• cümə axşamı, 28 mart, 16:41
  • Baku Bakı 16°C

Cəmil Həsənli də Əvəz Temirxan kimi ortalıqda fırlana-fırlana qalacaq

07.12.13 09:17 1828
Cəmil Həsənli də Əvəz Temirxan kimi ortalıqda fırlana-fırlana qalacaq
Milli Şuranın son sessiyasından sonra bu qurumda bir araya gələn müxalifət partiyaları, həmçinin Rüstəm İbrahimbəyov arasında ciddi fikir ayrılığının yaşandığı bir daha özünü göstərdi. Müsavatçıların bütün cəhdlərinə, etirazlarına rəğmən AXCP qruplaşması R.İbrahimbəyovu Milli Şuraya fəxri sədr seçdilər. Ardınca R.İbrahimbəyov mətbuata açıqlama verərək, Müsavat Partiyasının Milli Şuradan ayrılmasını qurumun fəaliyyətinə heç bir təsir etməyəcək hal kimi qələmə verdi. Müxalifət düşərgəsində baş verən bütün bu proseslərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev cavablandırır.
- Milli Şurada təmsil olunmasanız da, aktiv partiya sədri kimi ictimai-siyasi hadisələrdən məlumatsız deyilsiniz. Bu mənada qurumun son sessiyasını necə qiymətləndirirsiniz?
- Milli Şura daxilində baş verən proseslər orda təmsil olunan ünsürlərin əsl simasını və xislətini əks etdirir əslində. Yəni, necə olmalı idisə, elə də olur. Deyim ki, heç başqa format da gözləmirdik. Proqnozumuz da təxminən bu civarda, bu həndəvərdə idi. Düzdür, bunlar oturduqları otağın havasını dəyişəcək yerdə, vurub divarlarını sökdülər. Amma olsun. Hər halda onların rəzil gününə və düşdükləri duruma üzüləcək halda deyilik. Nə baş verirsə də, məntiqin gərəkdirdiyidir. Və ya, bir-birinə nifrət bəsləyən antoqonistlərin, insan qruplarının cəm olduğu məkanda gözlənilən də bu idi zatən.
- Son sessiyada Şura üzvləri Eldar Namazovun istefasını qəbul etdilər, eks-spiker Rəsul Quliyevi isə bu qurumdan uzaqlaşdırdılar. Sizcə əqidədaşların yavaş-yavaş Milli Şuranı tək etməsinə səbəb nədir?
- Əksinə, mən düşünürəm ki, Eldar Namazovla Rəsul Quliyevin təşkilatdan uzaqlaşdırılması çox yanlış addımdır. Çünki bu iki insan rəzilliyin də, biabırçılığın da, xəyanətin də simvollarıdır. Yəni əsl Milli Şuraya, onun parametrlərinə uyğun biriləridir. Eldar Namazov reneqatlığın nəzəriyyəsini, Rəsul Quliyev isə ikiüzlülüyün Konstitusiyasını yazıb. İndi ilin-günün bu vaxtında bu cür nadir nümunələri itirməkmi olar? Əlbət ki, xeyr. Əksinə qorumaq lazımdır onları.
- Rüstəm İbrahimbəyov artıq Milli Şuranın sədri deyil, fəxri sədridir. Bəzi müxalifət təmsilçiləri Rüstəm İbrahimbəyova təzyiqlər olduğunu, bu səbəbdən onun Milli Şura sədrliyindən getdiyini bildirirlər. Siz bu iddialara necə yanaşırsınız?
