• şənbə, 20 Aprel, 05:49
  • Baku Bakı 15°C

Cəmil Həsənli ReAL-ı satqınlıqda suçladı

09.04.19 19:36 2797
Cəmil Həsənli ReAL-ı satqınlıqda suçladı
REAL Partiyasının İdarə Heyətinin üzvləri Erkin Qədirli və Natiq Cəfərli aprel ayının ilk günlərində Brüsseldə səfərdə olub, bəzi avropalı diplomat və siyasətçilərlə görüşlər keçiriblər. Bu görüşlərdə Azərbaycanla bağlı bir sıra məqamları müzakirə edən tərəflər Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanacaq yeni razılaşmanın önəmini qeyd ediblər. Hər iki tərəf bu razılaşmanın Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb. Avropalılara təmsil olunduqları təşkilatın gələcək planları barədə məlumat verən REAL-çılar imzatoplama kampaniyası keçirdiklərini, Milli Məclisə layihə təqdim etdiklərini, Azərbaycanın qanunverici orqanının bu təşəbbüslərə hörmətlə yanaşdığını dilə gətiriblər. Qarşıdan parlament seçkilərinin gəldiyini diqqətə çatdıran REAL-çılar seçkilərə hazırlaşdıqlarını, başqa partiyalarla seçki koalisiyalarına gedə biləcəklərini də avropalılarin diqqətinə çatdırıblar. Bu çərçivədə Müsavat Partiyasının adı çəkilib və müzakirələr aparılıb. REAL funksioneri E.Qədirlinin səfərin yekunları barədə ictimaiyyətə açıqladığı məlumatdan belə aydın olub ki, Brüsseldə AXCP ilə əlaqədar hər hansı söhbət aparılmayıb. Elə bu məqam da cəbhəçiləri qıcıqlandırıb. AXCP sədri Əli Kərimlinin yaxın ətrafında olanlar, o cümlədən Milli Şura sədri Cəmil Həsənli, Fransada məskunlaşan Qənimət Zahid, eləcə də "facebook”dakı zonbi sürüsü REAL-çılar üzərinə "səlib yürüşünə” başlayıblar.
Əvvəlcə ondan başlayaq ki, Azərbaycanın milli-dövlətçilik maraqlarını ayaqlar altına ataraq xarici dairələrin qucağına sığınan sabiq səfir Arif Məmmədov da indiki situasiyada AXCP sədrinin dəstəkçisi rolunda çıxış edir. Çünki, REAL funksionerlərinin Brüssel səfəri ilə bağlı qaralama kampaniyasına məhz o start verib. İlanı seyid Əhmər əli ilə tutmağı bacaran Ə.Kərimli satqın A.Məmmədov vasitəsilə sosial şəbəkələrdə belə bir rəy formalaşdırıb ki, REAL-çılar Brüsseldə olarkən Prezident İlham Əliyevin ölkədə başlatdığı islahatları, bəzilərinin siyasi məhbus hesab etdikləri insanları əfv etməsini müsbət hadisə kimi qeyd ediblər, ümumilikdə hakimiyyətin müdafiəsinə qalxıblar. A.Məmmədov yaxın dostluq etdiyi, lakin adını açıqlamadığı xarici diplomata istinadən onu da qeyd edib ki, REAL-çılar Azərbaycanda mitinq və küçə yürüşləri keçirmək istəyənlərin Prezident İlham Əliyevin başladığı islahatları ləngitmək və hətta bunun qarşısını almaq niyyətində olduqlarını söyləyiblər. A.Məmmədovun bu barədə statusunu Fransada məskunlaşan dostu Qənimət Zahid daha da ictimailəşdirib, guya ReAL Partiyasının Azərbaycan hakimiyyətinə satılması barədə rəy formalaşdırıb. Bunun ardınca Milli Şura sədri Cəmil Həsənli də "Azərbaycan hakimiyyətinin ReAL-dan keçən Qordi düyünü” barədə status paylaşaraq İlqar Məmmədovu və komandasını satqınlıqda suçlayıb. Beləliklə də ReAL və funksionerləri ünvanına satqın, xəyanətkar damğası vurulub.
