Cəlilabadda ağır yol qəzası

Cəlilabadda ağır yol qəzası

Kriminal
20 Sentyabr 2012, 18:29 1281
Cəlilabad rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə sentyabrın 19-da saat 22.00 radələrində Ələt-Astara magistralının 141-ci kilometrliyində Broyler-Quşçuluq Fabrikinin yaxınlığında qeydə alınıb.
Astara rayon sakini Elyar Məmmədovun idarə etdiyi "Mercedes", Bakı şəhər sakini Vaqif Bəşirovun idarə etdiyi "Devoo-Nexiya" və Masallı rayon sakini Ramal Əsgərovun idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşub. Nəticədə V.Bəşirovun sərnişinləri - İmran Mehdiyev, Məmməd Məmmədov, habelə E.Məmmədovun sərnişinlərindən Hüseyn Fərzullayev hadisə yerində dünyasını dəyişib. Xəsarət alan hər 3 sürücü və E.Məmmədovun digər sərnişini isə xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta-ağırdır. İlkin versiya kimi qəzanın sürücülərin səhlənkarlığı üzündən baş verildiyi bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qaradağ rayonu ərazisində, Ələt qəsəbə sakini Elçin Abbasov "Mercedes" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Türkiyə vətəndaşı Alkurt Yılmazın idarə etdiyi "Schmitz-Cargobull" markalı avtomaşına vurub. Nəticədə E.Abbasovun xəsarət alıb sərnişinləri İlyas Abbasov və Maşallah Mehdiyev xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta-ağırdır.
Yasamal rayonu ərazisində, Şirvan şəhər sakini Cəmil Mürsəliyevin idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Abbas Abbasovun idarə etdiyi "Toyota" markalı avtomaşınlar toqquşub. Nəticədə C.Mürsəliyev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində, Maştağa qəsəbə sakini Əli Cəbiyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarında saxlanılmış ekskavatora vurub. Nəticədə sürücü hadisə yerində ölüb.
Ağcabədi rayonunun Şərəfxanlı kəndi ərazisində, rayon sakinləri Vüqar Cəfərovun idarə etdiyi "VAZ-21061", Nəsib Əsgərovun idarə etdiyi "Niva-Shevrolet" və Ağdam rayon sakini Nizami Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub. Nəticədə N.Məmmədov hadisə yerində ölüb. Xəsarət alan N.Əsgərov isə xəstəxanaya yerləşdirilib və vəziyyəti orta-ağırdır.
Şamaxı rayonunun M.Ə.Sabir qəsəbəsi ərazisində, Bakı şəhər sakini İlqar Dəmirovun idarə etdiyi "Mercedes" və İsmayıllı rayon sakini Xəlil İbadovun idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşub. Nəticədə İ.Dəmirov hadisə yerində dünyasını dəyişib. Sumqayıt şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Şəfa Rzayeva vurulub. Nəticədə xəsarət alan piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nəsimi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Vüsalə Həsənova vurulub. Nəticədə xəsarət alan piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb. Hər bir faktla bağlı araşdırma aparılır.