevilir.
1959-cu ildə Hüseyn Seyidzadə "Koroğlu"
filminin çəkilişinə başlayıb. Rejissorluq yaradıcılığında ikinci filmi olan bu
ekran əsəri də kino tariximizin ən parlaq səhifələrindən biridir. Yenə də
Hüseyn Seyidzadənin başı bəlalar çəkdi. Filmin ssenarisi Moskvada əsaslı dəyişikliyə
məruz qaldı. Bu da bəllidir ki, filmin ilk variantı rus dilində lentə alınıb.
Bu filmin çəkilişində rejissor o qədər təzyiqlərə məruz qalmışdı ki... Özü
sonralar dostlarına deyərmiş: "Koroğlu" istədiyim kimi alınmadı,
fikirləşdiyim kimi çəkməyə qoymadılar".
Hüseyn Seyidzadənin üçüncü filmi "Yenilməz
batalyon" oldu. 1965-ci ildə çəkilən bu film Qılman İlkinin "Qalada
üsyan" adlı romanı əsasında ekranlaşdırıldı. Kinoşünas Aydın Kazımzadə
söyləyir: "Yenilməz batalyon" istər peşəkarlıq, istərsə də nəzərdə
tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından Hüseyn Seyidzadənin mükəmməl
işlərindən biridir".
Tamaşaçıların çox sevdiyi və Azərbaycan kino sənətində
yeni bir mərhələ olan "Dəli Kür" filmini də 1969-cu ildə məhz Hüseyn
Seyidzadə ekranlaşdırıb. İsmayıl Şıxlının eyniadlı romanı əsasında çəkilən
"Dəli Kür" filmi Azərbaycan kinosunun şah əsərlərindən biridir.
"Dəli Kür"ün ictimaiyyət tərəfindən məhəbbətlə qarşılanması Hüseyn
Seyidzadəni ruhlandırırdı. Təbii ki, bu filmin də ssenarisində dövrün,
quruluşun redaktəsi müəyyən mənada öz işini görmüşdü.
Hüseyn Seyidzadənin
sonuncu filmi isə "Qayınana" kinokomediyası olub. Xatirələrdən bəlli
olur ki, əslində yeni ekran əsərinin ona tapşırılması Heydər Əliyevin göstərişi
ilə olub. Teatrda tamaşaya baxan Ümummilli lider bildirib ki, "Qaynana”nı ekranlaşdırmaq lazımdır
və bu filmi də mütləq "O olmasın, bu olsun” filmini çəkən rejissora tapşırmaq
lazımdır.
Mütəxəssislər
söyləyirlər ki, Hüseyn Seyidzadə kinorejissor kimi çox istedadlı idi. Onun
yaradıcılıq imkanları geniş olub. Amma nədən 43 il ərzində cəmi beş film çəkib?
Onun həyatına bələd olduqca, anlayırsan ki, bu rejissor bir tərəfdən quruluşun
amansız repressiyaları ilə mübarizə aparırmış, o biri tərəfdən isə kino
haqqında fikirləşirmiş. Bütün bunlar da onun səhhətinə təsir edirdi. Tez-tez xəstələnirdi.
Aydın Kazımzadə danışır ki, "Dəli Kür" filmi ilə əlaqədar Hüseyn
Seyidzadəni çox sorğu-suala tutdular. Özü bu barədə söyləmişdi: "Bu filmi
təhvil verərkən mənə finalı dəyişdirməyi məsləhət gördülər. Üstüörtülü dedilər
ki, əks-təqdirdə film ümumiyyətlə ekranlara buraxılmayacaq". "Dəli
Kür"ün kitab variantında göstərilir ki, kazaklar gəlib Cahandar ağanın
torpaqlarına zorla sahib olmaq istəyirlər. Cahandar ağa da onlarla mərdi-mərdanə
vuruşur. Filmdə isə tamam başqa təsvir görürük. Cahandar ağa Allahyar tərəfindən
ailə-məişət zəminində qətlə yetirilir. Milli dəyərlərə bağlılıq Hüseyn Seyidzadəni
həmişə həyat reallığına sadiq olmağa kökləyirdi. Bəlkə də ona görə tarixi
mövzularda film çəkməyə daha çox meyil göstərirdi ki, sovet quruluşunun diktəsindən
kənarda qalsın.
Onun haqqında yazılanlardan məlum olur ki, məşhur
hind aktyoru Rac Kapur Bakıda olarkən Hüseyn Seyidzadənin filmlərinə baxaraq
heyrətlənib. Azərbaycanlı rejissora öz təklifini də bildirib: "Hindistana
gəl, səni milyoner edərəm". Təbii ki, vətənini həddən artıq sevən Hüseyn
heç hara getmədi. Doğmaları söyləyirlər ki, onun ən böyük arzularından biri də
Natəvan haqqında film çəkmək idi. Qəfil ölüm hər şeyi yarımçıq qoydu.
Bəzən cild-cild kitablar yazan müəlliflər elə
sağlığında unudulur. Amma bir bayatısı ilə ədəbiyyatda əbədi qalanlar var. Əslində,
uzun ömür yaşamayan, imkanlarından, yaradıcılıq qabiliyyətindən çox da istifadə
edilməyən Hüseyn Seyidzadə beş filmi ilə Azərbaycan kino sənətində əbədi yer
tutdu.
Flora XƏLİLZADƏ,
əməkdar
jurnalist