Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində
Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil
Məmmədquluzadənin əsərləri XX əsrdə ana dilindən başqa, yalnız rus və fars dillərində
kitab halında nəşr edilmişdir. Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra
yazıçının əsərlərinin dünya ölkələrində nəşr edilməsi sahəsində mühüm addımlar
atılmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
İsa Həbibbəylinin təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin dram və nəsr əsərlərindən,
publisistik məqalələrindən seçmələr tədqiqatçının ön sözü və təqdim etdiyi
fotomateriallarla birlikdə Rusiyada (1999), Pakistanda (2004), Misir Ərəb
Respublikasında (2008), Macarıstanda (2012) və Gürcüstanda (2016) kitab halında
çap edilərək, həmin ölkələrin ictimaiyyətinə çatdırılmış, böyük maraq
doğurmuşdur.
Bu günlərdə Cəlil Məmmədquluzadənin "Nigarançılıq” adlı daha bir
kitabı Litva Respublikasının paytaxtı Vilnüs şəhərində nəşr edilmişdir. Kitaba
görkəmli yazıçının "Danabaş kəndinin əhvalatları” povestindən bir parça, "Poçt
qutusu”, "Kişmiş oyunu”, "Dəllək”, "Pirverdinin xoruzu”, "Fatma xala”, "Qurbanəli
bəy”, "Quzu”, "Nigarançılıq”, "Konsulun arvadı”, "Xanın təsbehi”, "Qəssab”,
"Zırrama”, "Rus qızı”, "Saqqallı uşaq”, "Buz”, "Hamballar”, "Bəlkə də qaytardılar”,
"İki ər” hekayələri, "Niyə məni döyürsünüz” felyetonu və "Kamança” pyesi daxil
edilmişdir. Kitabın ideya müəllifi və ön sözün müəllifi akademik İsa Həbibbəylidir.
Cəlil Məmmədquluzadənin əsərlərini litva dilinə Litva Dövlət mükafatı laureatı,
Yazıçılar İttifaqının üzvü, professor İrena Aleksaite və Litvada yaşayan tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi
Mahir Həmzəyev tərcümə etmişlər. Tərcüməçilər görkəmli yazıçının əsas qayəsini
və orijinalın koloritini Litva oxucularına çatdıra bilmişlər.
Cəlil Məmmədquluzadənin
Litva duilində çıxan "Nigarançılıq” kitabında görkəmli karikatura ustaları
Oskar Şmerlinq, Əzim Əzimzadə və qravüraçı rəssam Elturanın karikatura və rəsmlərindən
istifadə olunmuşdur. Kitabın üz qabığında "Molla Nəsrəddin” jurnalının 1906-cı
ildə çap olunmuş birinci sayından Oskar Şmerlinqin çəkdiyi "Müsəlman dünyasının
oyanması” rəsm əsəri verilmişdir. Annotasiyada Azərbaycan ədəbiyyatının
klassiki, tənqidi realizmin və satirik mətbuatın banisi Cəlil Məmmədquluzadənin
xalq həyatını realist şəkildə əks etdirdiyi, "insanların azad və ləyaqətlə
yaşamasına mane olan halları satira atəşinə tutduğu” xüsusi olaraq qeyd
edilmişdir. Cəlil Məmmədquluzadənin "Nigarançılıq”
kitabının tərcüməsi və nəşri Azərbaycan Respublikasının Litva Respublikasındakı
Səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Hazırda akademik İsa Həbibbəyli
Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayəsini dünyanın 25 dilində müqəddimə,
fotolar və illüstrasiyalarla birlikdə çapa hazırlayır.