• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

Cəlil Məmmədquluzadənin şeiri - MİRZƏ CƏLİL - 150

05.06.19 12:30 12294
Cəlil Məmmədquluzadənin şeiri - MİRZƏ CƏLİL - 150
"Cəlil Məmmədquluzadənin təşəb­büsü, redaktorluğu və naşirliyi ilə çap olunan "Molla Nəs­rəddin” jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töh­fəsini vermişdir. Klassik Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənət­karın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqla­rının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatlarına böyük təsir göstərmişdir”
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Nasir, dramaturq, publisist Cəlil Məmmədquluzadə haqqında fikirlərimizi ötən saylarımızda bölüşdük. Böyük mütəfəkkir-yazıçı Cəlil Məmmədquluzadənin bu titulları sırasına "şair” sözü də əlavə edilməlidir.
Cəlil Məmmədquluzadə öz qələmini yalnız nəsr, dramaturgiya, publisistika sahəsində deyil, poeziya sahəsində də uğurla işlətmişdir. Onun poeziyası mollanəsrəddinçi ruhuna uyğun olaraq, satirik səciyyə daşıyır. Bu satirik şeirlərdə azərbaycançılıq, millilik ideyası özünü qabarıq göstərir. Bütün şeirlərin canında mollanəsrəddinçilik yaşayır. Cəlil Məmmədquluzadənin satirik şeirlərinin hədəfi Azərbaycan millətinin mənəvi özünüdərki, oyanışı və dirçəlişi, vətənin taleyi, ana dilinin yaşadılmasıdır.
Böyük Cəlil Məmmədquluzadə bədii nəzm yaradıcılığına 20 yaşında, 1889-cu ildə başlamış, "Çay dəstgahı” alleqorik mənzum dramını yazmışdır. 15 illik fasilədən sonra yenidən poeziyaya müraciət etmiş, satirik şeirləri ilə oxucuları heyrətə gətirmişdir.
Cəlil Məmmədquluzadənin satirik şeirləri "Molla Nəsrəddin”lə eyni gündə dünyaya gəlmişdir. Onun "Lisan bəlası” adlı ilk satirik şeiri "Molla Nəsrəddin”nin birinci sayında dərc olunmuşdur. Bu şeirlə Cəlil Məmmədquluzadə gələcək mollanəsrəddinçi satirik şairlərə nümunə göstərmiş, istiqamət vermişdir. Bu şeir Azərbaycan türkünü özünüdərkə, oyanışa, hüquqları uğrunda mübarizəyə səsləməkdədir.
Ey dil, dinmə və sükut et, səni tarı,
Lal ol və danışma.
Sal başını aşağə və heç baxma yuxarı
Mal ol və danışma.
Gər qeyriləri cəmdəkinə vursala, dinmə,
Gər başın əgib peysərinə dursala, dinmə,
Pamal edə düşmən səni səbr et, bala, dinmə,
Ya zülm edə, ya boynuna kəndir sala dinmə,
Ya ruzunu səbr ilə əlindən ala, dinmə.
Cəlil Məmmədquluzadənin şeirlərində vətənin, millətin taleyindən narahatçılıq duyulur. Millətin oyanmasına, ayıqlığına, öz hüquqları uğrunda mübarizə aparmasına nail olmaq onun əsas məqsədi idi. "Xoş ol zaman ki, xalq yatıb bizəban idi” satirasında millətin yuxuda olmasının kimlərə və necə sərf etməsindən danışır.
Xoş ol zaman ki, xalq yatıb bizəban idi,
Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Sultan idim ki, vəzlə hökümüm rəvan idi,
Millət qulam idi mənə, bəxtim cavan idi...
Mən səslənəndə, görəndə məni lal olurdular,
Mən hirslənəndə dəfətən ishal olurdular,
Mən hökm edəndə xak ilə pamal olurdular,
Qeyzim tutanda əbləhə əmsal olurdular,
Xalqın xudayə söylədiyi "əlaman” idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
O, öz şeirlərində milləti qəflət yuxusunda oyatmağa, təhsil almağa, elmlə yüksəlməyə səsləyir. Lakin millət çox bərk yatdığından, onun yuxudan oyanması üçün də çox iş görmək lazımdır:
Dərədə yatmış idim, oyatdılar, oyanmadım,
Burnuma tikanları uzatdılar, oyanmadım.
Bomba parta-partnan, top atdılar, oyanmadım,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım,
Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım...