ReAL funksionerləri ard-arda statuslar yazaraq Brüsseldəki səfər və aparılan müzakirələr barədə səmimi izahlar versələr də, bu, cəbhəçiləri, xüsusən də AXCP sədrini sakitləşdirməyib. ReAL-ın Avropada keçirdiyi görüşlərdə AXCP-nin, özünün adının çəkilməməsini həzm edə bilməyən Ə.Kərimli öz tərəfdarlarının qarşı tərəfə bir qədər də sərt tonda ittihamlar yağdırmasına rəvac verib. Misal üçün, Almaniyada yaşayan bir cəbhəçi AXCP üzvü olmasına dair vəsiqəsini paylaşıb, ardınca da "İlqar Məmmədov şərəfsizdir, bir cəbhəçi olaraq deyirəm ki, ona qarşı mübarizəyə qalxmaq lazımdır”, - fikrini bildirib. AXCP üzvü Natiq Adilov öz "facebook” səhifəsində status yazaraq, ReAL sədri İ.Məmmədovu müxalifətə müxalifət olmaqda, bununla da Azərbaycan iqtidarının maraqlarına xidmət etməkdə təqsirli bilib. AXCP sədrinin sosial şəbəkələrdəki trol yığını da "fake” profillər vasitəsilə ReAL-ın ünvanına söyüş və təhqirlər yağdırıblar.
Bütün bunlara cavab olaraq, ReAL funksioneri E.Qədirli ReAl-AXCP davasının olmadığını, təmsil etdiyi qurumun cəbhəçilərlə böləsi, yaxud da bu iki partiyanın bir-birindən nə isə alacağının olmadığını qeyd edib: "Arif Məmmədov hansısa "məlumatlı dostuna" istinadən bir yazı paylaşıb. Orada doğru olan yalnız bir cümlə var. ReAL doğrudan da Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanması gözlənilən anlaşmaya müsbət baxır və anlaşmanın baş tutmasını istəyir. Bunu açıq görüşlərdə də deyirik, qapalı görüşlərdə də. Brüsseldə də bunu dedik. Brüsseldə bizə bu anlaşmanın baş tutmasını istəməyən müxalifətçilər və sivil toplum nümayəndələrinin olduğunu dedilər, amma heç kəsin adını çəkmədilər. Biz də soruşmadıq. Arif Məmmədovun belə bir yazını paylaşması, ölkəmizin Avropa İttifaqı ilə anlaşmaya qarşı olduğu anlamına gəlirmi? Bilmirəm. Özü bilər. Mən həqiqətpərəst deyiləm, həqiqəti hər şeydən üstün tutmuram. Həqiqətin yersiz və ziyanlı ola bildiyini çox görmüşəm. Peşəm də həqiqətpərəst olmamağımı tələb edir. Hüquqda həqiqət hər şeydən üstün tutulsaydı, bir çox sirlər qanunla qorunmazdı. Nəhayət, qanacaq deyilən bir şey də var (olmalıdır). Amma mənə, özəlliklə də REAL-a hücumlar olanda, mən ancaq həqiqətlə müdafiə olunuram”.
E.Qədirli REAl-ı satqınlıqda suçlamağın qanacaqsızlıq olduğunu xüsusilə vurğulayıb. Beləliklə də Milli Şura sədri C.Həsənlini və onun kimi düşünənləri açıq-aşkar şəkildə qanacaqsız adlandırıb. Bununla yanaşı, o, Milli Şura sədrinin nankor, qədirbilməz olduğunu da qeyd edib: "Cəmil Həsənli də REAl-ı satqınlıqda suçladı. 2013-cü il Prezident seçkilərində onun rəsmən vəkili olmuşdum. Özü xahiş etmişdi. Cəmil müəllimin sözünü yerə salmadım, vəkili oldum. Buna görə işimi itirdim. O vaxtdan işsizəm. Gileylənmirəm, peşman deyiləm. Tələsən yerim yoxdur. Nəticələrimi çıxarıram. Bunun özü də bir təcrübədir. Çox şey aydın oldu”.
Bütün bunlar onu deməyə əsas verir ki, AXCP sədri Ə.Kərimli ReAL Partiyasının Avropada tanınmasından, əsas müxalifət partiyası kimi önə çıxmasından dərin narahatlıq hisi keçirir. Məhz buna görə də təsir dairəsində olan insanlar vasitəsilə İ.Məmmədov və tərəfdarlarına qarşı qarayaxma kampaniyası aparır, onların ünvanına ən müxtəlif ittihamlar səsləndirir. Digər tərəfdən, bu hadisələr AXCP sədrinin son dərəcə xəbis, ağa qara deməyi özünə peşə seçən birisi olduğunu da növbəti dəfə ortaya qoyur. Normalda Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun olan, milli mənafeyimizə xidmət edən istənilən hadisə alqışlanmalı, dəstəklənməlidir. Fərqi yoxdur ki, bunu Azərbaycan Prezidenti edir, yaxud hansısa digər vətəndaşımız. Lakin son proseslər göstərir ki, Ə.Kərimlinin təfəkküründə, dünyagörüşündə bu, belə deyil. Öz şəxsi maraqları üçün hətta şeytanla əməkdaşlığa hazır olan birisindən bundan artıq nə isə gözləməyə də dəyməz.

F.Qəhrəmanlı




banner

Oxşar Xəbərlər