Cəmil Quliyev İTV-nin yeni baş direktoru seçildi

Cəmil Quliyev İTV-nin yeni baş direktoru seçildi

Cəmiyyət
23 Aprel 2013, 10:24 1498
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib. APA-nın məlumatına görə, İTV Yayım Şurası yeni sədri açıq debat yolu ilə seçib. İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli deyib ki, seçki 8 Şura üzvünün iştirakı ilə keçirilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib.

Seçki başlamazdan əvvəl İTV-nin baş direktoru vəzifəsinə namizədlər öz platformalarını təqdim ediblər. Namizədlərdən Şamil Şəfiyev deyib ki, İTV-nin baş direktoru olmaq istəməsində əsas niyyəti cəmiyyətin milli şüurunun formalaşmasında yaxından iştirak etməkdir.

Emin Hüseynli isə qeyd edib ki, seçkinin belə tələsik keçirilməsi düzgün deyil: “Təklif edirəm ki, seçki prosesini bir az da yubadaq. Ən azı İTV-də 4 namizədin hamısına bərabər miqdarda efir vaxtı verilə, hər namizəd öz proqramını izah edə bilərdi. Hesab edirəm ki, seçki təxirə salınmalıdır”. Emin Hüseynlinin bu təklifi səsə qoyulub. Yayım Şurasının üzvləri tərəfindən təklif qəbul edilməyib.

Cəmil Quliyev isə qeyd edib ki, İTV-nin baş direktoru seçilərsə, azərbaycançılıq ideyalarını, konstruktiv dialoq və professionallığı əsas götürəcək. Bu işdə İTV-nin çox böyük rolu ola bilər. O, “Mədəniyyət kanalı”ndan İTV-yə keçmək istəməsinin səbəbinə də aydınlıq gətirib: “İctimai TV-nin cəmiyyətə nüfuz etmək baxımından imkanları daha genişdir. Mənim əsas niyyətim insanların milli şüurunu, bədii zövqünü qorumaqdır. Televiziya cəmiyyətin zövqünün formalaşdıran əsas qurumdur. Mədəniyyət, incəsənət sahəsində, gənclərin təlim-tərbiyəsində yeni addımlar atmağa çalışacağam”.

Nicat Mustafayev isə bildirib ki, İTV yaranandan həmin televiziyada çalışıb: “Bölgələrdən xəbərlərin sayının artmasına çalışaram. Qanunda İTV-nin əlavə qazanc əldə etməsi baxımından yaxşı imkanlar nəzərdə tutulub. Çünki İTV-nin əlavə reklam gəlirliliyi yaxşı deyil, efir “setka”sında çoxlu boşluq var. İTV-nin verilişlərinin keyfiyyəti 2006-cı ildən sonra geriyə gedib. Direktor seçilərəmsə, inqilab etmərəm, ən azı İTV-nin 2006-cı ildəki rəngini qaytararam”.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə İTV-nin baş direktoru vəzifəsinə seçkilərin tələsik keçirilməsi ilə bağlı irada münasibətini bildirib: “MTRŞ-nın əsas işi İTV-nin baş direktoru seçilməsinə hüquqi nəzarəti həyata keçirməkdir. Əgər İsmayıl Ömərov bu seçkiyə qatılardısa, biz seçkini bir qədər uzadardıq. Amma o, seçkidə iştirak etmədiyindən biz seçkini tezləşdirmək qərarına gəldik”

Daha sonra Yayım Şurasının üzvləri tərəfindən İTV-nin yeni baş direktoru seçilib.

Yayım Şurasının qərarı ilə Cəmil Quliyev İTV-nin yeni baş direktoru seçilib.