• cümə, 19 Aprel, 09:50
  • Baku Bakı 13°C

Cəmil Həsənli gəlməyənlərə «qayıb» yazacaq

03.09.13 10:25 1602
Cəmil Həsənli gəlməyənlərə «qayıb» yazacaq
Müxalifətin yığışdığı Milli Şurada son günlər ərzində bir-birinin ardınca baş verən proseslər qurumun qeyri-ciddiliyini və iflasının yaxında olduğunu göstərir. Bütün bunların əsas səbəbi qurumun sağlam təməl üzərində qurulmaması ilə bərabər, burada yığışan qüvvələrin bir-birinə qarşı olan münasibətindən də irəli gəlir.
Sirr deyil ki, artıq Milli Şurada aparıcı və «satellit» partiyalar bölgüsü formalaşıb. Bu isə qurumda toplanan partiyalar arasındakı nifaqı artırır və eyni zamanda siyasi mübarizənin effektini azaldır. Bunu sezərək prosesin perspektivsizliyini dərk edən bəzi qüvvələr və şəxslərin qeyd olunan xaotik proseslərin nəticəsi olaraq Milli Şuranın namizədinin ağır məğlubiyyətə düçar olacağını yəqinləşdirib oradan ayrılması və yaxud ən azı toplantılardan kənar qalmağı üstün tutmaları ilə bağlı siqnallar gəlməkdədir.
Onlar hesab edirlər ki, prosesdə iştirak edib məğlubiyyəti bölüşməkdənsə, elə vaxtındaca üzüsulu uzaqlaşmaq daha yaxşıdır. Qurumda baş verən qeyri-ciddi proseslərin şahidi olan həmin insanların atdığı addımlar isə normal qarşılana bilər. Çünki ağlı başında olan hər kəs Milli Şuranın perspektivsiz qurum olduğunu görməkdə çətinik çəkmir.
Orada nəticənin nə olacağı ilə qətiyyən maraqlanmayan bir qrup şəxsin qalması isə təbiidir. Çünki artıq onlar hakimiyyətə gələcəklərindən əllərini bilmərrə üzdüklərindən başlarını belə qurumlarda qatmaqla məşğuldurlar. Həmin stajlı müxaliflərin isə kimlərdən ibarət olduğu və illərdir eyni aqibəti yaşamaqlarına baxmayaraq öz «sevimli» məşğuliyyətlərindən əl çəkmək niyyətlərinin olmadığı hər kəsə aydındır. Bu məsələ son günlər xüsusilə ciddiliyi ilə gündəmə gəlib. Belə ki, bir müddət öncəyədək gurultulu bir şəkildə təqdim olunan Milli Şuranın sıraları getdikcə seyrəlməkdədir. Konkret olaraq Milli Şuradan ayrıldıqlarını bəyan edən İslam Partiyasının sədri Mövsüm Səmədov və Hacı Əbdüldən savayı, xeyli üzv isə qurumun toplantılarına qatılmaqdan imtina edir.
Verilən məlumatlara görə, Milli Şuranın toplantılarına cəmisi 80-dək üzv qatılır. Halbuki, onun 129 üzvü var.
İclaslarında üzvlərinin az qala yarısının iştirak etmədiyi Milli Şurada ciddi narazılıqlar yaranıb və bunu bəziləri sayğısızlıq kimi dəyərləndirir. İclaslarda mütəmadi iştirak etməyənlər barəsində ölçü götürülməsini tələb edənlər də var. Milli Şura üzvlərindən olan Mustafa Hacıbəyli də faktı təsdiqləyərək musavat.com-a açıqlamasında iclaslarda 80-dək üzvün iştirak etdiyini etiraf edib: “Əlbəttə, yaxşı olardı ki, Milli Şura üzvlərinin hamısı sessiyalara qatılsınlar. Ancaq bəzən kimlərinsə işi olur və üzrlü səbəbdən iştirak edə bilmir. Bununla belə istənilən şəxs davamiyyətə daha yüksək səviyyədə əməl olunması məsələsini qaldırmaqda sərbəstdir”.
Qeyd edək ki, növbəti iclaslarda daha az adamın iştirak edəcəyini proqnozlaşdırmaq olar. Belə ki, vahid namizəd üçün imza toplanması prosesindən kənarda saxlanılmış partiya və qurumların buna açıq etiraz etməsi proqnozun doğrulacağına əsas verir.
80 nəfərlik aktiv tərəfdarla seçkiləri qazanmaq və hakimiyyətə yiyələnmək isə qeyri-ciddi ambisiyadan başqa bir şey deyil.
T.Dadaşov
banner

Oxşar Xəbərlər