Millət elə bərk yatıb ki, nə edirsən oyanmır. Axır ki, bir əlac tapıldı: millətin üzərinə maarif işığı salmağa başladılar. Məktəblə, kitabla, qəzetlə, jurnalla təsir etməyə üz qoydular. Hər həftə işıq üzü görən "Molla Nəsrəddin” millətin oyanışına kömək əlini uzatdı, qulağına bir para şeylər söylədi, rəngli mühitin rəngarəng insanlarının özrəng xarakterlərini göstərdi. Axırı necə oldu:
Biz fəqirə axırı rəhm eyləyib biganələr,
Açdılar mədrəsələr, klub, qiraətxanələr,
Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr
"Molla Nəsrəddin” dedi hər həftə bir əfsanələr,
Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım.
Mirzə Cəlil millətin mənəvi halına acıyır, ancaq ümidini üzmürdü, ona çarə axtarmağa, kömək etməyə çalışırdı. Bu yerdə şairin azərbaycançılığı - vətəndaş qeyrəti, millətin və məmləkətin istiqlalı yolunda fədakarlıq göstərməyə hazır olması özünü göstərirdi. "Nədir” satirik şeirində deyirdi:
Baxma millət xəstədir, cindarə ümmit et, dadaş,
Bundan özgə ta sözün nə, özgə dərmanın nədir?
Sən deyirsən, qoymaram millət tamamən məhv ola,
Vallah heç bir kəs də bilməz, böylə ehsanın nədir?
Cəlil Məmmədquluzadənin şeirlərində ana dilinin saflığı qorunur, gözəlliyi, incəliyi aydın duyulur. "Olacaqsan” şeirindəki bu misralar yad sözlərdən uzaq olan ana dilinin şirinliyi baxımından diqqət çəkir:
Məğrurisən indi, xəbərin yoxdur özündən,
Əldən vətənin getsə, xəbərdar olacaqsan.
Xar eylədi qəflət səni əğyar yanında,
Yatdıqca bu qəflətdə yenə xar olacaqsan.
Cəlil Məmmədquluzadə bəzən "Molla Nəsrəddin” jurnalında ayrı-ayrı şəhərlərdə baş verən əhvalatları da nəzmə çəkir, bu hadisələrə özünəməxsus üslubla mövqeyini bildirirdi. ”Qafqaz xəbərləri” sərlövhəli şeirində Gəncədə, Şuşada, Cəbrayılda, Zaqatalada, Bakıda, Naxçıvanda və başqa şəhərlərdə olan vəziyyəti nəzmə çəkmişdir.
"Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:
Gəncə
Çıxar üç yüz nəfər fəhlə
Çəyirtgə qırmağa getsin
Xudaya, qoyma İsmayıl
Bu hammalara zülm etsin.
Cəbrayıl
Can pristav, qurban sənə Kramov
Neçin səni bu günlərə saldılar?
Allahverdi, Səlim bəy, həm yüzbaşı
Qorxma sənə arxadılar, daldılar.
Cəlil Məmmədquluzadə şeir yaradıcılığında da mövzunu və ideyanı real həyatdan götürürdü. Xalqın dərdindən, problemlərindən yazırdı, milləti millətlər içində mədəni, elmli, xoşbəxt görmək üçün yaradıcılığın bütün imkanlarından istifadə edirdi. İstəyirdi milləti onu başa düşsün, ətalətdən qurtulsun, mübarizəyə qoşulsun, azadlığını qazansın, hüququnu əldə etsin və tanıtsın.
Mirzə Cəlil millətin düçar olduğu vəziyyəti, əhvalı qələmə alırdı. Həmin vəziyyətin, əhvalın çox acınacaqlı olduğunu izah etmək üçün yollar axtarırdı, bu dözülməz vəziyyətdən imtina etməyi israrla tələb edirdi. "Yorğan” şeirində şairin mühitə üsyankar münasibəti özünü qabarıq göstərir.
Bax millətə, al qanə boyandıqca kefin çək,
Millətçilərin sinəsi yatdıqca kefin çək,
Yazdıqlarımın künhünü qandıqca kefin çək,
Qoy Heydər ilə Neməti hər gündə savaşə,
Gizlin bax özün, çək genə yorğanuvu başə.
Onun şeir yaradıcılığında millətin hüquqsuzluğunu onlara anlatmaq, azadlığı uğrunda mübarizəyə sövq etmək məsələsi əsas mövzulardandır. O, Azərbaycan insanının vəziyyətini satirik şeirlərində canlandırmaqla, əslində, öz hüquqlarını ona başa salmağa çalışmışdır. "Molla Nəsrəddin”in qıza cavabı”nda olduğu kimi:
Axırda zor ilə olar sənə ər
Qırx yaşında dəvə kimi bir nəfər,
Boynu yoğun, əqli nazik, özü xər,
Onda sən başına nə daş salarsan?
Bundan sonra dəxi günün qaradı,
Qızım, bu, bir sağalmayan yaradı,
Ta indi gedəcək yerin haradı?
Dəxi bundan sonra tez qocalarsan.
Cəlil Məmmədquluzadə "Mürəbbe” satirik şeirində din pərdəsi altında möhtəkirlik edən, xalqı aldadan, soyan, milləti mövhumata sürükləyən yalançı mollalara öz "sevgisini” belə izhar edir:
Anın üçün uymaz qeyriyə könlüm,
Bir əcəb molladır mənim sevdiyim.
Molla nədir, seyid nədir, mələkdir,
Hamıdan əladır mənim sevdiyim.
Saqqalı sünbüldür, yanağı lalə,
Özü də bənzəyir vəhşi çaqqalə,
Qulaqları uzun, gözü piyalə,
Millətə bəladır mənim sevdiyim.
Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin” jurnalında dərc olunan satirik şeirləri 1906-1910-cu illəri əhatə edir. Cəlil Məmmədquluzadə satirik şeir üslubunun yeni nümunələrini yaratmaqla, mollanəsrəddinçi şairlərin, yaradıcılığın bu növündə də ilk yol göstərəni olmuş, Azərbaycan realist ədəbiyyatını zənginləşdirmişdir.
Bir neçə cümlə də Cəlil Məmmədquluzadənin tərcümə yaradıcılığı barədə. Cəlil Məmmədquluzadə tərcümə etdiyi əsərlərlə Azərbaycan ədəbiyyatını daha da zənginləşdirmişdir.
Böyük ədib Lev Tolstoyun "Zəhmət, ölüm və naxoşluq” ("Şərqi-Rus”, 21 yanvar 1904, №7) əsərini, Xanzadənin "Arvad” ("Şərqi-Rus”, 30 may, 2 iyun 1904, №63-64) hekayəsini rus dilindən, Marağalı Zeynalabdinin " Səyahətnameyi-İbrahimbəy” romanından "Ağalar” ("Molla Nəsrəddin” , 1906, №17) sərlövhəli bir parçanı fars dilindən Azərbaycan dilinə tərcümə edərək bu sahədə öz xidmətini göstərmişdir.
Fikrimizcə, onun tərcümə sahəsindəki bütöv fəaliyyəti elmi tədqiqata cəlb olunmalıdır. Qeyd edək ki, Cəlil Məmmədquluzadənin əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. Bu sahədə onun ömür yoldaşı Həmidə xanımın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Həmidə Cavanşirin-Məmmədquluzadənin ictimai, siyasi, elmi, bədii irsinin öyrənilməsinə ehtiyac var.
Cəlil Məmmədquluzadənin həyatının, mühitinin, müasirlərinin və yaradıcılığının fundamental tədqiqi sahəsində akademik İsa Həbibbəylinin xidməti böyükdür. İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə - Fransa, Polşa və İranda yaşayan nəvə-nəticələrini axtarıb tapmış və onlarla əlaqə yaratmışdır. Hazırda Mirzə Cəlilin nəvələrindən Midhət Cavanşir Polşada, Məhin Dadipur və Nizhət Şəcəri Fransada, İrena Süleymani İranda yaşayırlar. Düzdür, Azərbaycanda Cəlil Məmmədquluzadənin fiziki varisləri yoxdur, ancaq bütöv bir ziyalı nəsli var ki, özünü Cəlil Məmmədquluzadənin mənəvi varisi hesab edir.
Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə ( o cümlədən, Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublikasının Dövlət Ədəbiyyat Muzeyinə) Cəlil Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astarxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri fəaliyyət göstərir. Anadan olmasının 100, 125, 140 illik yubileyləri geniş qeyd olunmuşdur.
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamından irəli gələn vəzifələr uğurla həyata keçirilir. Cəlil Məmmədquluzadə vətənin, millətin, ana dilinin inkişafı, mənəvi yüksəlişi, yad təsirlərdən qorunması üçün yaradıcılıq potensialından yetərincə və bacarıqla istifadə etmişdir. O, azərbaycançılıq idealının bütün sahələrini əsərlərində əks etdirmiş, ədəbiyyatda azərbaycançılığı sənət konsepsiyası səviyyəsinə çatdırmışdır.
Cəlil Məmmədquluzadə yaradıcılığı şirin Azərbaycan dilində səlis danışan hər bir vətən övladı, millət təəssübkeşi üçün daim istifadə olunan tükənməz bir mənəvi xəzinədir.
Allahverdi MƏMMƏDLİ,
filologiya elmləri doktoru, professor, əməkdar jurnalist
banner

Oxşar Xəbərlər