• çərşənbə axşamı, 16 aprel, 20:12
  • Baku Bakı 18°C

«Cəmil Həsənli bir vasitədir»

02.10.13 09:28 2105
«Cəmil Həsənli bir vasitədir»
Artıq 9 oktyabr prezident seçkilərinin birinci mərhələsi geridə qalıb. Prezidentliyə namizədlər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınıb və hazırda 10 nəfər prezidentliyə iddialı şəxs özünün təbliğat-təşviqat kampaniyasını həyata keçirməkdədir. İndiki mərhələdə namizədlər televiziyada onlara ayrılan pulsuz efir vaxtından faydalanır, özlərinin platformasını seçicilərə təqdim edir, tele-debatlarda polemikalara qoşulur, görüş-mitinqlər keçirib düşüncələrini seçicilərlə bölüşürlər. Seçkilərin indiki mərhələsində həm iqtidar, həm müxalif düşərgədəki vəziyyət, Milli Şuranın aqibəti, müxalifət təmsilçilərinin, xüsusən vahid namizəd Cəmil Həsənlinin ittiham xarakterli fikirləri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Yurddaş Partiyasının Sədri Mais Səfərli cavablandırır.
- Mais müəllim, Azərbaycanda prezident seçkiləri marafonunun hazırda həssas məqamlarıdır. Siz bu prosesləri necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycanda azad-ədalətli, demokratik seçki keçirmək üçün hər cür şərait var. Əvvəla Azərbaycanda seçki keçirmək üçün beynəlxalq standartlara uyğun, normal qanunvericilik bazası mövcuddur. İstər Konstitusiyamız, istərsə də bu ana yasamızdan irəli gələrək seçkilərlə bağlı yeni qanunların qəbul olunması, zaman keçdikcə qanunvericiliyin daha da təkmilləşməsi onu deməyə əsas verir ki, bizim mükəmməl seçki qanunvericiliyimiz var. Məhz bu qanunvericilik əsasında da Azərbaycanda azad-ədalətli, demokratik seçki keçirmək ənənəsi formalaşıb. Artıq neçə illərdir ki, Azərbaycanda keçirilən seçkilər həm beynəlxalq təşkilatlar, həm də ictimaiyyət tərəfindən normal qarşılanır, qəbul edilir. Bu, çox böyük nəticədir. Elə hesab edirəm ki, Azərbaycan dövlətini, onun qüdrətini səciyyələndirən məsələlərdən biri də normal seçkilər ənənəsinin formalaşdırılmasıdır. Biz sadəcə iqtisadi və sosial inkişafımızla fəxr etmirik. Biz eyni zamanda Azərbaycanda demokratik seçki ənənəsinin mövcud olduğuna görə də fəxr edir, qürur hissi keçiririk. 1990-cı illərdə Azərbaycan yenicə müstəqillik əldə etdikdən sonra seçki kimi məsələlərdə beynəlxalq təşkilatlar bizə müxtəlif təzyiqlər göstərirdi. Amma indi Azərbaycana belə iradlar tutmaq mümkün deyil. Azərbaycan özü dövlət olaraq hər zaman normal, demokratik seçki keçirmək marağında olub. Belə seçkilərin keçirilməsini də hazırkı iqtidar normal şəkildə təmin edir.
- Hakim partiya ilə yanaşı, müxalif düşərgənin seçki hazırlığını necə qiymətləndirirsiniz?
- Müxalifət seçkidən-seçkiyə “baş qaldırmağa” çalışır. Bundan sonrakı vaxtlarda isə daha çox bir-biri ilə “didişmək”lə məşğuldurlar. Seçkilər yaxınlaşan kimi yadlarına düşür ki, bu prosesə qoşulmaq lazımdır. Ona görə də başlayırlar müzakirələr aparmağa. Hazırkı seçkilər istisna olmaqla, bu günə qədər müxalifət heç zaman birləşməyi, vahid mövqedən çıxış etməyi bacarmayıb. İndi isə Milli Şurada birləşməyi, vahid namizədlə çıxış etməyi ona görə bacardılar ki, onlar, yəni müxalifət partiya liderləri bu seçkilərin onlar üçün sonuncu şans olduğunu başa düşdülər. Müxalifət liderləri yaxşı başa düşürdülər ki, bu seçkilərdə İlham Əliyevə rəqiblik edə, onunla yarışa bilməyəcək və uduzacaqlar. Uduzandan sonra da mütləq siyasətdən getmək lazım idi. Çünki 20 ildən artıqdır onlar bütün seçkiləri uduzurlar. Lakin buna rəğmən partiya sədri postunda otururlar. İndiki seçkiləri də uduzandan sonra təkrar başqan olmaq qeyri-mümkün idi. Belə vəziyyət həmin partiyalarda demokratiyanın olmamasının da əyani sübutudur. əgər belə olmasaydı, onlar 10-15 il bundan qabaq siyasi arenanı tərk etməliydilər. Bu suallardan, öz partiyadaşlarının iradlarından, tənələrindən qaçmaq üçün onlar Milli Şurada toplaşdılar, əvvəl çox asanlıqla kinorejissor Rüstəm İbrahimbəyovu, ardınca tarixçi Cəmil Həsənlini vahid namizəd elan etdilər.