- İlk öncə qeyd edim ki, Rüstəm İbrahimbəyovun “fəxri”liyi, Lalə Şövkətin fəxriliyindən o yana keçməyəcək. Yəni, Cəmil Həsənli də eynən Əvəz Temirxan kimi ortalıqda əl oyuncağı kimi fırlana-fırlana qalacaq. O ki qala, təsir-filan məsələsinə. Kim edəcək həmin təsiri? Bu təşkilat daxilində belə bir təsir imkanı olan kəs varmı? Məncə, xeyr. Həm də birmənalı xeyr. Yox əgər söhbət İsa Qəmbərdən gedirsə, o zaman bilin ki, bu adam maşınına benzin doldurmağa adam gəzir indi. İnanın, zarafatla demirəm. Hamı bu haqqda danışır. Ətrafında bir az imkanı olanlardan ən böyük xahişi məhz yanacaq xahişidir. Yəni, başqanın arzu və istəkləri arasındakı fabula fərqi bu qədər cılızlaşıb, eniş edib. Qalanları isə göz önündə. Əli Kərimli, Mirmahmud Fəttayev, filan-feşməkan. Onlar da öz canlarından hay istəyirlər. Ayaq üstdə qırxları çıxır.
- AXCP funksionerlərindən fərqli olaraq müsavatçılar R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasına etiraz edirlər. Sizcə, onlar arasındakı bu fikir ayrılığı nə ilə əlaqədardır?
- Məncə anormal hal o zaman olardı ki, AXCP ilə Müsavat hansısa məsələdə fikir ayrılığına deyil, fikir birliyinə gəlsin. Çünki, bunlar son 20 ildə həmişə bir-birinin antonimi olub. İndi də eyni estafeti davam etdirirlər. Eyni ənənəni, eyni xisləti ixrac edirlər. İnanın, əgər Müsavat desəydi İbrahimbəyov fəxri sədr olsun, onda da AXCP tərs variantla cırnayacaqdı ki, yox, belə olmaz. Yəni bunların ziddiyyət predmeti müzakirə etdikləri subyekt və ya hadisə deyil, bir-birinə qarşı olan amansız savaşlarıdır, bir-birini daima təkzib, inkar etmə məziyyətidir.
- Fikir vermisinizsə, İ.Qəmbər, A.Hacılı açıq şəkildə R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasının əleyhinə mövqe sərgiləyirlər. Bunu həmin şəxsin başqa ölkə vətəndaşı olması ilə əlaqələndirdilər. Bu, əsaslı və səmimi arqumentdirmi?
- Beş aydır, İsa Qəmbər və Arif Hacılı harada idi bəs? Mozambikinmi Milli Şurasında təmsil olunurdu? Yoxsa zarafatamı salıb müxalifətin birliyində təmsil olunduqlarını söyləyirdilər? Bəlkə təşkilatın sədri başqa adam idi? Əlbəttə ki, hər iki şəxs söylədiklərində qeyri-səmimidir. Həm də topuğuna qədər! İsa Qəmbər həmişə belə olub, öz fərdi oyununu oynayıb. Təbii buna oyun demək mümkünsə. Ona görə də bu gündədir. 21 ildir öz ambisiyalarının qurbanıdır, məğlubiyyət gölməçələrində boğula-boğula, vurnuxa-vurnuxa qalıb. Arif Hacılı haqqında isə danışmağa heç dəyməz. O özü də bilmir ki, siyasətdəki missiyası nədir. Hətta bu adam elə bir təfəkkürün və xarakterin sahibidir ki, Milli Şuranın iclasından çıxıb, 2 saatdan sonra YAP-ın sıralarına üzv olsa, yenə təəccüblənmərəm.
- Sizcə, kinorejissor R.İbrahimbəyovun R.Quliyev, E.Namazov və L.Şövkət kimi insanları öz ətrafına yığıb tərəfdarları ilə yeni birlik yaratma ehtimalları nə dərəcədə doğrudur?
- Nə deyim. Yaradırlar yaratsınlar. Bu onların hüququdur. Kiminsə də şəxsi işinə qarışmaq olmaz. Hər halda İbrahimbəyov cavan, istedadlı, perspektivli adamdır. Onun gələcəyi hələ qabaqdadır. Ən azından o biri dünyada.
