• şənbə, 20 Aprel, 07:21
  • Baku Bakı 14°C

Cəmil Həsənli Milli Şuranı ölü nöqtədən tərpədə bilməyəcək

29.08.13 09:11 1474
Cəmil Həsənli Milli Şuranı ölü nöqtədən tərpədə bilməyəcək
Milli Şuranın hazırkı vəziyyəti və partiya liderləri tərəfindən qurumda sərgilənən guya «pat» vəziyyətindən çıxma kampaniyası ilk olaraq belə qənaətə gəlməyə zəmin yaradır ki, əslində oradakı gərginlik amili bu gün də öz mövcudluğunu qoruyub-saxlamaqda davam edir. Tbilisi fiaskosu, mitinq rüsvayçılığı, bütövlükdə isə Rüstəm İbrahimbəyov probleminin həll olunmaması, eləcə də Milli Şura sədrinin ikili vətəndaşlıq məsələsində ona inananlara qarşı maxinasiya etməsi bu qurum və orada təmsil olunan tərəflər haqqında elektoratın inаmsızlığını daha da artırmış oldu. Məhz baş verən bu kimi hallardan sonra Milli Şura ziddiyyətli mübahisələr fonunda “çıxış yolunu” Cəmil Həsənlinin ehtiyat vahid namizəd seçilməsi ilə pərdələdi. Lakin sual edilə bilər ki, bu kimi pərdələmə arxasında daha hansı məqamlar dayanıb? Ümumiyyətlə, Milli Şuradakıların Cəmil Həsənliyə olan “yeni liderlik” simpatiyaları özündə hər hansı bir siyasi səmimiyyəti əks etdirirmi?
Əlbəttə ki, xeyr və bu səmimiyyəti ənənəvi müxalifət liderlərindən gözləməyə də dəyməz. Çünki bu oyunun ətrafında siyasi gündəmdə qalmaq və bundan maksimum dərəcədə istifadə edərək gələcək “perspektivlərdə” rol almaq məqsədi dayanıb. Daha dəqiq desək, Rüstəm İbrahimbəyovun çıxdaş edilərək, Cəmil Həsənlinin namizəd kimi irəli sürməsi Milli Şuradakı qüvvələrin – Əli Kərimlinin, İsa Qəmbərin, Lalə Şövkətin, Rəsul Quliyevin, Eldar Namazovun, Mirmahmud Mirəlioğlunun (xatırladaq ki, KXCP sədri partiyasının 28 yanvarda qəbul edilən prezidentliyə namizədlik qərarını hələ də qüvvədə saxlayıb) və başqalarının seçki uğursuzluqlarını kompensasiya etmək cəhdi kimi qiymətləndirilir. Yəni Cəmil Həsənli də xələfi İbrahimbəyov kimi siyasi oyunbazların girovuna çevrilməyə məhkum olub. Ancaq bəri başdan vurğulamaq mümkündür ki, onsuz da məğlubiyyət tonuna köklənmiş Milli Şura xüsusilə Cəbhə sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin siyasi yollarının dalanı olacaq. Belə ki, hər iki partiya sədri digərlərindən fərqli olaraq ictimaiyyət arasında ən çox didişən təşkilatlar sırasında yer alıblar.
Lakin ortada növbəti ilginc faktlar və əsaslar var ki, bütün bunları təhlil edərkən ənənəvi müxalifət liderlərinin mövqe dəyişkənlikləri sağlam düşüncəli cəmiyyət arasında haqlı təəccüblər doğurur. Məsələn, xatırlatmaq olar ki, hələ 2005-ci ilin parlament seçkilərində bilavasitə AXCP sədrinin nəzarətində olan “Azadlıq” qəzeti bu gün möhtəşəm ajiotajla tərifə mindirdiyi Cəmil Həsənlini biabır, rüsvay edirdi. Hətta AXCP onu parlamentə getdiyinə görə təşkilat sıralarından xaric də etmişdi. Davamlı hücumlar və təhqirlər qarşısında tab gətirə bilməyən C.Həsənli hətta həmin hücumlar qarşısında xəstəlik də tapmışdı. Məsələ isə bu idi ki, həmin ərəfələrdə Əli Kərimli parlament seçkilərini boykot edərək, partiyasını seçkilərdən kənarda saxlamışdı. Məhz Həsənlinin seçkilərə qatılması sonda onun hücumlara məruz qalması ilə nəticəsini tapdı.
Əslində nə qədər təəccüblü görünsə də həmin dövrlərdə C.Həsənliyə qarşı aparılan kampaniyanı mərhum Elçibəyə qarşı aparılan kampaniyaya da bənzətmək olar. Beləliklə, görünən tərəf budur ki, AXCP-nin ikiqzlü siyasəti bu dəfə də özünü biruzə etdi. Beləliklə, Əli Kərimlinin indi də 180 dərəcə dəyişilmiş mövqe göstərilməsi riakarlıqdan başqa heç bir təsəvvürü oyatmır. Başqa tərəfdən, vaxtilə Elçibəyə vahid namizəd məsələsində güzəştə getməyən adamların indi Cəmil Həsənlini qabağa vermələri özlərinin perspektivsizliyinə inamın göstəricisidir. Bir sözlə, hazırda “qələbəyə doğru” imitasiyası nümayiş etdirən Milli Şura tərəfdarlarının hər bir addımları arxasında məğlubiyyət amillərinin dayanması getdikcə özünü daha çox biruzə verməkdədir. Çünki vaxtilə öz rayonundan deputat seçilə bilməyən birisinin bütün Azərbaycanın səsini qazanması absurd bir iddiadır.
Rövşən
banner

Oxşar Xəbərlər