- Sizcə, Milli Şuranın vahid namizədi Cəmil Həsənli özlərini demokratik qüvvələr adlandıranları, eləcə də müxalifəti indi düşdüyü durumdan xilas edə bilərmi?
- Milli Şuradakıların özləri də yaxşı başa düşürlər ki, Cəmil Həsənlinin Prezident İlham Əliyevlə mübarizə aparması üçün heç bir resurs yoxdur. Sadəcə müxalifət liderləri bu gün Cəmil Həsənlinin arxasında gizləniblər. Seçkilərdən sonra onların öz postlarında qalması üçün Cəmil Həsənli bir vasitədir. Yəni, İsa Qəmbər, Əli Kərimli seçkiyə gedərək sonda uduzacaqdılarsa, onlara öz tərəfdarları tərəfindən çox ciddi iradlar tutulacaqdı. Partiyadaşları əvvəl-axır dilə gəlib onların istefasını tələb edəcəkdilər. Bu səbəbdən Cəmil Həsənli müxalifət liderlərini sadəcə bu təhlükədən xilas etmək üçün seçilmiş qurbandır. Amma bütövlükdə bu, müxalifətin növbəti uğursuzluğuna, onların elektoratının daha da zəifləməsinə gətirib çıxaracaq. Müxalifətin bütün seçki hazırlığı göz qabağındadır. Onlar Cəmil Həsənliyə dəstək vermək üçün “1 manat kampaniyası”na start verdilər. Əgər doğrudan da müxalifət tərəfdarlarının sayı on minlərlə idisə, heç olmasa bu kampaniyada 10 min manatdan çox vəsait yığılmalı idi. Lakin özlərinin verdiyi məlumata görə, bu kampaniya çərçivəsində cüzi məbləğ toplanıb. Bu da müxalifətin xalq tərəfindən nə dərəcədə dəstəklənməsinin bariz göstəricisidir. Yəni, Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi olması müxalifətə heç bir müsbət imic gətirmir və gətirməyəcək. Bu, seçim müxalifətin növbəti məğlubiyyəti olacaq.
- Yəqin ki, prezidentliyə namizədlərin İctimai Televiziyanın efirindəki tele-debatlarını da izləyirsiniz. Onların, xüsusən də müxalifətdən olan namizədlərin xalq qarşısında özlərini aparmasına, səsləndirdikləri fikirlərə münasibətiniz necədir?
- İctimai Televiziyadakı debatlarda müxalifət Prezident İlham Əliyevin gördüyü işlərə qara yaxmaqla məşğul olur. Nə bir aydın platformaları, nə də məqsədləri var bunların. Ona görə də müxalifət seçicilərdə ikrah hissi oyadıb. Biz Yurddaş Partiyası olaraq, hələ iyul ayının 28-də Prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı qərar çıxarmışıq. Bizim partiyamızın seçki qərargahı da yaradılıb və Prezident İlham Əliyevin xeyrinə təbliğat-təşviqat kampaniyası aparırıq. Bu tədbirlər çərçivəsində müxtəlif rayonlarda yerli sakinlərlə, eləcə də qaçqın və məcburi köçkün seçicilərlə də görüşürük. Onların söylədikləri məndə belə deməyə əsas verir ki, xalq müxalifət təmsilçilərini dəstəkləmir, onların çıxışlarını, səsləndirdiyi fikirləri, qarayaxma və ittihamları qəbul etmirlər. Bölgə sakinləri müxalifət liderlərinin belə çıxışlardansa, özlərinin seçki platformasının nədən ibarət olması barədə məlumat vermələrini daha düzgün sayırlar. Prezident olmaq istəyən partiya sədrinin xalqa nə verəcəyini, nə düşündüyünü, Azərbaycanı daha da inkişaf etdirmək üçün hansı işləri görəcəyini bilmək istəyirlər. lakin onlar bu sualların heç birinə cavab ala bilmirlər. Bu səbəbdən hər kəs əminliklə deyir ki, İlham Əliyev bu seçkilərin şəksiz favoritidir. İlham Əliyevin parlaq, effektiv siyasəti göz qabağındadır. Azərbaycanın hər bir regionunda inkişaf, intibah müşahidə olunur. Azərbaycan dünyada nüfuzlu bir dövlətə çevrilib. Dünyada 220-yə yaxın dövlət var. Onların heç də hamısı BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunma haqqına sahib deyil. Dünyanın taleyini, təhlükəsizliyini müəyyən edən bu ali təşkilatda Azərbaycan ikinci dəfə sədrlik etməyə başlayacaq. Bu, dövlətə olan etimadın, hörmətin göstəricisidir. Hər bir dövlətin hörməti, nüfuzu da onun rəhbərinin, prezidentinin adı ilə, fəaliyyəti ilə bağlıdır. Bütün bunları nəzərə alaraq, müxalifətin, xüsusən də Milli Şuranın vahid namizədinin çıxışını, səsləndirdiyi ittiham xarakterli fikirləri sabun köpüyü hesab edirəm.
- Milli Şura sentyabrın 22-də və 28-də Yasamal rayonu ərazisində, İnşaatçılar metrosunun yaxınlığındakı stadionda görüş-mitinq keçirib. Bu mitinqdə iftira, böhtan xarakterli çıxışlarla yanaşı, üzərində təhqiramiz ifadələr əks olunan şüarlar da diqqət çəkib. Belə hallara yol verilməsi nə dərəcədə düzgündür?
- Qanunvericiliyə görə belə hallara yol vermək olmaz. Əxlaq normaları baxımından da bu, düzgün deyil. Biz azərbaycanlıyıq. Azərbaycanlılar hər şeydən əvvəl milli mənəvi dəyərləri, əxlaq normalarını əsas götürüb hərəkət edirlər. Milli Şuranın mitinqində baş verənlər bu dəyərlərin hər birinə ziddir. Mitinqdə səsləndirilən fikirlər müxalifət liderlərinin nə dərəcədə aqressiv olmalarından, fiaskoya uğramalarından xəbər verir. Aqonyada olan obyekt hər zaman özünü bu cür aparır. Milli Şuranın namizədi Cəmil Həsənli hələ də dərk etmir ki, namizədliyini nəyə görə irəli sürüb. Axı bu insan Azərbaycan xalqına nəyi vermək və nəyi dəyişmək istəyir? Onun bütün çıxışlarında bu məsələ hələ də tam təfərrüatı ilə heç kimə bəlli deyil. Cəmil Həsənli yalnız ağa-qara deməklə məşğuldur. Bu insan güman edir ki, onun çıxışları kiminsə ürəyincədir. Bəlkə də o düz vurğulayır. Bu çıxışlar Milli Şuradakıların ürəyincə ola bilər, amma əsas seçicini düşünmək lazımdır. Sadə vətəndaşlar Cəmil Həsənlinin çıxışından hiddətlənirlər. Onun bir tarixçi kimi insanlar arasında olan hörməti yavaş-yavaş yox olmaqdadır.
- Bəs əhalinin müxalifətin keçirdiyi mitinqlərə münasibətini necə dəyərləndirərdiniz?
- Milli Şura müxtəlif vaxtlarda əvvəlcədən razılaşdırılmış mitinqlər keçirir. Deyərdim ki, həmin mitinqlər çox sönük, əvvəlkilərdən qat-at zəif mitinqlərdir. Bu isə müxalifət tərəfdarlarının öz liderlərinə olan inamsızlığından, etibarsızlığından irəli gəlir. Milli Şuranın perspektivinə inam qalmayıb. Bu qurum artıq məğlubiyyətə uğrayıb. Milli Şura öz qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilməyən lazımsız, inkişafdan geri qalan quruma çevrilib. Bunu həmin qurumun keçirdiyi mitinqlərin özü bir daha sübut edir. Artıq insanlar nə Milli Şuraya, nə də onun vahid namizədinin uğur əldə edəcəyinə inanmırlar. Bu da kütləvi aksiyalarda iştirak edənlərin sayını getdikcə azaldır.
- Hadisələrin gələcək inkişafını necə proqnozlaşdırırsınız?
- İnşallah bir neçə gündən sonra biz səsvermə gününü yaşayacağıq. Müşahidələrim onu deməyə əsas verir ki, səsvermə günü Azərbaycan xalqı mütəşəkkilliklə, çox yüksək əhval ruhiyyə ilə seçki məntəqələrinə gəlib öz iradələrini ortaya qoyacaqlar. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır, hakimiyyət xalqın iradəsi ilə formalaşır. Bunu aydın dərk edən Azərbaycan xalqı seçkilərdə fəallıq nümayiş etdirəcək. Seçkiöncəsi mövcud olan stabil ictimai-siyasi vəziyyət səsvermə günü də davam edəcəkdir. Seçkidən sonra isə biz yenidən Azərbaycanda davamlı inkişafın şahidi olacaq, yeni-yeni uğurları qeyd edəcək, dövlətimizin daha da çiçəklənməsini, qüdrətlənməsini, əhalimizin sosial rifahının daha da yüksəlməsini müşahidə edəcəyik.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər