• cümə, 29 Mart, 01:49
  • Baku Bakı 7°C

Cəmil Həsənli Londondan «əli ətəyindən uzun» qayıtdı

17.09.13 10:36 1634
Cəmil Həsənli Londondan «əli ətəyindən uzun» qayıtdı
Rüstəm İbrahimbəyov Milli Şuradakıları məyus etməkdə davam edir. Şuranın vahid namizədi Cəmil Həsənlinin London görüşlərinə qatılmayan, onunla birgə İcra Aparatının rəhbəri Eldar Namazovu da aldadan kinorejissor məyusedici açıqlamalar verməkdə davam edir. Onun siyasətdən getmək niyyətində olması, Milli Şuranın gələcəyi ilə bağlı pessimist bəyanatlar verməsi Bakıdakı müxalifləri sözün həqiqi mənasında məyus etməkdədir. Hər keçən gün açıqlamalarındakı dozanı artıran, sanki səhv yolda olduğunu vurğulayıb, əfv diləyən insan görüntüsü yaradan Milli Şura sədrinin bu açıqlamaları ən çox şuranın vahid namizədi Cəmil Həsənliyə zərbə hesab oluna bilər. Yəqin elə bu səbəbdəndir ki, Cəmil Həsənli London görüşlərini başa vurub Bakıya qayıdan kimi bazar günü axşam Tbilisiyə yollanaraq burada Rüstəm İbrahimbəyovla görüşüb. Şübhə yoxdur ki, bu görüş daha çox kinorejissorun son günlər verdiyi açıqlamalar, nümayiş etdirdiyi dəymədüşərliklə bağlı olub. Cəmil Həsənli onu heç olmasa seçkilərin başa çatmasına qədər yola gətirməyə çalışıb.
Maraqlıdır ki, Tbilisidəki görüşdən sonra tərəflər birlikdə mediaya heç bir açıqlama verməyiblər. Görüşdən dərhal sonra Cəmil Həsənli Bakıya gəlib, Rüstəm İbrahimbəyov isə Moskvaya qayıdıb. Moskvaya qayıdarkən o, guya APA-ya verdiyi müsahibədə fikirlərinin təhrif olunduğunu deyib. Bu xəbərləri təxribat kimi qiymətləndirən Milli Şura sədri deyib ki, o, müsahibəni rusca verib, agentlik isə guya onu Azərbaycan dilinə tərcümə edərkən müəyyən təhriflərə gedib. Amma onun izahında da elə müsahibədə gedən fikirləri söylədiyi məlum olur. Kinorejissor yenə də vahid namizəd olmaq istəmədiyini, buna məcbur edildiyini təkrarlayıb. Müsahibədə söylədiyi heç bir fikri də təkzib etməyib. Şübhə yoxdur ki, o, bu açıqlamaları Cəmil Həsənli ilə görüşəndən sonra utandığından verib və bir növ özünə haqq qazandırmağa çalışıb.
Onun suda boğulan adamın saman çöpündən yapışmaq cəhdinə oxşar bu açıqlamalarının nə qədər əsassız olduğunu «APA Holdinq»in prezidenti Vüsalə Mahirqızının facebook statusu da təsdiqləyib. Müsahibəni dərc edən agentliyin rəhbəri bildirib ki, onlar Rüstəm İbrahimbəyovdan müsahibəni rus dilində deyil, Azərbaycan dilində alıblar: «Rüstəm İbrahimbəyovun "Yeni Müsavat"a dediyindən belə anladım biz tərcüməni səhv etmişik. İbrahimbəyov müsahibəni Azərbaycan dilində verib. Biz nəyi tərcümə etmişik ki?)». Bunun ardınca APA Rüstəm İbrahimbəyovun müsahibəsinin səs yazısını da yayıb. Həmin müsahibədə də Milli Şura sədri vahid namizəd olmaq istəmədiyini, onu buna məcbur etdiklərini deyir.
Tbilisidən Bakıya qayıdan Cəmil Həsənli isə dünən mətbuat konfransı keçirib. Mətbuat konfransında kifayət qədər pessimist açıqlamalar verən, kefsiz görünən vahid namizəd Rüstəm İbrahimbəyovla görüşündən danışıb. O əvvəlcə Milli Şura sədri ilə Londonda görüşməyi planlaşdırdığını deyərək dolayısı ilə onun Böyük Britaniyanın paytaxtına gəlməməsinə etirazını bildirib. Cəmil Həsənli özünü sudan quru çıxarmaq üçün Rüstəm İbrahimbəyovla Milli Şuranın seçki strategiyası ilə bağlı müzakirələr apardığını deyib və əlavə edib ki, kinorejissor Milli Şuranın sədri kimi seçki strategiyasına rəhbərlik edir. Rüstəm İbrahimbəyovun son açıqlamaları ilə bağlı konkret danışmayan Cəmil Həsənli «Rüstəm İbrahimbəyov Milli Şuraya axıra qədər rəhbərlik edəcəyinə inamlıdır» kimi mücərrəd bir fikir söyləməklə kifayətlənib.
Mətbuat konfransından çıxan nəticə belə olub ki, artıq Cəmil Həsənli də Rüstəm İbrahimbəyovun Milli Şurada sonadək davam gətirəcəyinə inanmır. Sadəcə, seçki kampaniyasına xələl gətirməmək üçün həqiqətləri dilə gətirmir. Seçkidə heç bir şansının olmadığını anlayan Milli Şuranın namizədi bu dəfəki mətbuat konfransında pafoslu bəyanatlardan da qaçıb.
Bununla belə, müxalif elektoratın Rüstəm İbrahimbəyovun son davranışlarına etirazı artmaqdadır.
Milli Şuranın vahid namizədinin səlahiyyətli nümayəndəliyindən istefa verən Həsən Şıxəliyev avropa.info-ya açıqlamasında deyib ki, əslində İbrahimbəyovun bu addımları gözlənilən idi: «Ancaq onun məhz belə bir formanı seçəcəyi gözlənilən deyildi. O, bu bəyanatı verməzdən öncə bir üzr istəməli, bundan sonra səbəb və arqumentlətlərini açıqlamalı idi. Təəssüflər olsun ki, biz bunu müşahidə etmədik”. O, həmçinin xatırladıb ki, məhz aparılan bu cür oyunlar onun istefa haqda qərar verməsini şərtləndirib. Bununla belə H.Şıxəliyev deyib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun bu addımı onlarda ciddi narazılıq yaradıb: “Biz qərara gəlmişik ki, Rüstəm İbrahimbəyovun bu addımına cavab olaraq onu məhkəməyə verək. Eləcədə İbrahimbəyovdan 1 manat təzminat tələb edək. Çünki biz neçə aylardır onun arxasınca gedirik, bu şəxsə inanırdıq. Biz bu addımları atmaq haqqında düşünürük. Nəzərə alın ki, onun aldatdıqları insanlar elə də az deyil. Hələlik biz bir neçə nəfərik. Bir daha müraciət edərək özünü aldadılmış hesab edən insanları bizə qoşulmağa dəvət edirik. Bu ona görə vacib addımdır ki, gələcəkdə başqaları bir daha belə fikrə rüşməsin. Biz İbrahimbəyovu şəxs olaraq məhkəməyə verəcəyik. Bu adam xalqın da müəyyən hissəsini aldadıb. Biz ona cavab verməliyik ki, gələcəkdə belələri ortaya çıxıb xalqı aldatmasın”.
F.QƏHRƏMANLI
banner

Oxşar Xəbərlər