- Radikallar seçkilərdən danışarkən qeyd edirlər ki, Milli Şura son prezident seçkilərində Azərbaycan müxalifətinin seçkilərdə iştirakını təmin edib, mənəvi qələbə qazanıb...
- Məncə bu lağlağıya əslində fikir bildirilməməlidir. Ya da ən yaxşı, ən humanist halda “Allah özü kömək olsun”-deyib üzərindən keçilməlidir. Sadəcə qısa olaraq bir bənzətmə ilə deyim ki, bu söylənti təxminən balaca uşaqların kağızdan düzəltdiyi təyyarəni eyvandan uçuraraq, ardınca da ona əsl təyyarə kimi baxmasının daha fərqli prototipidir. Nə deyim, Allahın bədbəxt bəndələridir. Həqiqətən! Başlarını itiriblər. Hallusinasiyalara, nağıllara qapılıb qalıblar. Qəflət yuxusundan ayılma perspektivləri də heç görünmür.
- Müsavat Partiyasının divan üzvü, sabiq deputat İkram İsrafil mətbuata açıqlamasında bildirib ki, Milli Şurada təmsil olunmuş və olunan qüvvələr arasında tamamilə Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərməyə hazır olanlar var. Sizcə bu ittihamın hədəfində kimlərdir?
- “Müsavat” və onun üzvləri ilə “hədəf”sözü arasında tarix boyu bir bağlantı olmayıb. Təbii, dövrümüzün qlamur müsavatçılarından gedir söhbət. Yəni isaqəmbərşünaslardan! İkram bəy isə elə bir adamdır ki, ona arxadan qapaz vursan və çöndüyündə də “mən deyildim” - söyləsən, buna belə inanar. Odur ki, bu cür sadəlöhv adamın kimin dili ilə danışdığını dəqiqləşdirmək düşünürəm elə də çətin məsələ deyil. Təbii, sifariş İsa Qəmbərdən gəlib. Əli Kərimliyə qarşı.
- Milli Şuranın son sessiyasından sonra müsavatçılar belə bir rəy formalaşdırırlar ki, guya onların partiyası bu qurumda olmasa nəinki Milli Şura, eləcə də heç bir siyasi birlik və təşkilat uzun müddət fəaliyyət göstərə, uğur qazana bilməz. R.İbrahimbəyov isə Müsavat Partiyasının Milli Şuradan ayrılmasını qurumun fəaliyyətinə heç bir təsir etməyəcək hal kimi qələmə verib. Sizcə bu narazılıq, bu qarşılıqlı ittihamlar nədən irəli gəlir?
- Müsavat qarışıq Milli Şurada təmsil olunan bütün təşkilatlar 20 ilin siyasi ridumentləridir. Onların biri beşinə dəyməz, beşi birinə. Odur ki, ilk dəfə İbrahimbəyovun mövqeyini müdafiə etməyə məcburam: Həqiqətən də Müsavat Milli Şuradan getsə heç nə dəyişməyəcək.
- Yəqin ki, “Azadlıq” radiosunun canlı efirində İ.Qəmbərin Xədicə İsmayılın “İşdən sonra” verilişindəki açıqlamalarından da xəbərdarsınız. X.İsmayıl müsahibəni jurnalist kimi götürür, İ.Qəmbər dözümsüzlük nümayiş etdirir. Sizcə bu nə ilə əlaqədardır?
- Xədicə İsmayılova İsa Qəmbərin qadın formasıdır. Sadəcə iki qoç bir qazana düşdüyü üçün belə bir kritika, anlaşılmazlıq yaranıb. İsa Qəmbərin dözümsüzlüyü isə yeni söhbət deyil. Onun siyasətdə çox yox, bir az təpəri olsaydı, “Azadlıq” radiosunun efirində hədyanlar söyləyib özünə bəraət qazanacağına, gedib illərdir uzatdığı qurultayını keçirərdi. Bizim də gözümüz bu cür buqələmunları seyr etməkdən “mazol” olmazdı.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər