“Cəmi 3 gün əsgərlikdə oldum” - Keçmişdəki mən
"Deyək
ki, gənc futbolçu bir qızı sevir. Əgər, həqiqətən sevirsə, onu metroda,
dayanacaqda, qapıdan çıxanda gözləyir, pəncərəsinin yanında saatlarla dayanır
ki, qız bir dəfə ona baxsın. Bu cəhdlərinin qarşısında qızdan bir baxış istəyir,
əlinin əlinə dəyməsi arzusu ilə yaşayır. Yəni, təkcə "sevirəm” deməklə olmur, gərək həm də nazını
çəkəsən. Əgər peşəni o qızı sevdiyin kimi sevirsənsə, nazını çəkirsənsə, o
sevgi səni gec-tez göylərə ucaldacaq. Yəni, ola bilməz ki, futbolçu zəhmət çəksin,
nəticəsi olmasın”. Bu sözlərin sahibi Azərbaycanın tanınmış futbolçusu,
Rusiyanın "Alaniya” klubunun əfsanələrindən hesab olunan Nazim Süleymanovdur.
Bu gün o, fəaliyyətini məşqçi kimi davam etdirir.
Söhbətə
sevgi ilə başlamağımız təsadüf deyil, çünki o, öz sahəsini məhz bu cür sevib və
əldə etdiklərini də o sevgiyə, çəkdiyi zəhmətə borclu olduğunu deyir.
"Səhərdən axşama qədər həyətdə oynayardıq,
yorulmazdıq”
Müsahibimiz
Sumqayıt şəhərində anadan olub. Uşaqlığı da elə o şəhərdə keçib: "Fəhlə sinfindən
olan ailədə doğulmuşam. Valideynlərim zavodda işləyiblər. 4 bacı, 5 qardaş
olmuşuq. Oğlanların balacası mən idim, hər iş dalınca məni göndərirdilər
(Gülür). İndiki dövrlə müqayisə edəndə deyirik ki, görəsən, 9 uşağı necə
böyüdüblər? Amma o vaxt uşaqlarla bağlı indiki qədər narahatlıq yox idi. 9 uşaq
üçün hər şeyi çatdırırdılar. Uşaqlığım da elə Sumqayıtın küçələrində keçib”.
Futbola
marağı da elə şəhərin küçələrindəki oyunlarla başlayıb: "Uşaqlıq dövründən
danışanda ilk olaraq oynadığımız oyunlar yada düşür. Hər dövrün öz uşaqlığı, fərqli
oyunları olur. "Çilə”, "Gizlənqaç” və s. kimi oyunlarımız var idi. İndi o
oyunları görmürük, çünki bu günün uşaqlarının əyləncəsi başqadır. Səhərdən
axşama qədər həyətdə oynayardıq, yorulmazdıq. Gündə 3-4 dəfə qidalanmırdıq,
amma yemək yadımıza da düşmürdü. Buna baxmayaraq çox gümrah olurduq. Uşaq vaxtı
idmanın müxtəlif növlərinə maraq göstərirdik. Hətta asfaltın üstündə xokkey belə
oynayırdıq. Marağımız var idi, xoşumuza gəlirdi, amma gələcəkdə peşəmiz
olacağını heç ağlımızdan keçirmirdik”.
Güləş, yoxsa futbol?
Həvəskar
olaraq küçədə oynamaq başqa, amma iki idman növü – futbol və güləşlə həm də peşəkar
şəkildə məşğul olur. Lakin gün gəlir ki, seçim etmək məcburiyyətində qalır:
"Uşaq vaxtı idmanın çox növlərinə marağım var idi. Peşəkar olaraq həm futbola
gedirdim, həm də güləşə. Cüt günlər bir idman növünün məşqi olurdu, tək günlər
o birinin. Bazar günləri isə yarışlar keçirilirdi. Bir dəfə hər iki idman
növünün yarışı eyni günə düşdü və mən qərar verməli idim ki, hansına gedirəm.
Seçimim futbol oldu. Futbola sevgim öz yerində, amma həm də bir dəfə güləşin məşqində
ayağım burxulmuşdu, seçimimə bunun da təsiri oldu. Ondan sonra artıq futbola
kökləndim. Amma güləş mənə çox kömək etdi, cəldlik, anında reaksiya vermək cəhətdən
çox şey öyrəndim”.
Orta məktəbdə
əla qiymət aldığı fənn bədən tərbiyəsi olur, məktəbin sonuncu siniflərində isə
idman təmayüllü sinifdə təhsil alır: "İlk olaraq Sumqayıtda 5 nömrəli məktəbə
getdim. Orda təhsil 8 illik idi. Əlaçı olduğumu deməzdim, normal oxuyurdum. Bədən
tərbiyəsi fənnindən qiymətlərim əla olurdu, riyaziyyatdan isə yaxşı qiymətləndirilirdim.
Qalan fənlərdən isə orta deyək. 8 illik orta məktəbi bitirəndən sonra zəif
oxuyanları o vaxt texniki peşə məktəblərinə yönəldirdilər. Orta və əla qiymətlərlə
oxuyanlar 9-10-cu sinif təhsilini ala bilərdi. 9-10-cu sinif üçün idman təmayüllü
26 nömrəli məktəbə getdim. 10-cu sinfin 2-ci rübündən sonra Mingəçevirə köçməli
oldum. Orta məktəbin davamını da orda oxudum”.
"Heç vaxt heyətdə oynamazdım”
Futbol
klublarına düşməyi isə hələ 7-ci sinifdən olur: "O vaxt Sumqayıtın sintetik
kauçuk zavodunu təmsil edən "Kaspi” adlı komanda var idi. 7-ci sinifdə oxuyanda
onlar məni komandalarına dəvət etdilər. "Kaspi” Azərbaycan çempionatında
oynayırdı. Mən uşaq idim, ona görə ehtiyat oyunçu kimi götürdürlər. Eyni
zamanda Sumqayıtda "Neftçi” adlı klub da məni ehtiyat oyunçu kimi dəvət etdi. Hər
bazar günü Bakıda "Neftçi”nin çempionatı olurdu, mən də gəlirdim. Amma heç vaxt
heyətdə oynamazdım. Çünki komanda tam oturmuşdu, iştirakçılar da yaxşı
oynayırdılar. Hələ onlardan zəif idim, ona görə ehtiyatda oturardım. 9-cu sinfə
qədər belə gəldim. Əvvəllər Bakı çempionatı olardı, mən 9-da oxuyanda artıq Azərbaycan
çempionatı keçirilməyə başladı. Biz də qrupa düşdük, "Şirvan” komandası ilə
oynayacaqdıq. Axırıncı oyunların birində bizim heyətin bir oyunçusu zədələndi və
məni onun yerinə oyuna buraxdılar. Orda özümü heç də pis göstərmədim. Qrup mərhələsində
2-ci yerə çıxdıq, finala vəsiqə qazandıq. 6-7 aydan sonra Ağdam şəhərində final
oyunu baş tutdu. Yarımfinalda və finalda çox güclü komandalarla qarşılaşdıq və
qalib gəldik. Finalda "Neftçi (Sumqayıt) olaraq Bakı "Neftçi”sini udduq və Azərbaycan
çempionu adını qazandıq. Həmin dövrdə "Neftçi” komandasının əsas üzvü oldum”.
Həmin qələbədən
sonra klublarını 5 oyunçusuna Mingəçevirin "Avtomobilçi” klubundan dəvət gəlir.
Lakin bircə N.Süleymanov təklifi qəbul edir: "Komanda yoldaşlarımızdan heç biri
Mingəçevirə getməyə razı olmadı. Amma mən fikirləşdim ki, getmək lazımdır.
Çünki problem orta məktəbdirsə, onu orda da oxumaq olar. Üstəlik, təhsil
ala-ala bizə maaş da verəcəkdilər. Bunun harası pis ola bilər? Düşündüm ki,
futbol oynayıramsa, bunun sayəsində 26 nömrəli məktəbə qəbul oldumsa, təklifdən
imtina etmək lazım deyil”.
Daha artıq məşq
Bu sahədə
irəliləməsinin səbəblərinə gəlincə, N.Süleymanov daha çox məşq etməsini
vurğuladı: "Məqsədim futbol oynamaq, bu sahədə irəli getmək idi. "Neftçi”də ehtiyatda
olan futbolçu idim və klubun gündə bir dəfə məşqi olurdu. Dərsdən sonra məşqə
gedirdik. Məktəbimiz idman təmayüllü olduğu üçün arada müəllimlərim dərsə girməməyə
icazə verirdilər. Dərsə getməyib səhərlər tək məşq edirdim, dərs saatlarından
sonra da komanda ilə. Hər dəfə məşqə gedərkən də yolda qaçırdım. Zala qaçaqaça
gedirdim, məşqdən qayıdanda da eynilə. Bu cür məşqlər həm fiziki, həm də futbol
düşüncəsi cəhətdən məni inkişaf etdirdi. Bunların sayəsində ehtiyatda olan
idmançı əsas heyətə düşdü”.
Karyerası
boyunca bir neçə klubda oynayıb: "Əvvəlkiləri qeyd etdim. 18 yaşımda "Neftçi”
komandasının əsas heyətində Moskvanın "Spartak” komandasına qarşı oyuna əsas
heyətdə çıxdım. 1983-cü ildən 90-cı ilə qədər "Neftçi”də oldum. 90-cı illərdə
özümə qarşı yaxşı olmayan münasibət məni Azərbaycandan getməyə məcbur etdi.
Moskvanın "Spartak” komandasına getdim. Yarım il orda oynadım, sonra Vladiqafqaz
"Alaniya”sına keçdim, ordan da "Jemçujina”ya. Sonra da məşqçilik həyatı
başladı”.
"...oyunçu olmağın həsrətini çəkirdim”
İdmanın
bir çox növlərində olduğu kimi futbolda da müəyyən müddətdən sonra karyeranı məşqçi
olaraq davam etdirməlisən. Lakin 18 illik futbolçu üçün məşqçiliyə keçid heç də
asan olmur: "2000-ci ildə futbol karyerama son verdim, 2001-ci ildən məşqçi
kimi davam etdim. Məşqçiliyə yeni başlayanda oyunçu olmağın həsrətini çəkirdim.
Xüsusilə, "Jemçujina”da. Orda məşqçi olanda hərdən özümü futbolçu kimi hiss
edirdim. Amma sonra özümə deyirdim ki, futbolçu karyeran qurtarıb, sən məşqçisən.
Bunlar olan şeylərdir, yavaş-yavaş insan öyrəşir. Ondan sonra məşqçi olaraq öz
bilik və savadını yeni gələnlərə ötürməyə çalışmalısan”.
Müsahibimiz
deyir ki, gənclik illərini bütövlükdə futbola həsr edib: "Əgər o illərimi
futbola həsr etməsəydim, bu gün Nazim Süleymanov olaraq heç kimin yadına düşməzdim.
Əvvələ qayıtsaydım, yenə gəncliyimi idmana - futbola həsr edərdim və futbolu
daha çox sevərdim”.
"İynə vurub məni oyuna çıxardılar”
"Neftçi”də
oynadığı üçün hərbi xidmətdə ona güzəşt edilir: "O vaxt "Neftçi”yə respublika səviyyəsində
dəstək var idi. Orda oynayanları hərbi xidmət üçün Bakıda saxlayırdılar. Cəmi 3 gün əsgərlikdə oldum. Andiçmədən
sonra bizi hərbi hissədən çıxardılar. Əslində, ona hərbi xidmət də demək
olmaz”.
İdmançılar
karyeraları boyunca aldıqları zədələri də unutmurlar. Onda da belə hallar
yaşanıb, hətta zədəli olduğu halda oyuna çıxıb: "1985-ci ildə belimdən zədə
aldım, onda Azərbaycandaydım. Hiss etdim ki, qaça bilmirəm. 6-7 ay futboldan kənar
qaldım. Həm klub, həm rəhbərlik tərəfindən böyük dəstək oldu, müalicəm yaxşı
keçdi. Yenidən futbola qayıtdım. Bir dəfə də Vladiqazfqazda olanda dizim
ağrayırdı. Rəhbərliyə dedim, məni həkimə apardılar. Həkim müayinə etdikdən
sonra dedi ki, oynaya bilər. İynə vurub məni oyuna çıxardılar. Üstündən xeyli
vaxt keçdi, bir dəfə məşqdə ayağım açılmadı, təcili əməliyyata götürdülər. Əməliyyat
olunanda həkim dedi ki, bəs tez əməliyyat olunsaydın, daha yaxşı olardı. Dedim,
bəs siz o vaxtı mənə dediniz ki, oynaya bilərəm. Dedi, rəhbərliyin oyuna
çıxmağını istəyirdi. Onların yanında mən bunu necə deyəydim? Əməliyyatlıq olduğum halda məni 7-8 oyuna çıxardılar. Bəzi məşqçilər
futbolçudan istifadə edir, bəziləri insanın gələcəyini də düşünür. Onlarsa məndən
istifadə etdilər. Düzdür, hər şey düzəldi, bir neçə ay sonra yenə işə çıxdım.
Amma yenə də vaxtında edilməsi daha yaxşı olardı”.
"Fubtolçunun oğlu futbolçu olmalıdır” deyə bir şey
yoxdur”
N.Süleymanovun
3 oğlu var, amma heç biri onun sənətini davam etdirmir: "Futbolçunun oğlu
futbolçu olmalıdır” deyə bir şey yoxdur. Ola bilər, amma bu, şərt də deyil. Bir
valideyn olaraq onları burda görmürəmsə, fikirləşirəm ki, başqa sahədə daha
xeyirli ola bilərlər”.
Sonda N.Süleymanovun
gənclərə məsləhətlərini də aldıq: "Təəssüf ki, bizdə sevgi deyəndə ancaq qadın
və kişi münasibəti yada düşür. Amma insanın sevgisi çoxşaxəli olmalıdır.
Ata-anaya, bacı-qardaşa, vətənə, həyat yoldaşına, övladlarına, yolda gördüyün
kimsəsizə, ehtiyacı olana və s. hər kəsə sevgi göstərmək lazımdır. Eləcə də peşəmizə.
Əgər hər hansı peşəni sevirlərsə, onu möhkəm sevsinlər. Qalan şeylər zamanla
düzələcək”.
Aygün
Asimqızı